29.10.2011

SÖZÜN QÜDRƏTI


Rövşən Yerfi

Allah kimdir? Fövqəlbəşər qüvvə, kainatın ulu, şəriksiz memarı, insanın mövcudluğunun səbəbkarı, yaradıcısı, yaratdığı qulun yiyəsi, ağası, böyüyü… Bu azman Ağa, Yenilməz Böyük nə istəyir qullarından? Verdiyi öyüd-nəsihətlə zəngin müqəddəs kitabın göstərdiyi yola uyğun yaşamaq və son nəfəsinədək Ona dua edib ibadətdə olmaq! Bunun üçün insan hər şeydən əvvəl nə etməlidir? Məyusedici də olsa, qorxmalıdır. Pis gündən, əzabdan, cəzadan, nəhayət cəhənnəmdən qorxmalıdırlar. Olmazdımı ali şüurlu insana qorxusuz, hürküsüz, özünəlayiq münasibət göstəriləydi?


Olardı. Gözünü örtən, ağlını çaşdıran nəfsi olmasaydı… Uca varlıq baş verəcək təhlükədən Adəmə xəbərdarlıq etmişdi. Xəbərdarlığa baxmayaraq, şeytan zəif damarından - nəfsindən yararlanıb Adəmi yolundan azdırdı. Demək, insana yaradılışından söz batmır. Onu yalnız qorxutmaq lazımdır. Allahın qulu olmaq əvəzinə Adəm nəfsinin qulu oldu. O gündən etibardan düşən, Yaradanın izni olmadan heç nə əldə edə bilməyəcəyini anlayan insanı, malik olduğunu da itirmək qorxusu sarsıtdı. Və cənnətdən qovulan andan bəşər ümmətinə qorxu hakim kəsildi. Belə çıxır ki, nə qədər xislətimizdə nəfsimiz yer tutacaq, Allaha sevgimiz də qorxudan olacaq. Qorxu naminə, nəfsimiz xatirinə Allahı sevməkdə nə dərəcədə səmimilik var? Şübhəsiz, qorxu olan yerdə səmimiyyətdən danışmağa da dəyməz. Əksinə riyakarlıq, yaltaqlıq, mədhiyyə şüurlarda kök atır, məddahlıq sənət zirvəsinə yüksəlir. Yəqin elə buna görədir ki, riyakarlıq adiləşib, məddahlıq qanımıza işləyib. Əgər qorxu olmasaydı Allahı sevməzdikmi? Şükür edib, itaətində olmazdıqmı? Xeyr! Allah bilir nankorluğumuzu. Bizi nankorluq bəlasından qurtarmaq üçün hər kəsə ibadəti vacib sayır. Görəsən neynirmiş qeyri-səmimi, nəfsinin qulu olan binəvalarının dualarını, təriflərini?
Heç demə insanın qorxudan yaranmış itaət dolu ehtiramının ifadəsi, Rəbbinə təsiri əsasən sözün köməyi ilə yaranırmış və küllü aləmin səltənət sahibi olan mərhəmətli varlığın bu qədirbilməzlərin ömürlərinin nə vaxtındasa səmimiləşən, qəlbdən gələn, adicə sadə sözlərdən ibarət dualarına, təriflərinə müəyyən mənada ehtiyacı varmış, sözdən RUH alır, ruhlanırmış!.. Heyrət, sən sözdə olan gücə, Allahın sözə verdiyi qiymətə, dəyərə bax! Əcdadının sözə əhəmiyyət verməməsinin min illərdir ki, əzabını çəkən Adəm övladı sözün qüvvəsinə, hesabına Yaradanının lütfündə qalmışdı! Yoxsa insanlıq dəyərsizləşib çoxdan Yer üzündən bəlkə də silinmişdi.
Dünyanın məhvəri, istinadı imiş sözün qüdrəti…

Комментариев нет:

Отправить комментарий