13.06.2011

Təhsil haqlarından yığılan milyonlar hara gedir?

Büdcə ilə yanaşı tələbədən böyük pullar alan ali məktəblərdə qiymətlər durmadan bahalaşır 

Rövşən Ağayev: «Universitetlər maliyyə muxtariyyatı əldə etsə də, onların xərclənməsində hesabatlılıq yoxdur»

Bu gün büdcədə ən yüksək paya malik olan sahələrdən biri təhsildir. İldən-ilə bu istiqamətdə ayrılan vəsaitlər artsa da, keyfiyyət, əksinə olaraq azalır. Bununla bağlı mətbuat dəfələrlə araşdırmalar aparaq ortaya Təhsil Nazirliyinin təkzib edə bilməyəcəyi sübutlar qoyub. 


Məsələn, bir müddət öncə dövlət ali təhsil ocaqlarında təhsil haqlarının qanunsuz olaraq artırılması barədə məlumat vermişdik. Bildirmişdi ki, bu qərarı Təhsil Nazirliyinin təklifi əsasında Tarif Şurası verməlidir. Lakin 2006-ci ildən bəri təhsil haqlarının 5 dəfə artmasına baxmayaraq, Tarif Şurasının bu istiqatədə heç bir qərar qəbul etmədiyi məlum olmuşdu.
Göründüyü kimi, ali məktəblərdə ödənişli yerlərin qiyməti hər il qalxır (hətta təhsil haqları səviyyəsinə görə MDB-də Rusiyadan sonra ikinci yerdəyik-V.R), başqa tərəfdən büdcədən universitetlərin ehtiyaclarının ödənilməsi üçün də böyük həcmdə vəsait xərclənir. Ali təhsil müəssislərinin rəhbərləri bunu universitetlərin maddi-texniki bazasının yenilənməsi ilə əlaqələndirirlər. Amma bəllidir ki, universitetlərin təmirinə və maddi-texniki bazasının yenilənməsinə milyonlarla investisiya xərcləri də ayrılıb.
Aşağıdakı rəqəmlərə diqqət yetirsək mənzərə aydın olar.
2011-ci ilin dövlət büdcəsində bir sıra ali məktəblərin ehtiyaclarının ödənməsi üçün ayrılan vəsaitlərdə həm artım, həm azalma baş verib.
Neft Akademiyasına 2010-cu ildə 10,3, 2011-ci ildə isə 9,9 milyon manat;
Azərbaycan Dövlət Aqrar Universitetinə 2010-cu ildə 4,5, 2011-ci ildə 4,3 milyon
Bakı Dövlət Universitetinə 14,5 və 13,7 milyon manat;
Tibbi Universitetinə 12,8 və 12,8 milyon manat;
İqtisad Universitetinə 10,2 və 9,6 milyon;
Prezident yanında Dövlət İdarəçilik Akademiyasına 1,7 və 1,7 milyon;
Diplomatiya Akademiyasına 3,1 və 4,4 milyon manat;
Lomonosov adına Moskva Dövlət Universtitinin Bakı Filialına 3,5 və 4,3 milyon manat.
Burada son iki ali məktəblərin büdcəsinin artırıldığını, digərlərinin azaldıldığının şahidi oluruq.
2005-2011-ci illərdə bir sıra universitetlərə ayrılan investiya xərclərinə gəlincə, Bakı Dövlət Universitetində tikinti-təmir işləri bitmək bilmir. 1998-ci ildən başlayan təmir işləri indiyədək davam edir. Yalnız bir korpus binasının tikintisinə 6,6 milyon manat vəsait ayrılıb.
Memarlıq və İnşaat Universitetinin təmirinə 4,4 milyon manat;
Azərbaycan Texniki Universitetinə 5,6 milyon manat;
Azərbaycan Tibbi Universitetinə 52 milyon manat (yeri gəlmişkən, ən bahalı fakültələr də buradadır);
İqtisad Universitetinə 2 milyon;
Dövlət Aqrar Universitetinə 5 milyon manat;
Diplomatiya Akademiyasının binasının tikintisinə isə nə qədər pul ayrıldığı göstərilmir. Lomonosov adına Moskva Dövlət Universtitinin Bakı Filialı üçün yeni binanın tikintisinə isə hələ ki, 35 milyon manat nəzərdə tutublar.
Beəliklə, ali məktəblərin ətrafında milyonlar fırlanır. Amma sərf edilən milyonların müqabilində tədrisin keyfiyyəti ildən-ilə aşağı düşür.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev bildirdi ki, təhsil sahəsinə ayrılan vəsaitlərin çoxluğu əsas mövzu deyil. Onun fikrincə, başlıca problem vəsaitlərin səmərəli istifadə edilməməsidir: «İnkişaf etmiş ölkələrdə təhsil haqlarında əməkhaqlarının payı 60-65 faizdir, 30-35 faiz isə maddi-texniki bazanın təminatına yönəlir. Azərbaycanda isə vəsaitin 85-90 faizi əməkhaqlarına gedir. Ona görə də demək olmaz ki, Azərbaycanda təhsildə olan ödənişlər bahadır. Tələbələrdən yığılan təhsil haqlarının 85-90 faizi maaşlara yönəlsə də, ali məktəblərdə çalışan müəllimlərin əməkhaqları orta Avropa göstəricisindən təxminən 8-10 dəfə azdır. Qalan 10 faizlə isə səmərəli maddi-texniki təminat qurmaq mümkün deyil. Məsələn, tələbələrin asudə vaxtlarının təşkili, onların yaradıcılığı ilə bağlı sərgilərin keçirilməsi, ekskursiyalaın təşkili, elmi-tədqiqat işlərinin aparılması üçün investisiya xərclərindən vəsait ayrılmır. Buna görə təhsilə normal vəsait yönəlməlidir. Bu baxımdan universitetlərin ehtiyacları üçün ayrılan maliyyə çox deyil. Hətta deyərdim ki, bu məbləğ ehtiyaclarını tam ödəmək üçün yetərli sayıla bilməz».
Ekspert 2009-cu ildə apardığı araşdırmada müəyyən edib ki, dövlət universitetlərində ödənişli yerlərdən əldə olunan gəlirin həcmi təxminən 50-60 milyon manat olub.
R.Ağayevə görə, əsas problem ayrılan və təhsil haqlarından toplanan vəsaitin səmərəli xərcləməsi üçün mexanizmin olmamasıdır: «Universitetlər maliyyə muxtariyyatı əldə etsə də, onların xərclənməsində heç bir ictimai nəzarət, hesabatlılıq yoxdur. Universitetlərin büdcəsi qapalı hesab edilir. Əgər şəffaf nəzarət qurulsa, ali məktbələrin ehtiyaclarının ödənilməsi üçün ayrılan vəsaitlər normaldır».

Vüsalə RÜSTƏMOVA              bizimyol.az

Комментариев нет:

Отправить комментарий