06.06.2011

Ziba Xəlil, şeirlər

 (382x367, 99Kb)Sevgilim,
                 yaş günüm oldu
sən gəlmədin-
                          payız gəldi.

Sevdiyin qönçə dodağı
sən öpmədin-
                         çiskin öpdü.

«Canın mənimdir» deyərdin.
«Canın bəsimdir» deyərdin.

Qısqandığın o canımı
duman qucdu-
                          sən qucmadın.

Bədənimi ürpədərdi
«Səni sevirəm,
        Səni sevirəm» pıçıldamağın.  

Ruhumu da
                     tək qoymadı
göy gurladı «Varam!»- dedi.


Saçlarımı qarışdıran
küləyi də qıqanardın
Külək toxundu telimə həzin-həzin,
xəfifcə
tüklərim biz-biz oldu
                   bütün vücudum
                                           titrədi.
 (127x206, 28Kb)
Həzz aldım
                    səndən uzaqda
həzz aldım
                    səndən gizlicə,
bağışla məni, əzizim!
Təbiət oldu sevgilim-
                                  bağışla,
dözə bilmədim
sənə xəyanət elədim…

***
Mənim hər şeyimi aldın
Əvəzində sevgi verdin yarımçıq
Mənim canımı, ruhumu bütöv aldın
Canını da, ruhunu da təqdim etdin
yarımçıq
Mənim hər şeyimi aldın!
evimi, işimi, nəslimi.
Sən aldın- mən verdim.
Qurban etdim sənin bir telinə.
Əvəzində nələrsə verdin mənə,
hamısı da yarımçıq.
Mənim hər şeyimi aldın,
bir şeydən başqa-
içimdəki Allah verən istedaddan,
                        yazmaq həvəsindən,
hisslərimi
sözə, qafiyəyə, şeirə çevirməkdən
başqa…       
                      Post+its+art

Комментариев нет:

Отправить комментарий