09.06.2011

MKM QALMAQALINDA İKİNCİ PƏRDƏ

Şahbaz Xuduoğlu: “MKM siyasi alətə çevrilməməlidir”

Nigar Köçərli: “Rəşad Məcidin absurd ittihamlarına vaxt itirmək istəmirəm”



Qəzetimizin ötən sayında xəbər vermişdik ki, Milli Kitab Mükafatının (MKM) keçirdiyi son müsabiqənin nəticələri hələ də müzakirə mövzusudur. Nəticədən narazı qalan 3 münsif üzvü müsabiqədən, 3-cü yerin sahibi Natiq Rəsulzadə isə mükafatdan imtina edib.
Müsabiqədən münsif üzvlüyündən imtina edən, Yazıçılar Birliyinin katibi Rəşad Məcid bizə müsahibəsində bildirib ki, birinci yeri tutan Pərviz Cəbrayıl “Yad dildə” romanında hakimiyyəti tənqid etdiyinə görə qalib olub. Onun fikrincə, bu layihə təşkilatçısının siyasi jesti olub və bu jest gələcəkdə müsabiqənin sponsorsuz qalması ilə nəticələnə bilər. P.Cəbrayıl isə R.Məcidin bu açıqlamasını “şantaj” adlandıraraq, onu qeyri-səmimilikdə suçlayıb. Yazar deyib ki, AYB katibi onun romanını bəzi çevrələrdə bəyəndiyini deməsinə baxmayaraq, son məqamda kiməsə yaranmağa çalışdığı üçün fikrini dəyişib.
Bütün hallarda qalmaqal dərinləşdiyi üçün bəzi tərəflərlə yenidən danışmaq istədik. Münsiflər Heyətinin üzvü Şahbaz Xuduoğlu hesab edir ki, seçimin nəticələri obyektivdir. Onun sözlərinə görə, R.Məcidin iddiasının əksinə olaraq, ortada heç bir qruplaşma izi yoxdur: “Təbii ki, nəticədən hamı razı qala bilməz ki. Kimsə narazı olmalıdır. Ona görə narazılığın arxasında hansısa çirkli əsaslar tapmaq lazım deyil. Təbii ki, yarışda bizdən asılı olmadan udanlar da, uduzanlar da olur. Rəşad Məcidin istədiyi yazı keçməyib deyə narazıdır. Bəzən elə məqam olur ki, insan öz əsəblərini cilovlaya bilmir. Elə addım atırsan ki, o addım sənin məntiqi yox, emosional əhvalının doğurduğu nəticə olur. Amma belə ciddi mükafatda münsif olub, kəskin addım atmaq lazım deyildi. İctimai etimad göstərilən adam elə addım atmalıdır ki, ciddi problem olmasın”.
Ş.Xuduoğlu dedi ki, məşhur məsəldə deyildiyi kimi, “heç kimi ittiham eləmə, ittiham oluna bilərsən” prinsipini əsas tutur. Müsahibimiz bu səbəbdən də R.Məcidin “münsiflər heyəti üzvləri arasında siyasi razılaşma” olub ittihamını qəbul etmədi: “Mənim kimlə aramda anlaşma ola bilər? Niyazi Mehdi ilə dostam. Onunla oxuduğum əsərləri müzakirə etmişəm. Amma kimin hansı əsərə nə qədər xal verəcəyi barədə anlaşmamız, müzakirəmiz olmayıb. Niyazi Mehdinin kimə ən yüksək bal verdiyini səslər açıqlanandan bir gün əvvəl bilmişəm”.
Müsahibimiz bundan sonra mükafatın taleyinin sual altına düşməsi iddialarına da cavab verdi. Onun sözlərinə görə, bu mükafat Azərbaycan ədəbyyatı üçün lazımlıdır: “Gərək özləri onun yaşamasında maraqlı olsunlar. Bu mükafat yazarları bir yarış meydanına çıxarır. Onlar bilirlər ki, əsərləri qalib gəlsə, kitab satışı da yüksək olacaq. Digər tərəfdən də indiki vəziyyətdə 3000 manat pul mükafatı sanballı rəqəmdir. Yazıçılara daha çox lazımdır. Mən yenə də deyirəm ki, ədəbiyyat ətrafında dayanan xoşniyyətli qalmaqal yaxşıdır. Bundan siyasi niyyətlər üçün istifadə etmək isə yaxşı deyil. MKM siyasi alətə çevrilməməlidir. Hər şeyi siyasiləşdirib, hakimiyyətin əleyhinə bağlamaq doğru deyil”.
Bu arada dünən MKM təsisçisi Nigar Köçərli də baş verən qalmaqalla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, “Pərviz Cəbrayılın MKM-in qalibi olmasından sonra 2 yazıçının 17 nəfər üzvü olan Münsiflər Heyətindən istefa verməsinə təəsüf edirəm. Ancaq fikrimcə bu miqyaslı layihələrdə bu cür halların baş verməsi gözləniləndir. Mən əminliklə bildirirəm ki, Rəşad Məcid və Çingiz Abdullayevin Milli Kitab Mükafatının münsif üzvlüyünündən getmələri layihənin gələcəyinə kölgə salmayacaq”.
N.Köçərli “Yeni Müsavat”a açıqlamasında isə bildirdi ki, Azərbaycan Yazıçılar Birliyinin katibləri Çingiz Abdullayev və Rəşad Məcidin MKM-dən məhz Pərvizin qalib gəlməsi səbəbi ilə istefa verməsində də əsas səbəb qalibin AYB üzvü olmamasıdır. Onun sözlərinə görə, iki ildir ki, bəzi yaradıcı təşkilatlar MKM-i boykot edirlər. İndi AYB-nin iki katibi də bu məsələdə onlara qoşulur.
Müsahibimiz münsiflər arasında heç bir qruplaşma baş vermədiyinə inandığını dedi. Onun fikrincə, bu, absurd bir ittihamdır və buna cavab verərək vaxt itirmək istəmir. Müsahibimiz dedi ki, münsiflərin hər biri cəmiyyətimizin nüfuzlu təmsilçiləridirlər və onlar öz nüfuzunu və uğurunu sual altına qoya bilməzlər. Bundan başqa, N.Köçərli R.Məcidin “bu mükafatdan sonra müsabiqəyə sponsorluq etmək istəyənlər çətin tapılacaq” iddiasına da cavab veri: “Rəşad Məcid 17 münsifdən sadəcə bir nəfərdir. Mükafatın taleyi isə yalnız məndən asılıdır. Onun ittihamları da, dedikləri absurddur”.
Xatırladaq ki, R.Məcid N.Köçərlinin bu müsabiqə ilə bağlı daim qalmaqal arzuladığını demişdi. Amma müsahibimiz bu ittihamı rədd edərək, ədəbiyyatda qalmaqal olmasını arzulamadığını bildirdi: “İki ildir ki bizdən asılı olmayaraq müsabiqə səs-küylü keçir. Bizim məqsədimiz o idi ki, ədəbiyyatı ictimailəşdirək, seçim prosesi aydın olsun. Bu səbəbə görə rezonans da var. Mən dəfələrlə demişəm ki, bu müstəqil layihədir. Ədəbiyyat qalmaqallı olmamalıdır. Mən müsabiqədə rəngarənglik olmasını istəyirdim. Amma bəzi münsiflərin burdan çıxması o demək deyil ki, müsabiqə davam etməyəcək”.

Sevinc TELMANQIZI                                      musavat.com

Комментариев нет:

Отправить комментарий