19.06.2011

YAP-ın SABİQ DEPUTATINDAN HEYRƏTAMİZ AÇIQLAMALAR


      Əkrəm Abdullayev: “Müxalifətə öz sözünü demək üçün şərait yaradılmalıdır”
    
2005-2010-cu illərdə YAP-ın Salyandan deputatı olan Əkrəm Abdullayev “Qafqazinfo”ya geniş müsahibəsində Azərbaycanda hazırkı durumla bağlı heyrətamiz açıqlamalar verib. O, hakimiyyətin başlatdığı korrupsiyaya qarşı mübarizədən danışarkən deyib ki, korrupsiya əleyhinə müzakirələr çox ciddi başlamışdı, lakin hazırda bunu o qədər də hiss edə bilmirik. Bu proses yavaş-yavaş səngiməyə başlayır.
“Azərbaycanda hər zaman korrupsiya, rüşvət olub, istər Sovet İttifaqı dövründə, istərsə də ondan sonrakı dövrdə. Bu o demək deyil ki, gözlərimizi yumub korrupsiyanın, rüşvətxorluğun daha da çoxalmasına imkan verməliyik. Demirəm ki, sabah, o biri gün, bir ildən sonra Azərbaycanda korrupsiyanın kökü kəsiləcək. Mübarizə aparmaqla korrupsiyanın sayını azaltmaq olar, digər halda isə mübarizə aparmırsan və onun artmasına şərait yaradırsan. Məsələnin ən faciəli tərəfi isə odur ki, korrupsiyaya qarşı mübarizəyə başlayasan və bunu yarıda dayandırasan. Bu ilanı yaralamaq kimi bir şeydir. Ya gərək öldürəsən, ya da heç işin olmasın. Əgər yaralamısansa o daha da aqressiv olacaq. Rüşvətxorluq ölkəni içəridən dağıdan, onu çürüdən bir prosesdir”.
Sabiq deputat bildirib ki, son dövrlər vəzifəyə yeni təyin olunan məmurlar özlərini elə aparırlar sanki vəzifə onlara atasından, yaxud babasından qalıb: “Dövlətin imicinə xələl gətirən fəaliyyət göstərirlər, insanları incidirlər, onlara elə işgəncələr verirlər ki, bununla da dövlətin atdığı demokratiya yönümlü addımların hamısı kölgədə qalır. Bir şeyi də qeyd edim ki, bizdə həmişə əsas cinayətkarlar qalır, lakin günahsız insanlar həbs olunurlar. Bir neçə il əvvəl Bakıda Yasamal rayonunda yeni inşa edilən bir bina uçdu, nəticədə insanlar həlak oldular. Cəmi 1-2 nəfər tutuldu. Avropa ölkələrində belə bir hadisə baş versəydi tikintiyə sərəncam verən, ona nəzarət edən, memarlıq-inşaat layihəsini hazırlayanların hər biri həbs olunmuşdu. Ən böyük problem odur ki, bizdə cəzasızlıq sindromu hökm sürür. Hər bir kəs rüşvət verməklə törətdiyi cinayəti ört-basdır edə biləcəyini fikirləşir. Bu gün avtoxuliqanları şəhərdən yığışdırmaq mümkün deyil. Ya mübarizə aparılmır, ya da həmin insanlar hansısa səlahiyyətlərə malik olduqlarından polis işçiləri qorxurlar”.
“Nəyə görə Azərbaycanda korrupsiyaya qarşı mübarizə öz müsbət həllini tapmır?” sualına isə Ə.Abdullayev daha kəskin cavab verib: “Hər bir işi görərkən ilk növbədə istək olmalıdır. Tutaq ki, mən korrupsiya əleyhinə mübarizə elan edirəm, o biri kabinetdə rüşvət alıramsa, yaxud saxta sənədə qol çəkməklə dövlət büdcəsindən nə isə mənimsəyirəmsə belə mübarizə aparmaq olmaz. Dövlətin güc strukturları, hüquq-mühafizə orqanları, xüsusən də korrupsiya ilə bağlı Dövlət Komissiyası ciddi iradə nümayiş etdirməlidir. Bizdə hər zaman qanun şah deyil, şah qanun olub. Düşünürəm ki, bu baxımdan buzları əritmək lazımdır. Əgər bu piramidanı dağıda bilməsək, korrupsiya ilə mübarizə aparmaq çox çətin olacaq. Bu gün gözümüzün qarşısında bir küçəyə bir il ərzində 4-5 dəfə yol çəkilir. Dövlətin vəsaitini israf etmək olmaz. Biz o qədər də zəngin ölkə deyilik. Ölkəmizdə hələ də kasıb təbəqə var, təqaüdçülərimiz aldıqları təqaüd hesabına yaşaya bilmirlər. Bu gün dövlət qulluğunda çalışanlarımız elə bir maaş almırlar ki, heç olmasa bir aylıq yaşayışlarını tənzimləyə bilsinlər. Vəsaitlərin xərclənməsinə ciddi nəzarət olunmalıdır”.
YAP-ın tanınmış üzvü Azərbaycanda gənclərin də işszlik problemi yaşadığını bildirib. Həmçinin gənc fəalların həbs olunmasının düzgün olmadığını deyib: “Mən hər hansı məqaləyə görə, internet səhifələrində yazdıqlarına görə gənclərin həbs edilməsi ilə razılaşmıram. Bu, güclü dövlətə yaraşan əlamət deyil. Dövlət bir az yüksəkdə dayanmalıdır. Demokratik fikirlərinə görə hər hansı bir gənci həbs etmək, yaxud ondan qorxmaq düzgün deyil. İqtisadi imkanlarımız artdıqca, qüdrətləndikcə biz daha da ədalətli olmalıyıq. Ədalətli olmalıyıq ki, vətəndaşlarımızın müəyyən günahlarını bağışlaya bilək. Hər hansı sözə görə biz insanları həbsə atsan bu beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən də yaxşı qarşılanmaz”.
Ə.Abdullayev müxalifətə mitinq üçün normal yer ayrılmasını da vacib sayır: “İnsanların istirahət etdiyi, gur yaşadığı yerlərdə mitinq keçirməyin əleyhinəyəm. Əlbəttə, ayrılan yerin də müəyyən bir şəraiti olmalıdır. Çölün düzündə deyil, şəhərə, kommunikasiyalara, nəqliyyata yaxın bir yer olmalıdır. Bu demokratiyanın bir atributudur. Bunu biz indi etməsək 20-30 ildən sonra olacaq. Geriyə yol yoxdur, ya ölkəmizin quruluşunu dəyişməliyik, demokratik prinsiplərlə öhdəliklər götürmüşüksə bunları yerinə yetirməliyik. Müxalifətin əsl gücünü göstərmək üçün ona şərait yaratmaq lazımdır. Bu gün 30 nəfər müxalifətçinin üzərinə 100 nəfər polis işçisi çıxarırıq. Polislərin də əksəriyyəti mülki geyimdə olduğundan xaricdən baxanda mənzərə başqa cür görünür. Ciddi təhlükəsizlik tədbirləri görülməli və müxalifətə öz sözünü demək üçün şərait yaradılmalıdır”.

Hazırladı: ETİBAR

Комментариев нет:

Отправить комментарий