08.06.2011

POLİS RƏİSİ İŞ ADAMINI VƏ FƏHLƏLƏRİ HƏBS EDİB

             Rəisin iş adamını və fəhlələri qanunsuz şəkildə həbs etdiyi bildirilir



Qaradağda karxanalarla bağlı yenə şikayətlər səsləndirilir. Daxili işlər naziri polisin özbaşınalığı ilə bağlı dəfələrlə tədirlər keçirməsinə baxmayaraq, Qaradağ yazılmamış qanunların hökm sürdüyü bildirilir.
FaktXeber.com-un elektron poçtuna daxil olan şikayət məktubunda bildirilir ki, Qaradağda yerləşən “Gülbaxt” Daş Karxanası işçiləri polisin “yardım”ı ilə dözülməz şəraitdə çalışırlar. Hər an döyülmək və öldürülmək qorxusu ilə yaşadıqlarını qeyd edən fəhlələr bildirirlər ki, polisin birindən şikayət edildikdə, o çəkilir, bir başqası həmin polisi əvəz edir.
Fəhlələrin sözlərinə görə, hazırda “Gülbaxt” daş karxanasında qanuni şəkildə çalışan iş adamı Akif Məmmədov Qaradağ rayon Polis İdarəsinin rəisi  İntiqam Mirsalayev, Qaradağ rayon 38-ci Polis Bölməsinin rəisi Nəsib Məmmədov və həmin polis bölməsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Nizami tərəfindən təzyiq və təhdidlərə məruz qalır: “Bütün hüquqlara uyğun hərəkət etsək də, İntiqam Mirsalayev, Nəsib Məmmədov və Nizami bizim yük maşınlarımızı dayandıraraq, mallarımıza qanunsuz həbs qoyurlar. Nəsimi rayon Məhkəməsinin icarə ilə bağlı bizim haqqımızı təsdiq edən qərarı olsa da, İntiqam Mirsalayev və əlaltıları Azərbaycan dövlətinin möhürünə hörmətsiz yanaşırlar. Bunun qanunsuz olduğunu dedikdə və sənədləri göstərdikdə isə polislər bunun Nəsib Məmmədovun tapşırığı olduğunu və onunla anlaşmağımızı təklif edirlər. Akif Məmmədov bunun qanundan kənar olduğunu bildirsə də, polislər hüquqi sənədlərə kağız parçası kimi yanaşaraq, “get prezidentə şikayət et” deyirlər. Bu gün də qanunsuz olaraq işçilərimiz həbsdə saxlanırlar. Nəsib Məmmədovun qardaşı Xaqani Məmmədov Bakı Apellyasiya Məhkəməsinin hakimidir və N.Məmmədovla bağlı şikayət etdiyimiz qurumlardan gələn reaksiyalardan bəlli olur ki, Xaqani Məmmədov qanunu deyil, qardaşını qoruyur. Biz də həyatımızı və işimizi qorumaq üçün media vasitəsi ilə bütün dövlət qurumlarına müraciət edirik ki, sabah həm Akif Məmmədovun, həm də bizim başımıza hansısa hadisə gələrsə, məsuliyyəti Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev, 38-ci Polis Bölməsinin rəisi Nəsib Məmmədov və həmin polis bölməsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Nizami adlı şəxsin üzərində olduğu bilinsin”.
Karxana işçiləri bildirirlər ki, üç ay öncə Akif Məmmədov polislərin şəriki Əlövsət Orucov tərəfindən vəhşicəsinə döyülsə də, bu günə qədər onun şikayətinə İntiqam Mirsalayevin qanunsuz təhdidi ilə baxılmır. İş  müstəntiq İqbal Həsənovun masasında “yatır”. Ancaq qanuni sənədlə çalışmasına baxmayaraq Akif Məmmədov və işçiləri həbs olunub, Polis Bölməsində saxlanılırlar.

2 комментария: