21.06.2011

Ətə susamış köpəklər


Namidə Bingöl


Oxucuların xahişi ilə gənc şairə Namidə Bingölün şeirini sizə təqdim edirik

Sahibli küçə itləri arasında
Susmaq bilməyən qadının səsi
Qışqırıq, hönkürtü
Zorakılığa məruz qalan
Qadın mənzərəsi
Qəribə sükuta qərq olub gecə
Elə bil sükut da sükut deyil heç
Sanki çalxalanma sükuta qarşı
Əslində sükut da qadından uzaq.
Məni xilas edin
Mən əzilirəm
Bir deyil, beş deyil
Daha çox onlar
Vücudum içimdən parça-parçadır
Qanıma bələnmiş uzanan yollar.
Deyir o qadın
Heyif ki
Səsinə səs verən yoxdur
Hamı öz evində, öz otağında.
Kimi yatağında qadına yaxın
Kimi yatağında ərindən uzaq
Kimi gecələrin ayı-ulduzu
Kimi də gecəyə yarmıçıq qonaq
Döngələr qarışıq yol ayrıcında
Döngələr yollara hakimlik edir
Bir qadın qaranlıq döngə içində
Azadlıq eşqilə işıq dilənir
Susmur,
Fəryad edir
Haray qoparır
Qəflət yuxusundan oyanmış kimi
Qaranlıq işığa təslim olmasın
Qoyun birdəfəlik sakini olum
Gecənin, zülmətin, qaranlıqların.
Deyir qadının səsi.
Amma nədənsə
Bayaqdan azadlıq dilənən qadın
İndi zülmətlərə əyyaşlıq edir
Fahişə qismində əzilən qadın
Fahişə adına analıq edir
Bunun arxasında nəsə gizlənir
Siyasi əqidə?!
Siyasi düşüncə?!
Heç inanmıram
Məncə, qadın hiyləsi

Комментариев нет:

Отправить комментарий