14.06.2011

QÜRUR TAPINAĞI


Əziz Səlami

Bilmədim, ürəyinə toxundum oğlumun, onun üçün düzəltdiyim, çox sevdiyi, şirin-şirin oynadığı oyuncağını vurub dağıtdı birdən!
Mən, o oyuncağa bağışladığım zamanımı itirmişdim və oğlum isə, ondan aldığı dərin sevincini!
O, çox sevdiyi oyuncağının qırılmasını istədi, amma dördyaşlı, körpə qürurunun qırılmasını istəmədi!
***
Adını unutmuşam, bir rus rassamı çəkmişdi o tabloyu. Rəsmin ortasında bir qadın dururdu və onunla qarşı-qarşıya işğalçı bir əsgər. Qadın əllərini yanına salmışdı, əsgərinsə əllərində odlu bir silah vardı.
Bir ağac kimi dururdu qadın; əsgər isə, bir top kimi, bir tank kimi. Əsgər sabah, o torpaqdan gedə bilərdi; qadın isə, o torpaqdan qopan deyildi. Qadının, o  torpaqda kökü vardı; əsgərinsə, o torpaqda qorxudan başqa heç nəyi yoxdu.
Almışdılar qadının əlindən azadlığını. Uca səslə oxumaq istəsəydi, uzaq zamanlardan qanadlanıb gələn doğma mahnılarını oxuya bilməzdi. Ağlamaq istəsəydi ürəyincə, ağlaya bilməzdi. Yasaqlamışdılar ona istəyincə yaşamaq haqqını.
Yenilmişdi düşmən önündə qadının xalqı, amma yenilməmişdi onun qüruru. O qadının gözlərindən, o qürur da baxırdı; o qadının duruşunda, o qürur da dururdu.
***
Ormandan yenicə gətirilmiş kimi görünürdü; fil biçimində, iri bir dalğa idi sanki; oynaq, yumşaq, dipdiri.
Buğlanan, sapsağlam dərisi vardı; yenicə dolmuşdu gənc yaşlarına. Qaranlıq gözlərində hələ sönməmişdi sevincinin isti parıltısı.
Çevrəsini sarmış insanların əllərində uzun, qalın dəyənəkləri vardı. Bir meydana gətirdilər o fili. Bir çox insanlar gəlmişdi baxmağa. Dəyənəkli adamlar, düşdülər var gücləriylə heyvanın canına!
Hər gün vuracaqdılar o fili,
Qırılsın deyə qüruru!
***
“Qürurlu qayalar!”-deyərik,
qayalarda canın, ruhun olduğuna  inancımız  olmasa da.

Dağlarda yan-yana durarlar; boy-boy boylanarlar; alınlarında yendikləri fırtınaların tarixini, çalın-çarpaz yazarlar.
Sahillərdə qosqocaman, köpürən, hayqıran dalğaların gücünün bütövlüyünü, kökslərində çilik-çilik dağıdarlar.

Qayalar,
”Qürurlu qayalar!”
***
Keşkə biz insanların ən ulu, ən qutsal tapınağı, “Qürur” tapınağı olaydı.
O tapınaqda dua oxuyarkən, duru sulardan keçən irili-ufaqlı, rəng-rəng balıqlar kimi, bizim də dualarımızdan dünyamızı dolduran canlıların, varlıqların qürurları gəlib keçəydi; biz onların önündə diz çöküb, hər zaman onlara qarşı sayğılı, hər zaman onlara qarşı sevgili olacağımıza and içəydik!

Комментариев нет:

Отправить комментарий