26.05.2013

Şah İsmayıl… (Şərur düzündən başlanan qələbə)

Rövşən NOVRUZOĞLU,
siyasi elmlər üzrə fəlsəfə doktoru,
professor

Fikrimcə, hər hansı bir tarixi prosesi araşdırarkən səbəb və nəticələri məntiqin gücü ilə təhlil etmək, paralel şəkildə öyrənmək həmişə uğur gətirib. Tarixi təhlil və araşdırmalarda simmetriyanı pozmaq tarixin dəyərlərini itirmək deməkdir. Əslində tarix elə səbəblər toplusudur. Öyrənib irəli çıxmaqla öyrənməyib irəli çıxmaq arasında xeyli fərq var. Biri məğlubiyyət gətirib səni məğlub edir, digəri səni qələbəyədək aparıb səni qalib edir.
Məsələn, iranlı alim Bəhram Qaramanlı yazır: “…tariximizin (söhbət Azərbaycan tarixindən gedir) XV əsrin sonu, XVI əsrin əvvəllərilə XX əsrin sonu, XXI əsrin əvvəlləri arasında bir–birini rasional, astronomik və məntiqi dəyərlərlə əvəz edən maraqlı, tarixi prosesləri var…” (Tehran, “Keyhan” qəzeti, 1993–XI).
Sonra alim şiə müsəlmanlarının tacı olan, dünya tarixində “vahid ölkə… vahid millət… vahid din… vahid dil…” prinsiplərinin möhürünü vuran Şah İsmayıl Xətaini misal çəkib, 90–cı illərdə Azərbaycanı “…yanar dairədən çıxaran…” (B.Qaramanlı) onu parçalanmaqdan və qardaş qırğınlarından xilas edən ümummilli liderimiz Heydər Əliyevi xatırlayır.
Araşdırma materiallarına görə, 1991–ci il fevralın 5–də Azərbaycan SSR Ali Sovetinin sessiyası bir sıra tarixi qərarların möhürünü vurdu. “…Azərbaycan Respublikası elan olundu. Azərbaycan Cümhuriyyətinin (1918–ci il) bayrağı Dövlət Bayrağı kimi təsdiqini tapdı. 1991–ci il martın 11–də başqa bir iranlı tədqiqatçı İbrahim Nuri (Uzun Həsənli) “Savalan” dərnəyi qəzetində qeyd edir: …Bakıda mart ayının 7–də cəsarətli Heydər Əliyev sessiyada çıxış etdi. Dedi: “…Mən Azərbaycanın tam istiqlaliyyətə, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir…”.
(1991. III–11 Tehran) 1991–ci il avqustun 30–da saat 13:30–da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat – “Azadlıq Bəyannaməsi” qəbul edildi. Digər bir məlumata görə, 1991–ci ilin sentyabrın 4–də həm Bəhram Qaramanlı, həm İbrahim Nuri (Uzun Həsənli) və həm də digər altı nəfər şəxs Heydər Əliyevi təbrik etmək üçün Naxçıvana gəlirlər. Məlumata görə, gələnlər arasında Bəhram Qaramanlı, İbrahim Nuri (Uzun Həsənli) ilə yanaşı… altı nəfər də əlavə urmiyalı, təbrizli, ərdəbilli, meşkinli, miyanəli, tehranlı… rəsmi qaydada Culfa sərhədini keçirlər.
Araşdırma materiallarına görə, İran İslam Respublikasından Naxçıvana – Heydər Əliyevlə görüşə gələn şəxslərin soykökü XV əsrədək gedib çıxır. Və əldə olunan digər məlumatlardan aydın olur ki, bu adamların ulu babaları (yeddi arxadan dönənləri) Şah İsmayıl hakimiyyətində iştirak etmiş şəxslər olub. Məsələn, alim Bəhram Qaramanlı Səfəvi dövlətinin qorunmasında xidmətləri olan Bayram bəy Qaramanlının soykökündəndir. Eləcə də Fəraməz (Tahir) Ustaclı Şah İsmayılın yanında olan Məhəmməd xan Ustaclının soykökünə gedib çıxır. İxtisasca həkim olan Fəraməz Ustaclı tanınmış bir ziyalı idi. Və yaxud Bəhruz Əli Mədədli orta məktəb müəllimi olub. Onun soykökü isə Səfəvilər dövlətini alqışlayan, diplomat Murad Əlinin soykökünə aparıb çıxardı. Tədqiqatçı alim, vaxtilə İranın Səltənət Kitabxanasında çalışan Qasım bəy Mehdixanlı Dədəoğlu Şah İsmayılın əmirlərindən olan Dədə bəy talış (yəni Əbdül Əli Dədə) nəslindəndir. Araşdırma materiallarına görə, Qasım Mehdixanlı Dədəoğlunun nənə tərəfinin ulu babalarından biri Naxçıvanın Şərur qəbristanlığında dəfn olunub.
Səfəvilər dövlətində ən ciddi vəzifələrdən sayılan atlı və müdrikliyinə görə seçilən Hüseyn bəy Lələnin nəslindən olan, astrofizik Hüseyn Kuçek (kiçik sözündəndir) Lələ, həmçinin ulu nənə və dədə babaları Sisianda və Alagöz kənd qəbristanlığında dəfn olunmuş Yeqan bəy Təkəlinin (Alagözlü) soykökündən olan Ağa Merac Yeqan, eləcə də Səfəvilər dövlətində yazılan və verilən fərmanlara, sərəncamlara, bağlanmış məktub və sənədlərinə imza möhürü hazırlayan sarayın daxili və xarici siyasətinə nəzarət edən Muğanlı Sarı Əlinin nəslindən olan Noruz Ağa Əli… (məlumata görə, Muğanlı Sarı Əli Naxçıvanda baş verən “Əshabi–Kəhf” döyüşlərində əsl qəhrəmanlıq göstərib. Bu döyüşün tarixini, əsl məzmununu araşdıra bilmədik. İmkan olsa, bu ciddi maraqlı məsələni tarixçilərimiz araşdırsınlar. Əlbəttə, mən “bacarmadım” – demirəm. Bu, sırf tarixi bir proses olduğundan yanlış yola çıxa bilərəm. Odur ki, bu məsələni tarixçilərin öhdəsinə buraxdım).
Heydər Əliyev üçün bu adamların gəlişi maraqlı idi. Əslində bu adamların hər biri həm qədim, həm də yeni tariximizin başlanğıc səhifələrindən biri idi. O vaxt “Savalan” qəzetində “Salam olsun sənə, gözəl Naxçıvan” yazısı çap olundu. Yazıya “Dədəoğlu” imzası qoyulmuşdu. Yazıda Səfəvilər dövlətini təhlil edən müəllif qeyd edir ki, Naxçıvanda böyük Heydər Əliyevin görüşündə olduq. “…Nə qədər söhbət etdik, onun saatı bilinmədi… O bizə Şah İsmayılı xatırladırdı. (Qeyd edim ki, bu cümləyə görə “Savalan” qəzeti yeddi nömrə gecikdi – R.N.) Səfəvilər dövlətindən söhbətlərimiz daha şirin və məzmunlu idi. Heydər Ağa bizə xatırladırdı ki, nə edirsinizsə, edin–dininizdən, imanınızdan əl çəkməyin… Səfəvilər dövləti dünya tarixində yer qazanıb. Siz də borclusuz ki, o tarixi qoruyasız…”.
Müəllif öz yazısında bildirir ki, Səfəvilər Dövlətinin etnik mənşəyi haqqında söhbətlərdə Heydər Əliyev bizə məsləhətlər və düzəlişlər verdi…”. Sonra bizə bir kitab bağışladı. Kitab qədim də olsa, təmiz və səliqəli qorunmuşdu. Heydər Əliyevin imza atıb verdiyi kitab bizim marağımıza səbəb oldu. Kitabdakı böyük şərqşünas V.Bartoldun Şah İsmayılla bağlı qeydləri diqqətimizdən yayınmadı…
Səfəvilərin mənşəyi, soykökü istiqamətində indi də araşdırmalar aparılır. Maraqlı budur ki, fars–azərbaycanlı münasibətlərində bəzi tədqiqatçılar bu faktordan kortəbii, ola bilsin, məqsədli şəkildə istifadə edərək, iki xalq arasında, iki millət arasında nifaq toxumu səpirlər. Alim–tədqiqatçı Bəhram Qaramanlı isə Naxçıvandan qayıtdıqdan sonra “Keyhan” qəzetinə verdiyi açıqlamada bildirir ki, Heydər Əliyev təkcə İran İslam Respublikasında yaşayan azərbaycanlıları deyil, farsları da çox sevir, onlara hörmət bəsləyir.
B.Qaramanlı ona verilən suala cavabında bildirir:
“…O (yəni Heydər Əliyev) bizə tapşırdı ki, nifaq doğuran işlərdən uzaq olaq. Azərbaycan böyük məmləkətdi. O farslarla həmişə bir yerdə süfrə açıb, bir yerdə çörək kəsib… Şah İsmayıl Xətai isə bu xalqın misilsiz və əvəzsiz yadigarıdır. O, vaxtilə İranda İslam bayrağını qaldıran ilk dövlət xadimlərindən biri olub. Tarix bunun üçün onu öz səhifələrində saxlayır… Mənim ulu babalarım, soyköküm olan Səfəvilər sülaləsi Şeyx Səfiəddin olub. Biz heç vaxt qəbahət işlətmərik ki, deyək biz onun nəslindəndik. Şah İsmayıl Ərdəbildəndi və türk mənşəlidi. İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar. Onların doğma dili Azərbaycan dili olub. Yaxud İmam Xomeyni Ağanın ətrafında əslən Ərdəbildən olan nə qədər Şeyx vardı. İmam onlarla Azərbaycan dilində danışırdı… Bütün bunlardan söz açmağı İranda bizə heç kəs qəbahət etmir…”.
Araşdırma materiallarında belə bir fikrə də rast gəldik ki, bəzi tarixçilər möhtəşəm Azərbaycan tarixini Türkiyə tarixinin əlavəsi kimi göstərməyə meyil edir… Səfəvilər dövlətinin, Şah İsmayıl Xətainin”… Böyük dövlətçilik tarixi”ni heçə endirməyə səy edirlər. Belə fikrə düşənlər, sadəcə, çox məşhur olan İran tarixçisi Məhəmməd Mehdi ibn Şirazinin “Tarix–i Təhmasibiyyə”sini, rus şərqşünası V.A.Petruşevskinin və … azərbaycanlı tədqiqatçı O.Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” kitablarını oxusunlar.
Bu ərazidə şiəliyin mərkəzləşdirilmiş qaydada inkişafı bütöv İran üçün də çox faydalı idi. Faktiki olaraq, Şah İsmayıl qurduğu Azərbaycan dövlətini İmam Əli, İslam və yaxud şiə dövlətçiliyi prinsipləri altında idarə edirdi.
Şübhə etmirik ki, insanları onun ətrafında birləşdirən prinsiplərin ən başlıcası da elə bu idi. Eləcə də Səfəvilər dövlətinin yaranmasını İran tarixində yeni dövlətçilik (İslam dövləti quruluşu) tarixi üçün də başlanğıc hesab etmək olar.
Məlumata görə (daha doğrusu, iranlıların Naxçıvanda Heydər Əliyevlə görüşü zamanı), astrofizik Hüseyn Kuçek Lələ söhbət zamanı iddia etdi ki, o, İmam Xomeyni hərəkatını, İslam inqilabının əsaslarını Şah İsmayıl Xətainin islami dövlətçilik fonunda araşdırır.
İrana qayıtdıqdan sonra bu fikri mətbuata çıxaran Hüseyn Kuçek Lələ “Təbriz” ədəbiyyat almanaxında qeyd edir: “… Mənim fikirlərimi diqqətlə dinləyən Heydər Ağa (Əliyev) xatırlatdı ki, bu iki şəxsiyyətin hər birinin öz kürsüsü var. İmam Xomeyni daha böyük, daha cəsur bir şəxsiyyətdir. Şah İsmayıl Xətaiyə gəlincə, o, insanlara dövlətçilik prinsiplərini, ənənələrini xatırlatdı. Azərbaycanlı əqidəsində, Azərbaycanlı məfkurəsində şiəliyin, təmiz və saf bir din olan islam dininin əsaslarını qoydu… Heydər Ağa (Əliyev) bizə bunu da məsləhət gördü ki, bu istiqamətdə yazarkən İranın məşhur və tanınmış elm xadimi olan Bustan Pərizinin “Səfəvilər dövründə siyasət və iqtisadiyyat” kitabını da oxuyaq. Orada xeyli maraqlı material var. Sonra o, bizə tarixçi Şah İsmayıl haqqında çoxcildlik yazan Nəsrullah Fəlsəfinin kitablarından danışdı… Dedi ki, Şah İsmayıl ata tərəfdən özünü həmişə seyid hesab edib. Bu fikir onun “Divan”ında da var. (O, bizə Şah İsmayıldan bir beyt dedi). Şah İsmayıl islam peyğəmbərinin (s.ə.s.) nəslindəndir. O, özünü Əli ocağının övladı hesab edirdi. Bu şəcərə ilə də fəxr edirdi. Onun ana tərəfi isə Uzun Həsənin ocağına gedib çıxırdı… Səfəvilər dövlətinin qurulmasında qaramanlılar üstünlük təşkil edib. Qaramanlılar İranda, Türkiyədə, Azərbaycanda… həmişə ciddi və fərqli işlərdə olublar. Məsələn, Əshabi–Kəhfin tapılmasında, qurulmasında qaramanlılar çox əmək sərf ediblər… Heydər (Ağa) Əliyev Azərbaycan tarixini o qədər diqqətlə danışırdı ki, marağımız bitib–tükənmirdi. O, bunu da dedi ki, Naxçıvan, Şərur Şah İsmayılın yolunu Təbrizə açdı…
Tarixə nəzər salmaq maraqlı olardı. Məsələn, uzun müddət Azərbaycan radiosunun Xarici Verilişlər Baş Redaksiyasının İran üzrə redaksiyasında çalışan tarixçi–tədiqqatçı professor Tağı Musəvi yazdığı əsərlərdə iddia edirdi ki, Şah İsmayılın Naxçıvana gəlməsi, Şərur düzünə çıxaraq İlyas bəy Əlvəndlə vuruşması hicri 907–ci ilin əvvəllərinə (1501–ci ilin ortaları) təsadüf edir. Şah İsmayıl İlyas bəy Əlvəndin 30 minlik ordusunu məğlub etdi. Elə həmin ilin—1501–ci ilin payızında Şah İsmayıl Şərur qələbəsindən sonra Təbrizə daxil oldu, şahlıq taxt–tacına yiyələndi. Daha dəqiq desək, Səfəvilər dövlətinin qurulmasında Naxçıvan (Şərur) xüsusi əhəmiyyət kəsb etdi.
Heydər Əliyevlə Naxçıvandakı görüşlərdən fərəhlənən astrofizik, əslən Ərdəbildən olan Hüseyn Kuçek Lələ məqalələrinin birində yazır ki, (“Keyhan” qəzetinə müsahibəsində) Naxçıvan görüşlərində Heydər Əliyev Şah İsmayılın keçirdiyi islahatlardan, daha dəqiq desək, dini islahatlardan xeyli maraqlı misallar gətirdi.
Hüseyn Küçek Lələ yazır: “…O, (yəni Heydər Əliyev) bizə Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin sərəncam və fərmanlarının fotosurətlərini bağışladı ki, onları Tehran kitabxanasına verək. Sonra bizə Tarix İnstitutunun professoru Tağı müəllimin (Musəvinin—R.N.) bir–birindən qiymətli Səfəvilər dövlətindən bəhs edən kitablarını hədiyyə etdi… Şah İsmayıl Xətainin imzaladığı sərəncamların birində mənim ulu babam… yeddi arxadan dönənlərimin söykənəcəyi olan Hüseyn bəy Lələnin adı çəkilir. 1508–ci ildə verilən bu sərəncamda Şah İsmayıl Xətai hökm edirdi ki, Təbrizdəki seyidlik və dini cəlalı ilə tanınan… Seyid Süleyman Mirzənin əlində olan Xanəhməd bağına heç kəs cürət edib toxuna bilməz. Ayrı bir adam o bağa ayaq basa bilməz…
Sonra iranlı Hüseyn Kuçek Lələ özlərilə gətirdiyi, üstündə Şah İsmayıl Xətainin şəkli cızılmış pul vahidini, qədim Səfəvi sikkəsini Heydər Əliyevə bağışladığını yazır. Məlumata görə, həmin pul vahidlərindən biri Azərbaycan Tarixi Muzeyində qorunur. Həmin pulun üstündə maraqlı işarələr var: “…Allahdan başqa Tanrı yoxdur. Məhəmməd (s.ə.s.) Allahın elçisidir. Əli Allahın dostudur”. Pulun üstündə daha sonra on iki şiə imamının adı və “Müqəddəs Şahınqulu” ifadəsi var. Orada həmçinin Şah İsmayıl Xətainin adı qeyd olunub. Şübhəsiz, bu məsələ Səfəvilər dövlətinin pul və din islahatı üçün ən gözəl nümunəsi olaraq qalır.
Araşdırma materiallarına görə, ümummilli liderimiz Heydər Əliyevlə görüşdə iştirak edən Səfəvi ocağının övladları arasında unudulmaz tarixi söhbətlər olub.
Araşdırma materiallarına görə, Bakıda 2001–ci ildə Cümə məscidinin sökülməsi ehtimalı var idi. Amma Heydər Əliyev Səfəvi dövlətinin yadigarı olan bu müqəddəs yerə əl uzatmağı qadağan etdi. Bu tarixi abidə Şah Təhmasibin mətni farsca olan və daş üzərində həkk edilmiş fərmanı idi ki, Cümə məscidinin minarəsinin özülünə hörülmüşdü. Bu “daş fərmanda” hicri 964–cü il (1556–1557–ci illər) tarixli fərmanda dövlətin bütün vilayətlərində vergilərin azaldıldığı bildirilir.
Məlumata görə, 2006–cı il mayın 17–də İsfahanda mərkəzləşdirilmiş qərargahı olan İran İslam Respublikasının erməni icmasının tarixçilərindən olan O.M.Mailyan və S.D.Karakosyan adlı iki erməni Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaini təhqir edən “Xətai kim olub?” adlı kitabının nəşrinə cəhd etdilər. Xətai irsini və dövlətçilik ənənələrini təhqir edən bu kitabın müəllifləri axşama yaxın—2006–ci il iyun ayının 13–də məhkəmə qarşısına çıxarıldı. Min nüsxə nəzərdə tutulan bu kitabın dayandırılması, özü də müvəqqəti olaraq, qapaması bəzi mətləblərə aydınlıq gətirir…
Araşdırma materiallarına görə, Heydər Əliyev Səfəvilər Dövlətinin yaranma tarixilə, eləcə də onun banisi Şah İsmayılın sərkərdə tarixilə bağlı ciddi məqam və tədqiqat əsərlərinin yaranmasını istəyirdi.
Məlumata görə, ümummilli liderimiz Heydər Əliyevlə iranlı ziyalıların görüşməsi müasir tarix baxımından həm İran tərəfi, həm də Azərbaycan tərəfi üçün həmişə diqqət mərkəzində olacaq. Naxçıvan görüşündə iştirak edənlərə gəlincə, bu adamlar, bir qayda olaraq, Tehrana qayıtdıqdan sonra onların hər biri haqqında əlavə “dindirmə protokolları” yazılıb.
Digər bir məlumatda isə bildirilir ki, İranlı alimlər Naxçıvan torpağındakı görüşdən təqribən on il sonra Bakıya gəlir, prezident Heydər Əliyevlə görüşürlər. Bu yeni görüş də əvvəlki görüş kimi tarixi bir görüş olaraq qalır. Bu dəfə onların bir qismi öz övladları ilə Bakıya gəlmişdilər. Tarixin yeni səhifəsi yazılırdı.
Bütün bunları xatırlatmaqda məqsədim budur ki, Heydər Əliyev Şah İsmayılı bizdən yaxşı tanıyırdı və Səfəvilər dövlətinin əsas ideya xəttini bizdən yaxşı bilirdi.
Araşdırma materiallarında bu da bildirilir ki, Şah İsmayıl Xətainin ana dilində imzaladığı 8 fərman və sərəncam Şəki yaşayış məntəqəsilə bağlı olub. Şəkinin qorunmasında, beynəlxalq aləmdə tanınmasında onun misilsiz xidmətləri olub. Sonra Şirvan, Gəncə, Qarabağ, Naxçıvan… ərazilərilə bağlı sərəncamlarında da Şah İsmayıl Azərbaycan dilinin həm də diplomatiya aləmi üçün şirin, asan və çoxçalarlı bir dil olduğunu sübut edib.

"Respublika" qəzeti

Комментариев нет:

Отправить комментарий