21.10.2011

Kənan Hacı: “Rafiq Tağının ətini yesəm də, sümüyünü atmaram”


Kənan Hacı yazıçı, şair, publisistdir. Dövrü mətbuatda daimi çap olunur. Cavablarından da hiss olunur ki, maraqlı müsahibdir. Beləliklə, müsahibim yazar Kənan Hacı suallarımı cavablandırır.
-Salam, Kənan bəy. Necəsiniz?
-Salam, Ayxan bəy! Yaxşıyam, şükür!
-Nobel mükafatı bir şairə verildi. Buna münasibətiniz?
-Sadə bir şairə Nobel mükafatının verilməsi əslində qeyri-təbii görünməməlidir. Çili şairi Pablo Neruda xatirələrində yazır ki, mənə bu mükafatın verilməsi xəbərini radiodan eşitdim. Neruda bu yüksək mükafatı səhv etmirəmsə, 1972-ci ildə almışdı. Aradan keçən bu uzun zaman müddətində Nobel mükafatının həddən artıq siyasiləşməsi onun təyinatını istər-istəməz şübhə altına aldı. Ədəbiyyatdakı xidmətlərindən asılı olmayaraq həmin dəqiqə bu mükafatı alan adamın genlərini araşdırırlar ki, görəsən yeddi arxa dönənində bir yəhudi olubmu? Artıq belə bir rəy formalaşıb. Bir də mən anlaya bilmirəm ki, niyə son vaxtlar bu mükafatı qocalıb əldən düşmüş adamlara verirlər.
-“Yağ kimi” romanınız necə qarşılandı?
- Hələ ki, müsbət rəylər eşidirəm. Mətbuatda bir neçə yazı da yazıldı. Amma təbii ki, bu məni qane etmir. Mən o əsərdə tanıdığım adamların həyatını yazmışam, heç bir şey uydurmamışam. Amma gördüm ki, insanlar uydurma qəhrəmanlara o qədər öyrəşiblər ki, indi də belə qəhrəmanları axtarırlar, bu günün oxucusu acı həqiqəti həzm eləməyə hələ hazır deyil, o,  könüllü olaraq şirin yalanlara aldanır.
-Rafiq Tağının Sabir haqqında yazısına cavab yazmışdınız. Yazıçını tənqid edənlərdən biri də siz oldunuz. Maraqlıdır, Sizi bu yazını yazmağa nə vadar elədi?
- Rafiq Tağı mənim sevə-sevə oxuduğum yazıçılardandır. Bu günlərdə tədbirlərdən birində heç nə olmayıbmış kimi görüşdük. Onu tənqid edən yazarlara cavab olaraq yazdığı yazıda qəsdən mənim, köhnə dostunun adını unutduğunu qabartmışdı. Görüşəndə gülə-gülə “inciməmisən?” dedi, sonra da “birinci özün başladın” dedi. Əslində mən fikirləşirdim ki, görəsən yazdığım yazıya görə inciməyib? Mən Rafiq Tağının ətini yesəm də, sümüyünü atmaram. O yazıların heç birində təhqir elementi yox idi. Bu tipli yazıların yazılması klassiklərə bu günkü münasibəti üzə çıxarır. Rafiq Tağının yanaşması da daşlaşmış düşüncədə bir katalizator rolunu oynadı. Sən demə, Sabirə bu cür də yanaşmaq olarmış. Bununla Sabir nə itirir ki? Sabiri diri saxlayan, ölməyə qoymayan əslində bizik.
-AYB-dən ayrılmışdınız. Bu addımı göz önündə görünmək üçünmü atdınız? Yəni, qarşıdurma yaradaraq yadda qalmaqmı istəyirdiniz?
-Bu suala cavab verməkdən artıq yorulmuşam. Mən AYB-dən istefa vermişəm və bu mövzu artıq mənim üçün bitmiş sayılır. AYB-də dəyərli dostlarım da var, normal münasibətlərimiz də var. Bir çoxlarından fərqli olaraq mənim göz önündə görünməyə heç bir ehtiyacım yoxdur. Mən kloun və ya reper deyiləm və ədəbiyyata da heç vaxt şou təfəkkürü ilə yanaşmamışam. Mən müğənni deyiləm ki, gözə görünməklə toylar üçün müştəri yığım. Bir kimsə də deyə bilməz ki, Kənan Hacı haçansa hansısa yazısıyla gündəmdə qalmaq xatirinə qarşıdurma, qalmaqal yaradıb. Mən AYB-nin ədəbi siyasətinə etiraz əlaməti olaraq istefa vermişəm və mənim yadda qalmaq problemim də yoxdur. İndiyədək 4 kitabım çıxıb, yüzlərlə yazıların, şeir və hekayələrin müəllifiyəm. Bir neçə kitablıq tərcümələrim var. Qalmaqal yaratmaqdansa ədəbiyyata xidmət eləmək lazımdır. Xırda söz-söhbətlər ədəbiyyatı zibilləyir, mətndən çıxış edərək fikir yürütmək lazımdır, yanlış məntiq yanlış nəticələrə gətirib çıxarır.
-Ən böyük arzunuzu öyrənmək olar?
-İstərdim ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etsin və biz daha güclü bir dövlət  olaq.
-Yaradıcılığınızda son olaraq  nə yeniliklər var?
- Avtobioqrafik bir roman yazıram. Xeyli hissəsi yazılıb, bu ilin axırına bitirmək fikrim var. Gündəlik yazılar vaxtımın xeyli hissəsini əlimdən alır. Bu yaxınlarda  “Qanun” nəşriyyatında bir tərcümə kitabım çıxacaq.

Söhbətləşdi: Ayxan Eyvaz              merkez.az

Комментариев нет:

Отправить комментарий