19.06.2011

Fikir zadəganı

Kənan Hacı



Rəhim Əliyev haqqında yazmaq imtiyazını qazanmaq üçün yetər ki, azad sözün, haqq sözün yanında olasan. O, gözəl tənqidçi, ədəbiyyatşünas olmaqla bərabər həm də haqq sözün carçısıdır. Gənc yazarlar məhz buna görə onu çox sevirlər. Bu dünyada yalan, riya, məkr məngənəsində qalıb sıxılanların ən yaxşı müdafiəçisi Rəhim Əliyevdir.
O, yerişiylə- duruşuyla, ağayanalığı ilə Azərbaycan elminə həm də bir zadənganlıq, əsilzadəlik gətirib. O, özü və sözü bir-birini tamamlayan çox az sayda qələm sahiblərindəndir . Onun qələminə kəsər verən şəxsiyyətidir, yazılarındakı sərtlik, barışmazlıq xarakterinin bütövlüyündən mayalanır.
Bu yazını iki daş arasında, demək olar ki, ayaq üstü yazıram. Bu gün onun haqqında hazırlanmış Xüsusi buraxılış mətbəəyə göndərilir. Dəyərli dostumuz İbrahim Quliyev mənim Rəhim müəllimə xüsusi rəğbətim olduğunu bildiyindən telefon açdı ki, sən də bir yazı yaz.
  İndi çətin olan mənim işimdir. Həmin Xüsusi buraxılışda yazımın getməsi üçün bir neçə dəqiqədən sonra yazını Kəramət müəllimə çatdırmalıyam. Amma həmişə olduğu kimi, yetərincə yüklüyəm. Biri digərindən vacib başqa yazılar da növbə gözləyir. Təbii ki, belə məqamda mənim üçün ən vacibi Rəhim müəllim haqqında ürək sözlərimi çatdırmaqdır.
Günlərin bir gözəl günündə Kəramət müəllimlə dünyanın gedişatını, olmuşları, olacaqları öz aramızda vərəvurd edə-edə şəhərdə gərdiş edirdik. Füzuli meydanından vağzal tərəfə üz tutmuşduq, qəfildən Kəramət müəllimin tutqun siması elə bil işıqlandı:
-Bu yaxınlıqda bir gözəl dostumuz var, gedək ona bir salam verək.
 Rəhim müəllimlə tanışlığımız belə başlandı. Onda gördüm ki, Rəhim müəllim Kəramətin xətrini çox istəyir. Sonralar onu müşahidə etdikcə gördüm ki, o, içində istedad olan və bu istedada xəyanət etməyən, şəxsiyyətini qoruyub saxlayan (bu çətin zamanda!) bütün qələm sahiblərini öz dostu sayır. O gün mənim  ömrümə yazılası ən böyük qazanc oldu.
Rəhim müəllimin alicənablığı, informasiya tutumlu söhbətləri mənim yaddaşımda dərin iz buraxdı. Düşündüm ki, ədəbi camedə belə insanlar var ikən bədgüman olmağa dəyməz. Yazmaq və yazmaq lazımdır.
O tanışlıq günündən bir müddət keçəndən sonra hiss etdim ki, Rəhim müəllimin insana inam, nikbinlik, mübarizə ruhu  aşılayan söhbətlərinə ehtiyacım var. Onun ofisinin yerləşdiyi məkanı yadımda saxlamışdım və asanlıqla həmin yeri tapdım. Deyəsən gözlənilməz gəlişimdən bir az təəccübləndi. Sonra məni qınadı ki, birdəfəlik yoxa çıxdın, axı biz danışmışdıq ki, səni evləndirək.
O vaxt subay idim və Rəhim müəllim elə birinci görüşümüzdən mənə ağsaqqallıq edəcəyinə söz vermişdi. Belə oldu ki, məndə bir müddət depressiya yarandı və hətta qələmi birdəfəlik qırıb atmaq qərarına gəldim. Amma doğrudan da dünya yaxşılardan xali deyil. Məni özümə, öz dünyama qaytaran insanlar oldu, ailə qurdum. Rəhim müəllimin o xeyirxah vədinə görə içimdə ona baş çəkmək, üzrxahlıq etmək zərurəti də vardı. Həyatımdakı dəyişikliyə, ilk kitabımın çıxması xəbərinə ürəkdən sevindi.
Rəhim müəllim, ömrünüzün müdriklik məqamında sizə həmişə var olun, deyirəm! Biz həmişə sizə baxıb düzlənmişik.
Məşhur bir ifadədə deyildiyi  kimi: “Biz sizdən öyrəndik qəhrəmanlığı!”

Комментариев нет:

Отправить комментарий