06.08.2011

Azadlıq axtaran qızlar

Elnur Böyükzadə            


Ailəsindən kənarda yaşamaq istəyən qızların sayı günü gündən artmaqdadır. Bu hallara Azərbaycan cəmiyyətində gedən sürətli dəyişikliklərin mənfi təsiri də hiss edilməkdədir və özünü xüsusən də gənclərin hərəkətlərində, davranış və əxlaqında biruzə verir. Məlumdur ki, əhalinin müəyyən bir hissəsi iqtisadi cəhətdən problemlər içindədir. Mənəvi böhranla üzləşənlərin böyük əksəriyyəti hesab edir ki, onlar bu yola maddi problemlər ucbatından düşüb. Qızlarımızda qəribə dəyişiklilər baş verməkdədir. 16-25 yaş arasında olan qızların bir çoxunda ruh düşkünlüyü hiss edilir. Bu yaş qrupunda olan qızların bəzilərilə söhbət zamanı məlum olur ki, onlar ailədən kənarda sərbəst həyat tərzi keçirmək istəyirlər.
Bu fikirdə olan qızlar deyirlər ki, qız və qadınların seriallardakı kimi müstəqil yaşaması vacibdir. Onların fikrincə, qızların ailələrindən ayrı yaşamaması erkən yaşda tez-tez depressiyaya düşmələrinə gətirib çıxarır. Günlərlə stress və depressiya vəziyyətində yaşayan qızlar düşünürlər ki, valideynlərindən uzaqda yaşasalar, onlar istədikləri həyatı yaşaya bilər, valideynlərindən asılı olmazlar.
Xatırladaq ki, bu qızların çoxu serial aludəçisi olmaqla yanaşı, həm də şou-biznes və onun nümayəndələrinin həyat tərzilə ciddi maraqlanırlar. Yəni, onlardan hansı müğənninin hansı ayda, hansı gündə evləndiyini, ailəli olub-olmadığını, kiminlə gəzdiyini və s. soruşsan, bu barədə çox dəqiq cavab verəcəklər.
Sosioloq və psixoloqların sözlərinə görə, bu barədə ciddi tədbirlər görülməsinə böyük ehtiyac var.
Qızların ailəsindən kənar yaşamağa meyl göstərməsini psixoloqlar belə qiymətləndirirlər ki, o qızlar ya ailədə ciddi təzyiqlərlə üzləşir, ya da ki, seriallarda təbliğ olunan “azad həyat”ın təsirinə düşürlər. Psixoloqların dediyinə görə, internet yazışmaları, buradakı müxtəlif saytlar da qızların ailədən uzaqlaşmasına səbəb olur. Daim azadlığa, müstəqil həyata can atan qızların ailələrində təpkilə üzləşməsini onların depressiyaya düşməsi və steress keçirməsinə səbəb kimi göstərən psixoloqların qənaətincə, bu qızlar gec-tez ailəni tərk edir.
Psixoloqlara görə, müasir yeniyetmə və gənclərin bu cür həyata meyl göstərməsində bəzən valideynlərin də günahı az olmur.
Yəqinki çoxlarımız belə ailə tanıyırıq. Həmin ailələrin övladları ya “azad həyat”a can atır, ya da ki, depressiyaya düşür. Qızların bu yolu seçməsində həm mühitdə gedən proseslər, həm telekanallarda nümayiş olunan seriallar, internet, iqtisadi vəziyyət səbəb olur. Bu, olduqca çox ciddi problemdir. Bu qızlar gələcəyin anasıdır. Bu faktorların yaratdığı “qızlar təbəqəsi” diqqəti çəkir. Artıq bu qızlar ailələrilə birgə yaşamaq istəmir, tez-tez özlərinin məclisləri olur, əylənirlər. Əyləncədən çıxıb evlərinə getmək, qonaq gedib qonaq qəbul etmək məsələsi var. Yəni evə gec gələndə valideyn “haradasan” deyə soruşur.
Bizim gənclər özlərini Avropa, Qərb gənclərilə bu mənada müqayisə etsələr də yanılırlar. Çünki, o gənclər müstəqil həyat yaşamağa hazır olsalar da, bizim gənclər qətiyyən hazır deyil. Buna görə də azərbaycanlı gənclər daha çox insan alverinin qurbanı olurlar. Barlara gedən və əxlaqsızlığa qurşanan qızların bəziləri rayon yerlərindən ailələrindən qaçıb şəhərə gələnlərdir.

Комментариев нет:

Отправить комментарий