08.06.2011

Pərviz Yusif. "Qəribə yuxu" hekayəsi


O, yuxuda gördü ki, tamamilə çılpaq vəziyyətdə, həyətin ortasında uzanıb. Özü də ağzı aşağı, qollarını dirsəkdən büküb, yana açıb. Qıçının birini düz, o birini isə dizdən azca əyib yana uzadıb. Evin qapısı açıldı. Balaca boy, yaşlı qadın ona yanaşdı. Bu evin sahibəsi idi. Əyilib qulağına dedi: "Yasda adam çox olacaq. Onların bəzisini sənə verdiyim otaqda qəbul eləyərik. Dur gəl, sən də kömək elə. Stolu-zadı çəkək ortalığa, düzəldək". Ev sahibəsi bunu deyərək, onun otağına keçdi.
Özünün yerdə uzanmasına sahibənin gəlib nəsə deməyinə o, elə bil ki, hardansa, on-on beş metr hündürlükdən baxırdı.
Sonra o görürdü ki, evdən bağçaya doğru uzanan cığırla irəliləyir. Cığırın kənarında iki dənə balaca şam ağacı bitmişdi. Ancaq, əvvəllər yox idilər. Çox qəribə ağaclar idi. Hündürlükləri bir metr ancaq olardı. Onlarda qəribə təravətlik vardı. Bütün budaqları parıldayırdı, sanki işıq saçırdı. O, əliylə, ehtiyatla onlara toxundu. Pambıq kimi yumşaq idilər. Sonra bir balaca yuxarıda duman içərisində atasının sifəti göründü. Təkcə sifəti. O, gülümsəyirdi və soruşurdu ki, bunlar şam ağaclarıdır. Atası gülümsəyə-gülümsəyə bu sualı elə verirdi ki, sanki soruşduğunu bir növ təsdiqləyirdi.
Sonra o bağçaya getdi. Səs eşitdi, yuxarıya baxdı. Bəlkə də bağdakı ağacların içərisində ən hündürüydü bu ağac. Lap uc budaqlarının birisindən körpə uşaq yapışmışdı. Bir və ya bəlkə də, iki yaşında olardı. Körpə havada yellənirdi və ona baxıb, şən-şən qığıldayırdı. O dəhşət içində bu körpəyə baxırdı ki, birdən yıxılar. Və həqiqətən də uşaq budağı buraxdı və güllə kimi aşağı getdi. O, dəhşət içində uşağın düşəcəyi yerə qaçmaq istədi. Ancaq, bacarmadı. Və, yəqin ki, çox gərgin an keçirdiyinə görə yuxudan oyandı. Hardasa iki dəqiqə, bir neçə dəfə dərindən ah çəkməklə, belə uzanıqlı qaldı. Sonra qalxdı. Gedib, çaydandan soyuq su içdi. Qayıdıb, yerinə uzandı. Təzədən yuxuya getdi. Əvvəl nəsə qarma-qarışıq səhnələr gördü. Sonra gördü ki, öz otağındadır. Stolun arxasında altı-yeddi nəfər oturub - özü də hamısı kişi xeylağı. Çay içirdilər. Hamısı başı papaqlıdı, bığları var, üstəlik də azca saqqallı.
Dinmirdilər. Başlarını aşağı sallayıb, stəkanlarına baxırdılar. Otağın ortasında isə, döşəmənin üstündə, bir-birinə söykənmiş iki-üç dənə kötük tüstülənirdi. Arada bir lap zəif alovla yanırdı.
O özü lap kənarda əyləşib. Və elə bil ki, heç otaqda yoxdu - sanki onun fiziki varlığı burda, stulda əyləşməyib... Hardasa körpə uşaq ağladı.
Otağın küncündə gəlin oturmuşdu. Qucağında da uşaq (körpə). Neft lampası otağı zəif işıqlandırırdı. Ona görə də onları əvvəlcədən görə bilməmişdi. Ev sahibəsi içəri girdi. Tüstülənən kötüklərin yanına gəldi. Əllərini isidirmiş kimi uzadıb, kötüklərin üstünə tutdu. Tüstü gözlərinə dolmasın deyə, gözlərini qıydı. Gözü stolun üstündəki çayı içilmiş stəkanlara sataşdı. Təzədən çay süzmək üçün stola yanaşdı.
- Çox sağ olun. İçmirəm. Bəsdi.
- Acıb, yəqin. Ona görə ağlayır. Mən də içmirəm.
- Yaxşı adam idi, rəhmətlik. Allah rəhmət eləsin!
- Tabutsuz keçinmək olmazdı? Amin?
- Amin! Qəribədir, bəlkə körpə də hiss eləyir bunu?
- Əşi? Varam da kəfənə! Tabut?! Yox bir! Amin!
- Tabutsuz deyirsən? Amin! Çay nədir, say nədir? Süz bir dənə də.
- Amin! Ə, sən ölmüyəsən adam dilxor olur ey! Bu andıra qalmış işığı da buraxmırlar. Kəfən dəbdən düşüb.
- A kişi, uşaq-uşaqdır, nəyi hiss eləyəcək o?! Amin! Kəfən kəfəndi, tabut tabutdur.
- Tabut da tabutdur.
O, deyəsən, küncdəcə oturduğu yerdə mürgüləyirdi. Deyəsən, avtobusda gedirdi. Ancaq bütün oturacaq yerlərində adam əvəzinə, tabut var idi. Başının ölçüsündən iri kepka qoymuş, yekə burnu olan, sürücü arabir ona baxıb, dişlərini ağardırdı. Hər dəfə başını çevirəndə, eləbil, başı yox, burnu çevrilirdi. Yox, deyəsən, elə sürücünün yerində də tabut var idi. "Bəlkə mən özüm də tabutam"... (Avtobus isə gedirdi...)
Səhər-səhər yuxudan oyananda nəsə özünü pis hiss eləyirdi. Başı zoqqulduyurdu, bədəni elə bil, axıb gedirdi. Yenə gəlib çaydanı başına çəkdi. Soyuq sudan iri-iri qurtumlarla içdi. Stolun üstündəki boş araq butulkasına baxdı. Axşamüstü təkbaşına oturub içmişdi hamısını. Sonra heç səhər yeməyində yemədi. Bir az da su içib, geyinib, küçəyə çıxdı. Gecə gördüyü yuxudan artıq heç nə xatırlamırdı. Avtobus dayanacağına gəldi və gözləməyə başladı. Özünü pis hiss elədiyinə görə heç nəyə - ətrafdakılara fikir vermirdi. Birdən yanında, həyəcanlı səslər ucaldı. "Adə, yıxıldı, özündən getdi, qoyma!" Ondan iki addım aralıda dayanmış, arıq, hündür qadın yıxılmışdı və əsirdi. Bir-iki nəfər onu uzandığı yerdən dikəldib, oturuqlu vəziyyətə gətirdi. Xeyli camaat toplaşmışdı. "Sudurqadır", "- Hə, sudurqaya oxşayır", "- Dilini, dilini tutun!", "- Hanı, dili ələ gəlir ki, gedib lap içəriyə", "- Ay oğlan, ay oğlan, odur, sürücü qaşıq uzadıb, get, onu al, gətir", "- Ağzını, ağzını açın, qaşığı salın içəriyə", "- Mən bu qadını tanıyıram, bizim qonşudur, onda, həqiqətən də, belə xəstəlik var. Olur, keçir", "- Bu nədir? Qan! Ağzından qan gəlir!", "- Baho, bütün üst-başım batdı ki", "- Vəssalam, öldü", "- Nəbzini yoxlayın", "- Nəbzi vurmur", "- Yol verin, təcili yardım gəlir", "- Neçə dəqiqə keçmiş olar bunun üstündən", "- On - on beş dəqiqə", "- Bəs, niyə tez zəng varmamısınız", "- Biz elə həmin dəqiqə zəng vurduq", " - O, ölüb, həkim?", "- Bəli, ölüb. Artıq gecdir". Avtobus çoxdan gəlmişdi. İçəridəkilər - sürücü və sərnişinlər, hamı pəncərədən baxırdılar. O da yavaş-yavaş gəldi, avtobusa mindi. Hamı bu hadisədən mütəəsir olmuşdu. Avtobus yola düşdü. O, adəti üzrə adamları bir-bir nəzərdən keçirməyə başladı. Çox qəribə idi. Avtobusda hamı yaşı ötmüş, qoca adamlar idi. Heç bir nəfər cavan yox idi, özündən başqa, Sürücü də qoca idi. "Bu nədir?", - deyə öz-özünə düşündü, -"qocalar üçün ayrıca avtobus var, yoxsa? Yox,yox, mən yanılıram. Budur, gənc nəslin nümayəndəsi, qabağımda oturub, görməmişəm. Onun qabağında oturmuş qoca qarının qucağında bir körpə var idi. O da ki, arabir, ağlayır, zırıldayır, sonra dayanırdı. Bayaqkı hadisə sərnişinlərə yaman təsir eləmişdi. Hamının üzündən qəm-qüssə, kədər, hüzn oxunurdu. Bütün bunlar ona yaman tanış gəlirdi...

Комментариев нет:

Отправить комментарий