05.06.2011

"VASİF TALIBOV QƏZZAFFİDƏN BETƏRDİR"

                           Nehrəm sakinləri: "Vasif Talıbov Qəzzafidən betərdir"



Naxçıvanın Babək rayonunun Nehrəm kəndindən deportasiya olunmuş iki sakin bu gün keçirdikləri mətbuat konfransında kənddəki vəziyyət haqqında danışıblar. Naxçıvanın ən böyük kəndi olan Nehrəmdə əvvəllər 13-14 min nəfər yaşayırdı. İndi əhalinin müxtəlif səbəblərdən kəndi tərk etməsi səbəbindən kənd boşalmağa başlayıb.
Kənd sakinlərindən biri Rzaqulu Həsənov bildirib ki, kənddə həyat şəraiti çox ağırdır. Elektrik enerjisi təchizatı və içməli su ilə bağlı ciddi problemlər var. Yerli stadion və park dağıdılıb, bütün çayxanalar bağlanıb, mağazalar sökülüb. Hakimiyyət yeni mağazalar tikib və onların 200 manatdan kənd sakinlərinə icarəyə verir. Çörək almaq üçün digər kəndin sonuna qədər 6-7 km yol qət etmək lazımdır. Yerli hakimiyyət feodal sistemi xatırladan xüsusi qayda-qanunlar tətbiq edib. Belə ki, kənd təsərrüfatı yerlərində yalnız hakimiyyətin icazə verdiyi şeyləri əkmək olar. Hakimiyyət bütün köhnə motosiklləri və avtomobilləri yığaraq məhv edir.
Sakinlərin ötən ildən qalan məhsullarını evdə saxlamaq olmaz, yalnız müəyyən ödəniş qarşılığında ümumi anbarda saxlamağa icazə verilir.
Qaz və su sayğaclarına Babək rayon icra başçısı Elçin Hüseynəliyevdən başqa heç kim yaxınlaşa bilməz. Bu qurumların işçilərinin hansı işə baxdığı aydın deyil. Heç kimin tənqid və ya bu qayda-qanundan narazılıq etmək hüququ yoxdur. Bu baş verdikdə isə təzyiq və təqiblər başlayır.
Rzaqulu Həsənov xatırladıb ki, hələ 1990-cı ildə sürgün edilmiş olsa da, mayın sonlarında doğma kəndinə getməyi qərara alıb. Baş verənləri görən Həsənov və daha 12 nəfər Nehrəm kəndini müdafiə komitəsi yaratmağı qərara alıblar.
Mayın 31-də kənddə etiraz aksiyası keçirilməli idi. Lakin aksiya başlamazdan əvvəl Komitənin iki üzvü saxlanılaraq rayon mərkəzinə göndərilib. Rzaqulu Həsənov onların ardınca gedib, amma o da həbs olunub, Culfaya aparılıb, oradan isə avtobusla Bakıya göndərilib.
“Bunun ikinci dəfədir doğma kəndindən deportasiya olunuram”, deyə o bildirib. Hazırda polis Komitənin 12 üzvünü təcrid edir, onlara və doğmalarına təzyiq göstərir.
Nehrəm kəndinin digər sakini, 2005-ci ildə kənddən deportasiya olunmuş Sahib Hüseynov bütün deyilənləri təsdiq edərək, Vasif Talıbovun Qəzzafidən daha amansız siyasət yürütdüyünü bildirib. Hər iki kənd sakini kənddə vəziyyətin böhran nöqtəsinə çatdığını, Naxçıvan xanı və onun qurduğu qayda-qanundan xilas olmağın heç bir yolu olmadığını hesab edirlər.

Turan

Комментариев нет:

Отправить комментарий