11.06.2011

Evimi «Xural»a verirəm – Ramiz Mehdiyev satıb 10.000 manatını götürsün!


«Susma! Susduqca sıra sənə gələcək!»
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetimizi məhkəməyə verməsi, ədalətsizcəsinə səlahiyyətlərindən istifadə edərək 10 min manat cərimələtməsi, sonra da həmin cəriməni icraya yönəltməsi ölkədə böyük rezonans doğurub. Azərbaycan hakimiyyətinin ən güclü adamının azad sözün üzərinə bu cür səlib yürüşü başlatması «Xural» olaraq dirəniş göstərməyimizə və bu dirənişi Azərbaycan səthinə yaymaq təşəbbüslərimizə səbəb oldu. Bu mənada və bu çərçivədə baş redaktor Əvəz Zeynallı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat zalında mətbuat konfransı keçirdi və mayın 16-da baş tutan bu mətbuat konfransını daşıdığı tarixi əhəmiyyətə görə yayınlamağı qərarlaşdırdıq.
Buyurun, Əziz «Xural» Oxucusu, Ramiz Mehdiyevin bütün arsenalı ilə üzərimizə gəldiyi bir zamanda yanımızda olub tədbirimizə qatılanların bütün dünya ictimaiyyətinə səslənişini siz də oxuyun…
Əvvəli ötən sayımızda
Əvəz Zeynallının çıxışından sonra sual-cavablar və digər çıxışlar başladı…
Yasəmən Heydər Əliyevin fotosunu 1 milyon manata da satmaz…
Sual:
- Əvəz bəy, redaksiyada olan əmlakın siyahıya alındığı haqda məlumat vermisiniz. Təxmini də olsa bilirsinizmi, həmin əmlakın dəyəri nə qədər edir?
- Bizim siyahıya alınan kompüterlərimizin ən təzəsinin yaşı 6 ildir. Yəni onların bəziləri «Xural»la yaşıddır. Mətbuat camiəsi bunu yaxşı bilir. Bizim redaksiyamızın hər bir predmetini kimsə hədiyyə edib, bağışlayıb. Redaksiyada özümüzün aldığımız çox az əmlak var. İşin maraqlı tərəfi odur ki, mən ümumiyyətlə, zənn etmirəm ki, onların hamısının dəyəri bir yerdə 500-600 manatı keçə… Amma məsələ tək bu əmlakın maddi dəyərində deyil. Redaksiyada elə əmlak var ki, o, bizim bütün ağır günlərimizin xatirəsidir, biz heç onu 100.000 manata da satmarıq… Məsələn, əməkdaşımız Yasəmən Arif deyir ki, Heydər Əliyevin şəklini heç 1 milyon manata da satmaram. Mənim başımın üstündə Şah İsmayılın, masamın üzərində Mübariz İbrahimovun, Ramil Səfərovun şəkilləri var. Bu şəkilləri hərraca çıxarmaqmı olar?
Şah İsmayılı, Mübariz İbrahimovun, Ramil Səfərovun şəkillərini hərraca çıxarmaqmı olar?!
Ramil Səfərov mənim üçün Azərbaycan ordusunun bütün generallarından əzizdir. O baxımdan bu işin perspektivinə inanmıram. Düzdür, inanmadıqca başımıza yüz oyun gətirdilər, amma yenə də inanmıram ki, Ramiz Mehdiyev bu qədər irəli gedib bu şəkillərin müsadirə olunmasını tələb edə bilər. Reallıq budur ki, bizə məxsus əmlak hərraca çıxarılmaq üçün sıyahıya alınıb. Həmin əmlaka da Ramiz Mehdiyevin şəxsiyyətinə hörmət edib 500 manat verə bilərlər, ondan artıq verməzlər…
Şahənşah vəzirini göndərib!..
Sərdar Əlibəyli
«P.S.Nota» qəzetinin baş redaktor əvəzi:
- Əslində, məncə bu məsələlər təkcə məmur-jurnalist məsələsi deyil. Heç mətbuat məsələsi də deyil. Məsələ biz düşündüyümüzdən də böyük məsələdir. Hələ qədimlərdə əgər bir işin dalınca şəxsən vəzir göndərilirdisə, onda elə hesab olunurdu ki, məsələ çox ciddidir, çünki yalnız ciddi məsələlərdə şahənşah öz işlərini vəzirə tapşırardı. Bu gün Ramiz Mehdiyevin bu qədər rəzalətə əyilməsi, əslində, bu məsələdə tək onun deyil, şahənşahın da maraqlı olduğunu göstərir.
Niyə məhz «Xural»? Bildiyim qədərincə Ramiz Mehdiyevin «Xural»ı məhkəməyə verməyə əsas gətirdiyi məqalə «Xural»dan əvvəl başqa bir qəzetdə də dərc olunub. Qəzet bunu yalnız təkrarən dərc edib. Onda niyə Ramiz Mehdiyev həmin qəzeti deyil, sonradan bu məqaləni dərc edən «Xural»ı məhkəməyə verdi? Bəlkə də yuxarıların gözündə «Xural» mətbuatın yetim, sahibsiz uşağıdır, ona görə də ona sahib ola bilmədikləri üçün bu qədər dara çəkirlər? Bunların sahib olduğu bütün mətbu qurumlar şah həyatı sürürlər. Onlar redaksiya icarələməyin, qonorar, maaş verməyin dərdini çəkmirlər. Heç ev problemləri də yoxdur, maşın problemləri də.
Əvəz Zeynallı Ramiz Mehdiyev üçün «pis nümunədir»…
Ramiz Mehdiyevin başçılığı altında mətbuat artıq bir neçə ildir ki, xor ifa edir. Ara-sıra xaric not oxuyanı aralarından qovurlar, bununla da məsələ bitir. O baxımdan hakimiyyət özünün nəzarətində olmadığı, özünün sahiblənmədiyi bir mətbu orqanın bu dərəcədə azad və müstəqil fəaliyyətinə yol vermək istəmir. «Xural» ya bu xorda oxumalıdır, ya da ümumiyyətlə, onun səsini kəsmək lazımdır. Ramiz Mehdiyev də birincinin mümkün olmadığını görüb, ikinci üsula əl atır. Bu məqalədə şərəf-ləyaqət məsələsi bəhanədir. Əvəz Zeynallı Ramiz Mehdiyev üçün «pis nümunədir»… Niyə? Ona görə ki, Əvəz Zeynallı heç kimə satılmadan, boş bir yerdən, ehtiyaclar içərisində bir mətbu orqan qurub və bu mətbu orqanı da bütün mövcud qanunlar əsasında idarə edir. Onu dayandırmaq mümkün deyil. Hər gün böyüyür, hər gün Oxucularının sayını artırır. Ya bunun qarşısı vaxtında alınmalıdır, ya da Əvəz Zeynallı «Xural»ı o səviyyədə böyüdəcək ki, Ramiz Mehdiyevin mətbuatı avtomatik sıradan çıxacaq. Çünki cəmiyyət də əvvəlki deyil, nağıllara inanmır, dövlət qəzetlərinin uydurmalarına getmir, həqiqət axtarır və onu da «Xural»da tapır. Nə qədər böyük od olsa da, öz həcmi boyda yeri yandırar. Ramiz Mehdiyev də nə qədər böyük od olsa da, ancaq özü boyda yeri yandıracaq. Mənə təsir edən başqa bir məqam da var. Azərbaycan mətbuatını o vəziyyətə gətiriblər ki, bunların idarə etdikləri qəzetlərin, televiziyaların heç biri azad söz uğrunda həmrəylik nümayiş etdirmir. Az-çox azad olan qəzetlər də Ramiz Mehdiyevin qəzəbindən ehtiyatlanır. Bu ölkənin dağ boyda baş redaktorları var ki, bu gün onların heç birini görmədim. Susurlar. Xırda informasiyalar verməklə canlarını qurtarırlar. Amma heç kəs fərqində deyil ki, bu gün təcavüzə məruz qalan nə Əvəz Zeynallıdır, nə də «Xural» qəzeti. Bu gün təcavüz olunan azad sözdür. Bizim azad söz imkanlarımızı əlimizdən alırlar. Vəziyyəti o həddə çatdırırlar ki, Əvəz Zeynallıdan sonra gələn istənilən mətbu qurum özünün də taleyinin Əvəz Zeynallının taleyi kimi olacağını qulağında sırğa etsin və heç bir zaman azad sözün arxasınca getməsin. Mətbuatı ölü olan bir ölkədə hansı insan azadlığından, insan haqlarından danışmaq olar?  Heç kim xorda olan xaric səsə səsini qatmaq, ona qoşulmaq istəmir, çünki onu da bunun aqibəti gözləyə bilər. Amma mətbuat normal mətbuat olsaydı, bu məsələdə çox ciddi təpki və hakimiyyətə də həqiqi 4-cü hakimiyyət olduğunu göstərərdi.
Ramiz Mehdiyev Qazaxın Kəmərli kəndini ermənilərə verib…
Bu gün mətbuat başqa bir məsələni də müzakirəyə çıxarmalı və Ramiz Mehdiyevdən hesabat tələb etməlidir. Necə olur ki, bu adam Qazaxın Kəmərlli kəndini yadellilərə bağışlayır və bunun cəzasını çəkmək əvəzinə, Azərbaycan hakimiyyətinin iki nömrəli başçısına çevrilir? Halbuki mətbuat bu adamdan Azərbaycana qarşı etdiyi bütün xəyanətlərin cavabını sormalı idi və bu adamı o vəziyyətə salmalı idi ki, o, başını götürüb Azərbaycandan qaçsın. Azərbaycan insanı heç bir zaman belə xəyanətləri unutmur. Kim bu millətin çörəyini yeyib, ona xəyanət edibsə, əvvəl-axır hesabını ödəyəcək – canı-başı bahasına olsa belə. Amma bu qədər xəyanətin qarşılığında bu adam hələ bir Azərbaycanın azad mətbu orqanını susdurmağa çalışır. Mən hər yazımı «bu son yazımdır» anlayışı ilə yazıram. Buna görə çox dostlar məni danlayırlar ki, yazma, hər düşündüyünü dilinə gətirmə. Amma mən ona görə yazmıram ki, kimsə məni tərifləsin, ya pisləsin, ona görə yazıram ki, özümlə təkbətək qalanda vicdan əzabı çəkməyim ki, niyə mən filan şeyi vaxtında yazmadım. Məncə budur azad söz. Bütün hallarda hesab edirəm ki, «Xural» qəzetini ona görə susdurmağa çalışırlar. Yoxsa Ramiz Mehdiyev boyda bir səlahiyyət sahibinin «Xural»la «siçan-pişik» oynamasının səbəbi nə ola bilər? Bu ağlagəlməz bir şeydir. Özü də Ramiz Mehdiyev bu hakimiyyət üçün yalnız icraçıdır. O kimdir ki, prezidentin razılığı olmadan hansısa müstəqil mətbu orqanı o həddə gətirsin ki, onu bağlatdırsın? Sabah bunun beynəlxalq təşkilatları var, onların illik, aylıq hesabatları var. Hansı ölkənin prezidenti istəyər ki, onun ölkəsi haqqında «qara piar» işləsin və buna da məhz onun öz əlinin altında işləyən adam səbəb olsun? O baxımdan, mənim gəldiyim qənaət budur ki, prezidentin bundan xəbəri var və ona görə də Ramiz Mehdiyevə «dur» deyən yoxdur. Ola bilsin, hakimiyyətə növbəti prezident seçkilərinə qədər çox səlis ifaçıları olan mükəmməl bir xor qrupu lazımdır. Ona görə də bütün xaric oxuyanlar mətbuatdan uzaqlaşdırılacaqlar. Bunun üçün yollar araşdırılır. Mətbuat Şurasının sədri Əflatun Amaşov son televiziya çıxışından sonra belə qənaətə gəldim ki, bir vaxtlar QHT kimi yaradılan Mətbuat Şurası yüksək statuslu orqana çevrilmək üzrədir və mətbuatda «sözəbaxmayan uşaqlar»ı bundan sonra Mətbuat Şurasının əli ilə susduracaqlar. Təsəvvür edin ki, Mətbuat Şurası jurnalsitlər üçün ümumi vəsiqə sisteminə keçir. Yəni Mətbuat Şurasının vəsiqəsi olmayan heç bir jurnalist bundan sonra jurnalist hesab olunmayacaq, onun təmsil etdiyi mətbu qurum da hesaba alınmayacaq. Mətbuat Şurası istədiyi vaxt bu vəsiqəni jurnalistin əlindən alacaq, istədiyi vaxt onu istədiyi qeyri-peşəkar bir adamın əlinə verəcək. Yəni özünü senzurasız dövlət elan edən bir hakimiyyətin Mətbuat Şurasına verdiyi bu səlahiyyətlər əslində senzuranın bərpası deməkdir. Azərbaycan mətbuatının müstəqil qəzetləri son qaladır. Bu son qalanı da alandan sonra artıq diktatura rejiminin bərqərar olmaması üçün səbəb qalmayacaq.
Susma! Susduqca sıra sənə gələcək!
Pərviz Səmədbəyli
Müstəqil siyasətçi, İctimai Palatanın üzvü:
- Elə bir ölkə göstərin ki, onun azadlıq hərəkatının liderlərindən birini, bu ölkə müstəqillik əldə edəndən sonra hakimiyyətə gələn qüvvə həbsə atsın. Biz belə bir ölkədə yaşayırıq. Özü də çox təəssüf hissi ilə bunu vurğulayıram. Eyni zamanda Azərbaycanda baş verən ən önəmli hadisələrə susqunluqla yanaşdıqları üçün müxalif siyasi qüvvələri qınayıram. Tələbə olarkən söylədiyimiz bir şüar var idi: «Susma! Susduqca sıra sənə gələcək!» bu gün «Xural» qəzetinin başına gətirilənlər sabah digər qəzetlərin də başına gətiriləcək. Bu gün Azərbaycanda yeni və tör-töküntü fikirlər arasında kəskin mübarizə gedir. Bu, elə bir mübarizədir ki, xeyirlə-şərin mübarizəsi kimidir. Mən hesab edirəm ki, Əvəz Zeynallının kim olduğunu hər kəs yaxşı bilir. İstər Türkiyədə təhsil alarkən, istərsə də Azərbaycandakı fəaliyyəti hər birimizin gözü önündədir. Əvəz bəy Türkiyədə oxuduğu illərdə nə ailəsindən, nə də başqa bir kimsədən maddi dəstək görmədi. Ona görə də heç kəs onun rüşvətlə təhsil aldığını söyləyə bilməz. Türkiyənin elə bir təhsil sistemi var ki, özün çəkidə qızıla, ləl-cəvahirata bürünsən belə, biliyin olmasa təhsil ala bilməzsən. Əvəz bəy öz savadı ilə oxuyan adam olub və oxuduğu illərdə Azərbaycana xaricdə mətbu dəstək verib. Bu gün Azərbaycan oliqarxlarının, yüksək çinli məmurlarının övladları da xaricdə təhsil alırlar, onların nə cür təhsil alması bizim gözlərimiz önündədir. Atalarının gül balaları atalarının varidatı hesabına orada oxumaqdan daha çox vaxtlarını əyləncədə keçirirlər. Onların hansı qəsrlərdə yaşadıqlarını, hansı kazino və barlarda Azərbaycanın pullarını necə göyə sovurduqlarını da mətbuat camiəsi çox gözəl bilir. Hətta belə çəkilişlərdən əlimizdə olanları da var. Demək istəyirəm ki, sabah onların hər biri Azərbaycana qayıtdıqda burada rəhbər bir vəzifəni tutacaqlar və insanları idarə etməyə qalxacaqlar. Cəmiyyətdə bu təzadın sonu yoxdur. Ona görə də az-çox savadı olan gəncliyi sıradan çıxarmağa çalışırlar ki, onların cəmiyyətdə hökmü olmasın, bütün hakimiyyət bunların öz əlinə qalsın.
Ramiz Mehdiyev 26 yaşından vəzifələrdə olub. İndi bir qəzetin onun sözünün əksinə getməsi, görünür, bu insanı hədəqədən çıxarır. «Xural» qəzetini məhkəməyə verməsi də bunun sübutudur. Bilirsiniz ki, mən ötən parlament seçkilərində 19 saylı seçki dairəsindən müstəqil olaraq namizədliyimi irəli sürdüm. Bir tərəfdən müxalifət, digər tərəfdən, iqtidar bacardığı qədər mənə mane olmağa çalışırdı və mən hətta öz sözümü cəmiyyətə çatdırmaq üçün müstəqil mətbu orqan tapa bilmirdim. O zaman «Xural» qəzeti mənim fikirlərimi dərc etdi. Seçkilərdən yayındırmaq üçün mənə müxtəlif təkliflər də etmişdilər. Mənim isə cavabım o olmuşdu ki, əgər Azərbaycanın bütün varidatını mənə versəniz belə, mən heç bir zaman seçicilərimin imzası üzərində bazarlıq etməyəcəm, əlbəttə ki, bazarlıq üçün təklif etdikləri pulu da sonradan asfalta xərclədilər. Yəni müstəqil adamlar üçün bu məmləkətdə onsuz da yer yoxdur.
Evimi «Xural» qəzetinə hədiyyə edirəm – Ramiz Mehdiyev satıb 10.000 manatını götürsün!
Mənim bir sürpriz açıqlamam var. Mən Ramiz Mehdiyevin tələb etdiyi 10 min manatlıq cərimə müqabilində «Xural» qəzetinə bir ev hədiyyə etmək isətyirəm. Güman edirəm ki, o evi satandan sonra «Xural» qəzetinin borcu bağlanacaq. Bu, nə evdir? Seçkilərdə namizədliyimi irəli sürən zaman Azərbaycan tarixində ilk dəfə olaraq bir başqasının evini mənim adıma sənədləşdirdilər. Bunu mənim namizədliyimi ləğv etmək üçün etdilər. Mətbuatın bu haqda məlumatı var. Bu da indiki hakimiyyətin apardığı siyasətin acı gerçəyidir. BT-dən gələn sənədlərlə ev mənim adıma sənədləşdirilib. 19 saylı Nərimanov rayon seçki dairəsində adıma olan daşınmaz əmlakı dövlətdən gizlətdiyimə görə namizədliyimin ləğv olunması haqqında protokol imzalanıb. Məhz o protokola görə dövlətdən gizlətmiş olduğum ev həqiqətdirsə, mən onu «Xural»ın borcu müqabilində Ramiz Mehdiyevə bağışlayıram. Halal eləyirəm… Həmin evin sənədlərini artıq «Xural» qəzetinə təqdim etmişəm. Bundan sonra «Xural» qəzetinin baş redaktoru Ramiz Mehdiyevə həmin sənədləri təqdim edə bilər. Alıcı ilə satıcı arasında müqavilə bağlanacaq, Ramiz Mehdiyevin də həmin evi öz adına keçirməsi problemsiz olacaq. Çünki bu ölkədə onun bir sözünü iki eləyən adam yoxdur. Mən də həmin evi halal, halal, halal edirəm Ramiz Mehdiyevə…
(Mətbuat konfransı iştirakçıları Pərviz Səmədbəylini alqışlayırlar…)
Xahiş edirəm, Ramiz Mehdiyevə «müəllim» deməyəsiniz…
Rahim Qazıyev
Sabiq müdafiə nazirlərindən:
- Sizin əlinizdə tutduğunuz qələm bəşəriyyətin indiyədək düşünüb icad etdiyi silahların ən qüdrətlisidir. Bu qüdrətli silahı olan adama qarşı cılız təfəkkürlü, dünya malı gözünü bağlayan adamlar qalib gələ bilirsə, bu artıq mətbuat komandirlərinin zəifliyidir. Bayaqdan müraciət kimi Ramiz Mehdiyevə «müəllim» deyənlər var. Görünür, «müəllimlik» də artıq şərəfli peşə olmaqdan çıxıb. Xahiş edirəm, Ramiz Mehdiyevə «müəllim» deməyəsiniz. Mən 23 il müəllim işləmişəm və bu iradı bildirmək üçün özümdə mənəvi haqq tapıram. Müəllim olduğum illərdə nə tələbənin cibinə zorla girməmişəm, nə də gözüm onun-bunun əlində olmayıb. Ona «cənab Mehdiyev» deyə müraciət edin, amma «müəllim» deməyin. Ramiz Mehdiyev Mərkəzi Komitəyə ayaq basdığı gündən bu günə qədər Azərbaycan xalqını aldadıb. Nə əcəb bu adam bir dəfə də olsun, bu millətə etdiyi xəyanətlərə görə bu millətdən üzr istəməyib? Amma qələmi ilə hər zaman haqqın yolunu tutan bir baş redaktor guya  bunların olmayan şərəf və ləyaqətinə toxunduğu üçün onu qəzeti bağlanmalıdır? Kim verib onlara bu haqqı? İllərlə Azərbaycan ideologiyasında kommunizm prinsiplərini, ona olan sədaqət hissini aşılayan Ramiz Mehdiyev müstəqil Azərbaycann müstəqil prezidentinin aparatının başçısıdır. İkincisi, Ramiz Mehdiyev Qazaxın Kəmərli kəndində açıq-aşkar, könülxoşluğu ilə yadellilərə verilən sonuncu torpaqların müəllifidir. Hələ də başa düşə bilmirəm, bu əməlinə görə niyə bu günə kimi Ramiz Mehdiyev cəzasını həbsdə çəkməyib? Niyə bu millət onu məhkəməyə vermir? Bundan başqa, Ramiz Mehdiyev Qərbi Azərbaycandan Azərbaycana zorən köçürülən türklərin başını qatmaq üçün hərəyə bir güzəştli kağız verdi, əvvəlcə susdurdu, sonra da  bütün Ermənistanla bağlı olan sənədlərini əllərindən aldırdı. O, 1988-ci il Sumqayıt hadisələrindən qısa müddət sonra Azərbaycanın mövcud televiziyalarını blokadaya aldırdı, xalqın məlumatlandırılmaması üçün əlindən gələni əsirgəmədi. Təsəvvür edin, köhnə nə qədər kiflənmiş kino var idisə, – «Tarzan», «Avara», «Cənab 420», «Ram və Şam», «Zita və Qita» və s. kimi kinoları Azərbaycanın dövlət kanalı ilə nümayiş etdirildi, insanları bu yolla Azadlıq meydanına toplaşmaqdan vaz keçirə biləcəklərini düşündülər. Bu gün həmin insanların apardığı azadlıq hərəkatının nəticəsidir ki, Azərbaycan müstəqilliyini qazanıb. Ancaq müstəqil Azərbaycanın bəhrəsini həmin qəhrəman oğullarımız yox, Ramiz Mehdiyev gördü. O zaman onun apardığı ideologiyanın nəticəsi idi ki, insanlar tam məlumatsız şəkildə hərəkət etməyə məhkum olunmuşdular və çox hadisələr zamanı onların telekanallar vasitəsilə vaxtında xəbərdar olunmaması sonradan ağır nəticələrini verdi. Bu adam şüurlu həyatı boyu məmur işləyib və indiyədək də başa düşmək olmur, bu nə vaxt akademik oldu? Hansı sürətlə elmlər namizədi, elmləri doktoru, professor, Elmlər Akademiyasının müxbir, sonra isə həqiqi üzvünə çevrildi, bilən yoxdur. Nə qədər fenomen ağıla, elmin qüdrətinə malik insan olmalıdır ki, bü qədər sürətlə elmin zirvəsini fəth edə billə? Bütün bu adlara sahib olan zaman bu adam bir dəfə olsun əlinə qələm almadı, bir cümlə yazmadı. Məəttəl qalınası işdir ki, niyə Azərbaycan ziyalısı bütün bunlara göz yumur, susur, danışmır, haqqının yeyildiyinə etirazını bildirmir? Axı Azəraycanda bütün həyatını elmə sərf edən alimlər, professorlar, akademiklər var, onlar niyə susurlar? Ramiz Mehdiyev fəlsəfə elmləri doktoru, akademikdir və bu adam efirdən millətə boylanıb deyir ki, mən sizə xeyir xəbər çatdırmaq istəyirəm, biz şəhərdə Koroğlunun heykəlini qoymaq qərarına gəlmişik, özü də atın üstündə. Bu filosof hələ dərk etmir ki, at olmadan nə qədər möhtəşəm heykəl qoyulsa da, onun Koroğlu olduğuna Ramiz Mehdiyevdən başqa heç kim inanmayacaq. Nəhayət, Ramiz Mehdiyev Heydər Əliyev birinci dəfə hakimiyyətdən gedəndən sonra onun haqqında söylənilən ən pis sözlərin müəllifidir və ona görə də hesab edirəm ki, Ramiz Mehdiyevin «Xural» qəzetini məhkəməyə verməsi və onu 10 min manat cərimələtməsi absurd və heç bir qanuna söykənməyən bir şeydir. O, daha yaxşı bilir ki, hansı rejimin başında dayanır və o rejim nəyə və kimə xidmət edir? Bu gün baş aldatmaqla, sizi və sizin kimi qələm sahiblərini məhkəməyə verməklə o tamamilə başqa məqsədlər güdür.
Qarabağı verənə qədər tənqidçi mətbuatın qalmasını istəmirlər!
Davamı olacaq                                               Hazırladı: XuralTAC

Комментариев нет:

Отправить комментарий