14.06.2011

"Məhkəməyə çox düşdük, amma heç vaxt uduzmadıq"


 Seyid Əkbər Yaqubi ilə müsahibə


İran qəzetlərindən "Came-cəm" bu ölkənin mətbuatında ən sayılıb-seçilənlərdəndir. Cəmi 10 ildir fəaliyyətə başlayıb, amma az qala yarım milyon tirajla çıxır və İranda böyük nüfuz sahibidir. Elə Tehranda keçirilən "Beynəlxalq mətbuat və informasiya agentliklərinin 17-ci konfrans-sərgisi"ndə bu qəzetin nümayəndələri ilə görüşüb-tanış olmaqda məqsədimiz də məhz bu mətbu orqanın iş təcrübəsini öyrənmək idi. Bizimlə həmsöhbət olan "Came-cəm"in baş satış meneceri seyid Əkbər Yaqubi istəyimizi məmnuniyyətlə qəbul etdi və qəzet barədə məlumatları paylaşmaqla bizimlə söhbətə başladı.
  
   - "Came-cəm" İran televiziyasının qəzeti olub. 10 ildir ki, işıq üzü görür. Fəaliyyətimiz çox uğurlu olub. Təsəvvür edin ki, ilk dəfə işıq üzü görəndən ilyarım sonra ölkədə ən çox tirajlı qəzetə çevrilib. Bunun da öz səbəbləri var: hər bir insan evində oturub televizora baxır, radio dinləyir. Qəzet açmaqla asudə vaxtlarımızı da oxumaqla keçirmək istədik. Bilirsiniz, İran camaatının digərlərindən fərqi budur ki, onlarda oxumaq həvəsi daha çoxdur. Bu mənada yanılmadıq, qəzet çıxarmaq planlarımız çox uğurlu alındı. Bu gün "Came-cəm"in 7 əlavəsi işıq üzü görür, yəni həmin qəzetlərin gündə biri çıxır.
   - Hansı sahələri əhatə edir?..
   
- Cəmiyyətin bütün sahələrinə toxunuruq. Məsələn: ailə-məişət, tibb, sosial, gənclik, gündəlik proseslərlə bağlı və sair. Eləcə də kino və seriallardan bəhs olunan materiallarla oxucuların görüşünə gəlirik. Ümumiyyətlə, bayaq dediyim 7 əlavədə 40 sahə üzrə materiallar çap edirik.

   - Texniki imkanlarınız necədir, şəxsi mətbəəniz var, yoxsa...
   
- "Came-cəm"in 6 mətbəəsi var. Yeri gəlmişkən, belə imkan İranda ancaq bizə məxsusdur. Ona görə də bir sıra üstünlüyümüz var. Məsələn: İranda heç bir qəzet gecə saat 2-dən sonra çap olunmadığı halda, biz səhərüzü saat 7-də də çıxa bilirik. Bizim onlayn sistemində işləyən saytımız da fəaliyyət göstərir. Ona görə də qəzetimiz çapa gedəndən sonra baş verən istənilən hadisəyə dair məlumat əlüstü sayta qoyulur.

   - Tirajınız nə qədərdir?
   
- Baxır vaxtına, 360 - 440 min arasında dəyişir. Bu gün İranın çap mətbuatında ciddi rəqabət mövcuddur. Ona görə də tirajı yox, əlavələrin sayını artırmaq barədə düşünürük. Rəqabətdən uğurla çıxmaq üçün daha keyfiyyətli kağızlardan istifadə etmək və xəbərlərin operativliyini artırmaq da əsas məqamlardandır. Bir də ki, insan gözəlliyi sevir. Bu səbəbdən də qəzetin dizaynı səliqəli olmalı, göz oxşamalıdır, xəbərlər lent şəklində sıralanmalı, şriftlər, başlıqlar oxucunu cəlb etməlidir. Onu da xatırladım ki, əlavələrimiz də artıq 10 ildir "Came-cəm"ə yoldaşlıq edir.

   - Bəs bu qədər geniş şəraiti hansı vəsaitin hesabına yaradırsınız? Axı maddi imkan olmadan heç nə etmək mümkün deyil...
   
- Səmimiyyətlə deyirəm: tam müstəqil qəzetik, hansısa şəxsə və ya qrupa bağlılığımız yoxdur. Amma İran qəzetlərinin inkişafı üçün ölkədə qanunla bir qayda müəyyənləşib. Həmin qayda əsasında banklardan istədiyimiz miqdarda kredit götürüb layihələrimizi həyata keçiririk. Düzdür, televiziya dövlətin orqanıdır. Amma sizdə televiziyanın qəzetimizin işlərinə müdaxilə etməsinə dair qəti təəssürat yaranmısın, bu mümkünsüzdür.

   - İstənilən adam bankdan pul götürüb qəzet çıxara bilər?
   
- Hə, hamı götürə bilər, amma burada qanunda nəzərdə tutulmuş normativlər var. Bunun üçün İrşad Nazirliyinin rəsmi icazəsi lazımdır. Onu da xatırladım ki, heç bir kəsin qanunla müəyyən olunmuş şərtləri yerinə yetirdiyi təqdirdə İrşad Nazirliyindən icazə alması problem deyil.

   - İranın ərazisi çox geniş olduğundan qəzetlərinizin bütün ölkəyə vaxtında yayılması təəccüb doğurur...
   
- Qətiyyən! Qəzetimizin mərkəzi redaksiyası Tehrandadır, amma ölkənin müxtəlif guşələrində yerləşən 5 vilayətində də əlavə mətbəələrimiz var. Qəzetin çapa hazır versiyası internet vasitəsilə həmin mətbəələrə göndərilir və bizimlə eyni vaxtda çap olunurlar.

   - Nə qədər işçiniz var?
   
- Ümumilikdə, redaksiya heyətimiz 250 nəfərdən ibarətdir. Onlardan 70 nəfəri adi müxbirlərdir, qalanları istə texniki və sair heyətdir. Üstəlik, bayaq söz açdığım əyalətlərdə də əlavə 200 əməkdaşımız fəaliyyət göstərir. Yəni ümumilikdə 450 nəfərik.

   - Bu qədər xərcin müqabilində qəzeti neçəyə satırsınız?
   
- Birini 100 tümənə (Azərbaycan valyutası ilə təxminən 8-10 qəpik - V.T.). Hansı ki, əslində, qəzetin biri 850 tümənə ərsəyə gəlir. Amma bizim əsas gəlir yerimiz satış yox, reklamlardır və ona görə də belə ucuz satışdan ziyana düşmürük.

   - Yeri gəlmişkən, reklamların qiymətini necə müəyyənləşdirirsiniz?
   
- Üz səhifəylə iç səhifələrdə qiymətlər fərqlidir. Bundan əlavə, məsələn, təxminən 30 kvadratsantimetrik ölçülü reklamın qiyməti üz səhifədə 600 dollardır. Yəni 1 kvadratsantimetr 20 dollardan hesablanır.

   - Satışı da özünüz həyata keçirirsiniz?
   
- Yox, ölkədə xüsusi yayım şirkətləri var, onlar edir, biz isə qəzetdən gələn gəlirin 20 faizini işlərinin müqabilində onlara veririk.

   - Satılmayan qəzetləriniz nə qədər olur?
   
- 90 min abunəmiz var, qalanları da satılır. Təxmini desəm, haradasa 5 faiz qayıdır...

   - Qəzet orada işləyən müxbirlərin gələcəyinə nə kimi təminatlar verir?
   
- Maaşlar iş haqqında qanuna əsasən müəyyənləşdirilib və məncə, pis deyil. Hər halda, heç kim gileylənmir. Bundan əlavə, işə götürülən hər bir müxbir sığorta olunur, qocaldıqda pensiya ilə təmin edilir.

   - Bu qədər ki, geniş imkanlarınız var, niyə İrana qonşu ölkələrdə nümayəndəlik açmırsınız, heç olmaya müxbir postlarınızı yaratmırsınız?
   
- Niyə, varmızdır. İraqın Ərbil şəhərində kürd, Dübayda isə ingilis dilində çap olunuruq. Fikrimiz var ki, yaxın gələcəkdə Azərbaycan və Tacikistanda da onların öz dillərində işıq üzü görək. Bunun üçün imkanlarımız da var. Məsələn: Təbrizdəki mətbəəmizdə Azərbaycan dilində qəzet çıxararaq Bakıya göndərə bilərik.

   - Sizdə qadınlar da işləyir?
   
- Müxbirlərimizdən 25 nəfəri xanımdır...

   - Reportaj və ya müsahibələrə göndəriləndə qadın və kişi müxbirlər arasında seçim edirsiniz?
   
- Qətiyyən! İranda qadınların hüquqları kişilərinki ilə eynidir və hətta yeri gələndə bəlkə daha da artıqdır. Biz müasir cəmiyyət qurmuşuq, indi qadınlarımız hətta nazir postunda oturub.

   - Yazdıqlarınız ucbatından işlərinizin dolaşan, məhkəmələrə düşən vaxtınız olubmu?
   
- O qədər... Amma heç vaxt uduzmamışıq. Bəzən hansısa məqaləyə görə dövlət məmurları tərəfindən məhkəməyə verilmişik, ancaq sübut-dəlillərimizi ortaya qoymaqla haqlı olduğumuzu isbatlamışıq.

   - İranda qanunla kimlərinsə şəklini çəkmək, səsini yazmaq mümkündür?
   
- Biz hadisə yerində vəzifəsindən asılı olmayaraq, şəxslərin şəkillərini çəkirik və təbii ki, sifətləri gizlədilmək şərtilə qəzetimizdə çap edirik. Amma burada bir şərt qoyuruq, sözügedən şəkildəki şəxsin əməlləri sübuta yetəndən sonra onu tam aşkar formada yenidən oxucularımızın diqqətinə çatdırırıq.

   - Bildiyimizə görə, İranda meşə sahələri azdır və təbii ki, paralel olaraq kağız emalı sənayesi də yetərincə inkişaf etməyib. Deməli, kağızı xaricdən gətirirsiniz, bu mənada çətinliklərlə üzləşmirsiniz?
   
- Düz deyirsiniz ki, İranda özümüzü yerli kağızla təmin edə bilmədiyimiz üçün bu məhsulu xaricdən alırıq. Məsələn: bildiyimə görə, bizim qəzetlər daha çox Rusiyadan - Petrozavodskdan gətirilən kağızlarda çap olunur. Səhv etmirəmsə, kağızın 1 tonu bizə 1200 dollara başa gəlir. Yeri gəlmişkən, mətbəədə işlətdiyimiz çap maşınlarını da Almaniyadan almışıq. Hər halda, xaricdən idxalat fəaliyyətimizə çətinlik yaratmır.

   
Vüsal Tağıbəyli                                          hafta-ichi.com

Комментариев нет:

Отправить комментарий