23.10.2011

DOSTUMA ELEGİYA

Картинка 11 из 133921
Rövşən Yerfi                                       

 Yazıçı ömrünü yaşamaqdan usanmış dostumun əziz xatirəsinə

O, daha yox idi. Yəni, qəribə də olsa səssiz-küysüz  aramızdan getmişdi. Yalnız surəti bir müddətlik yaddaşlarda, xatirələrdə ilşib qalmışdı. Cismi metryarımlıq torpağın altında, ruhu isə hələ dəqiq yerinin təyinatını gözləyənədək göylərdə vaxtını ötürürdü.
Ölümünün qəribəliyi onda idi ki, öləcəyini özü də daxil olmaqla kimsə gözləmirdi.

Qocalmamışdı, ağır xəstəliyi də yox idi, nə də kimsə onu öldürəcəyi ilə hədələməmişdi. Ola bilsin özünə ölüm arzuladığı anları olmuşdu: imkansızlıqdan sıxılanda, ehtiyacdan darılanda, yazıçı taleyindən usananda,  həyatın mənasızlığını dərk edəndə... Amma, bunun üçün qabaqcadan heç bir hazırlıq görməmişdi. Əcəl qəfildən gəlmişdi. Sanki, Əzrayıl onunla və onu tanıyanlarla məzələnmək istəyib ölümünü “sürpürüz” etmişdi.
O, daha səhərlər işə getməyəcəkdi, axşamlar evə qayıtmacaqdı. İşdə onu ən çoxu bir həftə xatırlayıb, sonra yavaş-yavaş unutdular, guya, başqa yerdə işə düzəlib. Az keçməmiş yerini tutdular, necə deyərlər, biri ölməsə biri dirilməz...
Evdə yoxluğuna qırxından sonra alışdılar. Düşünürdülər ki, rayona gedib qayıtmaq istəmir. Həmişə deyərdi ki, pensiyaya çıxıb rayona gedəcəyəm. Dediyindən tez getdi, sadəcə torpağın altında olduğundan onu rayonda kimsə görmürdü...
Hər şeydən əvvəl yiyəsiz qalmış paltarlarını evdən çıxarıb kiməsə verdilər, sonra gərəksiz əşyalarını, kitablarını kim istəsə bağışladılar. Bahalılarını xatirə kimi saxladılar. Cib telefonunun nömrəsini yığanda elə bilirdin yenə onun səsini eşidəcəksən. İlk aylar susan nömrədən sonralar oğlunun səsi gəldi...
Onun ölməyinə baxmayaraq tanış-bilişın nəzərində həyat olduğu sayaq dəyişilməz qalırdı. Hesab edilirdi ki, o, müvəqqəti qonaq kimi dünyaya gəlmiş və  sağollaşmadan sakitcə getmişdi. Əlbəttə, ağılları kəssələr də, heç kim özünün də bir gün öləcəyinə inanmaq istəmirdi. Onlara görə hər şey öz əvvəlki axarında idi. İş yeri də, ev də, dostları da onsuz fəsilləri yola salır, bayramları  qarşılayırdılar. Ədəbiyyat aləmi dostumun varlığını yoxluğundan sonra xatırlamışdı. Yazdıqlarını sağlığında oxumayanlar, haqqında təmannasız söz deməyənlər, indi rəhmət əvəzi  zamanında qiymətləndirmədikləri istedadını tərifləyib xislətlərini ört-basdır etmək üçün ölümündən də yararlanmağa çalışırdılar. Hər addımında kömək uman, ona pis işləyən “bankomat” gözü ilə baxan uşaqları da dirçəlmış, fəallaşmışdılar. Yetim qalan təkcə xanımı idi. Belə çıxırdı ki, yaşamasının həyat yoldaşından savayı başqaları üçün elə də böyük əhəmiyyəti yoxmuş. Eyni zamanda ölüb-ölməməyinin də... Demək, onun əsas itkisi bircə yaşamaması idi...
Ancaq, dostumun ölümündə qazancı da az deyildi. O, daha özünə təzə kostym,  dəbli papaq axtarmayacaqdı. Gələn qışa keçən qışdan təxirə saldığı paltonu almalıydı. Su buraxan ayaqqabısını da dəyişməyəcəkdi. Hələ yoldaşı, uşaqları üçün də nə qədər alacağı vardı. Üst-üstə toplasan filan qədər pul eyləyirdi. Yaşasaydı o pulu heç yarım ilə də toplaya bilməyəcəkdi, həmişəki kimi evdə üzüqara qalacaqdı. Daha uşaqlarının təhsil haqqı üçün də kimdənsə borc istəməyəcəkdi. Onların haradasa işə düzəlmələri üçün faizlə borc götürüb rüşvət də verməyəcəkdi. Doğum evindən məzarlığadək davam edən rüşvət paylamadan əməllicə cana doymuşdu. Bir sözlə, dostum ömürboyu əzabını çəkdiyi kasıbçılıqdan, saysız-hesabsız əziyyətlərdən canını qurtarmışdı. Xüsusilə, daim piyada olub dalısıyca qaçdığı pul sarıdan xeyli irəli düşmüşdü. Bu baxımdan ona az qala paxıllığım tuturdu. İndi ondan heç kim heç nə ummur, heç nə istəmirdi. Bəlkə də elə bu səbəbdən vaxt keçdikcə unudulurdu... Onsuz da, o, günlərin birində öləcəkdi, on il tez, ya on il gec. Tez ölməyinin xeyri o oldu ki, doğmaları onsuzluğa tez də alışdılar. Onun da dərdlə dolu yaşamaqdan görəcəyi zülmü az oldu...
Hər il ad günümdə hamını qabaqlayıb, o, məni təbrik edərdi. Xasiyyətinə xilaf çıxmayıb ölümündən sonrakı ad günümdə də yuxuma gəlmişdi, xoşbəxtcəsinə gülümsəyirdi. Çox zaman hədiyyə ilə məni sevindirməyə çalışan dostum, bu dəfə isə əzablı ömrünün qalan hissəsini mənə “bağışladığına” görə sevinirdi. Arxayın idi, bilirdi ki, ondan yaşca kiçik olduğumdan xətrinə dəyib bəxşişinə etiraz etməyəcəyəm. Əvəzinə bu payla xatirəsinin ömrünü uzadacağam...
Həyatımız oxşar idi: islanmışın yağışdan nə qorxusu... Danışmadım, məndən inciyərdi “hədiyyəsini” bəyənməsəydim...
Картинка 9 из 133921Gördüyüm yuxudan sonra həyatımda çətinliklərim  nə qədər olsa da şikayətlənmirəm, bezmirəm, dostumun ruhu şad olması naminə dinmədən dözürəm. Nə etməli, dözəm gərək, tale yükümlə yanaşı onun da verdiyi “yükü” çəkəm gərək. O vaxta kimi, özüm də başqa bir cavan dostuma ömrümün yaşaya bilməyəcəyim, yaşamaq istəməyəcəyim hissəsini bağışlayanadək...

Комментариев нет:

Отправить комментарий