22.06.2011

Aqşin Yeniseyin son şeirləri

“Van Qoqun kəsilmiş qulağına şeir pıçıldamaq...” 

Üzüyuxarı oxunan misralar

Səma – Tanrının nəhəng poeziyası...
Gün batır,
Yoxa cıxır daha bir dost.
Yenə ürəyimizə gecələməyə dönür
Kirayənişin, yorğun ağrılar.

Pillələri yuxarı qalxan xoşbəxtliyin ayaq səsləri
Getdikcə uzaqlaşır.
Gecəni yola vermək üçün ucuz əyləncəyə çevrilir sevgi.
İnsanlar susduqca, susdurulduqca,
Televizorlar daha ucadan danışır evlərdə.

Bizə bu gənc yaşda sevgini, sevgilini yox,
Dostumuzun mədəsini, mədəsindəki qanaxmanı düşünmək yazıldı:
Öləcəkmi, qalacaqmı?
Görən, ölüb, yoxsa sağmı?

Yanımızdan ötən hər kəs bizə “əlvida” deyir,
Saymazyana!

Bəs bizi kim öldürəcək?
Qadınmı, dostmu, özgəmi?
Hansı küçədə, hansı tində, yataqdamı, iş yerindəmi?
Əynimizdə nə olacaq, qısaqol köynəkmi, köhnə pencəkmi?
Siqaret çəkə, yaxud ağlaya biləcəyikmi, ölümqabağı?
Gözlərimiz açıqmı qalacaq, yanımızda kim olacaq?
Neçə gündən sonra tapacaqlar cəsədimizi?
Cibimizdən nə çıxacaq, bıçaqmı, pulmu, sevgi məktubumu?
Polis kimə göstərəcək şəklimizi – bu, omu?
Milçəklər qonacaqmı ağzımızın qırağına?
Qarışqalar daraşacaqmı ayaq barmaqlarımıza?
Üzümüzdə hansı ifadə olacaq ölüykən,
Kədərmi, qüssəmi, qorxumu?
Ölüxana təknəsində çoxmu qalacayıq üzü üstə?
Yarılmaq növbəsi çatacaqmı içalatımızın?
Baxacaqlarmı ürəyimizə,
Yəni “Qara qutu”suna həyatımızın?

Gün batır...
Yoxa çıxır daha bir dost.
Tənhalıq – sevgi bekarlığıdı, qadınla ovunursa!

P.S.
Uşaqlar ağaca yox meyvəyə daş atır.
Müqəddəs olan - daşın özüylə apardığı arzudu
Lazım olan – daşın özüylə gətirdiyi meyvə.

Kökəlmiş şəhərə ərizə

Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
Içdiyim suyunun sidik kisəsi,
Yediyim çörəyinin bağırsağıyam.

Bu gündən öz qocalığımın uşağıyam,
Öz ölümümün qocasıyam.

Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
Şamlarını birdən yandırmağı bacarmıram
Amma üfürüb birdən söndürürəm.
İşıq ömür, zülmət an məsələsidi, Bakı!

Dünyaya gətirmədiyim uşaqların Uşaq Baxçasıyam!
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.

ən böyük arzum:
Van Qoqun kəsilmiş qulağına şeir pıçıldamaqdı
Məncə, rəssam ölübsə də, qulağı hələ sağdı.

Bütün sevgilər uzaqdı...

Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
Nə vaxtsa yandırdığın, sevgilinin şəkliyəm,
Nə vaxtsa şəklini yandıran sevgilinəm!

Gedək içək

Bu sevgim də daşa dəydi
Bəxtəvər daşın başına.

Qarımış göy üzü kimi
Asta-asta qar yağıram
sağ əlim qışın başına.

Daha dostlar da qoclaıb
Mənim Parisim dağılıb
Bütün səfillər yığılıb
Yenə Qavroşun başına.

Bəs o kimdi göydən baxdı
Baxdı...baxdı... yoxa çıxdı.
Bir şimşək də güllə çaxdı
Yağan yağışın başına.

Bu sevgim də daşa dəydi
Daş düşsün daşın başına!

Tarixin qadınına

Harda axtarım səni,
Söylə hansı əsrdə?
Hansı monastırdasan?
Hansı uzaq qəsrdə?

İnkivizitorlarmı
Atıb səni tonqala?
Yoxsa əsir düşmüsən,
əldən gedib son qala?

Yoxsa hansısa sultan
Səni hərəm eyləyib?
İnan, sənin yoxluğun
Bizi vərəm eyləyib.

Ağlaya da bilmirik,
Ağlamaz gözü korlar.
Yoxsa səni qul edib,
Zalım plantatorlar?

Qılıncamı sarılım,
Tüfəngəmi, bilmirəm.
Bu, talemi, sevgimi
İşgəncəmi? Bilmirəm.

Bəlkə, daş-qaş içində
Tarix səni gizləyir.
Çıx gəl, min il bu yanda
Hamı sənı gözləyir.

Xoşbəxtsən! Tarixin var
Sənindir qələbələr,
Fatehlər, axan qanlar
Tarixi heç sevmirlər,
Mənimtək qələbəsi,
Fatehi, axan qanı;
Tarixi olmayanlar.

Xoşbəxtsən, xoşbəxt yaşa.
O sən, o da tarixin.
Sənə məktub yollasam
Hansı hərfnən yazım,
Heroqlifnən, ya mixi?



                                                 Aqşin Yenisey

Комментариев нет:

Отправить комментарий