10.06.2011

I yerin Seymur Səfərliyə atası tərəfindən verildiyini bildirərək etiraz ediblər

"Başa düşmək olmur, musabiqəni yalnız özləri üçün keçirirlər? Dövlət pulu əsl yazıya vermək üçün ayırıb, yoxsa hər dəfə ənənəvi olaraq kiminsə “qalib olan” qohum-əqrabasına?"


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 5 iyun Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi üzrə keçirilən yazı müsabiqəsində “Mövqe” qəzetinin redaktoru Seymur Səfərlinin məqaləsi birinci yeri tutub. Qeyd edək ki, Seymur Səfərli KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin oğludur. Bundan başqa, KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin qardaşı oğlu Nail Rəhimzadənin məqaləsi də müsabiqədə birinci yer tutmuş yazılar sırasındadır. Birinci yerin mükafatı 1000 manat təşkil edir.

Müsabiqənin nəticələri bir sıra iştirakçılar tərəfindən narazılıqla qarşılanıb. Bununla bağlı dünən "qafqazinfo" saytında «Müsabiqədə birinci yer tutan yazı-Mətn» başlığı altında xəbər və şərhlər yer alıb. Həmin şərhlərdə jurnalistlər birinci yerin Seymur Səfərliyə atası tərəfindən verildiyini bildirərək Vüqar Səfərlini kəskin tənqid ediblər. Eyni zamanda, şərh müəllifləri hesab edirlər ki, nə S.Səfərlinin, nə də N.Rəhimzadənin müsabiqəyə təqdim etdiyi məqalə birinci yerə layiq olmayıb: «Vüqar Səfərlinin inhisarında olan qəzetlər və onun yaxınları bütün müsabiqələrin qalibi olur. Başa düşmək olmur, musabiqəni yalnız özləri üçün keçirirlər? Dövlət pulu əsl yazıya vermək üçün ayırıb, yoxsa hər dəfə ənənəvi olaraq kiminsə “qalib olan” qohum-əqrabasına?".

Modern.az-ın məlumatına görə, Vüqar Səfərli qarşı tərəf olaraq "Mərkəz" qəzetinə açıqlama verib. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru müsabiqənin nəticələrinə heç bir müdaxilə etmədiyini söyləyib:

"Müsabiqənin nəticələri ekspert qrupu tərəfindən qiymətləndirilib. Onlar kimin yazısına yüksək bal veriblərsə, o da qalib gəlib. Məgər mənim oğlum qalib gələ bilməz? Mənim oğlum həmin məqaləni yazmaq üçün bir ay araşdırma aparıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq sektoru ilə əlaqə saxlayıb, Botanika bağına gedib, araşdırma aparıb ki, gəlib birinci yerə çıxıb. Yoxsa ordan-burdan köçürmə yazı olsaydı, o məqaləyə qiymət verilməzdi.

Ekspertlər üçün fərqi yoxdur, o mənim oğlumun yazısıdır, ya digərininkidir. Ona görə də məsələyə belə yanaşmaq düzgün deyil. Ekspertlər tərəfindən həmin yazalar kodlaşdırılıb və kimə məxsus olduğu bilinmir. Bir rəy də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsusdur. O da bilmir ki, bu məqalənin müəllifi kimdir. Oğlum ötən dəfə keçirilən müsabiqəyə də yazı verilmişdi, amma heç bir yer tutmamışdı. Mən istədim ki, onun yazısını müsabiqədən çıxarım, kənara qoyum, deməsinlər ki, oğluna yer verir. Dedilər əgər yazılıbsa, müsabiqədə iştirak etməlidir. Yəni mənim razılığım yox idi. Ekspertlər dedilər ki, qoy müsabiqədə bu yazı da olsun. Digər yazıları da oxumaq lazımdır.

"Bakı-Xəbər" qəzetinin yazısı var, çox normaldır, 19,3 bal toplayıb. Bundan başqa, "Azadinform"dan Mübariz Aslanovun yazısı çox yaxşı araşdırmadır, 16 bal toplayıb ikinci yeri tutub. «Yeni Müsavat» qəzeti 18 bal toplayıb. «Mərkəz» qəzetindən Zülfiyyə Quliyeva da üçüncü yeri tutub. «Ayna-Zerkalo» qəzetindən İbadov Xaqani 16 bal toplayıb. Bu balı ekspertlər verib.

Biz ekspertlərin işinə qarışmırıq. 10 yazıdan 3-ü əsas yeri tutub, 3-ü həvəsləndiricidir. 6 nəfər mükafatlandırılıb. Kim istəyirsə, biz ekspert rəylərini ona göstərə bilərik. Yəni hərə bir istiqamət göstərib yazıb. Vüqar Rəhimzadənin qardaşı oğlunun birinci yeri tutmasına gəlincə, o jurnalist keçən müsabiqədə həvəsləndirici mükafat almışdı. İstəsək, ona ikinci ya üçüncü yeri verərdik. Amma onun yazısını oxuyub, sonra qiymət vermək lazımdır. Vüqar Rəhimzadə ekspert deyil axı. Belə yanaşma düzgün deyil. Yenə deyirəm, mən istəmirdim oğlum yazı versin. Ancaq bu da uşaqdır, onu niyə sındıraq, niyə həvəsdən salaq?"

Комментариев нет:

Отправить комментарий