13.06.2011

Aslan Quliyev: “Onluğa düşməyimin özü möcüzədir” - SÖHBƏT


- Builki əsərlər barədə nə deyə bilərsiniz? Ümumiyyətlə onluğa düşən əsərlərin hansını oxumuşsunuz? 

- Nəsə deyə bilmərəm çünki oxumamışam. Təkcə illər öncə “Azərbaycan” jurnalında Paşa Qəlbinurun “Qara su” romanını oxumuşam, xoşum da gəlib. Natella Osmanlıdan başqa bütün müəlliflərin başqa əsərlərini oxumuşam, hamısını da layiqli, ədəbiyyatımızda yeri olan nasirlər hesab edirəm.

- Hansı əsərin onluğa düşməsini və yaxud da qalib olmasını ədalətsiz hesab edərdiniz? 

- Rus dilində yazılmış əsərləri… Milli Kitab Müsabiqəsində rus dilində yazılmış əsərin iştirakı ədalətsizlikdir. Bir xalq, bir millət öz ana dilinin, doğma dilinin bunca aşağılanmasına yol verməməlidir. Bilirsiniz, məsələnin kökü nədədir? Əvvəla, adamdan soruşarlar, sən Azərbaycanda yaşadığın halda, azərbaycanlı olduğun halda, nəyə görə rusdilli olursan? Amerikadan cavan qız gəlir, Yardımlının ucqar məktəbində dərs deyir və bir ildən sonra Azərbaycan dilində yazıb oxuyur. Biz özümüz, əsgər gedəndən bir il sonra rusca yazıb oxuya bilirdik.

Bəs, sən niyə yaşadığın məmləkətin dövlət dilinə, ana dilinə hörmətsizlik eləməlisən? Ona görə ki bu dili sevmirsən, bu dildə yazılan kitabları oxumur, radiosuna qulaq asmır, televiziyasına baxmırsan. Bizdə valideynlər balalarını rus məktəblərinə göndərib rusdilli elətdirəndə, ermənilər, gürcülər, yunanlar, yəhudilər, farslar Avropanın göbəyində məktəb açıb, balalarına öz dillərində təhsil verir, oxudurdular. Qardaş, rusdillisən, lap yaxşı, sevirsən bu dili, lap yaxşı, kim sənə nə deyir, amma ayda-ildə bir dəfə Azərbaycan dili adına bir iş görüləndə bağışlayacaqsan, sən də rus dilinlə gəlib bu işə şərik ola, “mənə də bir çömçə” deyə bilməzsən. Burda başa düşülməyən nə var axı? Necə mən Rusiyada keçirilən hansısa ədəbiyyat müsabiqəsində Azərbaycan dilində yazılmış əsərimlə nəyəsə iddia etmirəm, sən də Azərbaycanda keçirilən ədəbiyyat müsabiqəsində rus dilində yazılmış əsərinlə nəyəsə iddia edə bilməzsən. Bunca bəsit və sadə! Bu kimsənin xətrinə dəyməməlidir axı!

- Müsabiqənin obyektivliyinə inanırsınızmı? 

- İnanmıram. Müsabiqənin obyektiv keçməsi üçün insanlarımız obyektiv olmalıdırlar. İnsanların obyektiv olmaları üçün kiminsə onlara təzyiq edə bilməyəcəyi qədər müstəqil olmalıdırlar. Varmı elə münsifimiz, ekspertimiz? Yoxdur. Elə isə müsabiqə necə obyektiv ola bilər? Amma necə keçirilməyindən asılı olmayaraq, ədəbiyyatımızın inkişafında, canlanmasında müstəsna əhəmiyyəti və xidməti var. Bütün hallarda bundan ötrü, bu qədər ağır, gərgin işi öhdəsinə götürdüyü üçün Nigar xanıma təşəkkür etmək lazımdır.

- MKM-dən nə gözləyirsiniz və özünüzü neçənci yerdə görürsünüz? 

- MKM-dən heç nə gözləmirəm. Mənim onluğa düşməyimin özü möcüzədir. Ekspertlər dururlar və arxasında heç bir ədəbi qruplaşma dayanmayan əyalət yazıçısını onluğa salırlar, inanılası deyil. Özümü neçənci yerdə görməyə gələndə isə təbii ki, qaliblər sırasında görürəm, amma mənim görməyimə nə verirlər?! Bunu münsiflərdən soruşmaq lazımdır, filan yazıçının əsərini neçənci yerdə görürsünüz? Düzdü, müsabiqə başlamamış bir ağızdan bəyan edirdilər, münsiflər açıq səs verəcəklər. Müsabiqənin bitməsinə sayılı günlər qalır, amma hələ ki Rəşad Məciddən başqa kimsə öz ballarını açıqlamayıb. Niyə? Bəs bu deyilənlər, yazılanlar nə üçündür? Müsabiqə bitəndən sonramı açıqlayacaqlar? Mənim Kulis.az-dan bir xahişim var, bu sualı münsiflərə ünvanlayın.

- Rus dilində yazmaq Azərbaycan ədəbiyyatına xidmət edirmi? Bir azərbaycanlı yazar Əfqanıstandan rus dilində roman yazsa, bu hansı millətin ədəbiyyatına xidmət edəcək? 

- Rus dilində əsər yazmaq Azərbaycan ədəbiyyatına nə cür xidmət edə bilər? Axı ədəbiyyatın ən böyük məramı, məqsədi, missiyası dili qorumaq, inkişaf etdirmək, cilalamaqdır. Ədəbiyyat hansı dildə yazılırsa, o dilə də xidmət edir. Əgər yazıçı Əfqanıstanda rus dilində əsər yazırsa, təbii ki, o, rus ədəbiyyatına xidmət edəcək. Onun əfqan ədəbiyyatına və əfqan xalqına heç bir aidiyyəti olmayacaq. Bizdə də eləcə.

- Bəziləri deyir ki, MKM-də rusdillilər üçün ayrıca müsabiqə elan edilsin. Siz nə düşünürsünüz, olarmı? 

- Gülməli mənzərədir. Nəyə görə məhz rusdillilər üçün? Niyə ingilisdillilər, fransızdillilər üçün müsabiqələr keçirmirik, ancaq rusdillilər üçün keçiririk? Rus dilində yazılmış əsərlər üçün müsabiqə keçirmək olar, amma ölkə miqyasında yox. Üç-beş məktəb arasında, dar bir çərçivədə.

- Mətbuatda yazılır ki, Paşa Qəlbinurla Natiq Rəsulzadə özlərini münsiflərə tapşırtdırıblar. Bu barədə eşidibsinizmi? Ümumiyyətlə, bu məsələyə də münasibətinizi öyrənmək maraqlı olardı... 

- Mən bu haqda yazmışam, - “Bir daha MKM haqda” - “Azadlıq” radiosunun “Oxu zalı”nda gedib. Təkcə mən yox, qəzetləri, saytları mütəmadi izləyən hər kəs bu haqda eşidib. Amma üstündən aylar keçsə də, bu adamlardan biri də çıxıb bunun yanlış, yalan olduğunu demədi. Mənim yazımdan sonramı, digər onluğa düşənlərin müsahibəsindən sonramı, hər halda Paşa Qəlbinur bərəkətə and içib özünü tapşırtdırmadığını dedi. Natiq Rəsulzadənin cavablarından isə bir şey başa düşmədim. Adam o qədər sayıb, sayıb, başım hərləndi. Zənnimcə, hər şeyi zaman göstərəcək.

- Əsəriniz onluqda olan başqa əsərlərdən nə ilə fərqlənir? 

- Dedim axı, başqalarının əsərlərini oxumamışam, onlardan nə ilə fərqləndiyini necə deyə bilərəm? Amma mənim öz üslubum, hadisələrə baxışım, yazı tərzim var.



kulis.az

Комментариев нет:

Отправить комментарий