05.06.2011

ABUTALIBOV HACI ZEYNALABDİNİN MEBELİNİ MƏNİMSƏYİB

BŞİH başçısının kabinetindəki tarixi əsərlər yoxa çıxıb; bir əsr yarım yaşı olan kamod, divar mebeli, stol və digər qiymətli əşyalar məmur acgözlüyü sayəsində qeybə çəkilib



Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının iş otağındakı qədim mebel dəsti yoxa çıxıb. Hələ 1992-ci ildən həmin kabinetdə olan tarixi əhəmiyyətli mebel dəsti (komod, divar mebeli, stol-stul, kətillər, mebel üzlüklü divar saatı və digər antik əşyalar) buradan aparılıb. Hər halda bir vaxtlar Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin malikanələrindən birini bəzəmiş həmin mebelləri son bir neçə ayda BŞİH-in binasında görən yoxdur.
Bu məlumat redaksiyamıza hakimiyyətə yaxın mənbələrdən daxil olub. Qaynağımızın iddiasına görə, bu mebellərin yoxa çıxmasına birbaşa BŞİH başçısı Hacıbala Abutalıbov məsuliyyət daşıyır. Çünki həmin mebellər son illərə qədər məhz onun kabinetində olub: “Bu mebel dəsti böyük tarixi əhəmiyyətə malik qiymətli əntiq əşyalar sayılırdı. Hələ 1992-1993-cü illərdə Bakının o zamankı rəhbəri Rauf Gülməmmədov o mebelləri korlanmasın, itib-batmasın deyə hansısa anbardan tapdırıb gətirtmişdi. Onlara restavrasiya məqsədilə yüngülcə əl də gəzdirilmişdi. Çürümək, aşınmaq, didilib-dağılmaq təhlükəsi olan hissələri xüsusi bacarığı rəssamlar və sənətkarlar tərəfindən təmir və bərpa edilmiş, laklanmışdı. Bakının sonrakı rəhbərləri də bir əsr yarım yaşı olan bu mebellərə qayğı ilə yanaşırdı. Onları harasa aparmaq, ilim-ilim itirmək, yoxa çıxarmaq, oğurlamaq, mənimsəmək və yaxud satmaq kiminsə ağlının da ucundan keçməmişdi. Amma son bir neçə aydır ki, həmin antik əşyaları BŞİH-in binasında görən yoxdur. Hər halda Abutalıbovun kabinetini hazırda artıq müasir mebel dəsti bəzəyir. Hətta XIX əsrdə də çox baha qiymətə satılmış, indi isə qiyməti qədimliyi səbəbi ilə bir neçə milyon dollarla ölçülən o mebellərin yerini məhz BŞİH başçısından soruşmaq lazımdır. Fakt budur ki, onlar daha onun iş otağında yoxdur. Bunun səbəbini Abutalıbovdan yaxşı bilən də, bunun günahını ondan yaxşı daşıyan da olmayacaq. Mənimsəmə olubsa da birbaşa onun razılığı və əli ilə olub. Başqa necə ola bilər ki?! Əks halda belə çıxır ki, merin bundan xəbəri yoxdur. Buna isə hətta uşağı da inandırmaq olmaz”.
Digər mənbədən aldığımız dəqiqləşdirilməmiş xəbərə görə, həmin əşyalar hazırda iri məmurlardan birinin Bakı ətrafındakı dəbdəbəli malikanəsini bəzəyir. Tünd qəhvəyi rəngli mebellərin ora bir neçə ay qabaq daşındığı iddiası var. Həmin məmurun məhz Hacıbala Abutalıbov, yoxsa digər şəxs olub-olmaması isə tərəfimizdən araşdırılmaqdadır. Mövzuya dair yeni məlumatlar olduqca onları da oxucularımıza çatdıracağıq.
Arayış üçün qeyd edək ki, XXI əsrdə Bakıda qeybə çəkilmiş o mebellər XIX əsrin 90-cı illərində bakılı neft milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xüsusi sifarişi ilə Almaniyada istehsal olunmuş və Rusiyadan keçməklə gəmi ilə Azərbaycana çatdırılmışdı. O mebellərdən sovet illərində bir neçə dövlət qurumlarının binasında inventar kimi istifadə edilib. Amma nə oğurlanıb, nə mənimsənilib, nə də it-bata düşüb. Maraqlıdır ki, tariximizin bir parçası olan belə qiymətli antik əşyaların və dəyərli incəsənət əsərlərinin müəmmalı şəkildə it-bata düşməsi, oğurlanıb xaricə aparılması məhz indiki hakimiyyətin dövründə baş verib. Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyindən 274 ədəd incəsənət əsərinin oğurlanaraq ABŞ-a satışa aparılması YAP iqtidarının “misilsiz sənət əsəri” sayılır...
Yazıda səslənən iddialarla bağlı BŞİH-in və şəxsən hörmətli Abutalıbovun da mövqeyini dərc etməyə hazırıq.



"Yeni Müsavat"

Комментариев нет:

Отправить комментарий