Bu gun Azərbaycan ailələrində böyüyən uşaqlarımıza Güneyimizdə şovinist islam-fars rejimi ilə, Quzeyimizdə isə antidemokratik durumla gedən milli savaşın davamçıları kimi baxılmalıdır. Bilməliyik ki, güclü və zalım yağılara sinə gərmək elə də asan və tez başa gəlməyəcək, gələ də bilməz. Bir neçə əsrin və nəslin işi, amalıdır azadlıq, milli xoşbəxtlik.
Ermənilərin, yəhudilərin dünya siyasi səhnəsində qazandıqları uğurlar Ermənistandan, Israildən çox uzaqlarda yaşayan soydashlarının ardıcıl olaraq bir neçə millətçi nəsil yetişdirə bilmələrinin nəticəsidir. Yəhudi və ermənilərin uzun zaman milli dövlətləri olmaması səbəbiylə onlar əsrlər boyu tarixi savaşlara o qədər də qatılmamışlar. Qatılmadıqları üçün də aralarındakı passionar enerji daşıyan insan resurslarını təbii nəsil artırma yoluyla sağlaya bilmişlər. Bizdə isə durum, nə yazıq ki, tamam əksinədir.
İçəridə -- Güneyli, Quzeyli Azərbaycanımızda güclü gənc millətçilər əksər hallarda fiziki cəhətdən məhv edilir. Bu da milli düşüncə daşıyan döyüşçü insan geninin sahibinə nəsl artirmasına yol verməmək deməkdir.
Milli dərdə dərman tapmanın çarəsi uzaq demokratik ölkələrə köçmək imkanlarını yaxalayanlara qalır. İndi insan haqlarını sözdə yox, gerçəkdən də müdafiə edən gəlişmiş ölkələrdə yaşayan bizlər millətimizin səngəri olmalıyıq. Səngər – döyüşə atılma üçün uyğun məqamı gözləmək məkanıdır!
Dünyanın hər tərəfində məskunlaşmış soydaşlarımızın hansı keyfiyyətdə uşaq böyütmələrindən asılı olacaqdır gələcəyimiz. Azərbaycanın xoşbəxtliyi uğrunda başlanılan çalışmalar nəsillərin təbii dəyişilməsi səbəbiylə qarşıdakı onilliklərdə, yüzilliklərdə soykökünü sevən evladlarımıza tapşırılası olacaq. Bu müqəddəs amalımızı elə bax bu günlər evlərimizdə yetişdirdiyimiz balalarımıza miras qoymasaq, onları Amerikanın, Avropanın parlamentlərində oturmağa və digər mötəbər vəzifələrdə çalışmağa yüksəltməsək, onlara indi milli təlim-tərbiyə verməsək, gələcəkdə həmişəki kimi yenə də uduzacağıq... Çünkü bir milli davanın mənəvi dəstəyindən savayı maddi və maliyə dəstəyi olmalıdır, olmazsa -- onda bu dava indi də görmədiyi kimi, sabah da, 10, 30 ildən sonra da güclü dünya dövlətlərinin siyasi dəstəyini görməyəcək.
Avropada yaşadığım illərdə müşayət etdiyim acınacaqlı hal odur ki, bir yığıncaqda, qonaqlıqda milli məsələləri müzakirə edən valideynlər bir qayda olaraq balalarına qonşu otaqda oturmalarını, ciddi söhbətlərə mane olmamalarını tapşırırlar. Balaca qonaqlar da ev yiyəsinin evladlarına qoşulub darıxmamaq üçün kompyuter oyunlarıyla, ya da televiziyaya baxmaqla vaxtlarını keçirirlər. Bir pedaqoq kimi deyə bilərəm ki, bu yanlış yanaşmadır. Artıq psixoloq alimlər sübuta yetirib ki, insan beyni istənilən məlumatı yalnız şüur vasitəsiylə deyil, həm də qeyri-şüuri yolla alır. Belə ki, adam bir söhbəti diqqətlə dinləməsə də, eşitdiyi səslər, cümlələr, bilgilər dirək beynin dərin qatlarında ilişib qalır, sonralar isə aktiv şüur qatına keçə bilir.
Evladlarımızı millətin aktual problemlərini dinləməkdən məhrum eləməklə iki önəmli şeyi əldən veririk.
Birinci, dil məsələsini. Çağdaş dilçilik elmi dil öyrənmənin, dil tədrisinin ən rahat yolunu qeyri-şüuri təlim metodunda gördüyü zaman, bizim qonaqpərvər qardaş-bacılarımız, qəsdən də olmasa, yurdumuzdan uzaqlarda döğulan balaları ana dilimizi dinləməkdən məhrum edirlər. Elə bu səbəbdən də xaricdə yaşayan əziz uşaqlarımız Azərbaycan türkcəsində zəif danışır, kəlmələri pis anlayır, yazmaqdan isə heç danışmıram...
Azərbaycandan kənarda qalan ailələrdə danışıq ana dilinin davamlı və dolğun işlənməməsi sorunu da var. Bakida rus dilinə, Təbriz və Tehranda isə fars dilinə meyl edənlər xaricdə yaşayanda da o xarici ölkənin dilini sevməyə başlar, o dili evin içində də işə tutar...
İkinci məsələ, millətçi valideynlərin hərdən bir araya gəlib söhbət eləməsi, siyasi, elmi və s. yeniliklərlə bir-biriylə bölüşməsi yeniyetmə evladlarının yanında olarsa (islam rejiminin millətçilərə işgəncəvermə səhnələrini dilə gətirməmək şərtiylə), o zaman uşaqlar doğma ata-analarının hansı idealın arxasında getdiyini, hansı amal uğrunda çarpışdığının fərqində olar və o da bu istiqamətdə düşünməyə başlar. Xasiyətin, prinsiplərin formalaşdığı bu həssas çağda yeniyetmə insanın milli məclislərdə passiv də olsa iştirak etməsi, passiv də olsa gedən söhbətləri dinləməsi gələcəkdə ikiqat bəhrəsini verər – dil və amal sağlanar, qorunar. Əks halda nəsillər arasında fikir zənciri qırılmış olacaq...
Bizlər millətimizin səngəri olmalıyıq. Səngər – döyüşə atılma üçün uyğun məqamı gözləmək məkanıdır!
Комментариев нет:
Отправить комментарий