06.06.2011

Qutsallıq, Yazı və Mağaranı birləşdirən Roman

Qarşımda bir roman var: “Unutmağa kimsə yox”… Roman demək olarmı buna, niyə də olmasın, çünki romanın bütün qayda – qanunlarına(eyni zamanda bütün qaydasızlıqlarına və qanunsuzluqlarına) tam mənası ilə uyğun gəlir. Ilk başda kitabın adına fikir verəndə öz – özümə üz – gözümü turşuda – turşuda düşündüm ki, özünü bu qədər intellektual bir yazar kimi təqdim edən yazar və dünyada hal – hazırda hansı proseslərin getdiyini tam mənası ilə şüurlu bir şəkildə dərk edən alim – ziyalı Kamal Abdulla görən bu nə addır seçib kitaba? Qınayanlar özlərini qınasınlar, çünki nə də olsa mən marketinq dövrünün uşağıyam! Marketinq dövründə isə hər şey, hətta kitab və kitabın adı belə vizuallığa və çağırışa hesablanır. Materiya əsiri insanlara ciddi mənada nəsə təqdim edəndə əgər həmin o nəsə o insanların qulaq və göz yaddaşlarını tərpətmirsə deməli heç nə…
0 -1 məğlubsan…
Bəlkə elə hər şeyin qulaq və göz aldatmacasına hesablandığı bu məqamda insanın şüuraltısına söykənməsi çıxagəldi kitabın içindən və üzünü mənə tutub sirrli bir əda ilə gülümsədi: yəni, sən hələ çocuqsan və hər şeyə göz və qulaq yaddaşı ilə baxmaq olmaz. Baxsan uduzarsan. Uduzmaq da elə bir haldır ki, ağrısı – acısı insanı illərlə tərk etmir…
1-0… Qalibəm…
Sonra kitabı vərəqləməyə(oxumağa yox ha!) başladım. Və özüm üçün müəyyən çıxış nöqtələri axtarmağa başladım. Ilahi, bir də gözümü açdım ki, artıq qoca kitabın yarısını keçmişəm. Yenə fikrim dağıldı, çünki hadisələrin sürətinə özümü çatdıra bilmirdim. Mən kitabı hələ ki, vərəqləyirdim, indi gör kitabı oxumağa başlasaydım nələr baş verəcəkdi? Bu kitab məni alıb daha aparacaqdı kim bilir?! Dil nədir? Və dil özünü nə qədər insana yaxınlaşdıra və ya özünü nə qədər insandan uzaqlaşdıra bilər? Bir yazarın dilinin yüyrək olması hardan qaynaqlanır? Bircə anın içində necə oldusa yadıma anılarımın harasındasa ilişib qalmış dəhşətli bir ifadə düşdü: “Nağıl dili yüyrək olar!” Dəhşətli dedim, fikir verdimnizmi? Bəli, məhz dəhşətli! Çünki, bu bir cümlədə o qədər nağıla, mifə və o mifi, nağılı yaradan, düzüb – qoşan xalqın genetik kodundan qaynaqlanan qutsallığa söykənmək var ki, yüzlərlə indən belə elmi kitablar yazılsın mənə o bir cümlənin verə biləcəyi informasiyanı ötürə bilməz və ötürməsi mümkün də deyil.
Qaranlıq… Mağara… Və Bozlar iti…
Hər şey Dil və Təfəkkür İnstitutunun gənc alimi F.G(bəlkə bunu Fövqəl Güc kimi oxuyaq?!) – nin ölkəyə səs salan yeni kəşf olunmuş(əslində isə yaşı qədimdən də qədim) bir yazıtı oxumaq məqsədi ilə bir kəndə gəlməsi ilə başlayır. Vəng dağının ətəklərində yerləşən bu kənd sirrli – sehrli bir kənddir və bu kənd öz tarixiliyi ilə istər – istəməz insanı özünə çəkməkdədir: burda hər daş, hər qaya bura gələn insana “ gəl, mənim sirrimə vaqif ol!” – deyə çağırışlar edir. Təbii ki. bu çağırışı eşitmək əsla və əsla qulaqla mümkün deyil və olmur da. Əgər bu səsləri hər qulaqlı eşitsəydi, onda yer üzündə qurulu olan qutsal sirrli nizamdan danışmaq mümkün olmazdı. Və əgər bu səsləri hər qulaqlı eşitsəydi, onda Bəhram dayılara nə ehtiyac vardı ki? Hamı ya qulamhüseyn müəllim kimi bu kəndin sirrinin divarlarına toxunan kimi(ya da sabahısı) ölüb gedərdi, ya da Mübariz kişi kimi bu kəndin sirrinin divarlarının(hətta sirrinin belə!) olmasına şübhə ilə yanaşardı. Bir məqama diqqət çəkmək lazımdır: həmin kəndin sirri mağarada, daha doğrusu onun divarlarında gizlidir. Ada bax: Çiçəkli yazı! Bu tarixə, milli kimliyimizə, hətta etnogenetik baxımdan ulusumuzun təhlilinə birinci əldən kömək edəcək yazının adıdır. Ironiya ilə yanaşmağıma baxmayın; Kamal Abdullanın bir ustalığını demədən keçə bilməyəcəyəm: axı dedim mən qulaq əsrinin çocuğuyam… “Çiçəkli yazı” qavramını hər nə qədər müəllif Bəhram kişinin o yazıtı çiçəklərə bənzətməsinin üstünə yıxsa da, bilənlər bilir ki, “yazı” sözünün özü dar mənada torpaq, məkan, geniş mənada isə çöl anlamını verməkdədir. “Yazı” həm də düşüncə deməkdir… Yəni,  nə yazırsansa, nəyi yazırsansa sən osan!
Bu qədimdən də qədim kəndin tarixini yaşadan iki qoca var: Bəhram kişi və Mübariz kişi. Bu iki insan neçə illərin qulaq yoldaşı olsa da nəticə etibarı ilə yaddaşlarında keçmişdən qalma bir haqq – hesabları var və o haqq – hesabın mərkəzində heç şübhəsiz Gülümsər Gülsüm faktoru dayanır. Gülümsər Gülsüm hardan gəlib daxil olur romanın içinə, bax, bu olduqca maraqlıdır. Gülümsər Gülsüm də(əslində elə əsrlər əvvəl mağaraya girdiyi iddia edilən mistik obraz olan – Mirzə Pirqulu obrazının özü də ) romanın ustalıq texnikasının açılması baxımından bizə çox kömək etmiş olur – belə ki, Gülümsər Gülsümün romana daxil olması ilə biz özümüz üçün Bəhram və Mübariz kişinin münasibətlərini aydınlaşdırırıq. Və yavaş – yavaş keçmişdə mövcud olmuş və əaslində elə bu gün də yaşayan bir eşq üçbucağının içində tapırıq özümüzü. Mirzə Pirqulu obrazının romana daxil olması isə Çiçəkli Yazının açılması üçün müəyyən xırda ipucları verir bizə. Belə ki, bu obraz canavarın (kultun  yerində işlənməsi bax budur!)  gözündən  keçib mağaraya daxil olmaqla mağaranın sirrli aurasının az da olsa konturlarını cızmağa çalışır. Düzdür, Elm və Təfəkkür İnstitutundan gələnlərin heç birisi( hətta hardasa F.G – Fövqəl Güc də daxil olmaqla) mağaranın bu qədər sirrli – sehrli olduğuna inanmır, sadəcə ondan elmi yüksəliş, karyera pilləsi üçün istifadə etmək niyyətindədirlər, Amma F. G – nin onlardan bir fərqi var: hadisələrin inkişaf prosesində (para)psixoloji amilləri o, daha çox gözönündə bulundurur və burdan yola çıxaraq Çiçəkli Yazını oxumaq üçün açar tapmağa çalışır.
Qaranlıq… Mağaranın qaranlıqlarda öz sirrini əsrlərlə saxlaması, çoxlarının bu mağaradan xəbərsiz olması, öz sirrini heç kimə açmayan mağaradan nələrinsə olması, mağaranın və mağaranın içindəki çiçəkli yazının kəşfindən dərhal sonra mağaraya gəlib bu yazıyla canlı təmas halında olan Qulamhüseyn müəllim, yazını ilk dəfə şəklə köçürən Elm və təfəkkür institutunun işçisi Cəfər müəllimin sürətlə dünyalarını dəyişmələri bu qaranlıq məqamından yazıçının ustaca istifadə etməyinə bir işarədir. “Qaranlıq” və “mağara” anlayışlarının yanında bir də Bəhram kişinin iti olan Bozlar itinin ortaya atılır ki, bu da mifologiyada ta qədimdən mövcud olan mağara və mağaranın qoruyucusu it(canavar) kultlarının milli təfəkkürümüzdə, yaddaşımızda sürətlə özünə yer etməsinin bir göstəricisidir. Qədim yunan miflərində də, Şərq mistizmində də mağara və it kultlarının özünəxas yeri var.
Romanın sonlarına doğru Çiçəkli Yazının oxunmasından sonra hər zaman  mağarada olan Bozların mağaradan çıxa gəlməsi səhnəsinin özü də həmin o it(qurd) kultunun qoruyuculuğundan xəbər verir.
Mətnlərin qarşılıqlı əlaqəsi zəminində “Unutmağa kimsə yox”
Hamı mətndən əslində gələcəyimiz üçün öyrənməli olduğumuz keçmişimizin izlərinin oxunmasını gözləyir. Amma mətn heç də gözlənilən effekti göstərmir ilk baxışdan. F. G – nin oxuduğu Mətnə baxa – baxa, onu təkrar – təkrar gözdən keçirə – keçirə düşünürsən( və elə hamı eyni cür düşünür) ki, hə, nolsun, bunun xalqın genetik yaddaşı, milli kimliyi, hətta etnogenezisi ilə nə əlaqəsi var? Bu sualı yazar Kamal Abdulla da öz –özünə və oxucusuna köməkçi qəhrəman – Ayazın vasitəsi ilə həmin sualı ünvanlayır:
Ayaz F. G. – nin Qaraağacla bağlı açar tapıb nəhayət ki, oxuduğu mətnə tam qulaq asıb bitirdikdən sonra düşünməyə başlayır və düşündüklərini səsli bir şəkildə dilə gətirir nəhahyət: hansısa kişinin qadınına ünvanladığı bu məktubdan yola çıxaraq biz necə müəyyən edə bilərik ki,həmin bu məktub bizə tariximizdən, milli kimliyimizdən, etnogenezisimizdən xəbər verəcək? Verirmi ki? Verməlidir, çünki Mağaranın ruhu əsrlərcə bu mətni boşuna qorumayıb ki!
Mətnin daxilindəki keçidlər “mətn içərisində mətn” qavramının bir daha bariz bir şəkildə açılımını verməkdədir. “Unutmağa kimsə yox!” əslində “Qaraağac səni unutdu” misrasından sonra gələn ən önəmli açılımıdır. Deməli, sən unudulmusansa unudulmağa artıq kimsə qalmayıb! Və bu unudulmuşluq milli kimliklə birbaşa bağlı da ola bilər, olmaya da bilər. Əsas odur ki, artıq “unutmaq” feilinin özü o yazıtı yazan kimdirsə onun üçün olduqca adiləşib.
Unudulmağa kimsə yox!
Elə xatırlanmağa da…

Sonda…
“Unutmağa kimsə yox” romanını əslində dil baxımından dəyərləndirmək də olardı. Bunun da özünəxas səbəbləri var, çünki dil faktorunu Kamal Abdulla mistik təfəkkürün bir parçası kimi dəyərləndirir ki, bu da istər – istəməz romana ayrı bir effekt qatır. O mistik təfəkkürdən anlayışı olmayanlar bu romanı oxumasınlar! Çünki, məncə heç nə anlamayacaqlar!…
Oktay Hacımusalı                                  kultaz.com

Комментариев нет:

Отправить комментарий