21.06.2011

Xoşbəxtlik ehtimalı


Əli Şirin Şükürlü                       ali_shirin@mail.ru

  səhərdi. pəncərədə yağış damcıları, dəyişir şəklini şüşənin təmasından;
  süzülür pəncərə şüşəsi boyu şırım-şırım,    
  yıxılir pəncərədən – dam. dam. dam... – danışır hər kəslə öz dilində.
 
  birinci damcı: bəzən ilk dəfə olduğun məkan yadaşını silkələr. az qala
  ürəyin ağzına gələr. sanki tanış səhnə təkrar olunacaq elə indicə. harda, nə vaxt
  görmüşəm – fikirləşərsən, tapa bilməzsən. çünki yaddaşa köçən həm də sənsən.
  bəlkə min il, bəlkə milyon il əvvəlki keçmişindi dünyanın yaddaşında indi oyanan.
  yıxılır pəncərədən damcılar – dam. dam. dam... 
 
  ikinci damcı: gəl sənə zamanı göstərim; zaman – artıq yaşı çoxdan ötmüş
  şikəst qızının qayğısına sığınan, gözləri hələ də yol çəkən, qocalıb yumağa dönmüş
  qarının üzündəki qırışlar şırım-şırım.
  yıxılır pəncərədən damcılar – dam. dam. dam...

   üçüncü damcı: gəl sənə kədər göstərim qürurla qoşa; Mübariz  İbrahimovun
   bir üzü gülən, bir üzü ağlayan anasının gözləri; qəm. qəm. qəm...
   yıxılır pəncərədən damcılar – dam. dam. dam...

  dördüncü damcı: adamlar var üzü gülər, gözü gülər, qəlbi qocalıb –
  taleyi kəm, bəxti kəm.
  yıxılır pəncərədən damcılar – dam. dam. dam...

  beşinci damcı: gəl sənə sevgi göstərim dərdlə yanaşı; Fərizə-İlham...
  yıxılır pəncərədən damcılar – dam. dam. dam...
 
  altıncı damcı: yum gözlərini – yox oldu dünya?
  elə gördüyün qədərdi dünya, gördüyün qədərdi.
  qəm yemə, yaşananlar hamısı qədərdi, qədərdi.
  gül kimi səadəti ömründən dərdi, dərdi
  bir qara sevda dərdi, bir qara sevda dərdi.  
  ömür – şam. şam. şam.
  yıxılır pəncərədən damcılar – dam. dam. dam...

  yeddinci damcı: gəl sənə xoşbəxtlik göstərim, həmişə bədbəxtliklə əkiz doğulur.
  xoşbəxtlik...
  daha doğrusu, xoşbəxtlik ehtimalı; gah artar, gah azalar, gah da yox olar.
  istəklər – n, reallığı – r. xoşbəxtlik ehtimalı – p bərabərdir
  reallığın istəklərə nisbəti: p= r/n.
  istəklər artıqca azalar xoşbəxtlik ehtimalı, azaldıqca artar.  belə ki, atılma üzü yuxarı,
  başın üstə - dam. dam. dam.  
  yıxılır pəncərədən damcılar – dam. dam. dam... 
  yaşa ömrünü, yaşa fərqinə varmadan payına düşən ömürtək, olduğu kimi.
  yaşa ya qəm, ya da dəm.
  yıxılır pəncərədən damcılar – dam. dam. dam...

Комментариев нет:

Отправить комментарий