21.06.2011

Qosqoca Şirvanın gözü Kolanı

Sərdar Şirvan


İyirminci yüzilliyin başlanğıcında Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri – Doğudan Batıya uzanan Böyük İpək Yolunun qovuşduğu ulu Şirvan elinin – Şamaxının Dağ Kolanı adlı bir köyü vardı. O zaman bu köydə 300 ev vardı. İyirmibirinci yüzilliyin başlanğıcında da bu köy mövcud idi, insan nəfəsi çəkilməmişdi oralardan… Ancaq, 300 yox, 3-5 ev qalmışdı. Özünəməxsus qədim tarixi, böyük keçmişi, zəngin etnoqrafiyası, sazlı-sözlü aşıqları, bayatılı-ağılı ağbirçəkləri, vəfalı oğul-qızları olan bu kəndin sonuncu evi 2005-ci ildə (21 –ci yüzildə!) söküldü. Bu ulu kənd artıq, tarixdən silinmişdir. Bir çox qədim yurd yerlərimiz kimi Dağ Kolanı da yerli yetgi yiyələrinin biganəliyi ucbatından tərk edildi…
…Onsuz da ulu babalarımızın bizə miras qoyub getdiyi tarixi Azərbaycan torpaqlarını gərəyincə qoruya bilməmişik. Bu gün Qədim Oğuz diyarının Təbrizi, Göyçəsi, Zəngəzuru, Dərbəndi, Borçalısı anamız Azərbaycandan ayrı düşmüşdür. Üstəlik də günümüzün Qarabağ ağrısı… Ayri düşmüş tarixi torpaqlarımızda neçə-neçə qədim yurd yerlərimiz tarix səhnəsindən silinmişdir. Ölkə içində isə belə qədim köylərimizin – Dağ Kolanının viran olması insanın içini göynədir.
Yeni nəsil Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Namiq Hacıheydərlinin bu il kitab şəklində çap etdirdiyi “Dağ Kolanı dastanı” poeması Dağ Kolanı haqqında yazılmış dərin analmlı Vətən yazısıdır! Yazılı Vətəndir! Bu poemanın hər sözü dərdli Dağ Kolanının çağrıları, amanı və şairin ürək çırpıntıları ilə yoğrulmuşdur.
Yüksək vətənpərvərlik, soykökə qayıdış, milli-mənəvi ruhun güclənməsi, ana yurda bağlılıq hissi aşılayan poemanın ana xətti Vətəndir.
Vətəni, Ananı zövqə, imkana görə dəyişmək olmaz. Vətəni, Ananı seçmirlər, bunların hər ikisi ulu Tanrının alın yazısıdır. Ana Vətən insanların şan-şərəfi, qeyrəti və namusudur. Vətən qutsaldır, bütün sevgilərimizin əvvəli də, axırı da Vətənlə bağlıdır. Hər bir vətəndaş vətənləşən torpaq Vətən olma haqqı qazanır, Vətən timsalına dönür. Üstünə şəhid qanı və alın təri tökülmüş torpaq insanların fəxrinə, qüruruna və namusuna çevirilir.
Doğma vətən haqqında qüvvətli poetik simfoniya xarakteri daşıyan “Dağ Kolanı dastanı” özündə ali vətənpərvərlik hissi daşıyan bir örnəkdir. N. Hacıheydərli bu əsərdə təkcə poeziyasının yüksək sənətkarlığını, fəlsəfi mükəmməlliyini deyil, eyni zamanda, özünün milli ruhunu, vətəndaşlıq məsuliyyətini də ifadə etmişdir.
Milli köklər üzərində göyərib formalaşmış poemada yazar öncə kolanılara, geniş anlamda isə Azərbaycan xalqının bütün övladlarına vətənçilik, Azərbaycançılıq hissi aşılayır. Əsərdə Dağ Kolanı adı vətənin, doğma elin ümumiləşdirilmiş bədii obrazıdır. Görün, Dağ Kolanı ağsaçlı anaya bənzədilərək öz övladlarını necə ittiham edir:
Çox görmüşəm bu dünyanın
astarını, üzünü.
Doğma övlad unudarmış
apağsaçlı ananı
Belə getsə
tarixlərə dönəcəkdir
Dağ Kolanı…
Əsərdə Dağ Kolanı kəndi ilə yanaşı onun dağları, bulaqları, yaylaları, gədikləri, pirləri, dərələri və qayaları da yanğıyla, sevgi ilə təsvir edilən ayrıca obraz səviyyəsinə qaldırılır. Müəllifin əsərdə təbiət obrazlarını xüsusi doğmalıq və səmimiyyətlə yaratması əsərin milli koloritini və fikir özülünü daha da dərinləşdirir.
Poemada müəyyən dərəcədə yazarın özünün də bədii obrazı canlandırılmışdır. Əsər lirik qəhrəmanın doğma elə – Dağ Kolanıya səfəri ilə başlayır. Çoxdandır insan üzünə həsrət qalan köy öz dərdini, kimsəsiz qaldığını şairə çatdırır, onunla dərdləşirlər. Girdə, Ərəbdağı, Qızqayıt yeri, Şorbulaq, Cinişdər divarı susa bilməyib şairlə həmsöhbət olurlar.
Ərəbdağı insanların vəfasızlığından –
Qəzəbdən edirdi dad Ərəbdağı,
“İnsanlar vəfasız oldu“ – deyirdi;
Girdə unutqanlıqdan –
Danışdı yüz ilin dərdlisi kimi,
Yolçunu yolundan saxladı Girdə.
İstədi gözləsin öz qürurunu,
dözmədi,
hönkürdü, ağladı Girdə.
Qızqayıt yeri və Şorbulaq insanların dönüklüyündən –
Boynunu bükübdü məğrur Qalacıq,
“Qayıdın” – söyləyir Qızqayıt yeri.
… Şorbulaq Tanrıdan imdad diləyir;
“İlahi, gedənlər geri qayıda.”
Cinişdər divarı isə öz ümidsizliyindən şikayətlənir:
Cinişdər divarı baxıb yollara
Söyləyir: “Bizimki qalıb Allaha”.
Əsərdə nisgil və qübarı artıran, lirik qəhrəmanın qəlbini yandıran, gözlərindən qan-yaş axıdan bir də odur ki, igidlər oylağı, ərənlər diyarı olmuş Ərəbdağı, Yelli qaya, Bəy dərəsi, Attutulan dərə indi boş qalıb. Orada kişi nərəsi, çoban tütəyi, qopuz səsi, at kişnərtisi eşidilmir. Daha kədərlisi odur ki, bir vaxt bu yerlərdə at oynadan, qılınc çəkən, qalxan tutan mərd igidlərdən əsər-əlamət qalmayıb. Hətta ilhamını Kolanının səhər yelindən alan el sənətkarları da gözə dəymir.
- Ehey!
Gedən yolçu,
dayan!
Harayımı dinlə bir an.
Bir zamanlar
Ağır-ağır
elatlarım vardı mənim.
İlxı-ilxı səkil, kürən,
Boz atlarım vardı mənim.
Poemanın mərkəzində duran Dağ Kolanı obrazı hicran sıxıntısı çəkməkdən xəstə hala düşmüşdür. Dağ Kolanı özünə munis, həmdəm, həmdərd axtarır. Bir zamanlar al-yaşıl geyinən, eşqdən şövqə gələn Dağ Kolanı, doğma övladları yurdu tərk edən andan daim qəm, kədər yeyir. Həmişə özünü zirvələrdə hiss edən Dağ Kolanı öz övladlarına gül ətirli şərqilər, türkülər söyləmişdir. İndi isə, dərdli Dağ Kolanı qəm-qüssə, iztirab havalı ağılar söyləyir:
Şirvanın gözü məndim,
Ellərin sözü məndim.
Havam saf, suyum dərman,
Cənnətin özü məndim.
Dörd bir yanı gül idim,
Gül ətirli yel idim.
Sinəsi toy-düyünlü
Yağı basmaz el idim.
Şair klassik poema gələnəyinə uyğun olaraq, Kolanı obrazının mükəmməlliyini artırmaq üçün lirik haşiyə çıxaraq Kolanının dilindən bir neçə ağı vermışdir. Bu, əsərin bədii dəyərini və kamilliyini daha da artırır.
…Bütün bu qəm- kədərə, nisgilə baxmayaraq şair nikbindir. O ümid edir ki, Dağ Kolanılarda vətən məhəbbəti, yurd eşqi, doğma torpağa bağlılıq hissi yenidən baş qaldıracaq və onlar öz dədə-baba yurdlarına dönəcəklər.
Bu gün olmasa da sabah, biri gün
Gedənlər geriyə dönəcək – dedi.
Toy-büsat olacaq yenə bu yerdə,
Ərlər at belinə minəcək – dedi.
Namiqin doğma təbiəti bir obraz səviyyəsinə qaldırması öz yaradıcılığında irəliyə doğru atılmış bir addımdir. Əsərdə ifadəli və dəqiq bir dillə verilən təbiət təsvirləri canlıdır, etgilidir. Bütün əsər boyu bədii ifadə və təsvir vasitələrindən, peyzajdan ustalıqla istifadə edən şair, sözün həqiqi anlamında, çaqdaşlıq, xəlqilik ideyalarına əsaslanan gözəl bir əsər yaratmışdır.
N.Hacıheydərlinin ’’ Dağ Kolanı dastanı’’ yetkin sənət örnəyi olaraq çağdaş Azərbaycan poeziyasını zənginləşdirən bədii əsərlərdən biridir. Çağdaşlıq, coşğun ilham, yüksək hisslər, həyat sevgisi, doğma yurda bağlılıq bu əsərin əsas səciyyəsi, onu dəyərləndirən keyfiyyətdir.

Комментариев нет:

Отправить комментарий