13.06.2011

Yüz şair Şamaxıda - REPORTAJ


Elmin Həsənli “Sabir günləri”ndən yazdı

Hər il mayın 30-da Şamaxıda Mirzə Ələkbər Sabirin yubileyi keçirilir. Elə bu il də digərlərindən geri qalmadı. Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə təşkil etdiyi Sabir günlərində iştirak etmək üçün Şamaxıya getdim. 

Saat 8.00

Bakıdakı Sabir bağında görüşürük. AYB üzvü olan yazarlar burda. Tanıdıqlarımdan: Əjdər Ol, Tofiq Abdin, Şərif Ağayar, Əsəd Cahangir, Qismət, Faiq Balabəyli, Yaşar, Fikrət Qoca və digərləri. Yarım saat sonra AYB sədri Anar gəlir. Hər kəs yaxınlaşıb onunla görüşür. Anarı birinci dəfədir yaxından görürəm. Xeyli yaşlı görünür. Fürsətdən istifadə edib bir neçə portret fotolarını çəkirəm.
Hamıya gül paylanır. Tədbiri çəkən “Mədəniyyət” kanalı rejissorunun işarəsi ilə yaxınlaşıb Sabirin heykəli qabağına gül qoyurlar. Sonra yazıçıların bir qismi avtobusa minir. Anar öz xidməti avtomobilində gedir. Avtomobili olan başqa yazıçılar da avtobusla getmirlər. “Kasıb-kusub avtobusla gedir”- yol boyu zarafatlarından qalmayın Tofiq Abdin belə deyir.

Saat 09.00

Yoldayıq. Mənə yaxın tənqidçi Əsəd Cahangir, gənc yazarlar Ülviyyə Heydərova, Rəbiqə Nazimqızı və Qismət oturub. Mən kitab oxuyuram. Arada onların söhbətlərinə qoşuluram. Dünya ədəbiyyatından, teatrdan, kinodan, yerli yazarlardan, onların əsərlərindən danışırlar.

Saat 09.45

Mərəzə kəndinə çatmışıq. Siqaret fasiləsindən sonra yola davam edirik.

Söhbətlərin mövzusu getdikcə genişlənir. Kimin hansı yeməyi xoşlamasıdan tutmuş AYB-nin xəttiylə hansı səfərdə nə hoqqadan çıxmasına qədər hər şeydən danışırlar.

Tənqidçi Əsəd Cahangir bürclərə keçir. Hamının bürcün öyrənib səciyyəsini verir. Ədəbiyyat nəzəriyyəsi kimi bürcləri də çox yaxşı bildiyini göstərir.

Şamaxıya yaxınlaşdıqca həm havanın təmizliyi hiss edilir, həm də yaşıl çöllər insana rahatlıq verir.

Aylardır Bakınının bürkülü havası, hündür mərtəbəli binaların, avtomobil siqnallarının, minlərlə adamın arasında kənara çıxa bilməyənlər üçün belə səfərlərin ləzzəti ayrıdır.

Saat 10.30

Şamaxı. Sabirin məzarına çatırıq. Bizi Şamaxı rəhbərliyi və əllərində gül dəstələri olan şagirdlər qarşılayırlar. Şamaxının icra başçısı və Anar birlikdə Sabirin məzarı üzərinə gül qoyurlar.

Məzarın üzərinə gözəl bir məqbərə tikilib. Məqbərə bu il yenidən təmir olunub. Bunu icra başçısı Anara deyir. AYB sədri görülən işlərdən razılığını ifadə edir. Xalq artisti Ağalar Bayramov Sabirdən bir şeir dedikdən sonra məqbərəni tərk edirik.

Saat 10.45

Sabirin məzarının yaxınlığında yerləşən ustad Seyid Əzim Şirvanin məzarını ziyarət edirik. Burda da Seyid Əzimdən bir şeir oxunur.

Saat 11.00

Şamaxı əhli Sabirin ev-muzeyinin qabağına toplaşıb. Sabir günlərinin rəsmi hissəsi başlayır. Tədbiri Mirzə Ələkbər Sabir yaradıcılığına dərindən bələd olan yazıçı Əjdər Ol aparır. Millət vəkili Sabir Rüstəmxanlı, Şamaxının icra başçısı, yazıçı Anar, tənqidçi Əsəd Cahangir və başqaları çıxışlar edir, Sabirin və özlərinin şeirlərindən deyirlər. Gənc şair Qismətin “Bakıya elegiya” şeiri isə çıxışlarda yorulan şamaxılıların çox xoşuna gəlir.

Çıxışlar gedə-gedə fürsətdən istifadə edib Sabirin ev-muzeyində də oluram. Evin həyətində Sabirin heykəli var. Sabirin öz evi zəlzələ zamanı tamamilə dağılıb. Bu evə isə köhnəyə uyğun şəkildə yenidən qurulub.

Birinci otaqda Sabirin sabun bişirdiyi tiyan qoyulub. Azərbaycanın ən dahi şairlərindən birinin sabun bişirib satmasını düşünmək doğurdan da ağırdır.

İçəri otaqlarda Sabirə aid əşyalar, onun əlyazmaları, ilk çap olunan kitabları, dostları “Molla Nəsrəddin”çilərlə fotoları var.

Saat 12.50

Təxminən 2 saata yaxın davam edən Sabir günlərinin rəsmi hissəsi bitir. Hər kəsin maraqla gözlədiyi an gəlib yetişir: banket.
Bizi Şamaxının ən yaxşı restoranlarından birinə aparırlar. Banket nə banket. Masanın üzərindəkiləri təsvir etmək üçün adam gərək Seymur Baycan olsun. Masalar üç yerə bölünüb. Biz ən uzun masada banket zalında oturmuşuq. Yanımda Qismət, Şərif Ağayar, Əsəd Cahangir, Faiq Balabəyli və başqaları oturub. Gənc və istedadlı şair Qismətlə vurmağa başlayırıq. Əsəd Cahangirə çatmaq olmur. Belə qərara gəlirəm ki, AYB-çilər araq içməkdə azad yazarları diri-diri yeyərlər.

İkinci masa isə bizim oturduğumuz zalın yanındakı kabinədədir. Burda AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu və bir-iki nəfər rayon icra hakimiyyətinin nümayəndəsi oturub. Bizim masanın AYB-çiləri Ədalət Əsgəroğlunun ayrıca oturmasına ironiya edirlər.

Üçüncu masa isə ən elitardır. Dördnəfərlik bu masanın ən tanınmış siması AYB sədir Anardır. Təkcə Anar araq içmir – o, viski içir.
Eyvanda siqaret çəkərkən “Anarın viski içməsini yazacağam”- deyirəm Əsəd Cahangirə. Belə şeyləri yazmamağımı, xüsusilə onun özü haqda heç bir nüansa toxunmamağı dəfələrlə xahiş edir.
Masanın üzərindəki min-bir nemətdən daddıqdan sonra, nəhayət, məclisimiz yekunlaşır. Geri qayıdırıq.

Saat 15.00

Çay fasiləsinə dayanırıq. Tofiq Abdin nədənsə avtobusdan düşmür. Gilənar mürəbbəsi ilə çay içirik. Əsəd Cahangir yenə məndən xahiş edir ki, onun haqda heç nə yazmayım. AYB-çilər ötənilki Sabir günlərinin bu dəfəkindən daha möhtəşəm keçdiyini deyirlər.

Saat 17.00

Bürkülü Bakı havası…

                      kulis.az                                                                         Bakı- Şamaxı- Bakı

Комментариев нет:

Отправить комментарий