14.06.2011

Zeynəb Xanlarova ilə müsahibə

"Millətin namusunu ortalığa qoymaqla pul qazanmaq olmaz!"

"Öz zəhmətimlə qazandığım adlardan imtina etməyə hazıram"


- Zeynəb xanım, jurnalistlərə niyə belə əlçatmazsınız?
- Mən çox danışmağı sevmirəm. Sözümü sənətimlə demişəm, nəyinizə gərəkdir danışmağım?

- Danışmağı sevməsəniz də, söylədiyiniz fikirlər xalqın ürəyindən səs verir…
- Bəs millətin vəkili olmaq nə deməkdir? Əgər mən xalqımın maraqlarını müdafiə etmirəmsə, xalqım kimi düşünmürəmsə, orada nə işim var. Rəhmətlik Heydər Əliyev deyirdi ki, «Sən danışanda mən dincəlirəm. Çünki sən xalqın dilində danışırsan». Xalq məni özüm olduğum üçün sevir. Yəni Zeynəbin bir üzü var. Camaat obraza girən insanları görməkdən yorulub. Mən xalqın dilində danışıram.

- Xalqı narahat edən aktual problemlərdən birinin də dəyərlərimizin unudulduğu fikri ilə razısınızmı?
- Düşünürəm ki, bütün bunlar məqsədli şəkildə həyata keçirilir. Bir qrup millətin düşməni xalqı əyri yola aparır. Həmişə düşünürdüm ki, Allah mənə də iki göz verib, yuxarıda oturanlara da. Televiziyalarda baş verən biabırçılıqları onlar görmürlər bəyəm? Necə olur ki, olanlardan mənim xəbərim var, onların yox. Nəhayət ki, dövlət rəhbərliyindən bu məsələyə ciddi münasibət bildirildi. Telekanallar yavaş-yavaş özlərini yığışdırmağa başlayırlar. Bu çoxdan olmalıydı. Televiziya rəhbərləri ancaq və ancaq pul qazanmağı düşünürlər. Millətin namusunu ortalığa qoymaqla pul qazanmaq olmaz! Qızlarımızı, qadınlarımızı efirə çılpaq çıxarmaq olmaz, hələ mən başqa şeyləri demirəm.

-Sizcə, bunun qarşısı necə alınmalıdır?

- Televiziyalara nəzarət etmək üçün Bədii Şura yaradılmalıdır. Yadımdadır, bir dəfə Dövlət Televiziyasında konsertə bir balaca sinəsi açıq paltar geyinmişdim. O dövrdə televiziyanın sədr müavini olan Nəbi Xəzri məni efirə buraxmadı. Dedi «Get, əynini dəyiş, gəl». Bəs indi necədir? Abırsız geyinib, abırsız danışanlara daha çox meydan verilir. Nə qədər ki, bu şoular göstəriləcək, cavanı da, qocası da televiziyada onlara baxacaq. Maraqlıdır, görəsən bu niyə soyunub?! Mən razıyam, əyləncə də lazımdır, musiqi də. Amma hər şeyin ölçüsü olmalıdır. Tək mən yox, Azərbaycanda nə qədər ziyalı varsa, hamı bu məsələni qaldırmalıdır. Hər şeyi prezidentin üstünə atmaq lazım deyil. O, daha böyük işlərlə məşğuldur. Birbaşa aidiyyatı olanlar öz vəzifələrini layiqincə yerinə yetirsələr, vəziyyət bu yerə gəlib çıxmaz.

- Qadın bu sənətdə xoşbəxt ola bilər?

- Əgər qadın özünü düzgün aparacaqsa, xoşbəxt ola bilər. Necə ki, mən bu sənətdə ola-ola xoşbəxtəm. Çünki mən palçığa düşənlərin arxasınca getmədim. Elə bilirsiniz, mən sənətə gələndə bəzi hallar yox idi?! Var idi, amma mən özümün və sənətimin səviyyəsini qoruyub saxladım. Mənim bu sənətə gəlişim çox çətin olub. Atamdan, qardaşlarımdan çox təzyiq görürdüm. Atama heç bir məclisə getməyəcəyimi, ancaq sənətlə məşğul olacağımı söz verəndən sonra razılıq verdi. O kişiyə necə söz verdimsə, indiyədək sözümün üstündə dururam. O qədər məclislərə getmədim ki, hətta oğlumun toyunda restorana girməyə sıxılırdım.

- Sizcə, nəyə görə bu sənətdə olanlar haqqında daha çox xoşagəlməz söz-söhbətlər gəzir?
- Abırlıya heç nə demirlər. Abırsız özünü ortalığa qoyanda hər söz deyiləcək.

-Fəxri adlara münasibətiniz?
- Son təqdimatdan sonra pis. Dünənki uşağa xalq artisti fəxri adı verilir, Seyid Şuşinskinin məndən sonra tələbəsi olmuş Süleyman Abdullayev isə hələ əməkdar adı da almayıb. Qulu Əsgərov kimi sənətkar fəxri ad deyə-deyə öldü. İndi isə fəxri adlar o qədər ucuzlaşdırılıb ki, mən öz zəhmətimlə qazandığım adlardan imtina etməyə hazıram. Əgər layiq olmayanlar mənimlə birlikdə bu adı daşıyırlarsa, mənə lazım deyil o fəxri ad.

- Bəs necə olur, prezident layiq olmayanlara ad verir?
- Hər şeyi ölkə başçısının üstünə atmaq olmaz. Günah o müğənnilərin adlarını prezidentə təqdim edənlərdədir. Ay balam, onların çoxunu mən tanımıram, prezident haradan tanısın?! Təqdimatı verən məmur gərək layiqliləri təqdim etsin. Ay kişi, xoşun gəlir bu qızdan apar evinə, nə eləyirsən elə. Daha bu boyda fəxri adı xalqın adından ona verdirmə.
Gənc nəslin örnək götürəcəyi şəxslər azalıb. Xüsusən də şou-biznesdə ağbirçək, ağsaqqal yaşına çatanlar, sizcə, niyə özlərini yaşlarına uyğun aparmırlar?
Bu ondan irəli gəlir ki, televiziyalar sənətkarı yox, ucuz adamları çəkib göstərirlər. Televiziyalara boş-boş danışanlar lazımdır. Gənc nəsil kimdən örnək götürsün axı?! Efir xəstəsi olanlar da gündəmdə qalmaq üçün min oyundan çıxırlar.

- Bu televiziyalar sizi niyə yoldan çıxarmır?
- İnsan gərək özü öz qiymətini bilsin. Qiymət o demək deyil ki, mən özümü tərifləyim. Mən hər zaman hərəkətlərimə fikir vermişəm. Özüm özlüyümdə fikirləşmişəm ki, mən bunu etsəm, xalqa xoş gəlməz. Özümə «olmaz» deməyi bacarmışam. Böyüdüyüm dağlı məhəlləsində yayın istisində hamı damda yatırdı. O vaxt kondisioner yox idi. Ancaq mən nə qədər isti olsa da, dözürdüm, dama çıxmırdım. Düşünürdüm, birdən yatanda üstüm açılar, qonşu damdakılar məni görərlər. Abır-həya insanın canında-qanında olmalıdır.

- İndi gənclər daha çox şou-biznesə meyillidirlər. Çünki pullu «dayılar» daha çox bu sahənin adamlarına dayaq olur, əl tutur, avtomobil bağışlayırlar…
- Maşın nədir, villa bağışlayırlar. Bir də görürsən aktrisanın biri efirə çıxıb deyir ki, mənə villa hədiyyə ediblər. Ay balam, heç villadan hədiyyə olar?! Hədiyyə uzaq başı ətir olar. O villanı bağışlayan kişi getsin yetim-yesirə, kasıba, xəstəyə əl tutsun. 

                      

 Zülfiyyə Qurbanova, "İstiot"

Комментариев нет:

Отправить комментарий