21.10.2011

Labirint dünyanın Sevgi bucağı...


Habil Yaşar. Esse


   Hardadır o bucaq? Milyon illərdir axtara-axtara tapa bilməyirik o bucağı biz. Kor işığa həsrət qalan qədər həsrətik o bucağa. O bucağın varlığı utopik görünür bizə. Bəzən  nağıllarda, bəzən xəyallarda arayırıq, tapa bilmirik ki, bilmirik. Tapa biləcəyimizə də ümidimizi üzürük çox zaman.

Nə bilək bəlkə də bir addım ona yaxınlaşdığımız zamanlar da olub, amma hiss etmədən, duymadan uzaqlaşmışıq o bucağın ətrafından. Bəlkə də qapımızın ağzında saatlarla gözləmiş bizi, biz isə eşitməmişik qapımızın dəfələrlə döyüntüsünü. O özü bizə öz ayağı ilə gəlmişkən, biz özümüz onu uzaqlaşdırmışıq özümüzdən. Nə bilim o qədər bəlkələr var ki, bəlkə də elə bəlkələr unutdurub bizə o bucağa yetişməyin yollarını və ona görə də şübhələr içində itib-batdığımızdan itirmişik özümüzü, o bucağı, o bucağın mövcudluğunu. Bax beləcə hər an zərrə-zərrə özümüz də bilmədən yadlaşmışıq ona və o da bizə doğma gözü ilə baxmayır daha. Sahildən uzaqlaşdıqca necə dalğalar içində batırsa insan bax bizdə eynən  məhv oluruq beləcə. Onunla aramızda olan körpü bir ümid işığı düşməyəcək qədər zəiflədikcə məğlubiyyətimizin təməli qoyulur əslində. Bu məğlubiyyət başqalarına bənzəməyəcək dərəcədə sarsıdıcı olacaq və insan o zaman anlayacaq məğlubiyyətinin böyüklüyünü və bu böyüklük ona öz kiçikliyini göstərəcək. Bir zaman edə biləcəklərimizi  etmədiyimizdən, zamanla edə bilməyəcəklərimiz çıxacaq qarşımıza və bu zaman öz acizliyimizi anlayacağıq dərindən. O zaman qədrini biləcəyik o bucağın, amma o zamanda artıq gec olacaq və əbədi itirəcəyik o bucağı, daha düşünmək belə yersiz olacaq ona yetişməyin yollarını. Nə qədər hələ tamamilə bağlanmayıb o yollar o bucağı tapmaq üçün daha inadkar,daha mübariz  olmalıyıq. Bu gün, bu gündə yox, elə bu saniyədən etibarən cəhd etməliyik. Bu an heç zaman gec olmayıb, sadəcə bu anın və bütövlükdə hər anın dəyərini bilməklə qovuşa bilərik o bucağa. O bucağın adı Sevgi, sevginin məkanı isə o bucaqdadır. Sevgi günəş kimidir, sadəcə onu görmək üçün qara buludları qovmaq lazımdır gözlərimizin önündən və o zaman günəşlə gözlərimiz arasında məsafənin olmadığının fərqində olacağıq. Həqiqət olan şeyləri xəyal kimi yox, məhz həqiqət olaraq qəbul edə biləcəyimizdə,  o zaman həqiqət günəşi parlayacaq ürəyimizdə.”HƏQİQƏT SEVGİDİR, SEVGİ HƏQİQƏT!” bu yol o bucağa gedən ən gözəl vasitədir. Bu vasitəni itirməmək öz əlimizdə olduğu kimi, onu itirmək də öz əlimizdə olduğunu unutmamalıyıq. Ən əsası “qırmızı” işıq yanmamışdan öncə yetişməliyik ona, əks halda qəbul etməyəcək o bucaq bizləri. 

Комментариев нет:

Отправить комментарий