21.06.2011

Kamal Abdulla: “Mən belə bir qəzet tanımıram”-MÜSAHİBƏ


                      “Mən Anara səs verəcəm”

           Yazıçı Kamal Abdullanın müsahibəsi

- Siz filologiya elmləri doktorusunuz, şairsiniz, dramaturqsunuz, nasirsiniz... Özünüzü hansı rolda görürsünüz? 

- Mən bu sualları heç vaxt dəqiq başa düşməmişəm. Tutalım ki, rollardan yalnız birində özümü görmürəm. Yəqin ki, eyni vaxtda hamısında özümü görürəm. Bütün dünya ədəbiyyatının əksəriyyəti, eləcə də Azərbaycan ədəbiyyatının bir çox nümayəndələrində bu differensasiya yoxdur. Onlar şeir də, pyes də, roman da yazıblar. Yaza bilən insan ağlına və qəlbinə nə gəldisə, onu yazmalıdır. Məsələn, Borxesin gözəl şeirləri, hekayələri, esseləri, hətta elmi əsərləri var. Sovet zamanında belə bir ənənə yaranmışdı. İndiyə qədər də təəssüf ki, bu davam edir. Şair roman yazanda, bunu qeyri-adi qarşılayırdılar. Mən bu cür bölgünün əleyhinəyəm. Mən çoxdandır şeir yazmıram. Ola bilər ki, sabah şeir yazım. Söz hansı formada gəlirsə, o formanın da qulusan.

- Bir də tərcümələriniz var... 

- O, çox kiçik dövr oldu. Rus ədəbiyyatının “gümüş dövrü” deyilən bir dövrü var. O dövrün çox gözəl şairləri olub:. Qumilyov, Blok, Axmatova, Kuzmin. Mən bunların yaradıcılığından ancaq antik dövrə həsr olunmuş şeirlər seçib tərcümə edirdim. Lakin müəyyən dövrdən sonra artıq tərcümə edə bilmədim. Ancaq tərcümə etdiklərimin keyfiyyətinə əmin idim. Ona görə də onları kitab şəklində çıxartdım. Səhifənin bir tərəfində rus variantı, bir tərəfində də Azərbaycan dilində. Yəni müqayisə etmək imkanı böyük idi.

- Şeir və nəsr arasında fərqi necə izah edirsiniz? 

- Şeirdə cümlə olmamalıdır, nəsrdə misra.

- Çoxdandır yeni dram əsərləri yazmırsınız. Səbəb nədir? 

- O da keçmişdə qaldı. O da yaradıcılığımda bir səhifə idi. Vərəqlədik, keçdik. Hiss etməyə başladım ki, yazmaq istədiklərim dramaturgiyanın çərçivəsinə sığmır. Romanlarımın bəzilərinin kökündə pyeslərin ümumi sxemi durur. Mən onları sadəcə romanlaşdırmıram, eyni zamanda, başqa bir mühitdə yaşamaları üçün şərait yaradıram.

- Şeir, tərcümə, dramaturgiya... Bu romana gələn bir yol idi? 

- Bəli, bu, romana gələn yol idi. Daha o biri janrlara qayıtmaq, sadəcə, mümkün deyil. Mənim ağlıma gəlməzdi ki, nə vaxtsa romana gəlib çıxa biləcəyəm. İndi gəlib çıxandan sonra başa düşdüm ki, nəsrdən başqa heç nə yaza bilmərəm.

- Onda roman ədəbiyyatda ən pik nöqtədir? 

- Musiqinin zirvə nöqtəsi balet olan kimi, roman da ədəbiyyatın baletidir. Roman ədəbiyyatda zirvə nöqtəsidir.

- Əsərlərinizdə müasirliyə deyil, tarixiliyə, keçmişə daha çox meyl var. 

- Müasir mövzular, müasir adlar məni maraqlandırmır. Mən əsərlərimdə bu adlardan istifadə etmirəm. Adlar mənim üçün mətnin mistik bir ab-havasıdır. Onun içində hadisələr, sujetlər azad ola bilir. Adlar ilkin addımdır.

- Adlara görə müasirlik cəlb etmir? 

- Mənə elə gəlir ki, müasir adlar, müasir mövzular sünidir. İnsan özünün yaşadığı dövr, zaman haqda yazanda bu mənə sünilik təsiri bağışlayır. Bir, ya iki hekayəm müasir dövrlə bağlıdır. Ancaq onların da keçmişlə bir bağlılığı var.

- Romanlarınızın xarici dillərə tərcüməsi nə yerdədir? 

- “Yarımçıq əlyazmalar” rus dilində Moskvada, fransızca Parisdə, polyakca Polşada, türkcə İstanbulda, portuqal dilində Braziliyada çap olunub. İndi ərəb dilinə tərcümə başa çatıb. Bir də yapon dilinə tərcümə olunur. Orda da çap olacağı gözlənilir. “Sehrbazlar dərəsi”nin fransız nəşri çap olunmalıdır. Rusca artıq çap olunub. “Yarımçıq əlyazma”nın Amerikada çap olunması da, planlaşdırılır.

- “Yarımçıq əlyazmalar”ı yazanda tarixi saxtalaşdırılmaqda ittiham edilirdiniz. 

- Tarixi necə saxtalaşdırmaq olar?! Tarix ya saxtadır, ya həqiqətdir. Məni Şah İsmayılın obrazına xəyanətdə günahlandıranlar oldu. Onlara bir dəfə Şah İsmayıl Fondunun sədri cavab verdi. Aqil Abbas o vaxt yazmışdı: “Yaxşı ki, Kamal Abdulla bu əsəri yazdı və biz Azərbaycanda belə bir fondun mövcudluğundan xəbərdar olduq”.

Sovet vaxtı əsər haqda bir neçə resenziya yazılanda, bu çox sayılırdı. “Yarımçıq əlyazmalar” haqda yüzlərlə məqalə yazılıb. Amma təəssüf ki, onların heç biri mənim “ədəbi quluncumu” sındıra bilməyib. “Yarımçıq əlyazma” haqda yazanlar onun konseptual səciyyəsindən bir addım da kənara çıxa bilməyiblər. Əsərin dərin qatlarına girən, ona kultroloji yanaşan müəlliflər çox az olub. Dədə Qorqud, Şah İsmayıl haqda daha çox yazılıb. Tam şəkildə bu əsər tam da açılmayıb.

- 60-cılarla bağlı demişdiniz ki, onlar Biləcəridən o tərəfə keçə bilməyiblər. 

- Bu, mənim fikrim deyil, ümumi bir sözdür. Amma mən də onu bir dəfə istifadə etmişdim. Əlbəttə, kənarda çap olunanlar olub. Sovet dönəmində Afrikada da, Amerikada da çap olunublar. Mən Braziliyada da çap olunmuşam. Bu o demək deyil ki, mən Braziliyanın ədəbiyyat mühitinə daxil olmuşam. Söhbət ondan gedir ki, Azərbaycan ədəbiyyatçıları digər ədəbi mühitlərin içində deyillər. Y.V.Çəmənzəminli Fransada yaşayıb, amma Fransa ədəbiyyatına girə bilməyib. Amma Nazim Hikmət Türkiyədən SSRİ-ə gələndə o mühitin içinə girmişdi. Əgər bizim tənqidçilərimiz, ədəbi icmamız öz mühitini yarada bilsə, bizə başqa ədəbi mühitlərə ehtiyac yoxdur. Bu mühit bizə nəfəs dolusu ciyərlərimizə hava çəkməyə imkan verər. Bu situasiyada ən ağırlı məqam odur ki, biz əlimizə kitab alanda, o kitab xoşumuza gəlməyəndə deyirik ki, bu mənim xoşuma gəlmir. Biz nə vaxt ki, “bu kitab gözəldir, amma mənim kitabım deyil” düşüncəsinə sahib olacayıqsa, onda belə ədəbi mühitin bünövrəsini qoymuş olacayıq.

- Vaxtilə “Ədəbiyyat qəzeti”nin yaradıcı heyətindən çıxmışdınız. Bu qəzet haqda indi nə düşünürsünüz? 

- Mən belə bir qəzet tanımıram. Onu heç vaxt oxumuram.

- Sizcə bu qəzetin əsas problemi nədədir? 

- Bu qəzet deyil ki... O qəzetdə Azərbaycan ədəbiyyatının, dünya ədəbiyyatının problemlərinin inikası yoxdur. Həftədə bu qəzet bir dəfə çıxır. Rusiyada “Literaturnaya qazeta”nı oxuyanda buradakı ictimai-siyasi vəziyyət, mədəniyyət, hüquq və digər mövzular üzrə müxtəlif materiallar oxumaq mümkündür. Amma “Ədəbiyyat qəzetində” səhifəlik təbriklər verilir. Bu qəzetin bir adı var: ayıb. Belə qəzeti buraxmaq sadəcə, ayıbdır. Ayaz Vəfalı yaxşı şairdir, tərcüməçidir, amma o bu qəzeti ədəbiyyat adamlarının üzünə faktiki olaraq bağlayıb. Mən niyə bir yazı yazanda, ya da haqqımda yazılanda “525-ci qəzet”i gözləməyiləm. Mənim “Ədəbiyyat qəzeti”m olmalıdır. Mən orda çap olunmağa can atmalıyam. Anarın da bu qəzet haqda tənqidlər səsləndirməsi başa düşüləndir. Anar bir ziyalı kimi bu fikrə gəlməyə bilməzdi.

- Avropa ölkələrində çox olmusunuz. Orda “Ədəbiyyat qəzeti” tipdə qəzetlər varmı? 

- Orda əsasən ədəbiyyat jurnalları var. Bu jurnal ənənəsi əsasən Rusiya mədəniyyətinə gəlmə şeydir. Yazıçılar İttifaqından qabaq, hələ çar Rusiyası dövründə ədəbiyyat qəzetlərin, jurnalların ətrafında yaranırdı. Sovet dövründə biz “Ulduz”, “Azərbaycan” jurnallarının, “Ədəbiyyat qəzeti”nin ətrafındaydıq. Orda çox maraqlı bir ədəbi mühit vardı. İndi bu yoxdur. “Ədəbiyyat qəzeti”ni elə qurmaq olar ki, bir Azərbaycan ziyalısı orda istədiyini tapsın. Siz axır vaxtlar o qəzetdə bir dəyirmi masanın kçirildiyini görmüsünüzmü? Paradoksal fikirlərə rast gəlmək olmur. Polemika yoxdur qəzetdə.

- Bəs AYB-nin jurnallarını necə? 

- Onları oxumuram. Oxumamaq özü də qiymət verməkdir.

- Kompüterdən və internetdən istifadə edirsinizmi? 

- Müəyyən şeyləri oxuyuram. Ancaq yazanda əllə yazıram. Əlyazmam kompüterə köçürüləndən sonra orda yenidən oxuyuram. Bu prosesdən zövq alıram.

- Kompüterdən kitab oxuya bilirsiniz? 

- Yox. Heç jurnallarda verilən romanları da oxuya bilmirəm. Romanı gərək kitab şəklində oxuyasan. Mən “Unutmağa kimsə yox”u “525-ci qəzet”ə verəndən sonra peşiman oldum. Mənim üçün ən gözəl məqam ilk yazdığımı işləməkdir. Görünür, başqa həyatımda mən redaktor olmuşam.

- Reinkarnasiyaya inanırsınız? 

- Əsərlərimdə insanların başqa həyat yaşaması məsələsi var. Məncə, həyat təkcə burdan ibarət ola bilməz.

- Günün hansı saatlarında daha çox işləyirsiniz? 

- Səhərdən başqa günün bütün vaxtlarında işləyirəm.

- İşiniz mane olmurmu yazmağa? 

- Qətiyyən mane olmur. Mən işləyəndə dincəlirəm. Bu prosesdən zövq alıram. Daxili rahatlıq gətirir ədəbiyyat mənə. Mən yazanda ləzzət alıram.

- Qarşıdan AYB-nin qurultayı gəlir. Qurultaydan gözləntiləriniz nədir? Sədr olmaq iddianız varmı? 

- Mən sədr olmaq istəmirəm. Mənim öz işim var. Bu işdən zövq alıram. ədəbiyyatla məşğul olan adam ki, qurultaydan sonra AYB-nin daha da möhkəmlənməsinin, çevik olmasını gözləyirəm. Qəzetlərinin, jurnallarının daha keyfiyyətli çıxmasını istəyirəm. Ədəbi siyasətinin dəqiqləşməsini istəyirəm. Ədəbiyyat elə bir təsərrüfatdır ki, o, özü-özünü idarə etməlidir. Mən qurultayda şəxsən Anara səs verəcəyəm.

Qan TURALI                          Elmin HƏSƏNLİ                                 kulis.az

Комментариев нет:

Отправить комментарий