Yasamal rayonunda yerləşən “Azərbaycan Respublika Uşaq
Təşkilatının” (ARUT)təşkilatçılığı ilə 24 saylı “Uşaq və Gənclər yaradıcılıq
mərkəzi”ndə müstəqilliyimizin 20-ci ildönümü qeyd olunub. Tədbirdə Yasamal
rayonun icra başçısının müavini Şahin Məmmədov, Respublika Uşaq Təşkilatının
sədr müavini Rüxsarə Axundova, BŞTİ-nin məktəbdənkənar təhsil sektorunun müdiri
Qənirə Sultanova, 158 nömrəli məktəbin direktoru Zenfira Səmədova, 52 nömrəli
məktəbin direktoru Elmira Ələsgərova və Yasamal rayonunda yerləşən orta
məktəblərdə təhsil alan şagirdlər və müəllimlər iştirak edib.
“Gələcəyimiz sizsiniz” deyib sözə başlayan Respublika Uşaq Təşkilatının sədr müavini Rüxsarə Axundova Azərbaycanın müstəqillik tarixindəki yoluna toxunaraq qeyd edib ki, 20 yaşlı Azərbaycan çox böyük uğurlar əldə edib. O bildirib ki, müstəqilliyimiz siz gənclərə əmanətdir. Bu gün Azərbaycanın savadlı və vətənini sevən gənclərə ehtiyacı var. Sədr müavini deyib ki, “Bu gün 20 illiyi qeyd etməyə toplaşmışıq, gün o gün olsun ki, Azərbaycanın müstəqilliyinin 100 illik yubileyini qeyd edəsiniz.
Daha sonra çıxış edən BŞTİ-nin Məktəbdənkənar təhsil sektorunun müdiri Qənirə Sultanova bildirib ki, bu kiçik zaman kəsiyində əldə etdiyimiz uğurlar 20 ilə sığmayacaq qədər böyükdür: “Bu gün siz gənclərin daha da firavan yaşaması üçün hər cür şərait yaradılıb. Sizlər də bu imkanlardan maksimum səmərəli istifadə etməlisiniz və vətənə layiqli vətəndaş və övlad olmalısınız”. Qənirə Sultanova sonda uşaqlara “sizinlə fəxr edirik, müstəqilliyimiz əbədidir, amma bu əbədiliyi siz yaşatmalısınız”deyib.
158 nömrəli məktəbin direktoru Zenfira Səmədova və 52 nömrəli məktəbin direktoru Elmira Ələsgərova da şagirdlərə müstəqillik yolunda ümummilli lider Heydər Əliyevin əvəzolunmaz rolu olduğunu və bu gün prezident İlham Əliyevin xidmətlərindən bəhs edərək vurğulayıblar ki, Azərbaycan gənc lideri ilə daimi irəliyə doğru addımlayır.
Yasamal rayon icra başçısının müavini Şahin Məmmədov isə qeyd edib ki, Azərbaycanda müstəqilliyin yenidən bərpa olunmasından sonra ölkədəki vəziyyət çox gərgin idi, bu zaman ulu öndər Heydər Əliyev hakimiyyətə gələrək təkcə müstəqilliyimizi deyil, eləcə də Azərbaycanı vətəndaş müharibəsindən hifz etdi. Ş.Məmmədov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı sabahı müstəqillik bayramı kimi qeyd etsə də, o həmişə xatırlayır ki, 20 faiz torpağımız işğal altındadır və neçə minlərlə həmvətənlərimiz isə şəhid olub. Elə 1990-cı ilin 20 Yanvar hadisəsinə nəzər salsaq görərik ki, Yasamal rayonu da ən qaynaq məkanlardan biri olub. Ş. Məmmədov həmçinin bu gün Azərbaycan vətəndaşlarının böyük qürurla özlərini təqdim etdiklərini də sonda əlavə edib.
Günel Əbilova
Комментариев нет:
Отправить комментарий