20.06.2011

Onun şeirləri bu gün də qadağandır


        Ölümündən sonra da döyüşən şairə

Füruğ Fərruhzad. Bu isim şimali Azərbaycanda çox az tanınır. Cənubi Azərbaycanda isə o, qadın azadlığının simvoluna çevrilib. Bu qadını nə şah diktaturası, nə də molla rejimi sevməyib və hər iki rejimdə onun əsərlərinə qadağa qoyulub. Tehranda keçirilən Kitab sərgisində onun əsərlərinin nümayişinə icazə verməyən hakimiyyət üstəlik sərginin təşkilatçılarını təhdid edərək nəşriyyat stendlərindən afişaların yığışdırılmasını tələb edib.

Kimdir Füruğ Fərruhzad? Füruğ kapitan Məhəmməd Fərruhzad ilə Turan Vəziritəbərinin yeddi uşağından üçüncüsü olub. Məhəllə məktəbində 9-cu sinfə qədər oxuyub, bundan sonra qızlar üçün nəzərdə tutulmuş sənət məktəbinə gedib. Tikmə-naxış, əl işlərini burada öyrənib. 16-17 yaşlarında Pərviz Şapur ilə ailə həyatı qurub. Təhsilini ərinin yanında – Əhvazda davam etdirib.

Bir ildən sonra Kamyar adında oğlu dünyaya gəlir. Ailə qurduqdan iki il sonra ərindən ayırılan Füruğ Tehrana qayıdır və şeir yazmağa başlayır. “Əsir” adlı ilk kitabı çıxır. 1958-ci ildə İbrahim Gülüstanla tanış olur, 9 il Avropada yaşayır. Bu dövrdə “Divar” və “Üsyan” adlı kitabları bir-birinin ardınca satışa çıxır.

Füruğ 1962-ci ildə Təbrizdə cüzamlı xəstələr haqqında bir film çəkir. “Qara ev” adlanan bu film dünyanın müxtəlif ölkələrində mükafat qazanır. Filmin çəkilişi zamanı tanış olduğu Hüseyn Mənsur adlı bir uşağı övladlığa götürür. 1963-cü ildə “Yenidən doğulma” adlı əsərini nəşr etdirir. Bu kitabı ilə o, İran şeirində yeni bir mərhələnin başlanğıcını qoyur.

1967-ci ilin 13 fevralında saat 14-30-da Füruğ studiyaya tələsdiyindən maşını sürətlə idarə edir və qarşısına çıxan məktəb avtobusunu vurmamaq üçün sükanı sərt hərəkətlə fırlayır və maşın sürücünün nəzarətindən çıxır. Qəza nəticəsində Füruğun boynu sınır və o, 32 yaşında dünyasını dəyişir.
                            


Ölümündən sonra onun “Soyuq mövsüm”, “Yalnız qadın” adlı kitabları nəşr olundu, haqqında sənədli film çəkildi.

Füruğ Fərruhzad İran adlanan yerdə qadın azadlığı uğrunda mücadilə verərək yaşadı. Onun əsərlərində qadınların hüquqsuzluğu, saysız problemləri qabardılırdı. O, şah rejimini qəbul etmirdi. Ölkəsində demokratik dəyərlərin bərqərar olmasını istəyirdi. Onun ölümündə müəmmalı məqamların olduğu da güman edilir. Məktəb avtobusunu qəsdən Füruğun yoluna çıxarıblar ki, o, idarəetməni itirsin və maşın qəzaya uğrasın.

1979-cu ildə şah devrildi, Xomeyni hakimiyyətə gəldi və onun hakimiyyəti illərində də Füruğ İran adlanan yerdə “persona non qrata” elan olundu. Bu qadağa bu gün də davam edir. Kitab sərgisində onun əsərlərinə qadağa qoyan hakim rejim ölümündən qırx ildən çox zaman keçməsinə baxmayaraq, hələ də Fərruxzadın inqilabi ruhlu poeziyasından qorxur.

Onun kitablarının təkcə adları kifayət edir ki, rejim təşvişə düşsün. “Əsir”, “Divar”,“Üsyan”, “Yenidən doğulma”.

Füruğ Fərruhzad bu gün də öz üsyankar şeiriyyəti ilə rejimə qarşı döyüşür.

Kənan Hacı

Комментариев нет:

Отправить комментарий