06.06.2011

Mən niyə dayaz yazıram?

İbrahim Sel                      Professional Oxucu Liqası

Litera söhbətlər -5

 Yazın və dayaz yazmaqdan qorxmayın. «Rədd olsun sənət- biz meyit yemək istəmirik».

 Nitsşe deyəndə ki, «Biz Tanrını öldürmüşük», bu diskursla yeni tipli diskursların törədici modelini vermişdir. Çünki onun diskursu fəlsəfəyə öldürmə aktını gətirmiş və ondan sonra mədəniyyəti, fəlsəfəni, incəsənəti, müəllifi, dərinliyi, əxlaqı öldürməklə bağlı 20-ci yüzilin intellektuallığında yüzlərlə diskursları törətmişdir. Beləcə, bütün avanqard ənənəvi sənəti öldürmüş, Adornonun neqativ dialektikası fəlsəfəsini estetik effektdə dağıtmağa yönəlmiş, feminizm hərəkatı maskyulin kültür tipini sarsıtmışdır.
***
 İnsafən deməliyik ki, avtor, müəllif ideyası daha çox yeni çağın məhsuludur. Məsələn, çox əski dönəmlərdə insanlar bilmirdilər şöhrət nədir (Erix Fromm). Deməli, insanların böyük işlərə girişməkdə iç motivləri, tutalım, Tanrıya qulluq etmək, pisliklərə dözmək, kimlərəsə yardım etmək olurdu, ancaq şöhrət qazanmaq olmurdu. Şöhrət motivi işləməyən çağlarda müəlliflərin öz əsərləri altına adlarını qoymaları da geniş yayılmamışdı. Ancaq şöhrət motivi tam işləkləşəndə anonimlikdən müəlliflik işığına çıxmağa da çağırış gəlir.
Australia Post: Hug Beləliklə, Müəlliflik və Müəlliflər tarixinin birinci dönəmi anonimlik, sonrakı dönəmisə şöhrət, ad çıxarmaq olub. Ancaq maraqlıdır ki, bu ikinci dönəmdə müəlliflik anonimlikdən çıxandan sonra onu dağıdıb, sayğısızlaşdırıb, diskreditasya edib anonimlik qaranlığına yenidən qovmaq, qaytarmaq istəyən intellektual həmlələr də olub. XX yüzildə incəsənəti öldürmək çağırışı olduğu kimi, müəllifi öldürmək şüarı da olub.
 Bu problemi hədəfə alanlardan biri fransız düşünəri Mişel Fukodur. Onun «Müəllif haqqında» adlı yazısı var, oradan şüurları dəbərdən bəzi düşüncüləri gətirək. Gətirək ki, azəri oxucusu özünü məsələnin o tayında yox, ortasında bilsin.
 Fuko günümüzdə yazı yazanın fərdi kimliyini silməyə çalışır. Yazar özü ilə yazdığı arasında neçə-neçə tələləri, biclikləri, ardıcıl nişanları qoyur ki, tekstdən özünün şəxs izlərini itirsin, tekstlə səs ilişgisini dolaşığa salsın (bizim örnək: «Danabaş kəndinin əhvalatları»nda əhvalatı söyləyən qəzetçi Xəlil onu lağlağı Sadığın dilindən yazır. Beləcə, müəlliflik dolanbaca düşür və oxucunu Mirzə Cəlilin şəxsindən azdırır).
 Fukoya görə, indi müəllifin bir istəyi də tekstdən yoxluğa çəkilməkdir. Avtorun hansı biçimdə, hansı özəllikdə yazıda bulunmazlığı önəmli bir məqama çevrilib. İndi yazar yazısının oyununda ölü rolunu oynamalı olur. Bu duruma görə də neçə vaxtdır həm fəlsəfə, həm də tənqid avtorun ölümündən, ya da yox olmasından danışır.
 Qeyd edək ki, sənətlə bağlı öldürmə aksiyasının XX yüzildə populyarlığı 1968-də küçələrə yayıldı. Fransada may ayında baş vermiş tələbə hərəkatında divarlara yazılan, deyilən çağırışlardan: «Rədd olsun mədəinyyət, yaşasın həyat!», «Mədəniyyət ölüdür», «İncəsənət ölüdür», «Rədd olsun sənət- biz meyit yemək istəmirik».
***
 Bizim üçün alim öz dərinliyi ilə başqasının tekstinin dərinliyini və bu axırıncı ilə də başqasının ruhunun dərinliyini açandır. Bizim üçün yaxşı alim, yaxşı bilici tekst sandığının qapağını qaldırıb oradan fokusçu kimi mənalar çıxarıb dörd yana səpələyəndir. Dəbdə olan budur. Teksti pianinoya çevirib orada adamı kosmosda gəzdirən melodiyaları çalan araşdırıcı tipi bizdə hələ ki heyranlıq yox, qımışıq törədir.
***                            
 Mədəniyyət və incəsənətlə bağlı dərinlik ideyasının öz ziyanları var. Birincisi ona görə ku, tekstləri dərin olanlarla dərin olmayanlara bölmək çaşdırıcı ayrı-seçkilik salır. Məsələn, bunun sonunda araşdırıcıda əskiklik kompleksi yaranır. Dediyimizi örnəkdə açaq: «Dastani-Əhməd Hərami» dərin tekst deyil, onunla nə etməli? Ciddi araşdırıcı onu araşdıranda həmişə özünü kələk gələn kimi duyacaq. Çünki ciddi və diqqətəlayiq bir işlə məşğul olduğunu sübut etmək üçün dastan haqqında özündən dərinlik uydurmalı olacaq və eyni zamanda bununla blef yaratdığı üçün vicdanı qarşısında psxoloji rahasızlıqda qalacaq.
 İkincisi, dərinlik ideyası zövqü korlayır, ulusda arxivqədirbilənliyinə ciddi zərbə vurur, çünki onun nəticəsində dörd yana «dərin tekstlər dəyərlidirsə, o birilərinin qədrini bilməmək də olar» iqtisadi qənaət prinsipi xaqanlıq edir. Bu qənaət kiçik uluslara, eləcə də az tekst istehsal edən kültürlərə daha çox ziyan vurur. Araşdırmaların tarixi gündə min dəfə sübut edir ki, ən dayaz fakt ən dərin tekstin araşdırılmasında əvəzsiz şəhadət, bələdçi ola bilər. Bu baxımdan biz hesab edirik ki, dərin olmayanlara qayğısızlıq, sonucunda onların arxivləşdirilməməsi böyük ziyanlara gətirib çıxarır (Yada salaq ki, psixoanalizə, analitik psixologiyaya güclü təkan vermiş bir çox araşdırmalar təhlil üçün qəsdən dayaz sənət əsərlərini seçmişdilər).
 Üçüncüsü, dünən dayaz sayılan tekstin bu gün dərin sayılması elmlə bağlı kinayəli vəziyyət yaradır, sual gəzir: haradan qarantiya var ki, indi elmin önəmsiz saydığı sabah önəmli olmayacaq. Dərinlik ideyasının və psixolojisinin qırağa qoyulması bu sualı da mənasızlaşdırdı.
 Dördüncüsü, dərinlik ideyası Ortaçağ miniatür sənəti, xalçalarla, musiqi ilə, memarlıqla, abstrakt sənətlə, Pikasso tabloları ilə bağlı işləmir, ona görə də çaşqınlıq yaradır. Adi adamlar onlara dərinliyi tapmaq istəyindən yanaşıb daşa dəyirlər. Axı, sadaladığımız sənətlərdə dərinlik yoxdur.
 Nitsşe demişdi: özü-özlüyündə heç bir musiqinin dərinliyi yoxdur, musiqi heç bir məna daşımır. Sonralar intellekt onu simvola çevirib ona mənalar qoyur.
 Şekspir faciələrindən mənalar çıxarmaq üçün kitabxanalaracan kitablar yazılıb, yüzlərlə yeni yozmalar irəli sürən tamaşalar qoyulub. Biz Şekspiri ona görə dahi sayırıq ki, faciələri sayı bilinməyən mənalar qaynağıdır. Ancaq bu sayrışan mənaların hamısının Şekspirin özü tərəfindən tekstə qoyulmasını söyləmək intellektual kələyi andırır. Daha düzdür hesab etmək ki, əsərindəki mənaların xeylisini o heç özü də bilməyib. Ancaq bunu irəli sürəndə belə çıxır ki, Şekspirin ayağına etmədiyi işləri yazırıq. Şekspiri etmədiyi xidmətlərə görə ucaldırıq, cənablar!
***
 Müəllif mifi Azərbaycanda parlaq sənətkarlar qalereyasını yaratmışdır. Burada Nizami muzeyindəki heykəllər kimi Nizami, Füzuli, Mirzə Cəlil, Üzeyir bəy və başqaları düzülmüşlər. Ancaq mədəniyyətimizə və incəsənətimizə yanaşmanın bu yönümü ilə yanaşı başqası da olmalıdır. Mədəniyyət və estetika müəllif mifi yönümündə işləməklə yanaşı bu mifləri dağıtmaqla da məşğul olmalıdır. Bundan başqa üçüncü bir yönüm də var. Həmin yönümdə tekstlər öz müəllifinin dərinliyini və ucalığını mədh etmək üçün düzlənmirlər. Tekstlər yazarlarsız düzlənirlər. Bu metodla işləsək, araşdırmağa çox az tekst olacaq mədəniyyətimizdə. Britaniyaya, Rusiyaya baxanda Azərbaycan kültüründə çox az tekst var. Bunların arasında isə asanlıqla dalğa-dalğa mənalar verən tekstlərin sayı daha azdır.
 Azərbaycanda böyük və dərin müəlliflərə heyranlığın yanında başqa bir düzüm də durmalıdır. Araşdırıcıların bu məsələdə qabağını kəsən gülünc görünmək qorxusudur: onlara elə gəlir ki, hamının uğursuz saydığı tekstdə maraqlı mənalar səsləndirən zaman mütləq bunu müəllifin dərinliyini kəşf etmək kimi verməlidir, bu isə qondarmalığı ilə gülüş doğurar. Biz məhz belə situasiyaya düzəliş vermək istəyirik.
***
 Nəsə… Allah xatirinə, sən yazmağında ol və düşünmə ki, nə deyəcəklər, yaxud yazdığın şedevrdi ya yox, mənim yazdığım doxsan doqquz səhifə nəcisdən bircə səhifə şedevr çıxır, yerdə qalan nəcisi isə delete edirəm gedir zibil qutusuna. Sənsə yaşamaq və yaratmaq xatirinə bütün yazdıqlarını çap etdirirsən. Bu, sənin öz şəxsi işindir, lakin əgər sən bununla yanaşı, sənə xas olan ən yaxşı üslubu tapıb yazmağa başlasan, o zaman şedevrlərin sayı proporsional artar.
 Öz şəxsi dərdini unut getsin. Biz hamımız bu məyusluğu keçirmişik. Sən nəsə ciddi bir şey yazmağa başlamazdan qabaq əsl ruhi ağrılar duymalısan. Və lənətə gəlmiş ağrını yaşayıb qurtardıqdan sonra ondan bütün mümkün şeyləri qoparmağa çalışmalısan, fəqət… onunla oynama. Keçirdiyin bu ağrıya tədqiqatçı kimi yanaş, ancaq elə zənn etmə ki, bu hadisə sənin və ya başqa yazarların başına gəldiyi üçün o nəsə xüsusi əhəmiyyət kəsb edəcək. Gözlərini ağrıdaraq oxuduğun üçün təşəkkürlər.

 Gələn yazılarımızda: Qəribədir, Nyuton artıq elmin müqəddəsləri sırasındadır, elmin şərəfli keçmişidir. Platonsa yenə də əvvəlki kimi gələcəkdədir…

Комментариев нет:

Отправить комментарий