21.06.2011

Sevinc Çılğın. 35 yaşlı qarışqanın ilk oyuncağı…


Onun uşaqlıqda bir oyuncağı varmış – ən böyük, ən sevimli və ən unudulmaz oyuncağı… Doğum günlərindən birində “Yadınızdadırsa, mənim belə bir oyuncağım vardı” demişdi. O oyuncaqdan uzun-uzadı danışmış, dilə-boğaza qoymamışdı… Sən demə, bütün uşaqlığı bu oyuncağın gözü önündə keçmiş, ən gözəl uşaqlıq xatirələri də elə bu oyuncaqla bağlı imiş. Yatanda da bağrına basıb yatarmış…
Doğmaları təəccübdən şaşırmış, “Bu nə danışır? Axı onun belə bir oyuncağı heç vaxt olmayıb” nida qarışıq sualıyla bir-birinə baxmışdılar… Elə bu zaman o bu oyuncağın yalnız onun xəyalında olduğunu anlamış, utandığından qızarmış, hətta hönkür-hönkür ağlamışdı…
***
O əsl qarışqadır. Başını aşağı dikər, öz amalı naminə gecə-gündüz çalışar, zəhmət çəkər, tər tökər.
Onun öz nəğməsi var – QARIŞQA NƏĞMƏSİ… Amma bu nəğmə, nəğmədən daha çox zəhmət marşıdır onun üçün. Bu marşın akkordları altında bir ömürdür ki, addımlayır, bu marşın melodiyasıyla gününü gününə calayır… Onu yolundan döndərmək, inandıqlarından caydırmaq mümkün deyil. Dedim axı, o əsl qarışqadır…
***
Bir də mənim ondan ayrı olduğum aylara yazdığı nəğmələri var onun – ayrılıq və ağrı qoxuyan Noyabr nəğməsi, Avqust nəğməsi…
İndi ömrünün 35-ci baharında ilk dəfədir ki, BAHAR nəğməsini zümzümə edir. Bu bahar bambaşqa bir bahardır onun üçün. Yarpağı da, çiçəyi də, torpağı da öz rəngində. İlk bahardır ki, üzü gülür. İlk bahardır ki, xoşbəxtdir…
***
O heç vaxt özü üçün yaşamayıb. Daha doğrusu, onun özü üçün yaşamağa heç vaxt şansı olmayıb. Elə hey gücünü və əməyini başqalarına xərcləyib. Ac qalıb, susuzluğa dözüb, “bir gün hər şey yaxşı olacaq” deyib də yaşayıb. Ondan bir parça tut yarpağının atlasa çevriləcəyi günü necə səbirlə gözləməyi öyrənmək olar. Ondan adam kimi yaşamağı, ondan insan kimi böyüməyi, ondan necə təmiz və gərəkli olmağı öyrənmək olar. O bir mayak olub yola işıq sala, o bir ümid olub yaşamağa yol ola bilər…
***
O, kiçik arzularını böyük amallarına, böyük arzularına qurban verib. İlləri yola salıb. Saçına çoxdan dən düşüb. Boğulmuş, kökdən düşmüş neçə-neçə gənclik arzusu var içində. Hələ də ümid daşıyır… Hələ də bu ümidin ətəyindən tutub yaşayır… Özünün, sevdiklərinin deyil, bütün dünyanın xoşbəxt olacağı günü gözləyir…
***
Ondan əsl qəhrəman kimi danışıram. Çünki o, əsl qəhrəmandır. O mənim qəhrəmanımdır. O mənim həyat hekayəmin qəhrəmanıdır…
***
Bu gün onun doğum günüdür.
Dünyanı düzəldə bilmərəm, gərdişi dəyişə bilmərəm, oyunları poza bilmərəm… Axı ona nə hədiyyə edim… Axı ona nə bağışlayım ki, sevinsin, ürəkdən sevinsin…
***
Bunu mənim yerimə Allah etdi…
Bir neçə gündən sonra nəhayət ki, onun da öz oyuncağı olacaq.  Yalnız onun, ona məxsus, dünya dağılsa belə, onun əlindən, qucağından heç kəsin ala bilməyəcəyi bir oyuncaq…
***
Doğum günün mübarək olsun, əzizim! Yaxşı ki, VARSAN! Biz səni sevirik!
Sevgilərlə: Yavru və mən…

Комментариев нет:

Отправить комментарий