21.06.2011

Şalir Həsənov - özünə sığmayan insan

Təsəvvür edirsinizmi, Masallıdakı indiki Mədəniyyət Evində, 45 il əvvəl 70-dən artıq gənci özündə birləşdirən möhtəşəm, özü-özünü maliyyələşdirən dram dərnəyi, kukla və miniatür teatrları, sazçılar və aşıqlar ansamblları, xor kollektivi və sair özfəaliyyət qrupları fəaliyyət göstərirdi. Nəinki bacarıqlı gənclər, hətta rayonda qeyri-sağlam həyat tərzi keçirən gənclərin də çoxu - qumarbazından narkomanınadək bu dərnəklərdə məşğul olurdu. Bəzən oğru rolunu elə əsl oğruya, narkoman rolunu narkomana tapşırırdıq. O vaxt molla rolunu oynayan isə sonradan rayonun məşhur mollalarından birinə çevrildi.

Söhbətə, deyəsən, çox uzaqdan başladıq. İndi isə yazımızın qəhrəmanını sizə təqdim edirik – Şakir Həsənov. Biz bu adın qarşısına əvvəldən xeyli titullar yaza bilərdik. Hansı ki, həmin titullarla yazı boyu tanış ola biləcəksiniz. Öncə isə məqsədimiz sizə qəhrəmanımızın necə unikal, bənzərsiz bir insan olduğunu və özünəməxsus bir ömür yaşadığını çatdırmaqdır.
Qısa tərcümeyi-halı belədir: 1947-ci ildə Masallı şəhərində, çoxlarının gözəl insan kimi tanıdığı Rəfi müəllimin ailəsində anadan olub. Orta məktəbi əla və yaxşı qiymətlərlə başa vurub. Əvvəl İnşaat Mühəndisləri İnstitutunu, daha sonra Nijni-Hovqorodda rəhbər işçilər hazırlayan ali məktəbdə təhsil alıb.
Şakir Həsənov sonradan qazandığı ixtisaslardan fərqli olaraq hələ 4-cü sinifdə oxuyarkən rayon səviyyəsində böyük səhnəyə ayaq açıb və həyatının 10 ili incəsənətlə bağlı olub. Həm yaxşı aktyor, həm yaxşı rejissor, həm yaxşı rəqqas, həm yaxşı tarçalan və yaxşı konsertmeyster kimi tanınan Şakir Həsənov həmin illəri təkcə özünün yox, bütün Masallı mədəniyyətinin “İntibah dövrü” adlandırır.
...Şakir müəllim həmişə jurnalistləri gülə-gülə yola salsa da, onlarla çox danışıb, lakin ürəyindəki məhrəm sirləri, bəzi gizlinləri saxlaya bilib. Bu dəfə isə yaman “ilişmişdi”. Və sonda görəcəksiniz ki, Şakir müəllimlə söhbəti necə şirin bir məcraya yönəltdiksə, onda “sirr” deyiləcək bir söhbət qalmadı.
Xatırladım ki, Şakir müəllimlə İlk dəfə 17 il əvvəl Masallıdakı bağda görüşüb, atüstü söhbətdən sonra “Fəxr edirəm ki, Rəfi müəllimin oğluyam” adlı yazı hazırlamışdım. Bu dəfə isə Şakir müəllimin 2-ci vətənində, Sumqayıtdakı cənubluların ocağına çevrilən, Fəxrəddin müəllimin sahib olduğu “Vilvan” restoranında görüşdük.
Söhbətin əvvəlində çox şeylərdən danışıb, axırda gəlib çıxdıq onun 4-cü sinifdə oxuyarkən əvəzsiz sənətkarlarımız Lütvəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu və başqa teatr nəhəngləri ilə səhnəyə ayaq açdığı vaxta.

O, Nəsibə Zeynalovanın tumanı altına niyə girmişdi?

Hələ 50-ci illərdə ölkədə maraqlı ənənə yaranmışdı – respublikanın məşhur aktyorları tez-tez bölgələrə gəlib, yerli istedadları da dəstələrinə cəlb edir, ayrı-ayrı rayonlarda maraqlı tamaşalar göstərirdilər. Biz vaxtilə hamının “Məşədi” kimi tanıdığı Böyükağa Ağayevin Lütvəli Abdullayevin tərəf müqabili kimi Məşədi İbadın hambalı rolunu necə məharətlə oynadığı barədə yazmışdıq. Bakı aktyorlarının Masallıya növbəti səfərlərindən birində isə onlar Ağasi Məşədibəyovun “Toy kimindir” komediyasında Qoşunun oğlu rolu üçün azyaşlı bir məktəbli axtarırdılar. Əksəriyyət bir ünvanı göstərdi – 4-cü sinifdə oxuyan Rəfi müəllimin oğlu Şakiri. Elə ilk sınaqdaca hamı onun ifaçılığını bəyəndi.
Həmin tamaşadakı məşhur səhnə yəqin ki, yadınızdadır. Qoşun rolunu oynayan Lütvəli Abdullayev süpürgəçi işləsə də, Bakıdan gələn qonaqlara özünü kolxoz sədri kimi təqdim edir. Bu vaxt Qoşunun oğlu (Şakir Həsənov) səhnəyə gəlib deyir ki, dədə, direktor dedi, gəlib kolxozun həyətini süpürsün. Bu mübahisə sonra Qoşunun evində davam edir. Qoşunun oğlu (Şakir) dədəsinin sirrini anasına (Nəsibə Zeynalovaya) da bildirir. Lütvəli onu qovur, balaca Şakir isə stolunun altına girmək əvəzinə gedib girir anasının (Nəsibə Zeynalovanın) tumanının altına.
Şakir Həsənovun öz dilindən:
- Qoşun ( Lütvəli Abdullayev) məni itirdi. Elə bildi qorxub qaçmışam. Mən isə tısbağa başın qından çıxaran kimi, arabir Nəsibə xanımın tumanının altından başımı çıxardıb, tamaşaçıları güldürürdüm. Alqışlar ara vermirdi. Mənim, 4-cü sinif şagirdi Şakirin tamaşaya etdiyi əlavə o qədər maraqlı alınmışdı ki, qrupun rəhbəri Ağasi Məşədibəyov tamaşanın bitməsini gözləməyib səhnəyə daxil oldu və məni bağrına basaraq dedi:
- Düzünü sən elədin, qovulan uşaq stolun altına yox, anasının tumanı altına girər.
Beləcə, Şakir Həsənov, necə deyərlər, birbaşa böyük aktyor ailəsinə qəbul edildi. Həmin truppa hara getdisə – Lənkəran, Astara, Cəlilabad, Lerik, Yardımlı... Şakiri özləri ilə aparırdılar. 8 ay bir yerdə çıxış etdilər. Nəhayət, cənub səfəri başa çatanda təkidlə təklif olundu ki, Şakir Həsənovu özləri ilə Bakıya aparsınlar. Şakir bu təklifə nə qədər sevinsə də, oğlunu aktyor görmək istəməyən Rəfi müəllim razılaşmadığından Bakıya gediş alınmadı. Hətta rayonun o vaxtkı rəhbəri Əlövsət Baxışov da bu işi yoluna qoymağa cəhd etsə də, Rəfi müəllimi razı salmaq mümkün olmamışdı.
Şakir məşhur aktyorlardan ayrılsa da aktyorluqdan ayrılmadı. Gah o rolu, gah bu rolu oynamağa başladı. Gah məktəb səhnəsində, gah o vaxt Pionerlər Evi adlanan təşkilatda və digər yerlərdə tamaşalar göstərməyə başladı.

Şakir Həsənov “Fəxr edirəm ki, Rəfi müəllimin oğluyam” kəlamını təkrarlamağı niyə xoşlayır?

Obrazlı desək, Şakir müəllim varlı-hallı, şan-şöhrətli ailədə doğulmayıb. Anası çox dəyərli seyidlərdən birinin qızı, atası Rəfi müəllim isə yüksək savada, gözəl insanı keyfiyyətlərə malik müəllim, eləcə də, rayonun ən mərdanə kasıblarından olub.

- 3 oğlanın və 3 qızın böyüdüyü bizim evdə kasıbçılıq az qala ailənin bir üzvünə çevrilmişdi. Biz demək olar ki, heç nəyi doyunca yemirdik. Anam 8 nəfərlik ailə üçün ət alanda çox vaxt 200-300 qram alardı. Biz bilirsiniz, nəyə sevinərdik? Qəssab bəzən atama hörmət əlaməti olaraq həmin 200 qram ətin üstünə bir az da sümüklü ət verəndə. Biz bunu atama böyük hörmət kimi başa düşərdik. Ancaq kasıbçılıq bizim evdə heç vaxt dərdə çevrilməzdi. Heç vaxt kimsəyə həsədlə, paxıllıqla baxmadıq. “Niyə filankəs varlı yaşayır, bis isə kasıb”, - deyə gileylənmədik. Biz çox mərdanə kasıbçılıq yaşadıq. Və sonralar əlimə nə qədər pul gəlsə də, mən həmin pullara kağız kimi baxdım. Pul, sərvət, mal-mülk heç vaxt gözümdə olmadı. Cabir Novruz demişkən “Məni bu cür doğulmağım sərt elədi, məni bu cür doğulmağım mərd elədi. Minnətdaram öz nəslimə buna görə.”

Kazım müəllimin “Şakir, sən nə gününə qudurmusan?” gileyli sualı onun yadından niyə çıxmır?

İş elə gətirmişdi ki, Şakir nə qədər kasıb yaşasa da, ətrafındakı məktəb yoldaşları, dostları hamısı imkanlı adamların uşaqları idi. Belə ki, onunla bir sinifdə oxuyanların çoxu mağaza müdirinin, qəssabın, ticarət idarəsi müdirinin, çörək zavodu müdirinin, məşhur diş həkiminin və sair imkanlıların uşaqları idi. Amma onlar Şakirlə dostluqdan böyük mənəvi həzz alırdılar. Bundan bəzən sıxılsa da, onu dərd saymırdı. Şən zarafatları, yerə-göyə sığmayan şənliyi, şuxluğu bu kasıbçılığı görünməz edirdi. Onun unutmadığı bir məqam da var.
Şakir Həsənov: - Məktəbdə işıqlar sönmüşdü və birdən də yandı. Uşaqların əksəriyyəti səbəbsiz olaraq hırıldamağa başladı. O cümlədən, mən də o şıltaqlara qoşuldum. Bu vaxt Kazım müəllim həmin uşaqlara ümumi acıqlanandan sonra üzünü mənə tutub: “Şakir, sən nə gününə qudurmusan”, - dedi. Əvvəl tutuldum. Sonra isə düşündüm ki, müəllim düz deyir, mən nə günümə qudurmuşam.
O kəlmələr bu gün də qulağımda səslənir. Bəzən qələbələrdən “şişəndə” tez o sözləri yadıma salıram. Bu kəlmələr sanki mənə kompas kimi yol göstərib, məni azmağa qoymur.
Münəvvər oğlu Şahin var idi. Mən ona xərclik verəndə, kostyum alanda bəziləri məni qınayırdı. Amma onlar bilmirdi ki, mən əynimə paltar tapmayanda həmin Şahinin köhnə pencəyini geyib qışı keçirtmişəm. Onun verdiyi tikələri yeyib, iştahamı öldürmüşəm.

10 il ömrünü Masallı incəsənətinin ucalmasına həsr edən Şakir Həsənov nədən bir neçə günün içində çamadanını və tarını götürüb rayondan getdi?

Artıq 7-ci sinifdə oxuyanda o nəinki yaxşı aktyor, həm də yaxşı tarçalan kimi tanınırdı. 
Şakir Həsənov:- Eyni vaxtda 3 yerdə - həm pionerlər evində tar dərnəyinin rəhbəri, Tüklə kəndindəki pioner düşərgəsində və şəhərdəki uşaq bağçasında musiqi müəllimi işləyir, daha çox pul qazanmaq istəyirdim ki, kasıbçılıq içində yaşayan ailəmizə kömək edə bilim.
...Getdikcə Şakirin ətrafına daha çox gənc toplaşır, hərtərəfli istedadı, insanlarla tez dil tapmaq bacarığı, incəsənət yolunda təmənnasız fədakarlığı onu çoxlarına sevdirmişdi.
Artıq gənc yaşlarında Rayon Mədəniyyət Evinin direktoru vəzifəsinə yüksəlmiş Şakir Həsənovun timsalında mədəniyyət evi sözün əsl mənasında qaynayırdı.
Şakir Həsənov: Çox qısa vaxtda biz Mədəniyyət Evinə 100-ə yaxın gənc cəlb edə bilmişdik. İndi ətrafı xeyli abadlaşsa da, içində aylarla yadda qalan tədbir olmayan (bəlkə də indiki məscidlər mədəniyyət evlərindən daha gurdur) Mədəniyyət Evi sözün əsl mənasında bir incəsənət məbədinə çevrilmişdi. Burada böyük potensialı olan dram dərnəyi, rəqs qrupu, sazçılar və aşıqlar ansamblı, kukla və miniatür teatrı, xor kollektivi və digər özfəaliyyət kollektivləri yaranmışdı. Hətta Salyan aşıqları burada işə cəlb olunmuşdu. 
Həmin vaxtı Şakir Həsənovun rəhbərliyi ilə yaradılmış “Gənclik” İnstrumental ansamblı Kərim Həsənov, Həbib Rəhimov və digər tanınmış müğənnilərin yetişməsində mühüm rol oynadı. Biz həm də o dövr üçün heç də adi olmayan təsərrüfat hesabı üsulu ilə işləyir, özümüzü dolandırırdıq, hökumətdən almır, ona vergilər ödəyir, onlarla gənci işlə təmin edirdik. Ən qəribəsi isə o idi ki, o vaxt çoxlarının qeyri-sağlam həyat keçirən insan kimi tanıdığı onlarla gənci – norkomanı, oğrunu, qumarbazı, o, pis vərdişlərdən ayırıb incəsənətə cəlb etmişdik. Onlar işləyir, əmək haqqı alır, zəhmətlərindən fərəh duyurdular. Oğlanlarla yanaşı səhnədə böyük xidmətləri olan qızlar da teatra cəlb olunmuşdu. O vaxt hər gün rayonda kino-filmlər göstərirdilər. Axşam saat 10-da film başa çatandan sonra, tam sakitlik yarananda məşqə toplaşır, bəzən gecə saat 4-ə, 5-ə qədər səhnədə məşq edirdik.
Bu gün bəzilərinin unutduğu, bəzilərinin isə olduqca məşhur sənətkar kimi tanıdığı insanlar həmin dövrün əsl sənət məktəbini keçdilər. Rəhmətlik, sonralar saatsaz işləyən Adil Səfərov, mahmudavarlı Arif Əhədov olduqca güclü aktyorluq məharətinə malik idi. İndi rayonun məşhur mollalarından biri kimi tanının Əlihüseyn Tahirov bizdə Kərbəlayı rolunu çox yaxşı oynayırdı. Bundan əlavə Namiq Quliyev, Seyran Fərzullayeva, Lumu xanım, Rübabə xanım, Abutalıb və Fərahim Sadıqovlar, klarnetçi Rafiq, nağara ustası Çağırış, indi tanınmış rejissor olan Ağalar Mehdiyev və onlarla istedadlı gənc o illərin yetirməsidir. Bu gün cənubun tanınmış aşıqlarından olan Atabala Zahidov, tanınmış jurnalist Vasif Səmədov, Səyədulla və Zeydulla qardaşları... bu məktəbin yetirmələridir.
Şakir Həsənov: Bir epizod heç yadımdan çıxmır. Yenə rayona Bakıdan aktyorlar gəlmişdi. Razılaşmışdıq ki, birgə konsert verək. Yəni bir nömrə onlar ifa etsin, bir nömrə də biz. Necə deyərlər, gurultulu tədbir gedirdi. Mən də bir az “böyümüşəm”, bir az da lovğa olmuşam. Daha səhnəyə özüm çıxmıram, yetirmələrimi göndərirəm. Konsertin ortasında o vaxt RPK-nın 2-ci katibi işləyən Zeynəb Allahverdiyeva mən olan otağa gəlib gileylə bildirdi ki, Bakı artistləri bizi qabaqlayıb. Səhnəyə özün çıx. Təklifi qəbul edib səhnəyə yollandım, “Gəlməli, görməli, gülməli” tamaşaları silsiləsindən “Yeznə, gəlim... ” deyimli tamaşa ilə səhnəni necə canlandırdıqsa, tamaşaçılar az qalırdı oturacaqları başları üstünə qaldıra.

...Şakir Həsənovun uğurları günbəgün artırdı. Afişalar tamaşa-filan adı yazmırdılar. Elə bircə “Şakirin konserti” demək kifayət idi. Hətta Bakıdan gələn artistlər uçun zala zorla tamaşaçı yığmaq lazım gəlirdisə, Şakirin tamaşaçıları necə deyərlər onun arxasınca idi. Kütləviliyə daha çox nail olmaq üçün əksər vaxtlar məşqləri ayrı-ayrı kəndlərdə keçirirdilər. Bakıdan gəlib onları arayanlar da elə kənd mədəniyyət evlərinə gəlirdi.

Şakir müəllim sirlərini necə açdı?

O yaz axşamında Şakir müəllimlə söhbətimiz çox uzun çəkdi. Şakir müəllim o qədər həzinləşib, o qədər kövrəkləşmişdi ki, adam heç sözünü kəsmək istəmirdi. Necə deyərlər, “damara” düşmüşdük, bütün kövrək xatirələri yerindən oynatmışdıq.
Arabir Şakir müəllimə suallar da ünvanlayırdıq:
- Şakir müəllim, bu günün yaxşı oğlanı kimdir?
- Əslinə qalanda, ən böyük titul elə o yaxşı oğlan adını qazanmaq və onu qorumaqdır. Məncə, bu günün yaxşı oğlanı öz əslinə, kökünə hörmət qoyan, onu şöhrətləndirən, heç nəyə biganə olmayan, ən azı bir sənəti mükəmməl bilən insandır.
Sən demə, Şakir müəllim nöqsandan da xali deyilmiş. Bu ”sirri” mənə onun dostu, Fəxrəddin müəllim açdı. Demə, dostları həmişə onu qınayır ki, insanlara bu qədər də inanmaq olmaz. 
Fəxrəddin müəllim: Neçə müddətdir zavoda rəhbərlik edir, amma onu uşaq da aldadar. İnsanlara o qədər inanır ki, istər min manat, istər milyon manat, bunun üçün heç nədir. İnsanlara əl tutanda, problemini həll edəndə elə sevinir ki.

Nəhayət, söhbət gəldi “sarı sim”in üstünə.
- Şakir müəllim, necə oldu ki, 10 il az qala gecə-gündüz həyatınızı sərf etdiyiniz incəsənət sahəsindən ayrıldınız. Tamamilə əks sahəyə, inşaata üz tutdunuz?
- Bəlkə bu sualı verməyəsən?
- Daha dedim də. Bu suala cavab almasam, yazı yarımçıq alınacaq.
Xeyli fikrə getdi. Nəhayət:
- Bilirsən, teatrdan doymuşdum, başqa sahədə özümü sınamaq istəyirdim. Bir də inşaat institutunda qiyabi oxuduğumdan dərsləri çatdırmırdım... Hətta kursda qalmışdım...
- Ola bilsin ki, Şakir müəllim, bu səbəblər də olub. Amma inanılası deyil ki, 10 il cani-dildən bağlı olduğun sahəni atıb, gedib kanalizasiya təmizləyəsən. Bəlkə əsl səbəbi deyəsiniz.
Yenə xeyli fikrə getdi. Bir anlığa sifətindəki şənlik də çəkildi, olduqca qayğılı oldu, sanki bir çıxılmazlığa dirənmişdi. Birdən:
- Danışacağam, hamısını danışacağam. Onsuz da nə vaxtsa, danışmalıydım. Düz deyirsən. Əsl səbəb bayaq sadaladıqlarım deyildi.
Şakir Həsənov:
- Uğurlarımız bir-birini əvəz edən məqamda xəbər gəldi ki, RPK-nın bürosunda bizimlə bağlı məsələ müzakirə olunacaq. Getdik. Məlum oldu ki, o vaxt çox məşhur olan yazıçı Əli Vəliyev rayon rəhbərindən xahiş edib ki, mənim vəzifəmə, rayon mədəniyyət evinə direktorluğa o vaxt incəsənət institutunu bitirən Rahib Fərəcovu təyin etsin. Katib büroda bu fikri bəyan edəndə inanılmaz olsa da, o vaxtkı büro üzvləri İsrafil İsmayılov, Məmmədhəsən Həsənov, İbrahim Səlimov qəti etiraz etdilər. Mənim haqqımda elə fərəhlə danışdılar ki, özüm utandım və bürodan çıxdım. Sonra... Onlar məni bir də axtaranda bir əsgər çantamı və tarımı götürüb rayondan çıxmışdım.
- Təkcə rayona yox, incəsənətə əlvida demişdim. Özümə söz vermişdim ki, təkcə incəsənət olmasın, nə olsa işləyəcəyəm. Bakıda qeydiyyat çox çətin olduğu üçün Sumqayıta gəldim. Mənə birinci təklif bu oldu: - O şərtlə yataqxanada qeydiyyata götürülərsən ki, beton qarışdıran işləyəsən. Dərhal razılaşdım. Təsəvvür edin, bir həftə öncə parpar parıldayan, təmtəraqlı səhnədə, kraxmallı köynəkdə, qalstukda, alqışlar altında həyat keçirən gənc beton qarışdırır, kanalizasiya təmizləyir, digər çirkli işlər görür. Axı, bunu ətrafımdakılar haradan biləydi.

“Tərəqqi” medallı, keçmiş SSRİ-nin əlaçı mühəndisi, bu gün Bakı-Tiflis- Ceyhan kəmərindən tutmuş Qaradağ sement zavodunadək nəhəng tikintilərdə izi olan, ölkənin tanınmış idarə rəhbərlərindən biri sayılan, müdir Şakir Həsənov aktyor Şakiri necə xatırlayır?


- Əsas məqsədim o idi ki, özümü sübut edim, təsdiq edim ki, harada olsam, orada öndə olmağı bacarıram. Tezliklə kanalizasiya təmizləməkdən sex rəisi, baş mühəndis vəzifəsinə qədər yüksəldim. Daha sonralar nəinki Sumqayıtda, hətta ölkədə bir sıra aparıcı zavodlara rəhbərlik etdim. Ölkəmizdəki ən böyük tikintilərdə, Bakı-Tiflis-Ceyhan və sair tikintilərdə rəhbərlik etdiyim təşkilatın layiqli payı var. Hazırda Qaradağ rayonunda nəhəng sement zavodu tikilir. Burada dünya standartlarıma uyğun 150 metrlik təmizləyici qurğu edilir. Bu qurğunu rəhbərlik etdiyim təşkilat quraşdırır. Özüm də arada bu qurğuya qalxıram. Bu yaxınlarda 120 metrlik yüksəkliyə qalxmışdım. Mənzərə çox ecazkar idi. Bu çox riskli bir tikinti idi. Xeyli təşkilata təklif olunsa da, qəbul etməmişdilər, lakin biz razılaşdıq və layiqincə də icra edirik.

Ən böyük arzum doğma rayonumuzda nəhəng bir zavod tikib yüzlərlə həmyerlimi orada işlə təmin etməkdir.
Şakir müəllim əvvəllər Sumqayıtdakı cənubluların ağsaqqalı sayılırdı, hazırda isə bütün Sumqayıtın söz sahibi olan kişilərindən biridir. Onun əl tutduğu, yardım etdiyi, barışdırdığı insanların sadalasaq, böyük bir siyahı alınar.
Qaldı ki, sonuncu yarımbaşlıqdakı suala, onu Şakir müəllim belə cavablandırdı:
- Bu gün səhnədən uzaq olsam da, o illərin izini taleyimdə hiss edirəm. Bu günlərdə 64 yaşımı qeyr etsəm də, əvvəlki şuxluqla rəqs edirəm, əvvəlki kimi mən olan yerdə kimsə qaşqabaqlı qala bilməz, mən olan yerdə şadlıq var, sevinc var, ümid var.



  Zahir Əmənov

Комментариев нет:

Отправить комментарий