Rafiq Tağı. Hekayə
Bayramqabağı, tanışlıq üçün, buruldum rastıma düşən yaşıl
birisinə. İçəridə, sağda, “kassa” yazısının altında, üstü aypara şəkilli, adam
sifəti boyda pəncərədən elə adam sifəti də görsənirdi. Göyçəklikdə - qadın üzü
idi. Adama elə gəlirdi ki, “kassa” məhz bu üzün adıdır.
Solda işıqlı dəhliz uzanır. Dəhlizə işıq yanlardakı, içində iş (söhbət) gedən, qapıları açıq kabinetlərdən düşür. Qapısı bağlı statik bir kabinet düz qabağa perpendikulyar qaranlıq saçıb. Bu qaranlıq dəhlizdəki uzun işıq zolağını ikiyə bölmüşdü.
Dörd ilə keçir...
Şəhərin harasında hüquq məsləhətxanası gördümsə, yerini
nişanlayıram. Biri Taqankadadır – metronun ağzında. Biri Operetta Teatrının beş
addımlığında durur. Hələ qıraqlar – Yasenevo, Sviblovo. Bir sözlə, addımbaşıdılar.
Ancaq azar tutub, gedib bircəsində üçcə kəlmə sözü soruşmağa ürək eləmirəm.
Qorxuram deyələr yox; onda batdım.
Solda işıqlı dəhliz uzanır. Dəhlizə işıq yanlardakı, içində iş (söhbət) gedən, qapıları açıq kabinetlərdən düşür. Qapısı bağlı statik bir kabinet düz qabağa perpendikulyar qaranlıq saçıb. Bu qaranlıq dəhlizdəki uzun işıq zolağını ikiyə bölmüşdü.
Qaranlıqda oturan kişi yerdə nəyəsə baxırmış kimi idi.
Kabinetlərdəki sual-cavab canıma üşütmə salır.
“Olarmı?”
“Olmaz”.
“Olmaz?”
“Olmazzz”.
Mənə də desələr olmaz, ayaq üstə ölləm.
Girişlə üzbəüz, türmədəkilər kimi bitişik stullarda elə stulların
sayı qədər adam oturub.
Məsləhətə növbədir.
Atamla anamın ikisini birdən yanıma gətirməyə ixtiyarım
çatır, ya çatmır? Çoxdan qəlbimi deşən əsas sual budur. İxtiyarım çatırsa, gətirərəm;
özlərə gəlmək istəməsələr belə. Dilə tutaram – bağ belə, bostan belə. Dağlar vəd
edərəm. Ata-ananı aldatmağa nə var. Buna ixtiyarım yoxsa, onlar məni dilə tutsalar
da, lap ayağıma döşənələr, gətirmərəm. Olmazzz, qurtardı getdi, “nizzzya”.
Mənlik deyil bu, onlara deyərəm, axı, arzularımızın çoxu
qanundan kənardır.
Allah insan varlığını qanunlara uyğun biçməyib. Birdən-birə
iki qocanı sürüyüb öz yanına gətirmək dövlətçiliyə daban-dabana ziddir.
Moskva artıq yükü sevməz.
...Yeddi uşağın yeddisi də quş oldu, uçdu. Elə bil öz kəndləri,
öz evləri pisdi. Bəyənməyib getdilər. Ya sanki bir-birini sevmirdilər; ayrı
yaşamağı üstün tutdular. Kişiylə arvad evdə tək qaldı; guyamış təzə evləniblər.
Əvvəl tənhalıq onları tanımazdı, indi tanıyır.
Onları yanıma gətirsəm, pasport qaydalarını pozaram, ya yox?
Poliklinika onlara baxar, ya baxmaz? Qarşıya bir-birindən qəliz suallar çıxırdı.
Şər deməsən, xeyir gəlməz, birdən yıxılıb öldülər..., bu qeydiyyatsız adamların
dəfni necə olar? Bir də, açığı, onları yarmaq istəsələr, bağrım çatlar. Yenə sual:
oğulun-noğulun icazəsi olmadan ölmüş valideyni kəsib-doğramağa onların hüququ
varmı?
Əcəb haçansa ata-anasını yanına gətirmək istəmiş bir məsləhətçiyə
düşəsən: o hər şeyi bilər, səni də yaxşı başa salar.
Günlərin bir günü “stalinka” adlanan arxitektur “vısotka”nın
başabaş alt mərtəbəsini tutan, formalı-naxışlı, çölü də pannolu bir hüquq məsləhətxanasını
uzaqdan görüb, yan aldım ora. Növbə tutub gözümü zillədim qəzetə. Qarşıdakı adamı
yadımdan çıxarmamaq, onu itirməmək üçün tez-tez başımı qaldırırdım. Qulağım da
içəridə. İçəridəki həmin “olar-olmaz” fonunda öz qarşıdakı ixtilatım canlanırdı.
“Eşidirəm sizi”.
“Atamla anamı yanıma gətirsəm...”
“Daimilik?”
“Haçan öldülər-öldülər...”
“İcazə yoxdur”.
“Onsuz çox yaşayan
deyillər”.
“Olmazzz”.
“Niyə?”
“Moskvadır bura!”
“Moskvada ata-ana yasaqdır?”
“...Vətəndaş, qanunun niyəliyini soruşmazlar. Onda onun
aliliyi pozular”.
“Axı, onların biri doğmaca atamdır, biri də doğmaca anam”.
“Dövlət intizamı ata-ana tanımır. ...Ey, sonrakı!”
Vay, burda adamı hələ içəri girməmişdən bayıra tullayırlar. Xəyalda
belə amansızlıq görürəmsə, reallıqda bundan beşbetərini taparam. Üzüsulu küçəyə
çıxdım. Metroda təzədən qapandım qəzetə. Orda öz fikrimdəkilərini oxuyurdum.
“Gərək indən belə az-az məktub yazam, onları buna vərdiş elətdirəm.
Məndən ötrü darıxmamaları üçün məcburam özümü unutduram. Ata-ana borcundan ancaq
bu yolla çıxa bilərəm. Düzdür, bu, düz deyil: onlara özümü unutdurmaq əvəzinə
özüm onları unudaram”.
Qatar gah işığa girirdi, gah qaranlığa, vaqonda gah gündüz
olurdu, gah gecə. Gündüz də, gecə də sürətlə sovuşur, geridə qalırdılar.
Görəsən... Ola
bilsin... Əcəb...
“İkisindən ancaq birini
gətirməyə ixtiyarın var. Qoy püşk atsınlar,” – hüquqşünas qulağımın içindəcə mənə
deyir.
“Onların ikiciyəzi elə bir adamcadır, vallah. Quşca yeməkləri
yoxdur”.
“Bir adamca olsalar da, təəssüf ki, sənəddə iki adam gedirlər”.
“Bə mən neyləyim?”
“Yeddi bacı-qardaşsınız: paylaşın öz aranızda”.
“İkini yeddiyə necə bölək?”
“Bax, bu olmadı. Yoxam daa belə şeyə. ...Orda kimdir, gəlsin!”
Allah betərindən saxlasın: xəyalımda hey qovuluram.
Evdə, poçtun gözlüyündə məktub görsənirdi...
1985, yanvar;
yenidən işlənib – 23-26
oktyabr 2011-ci il
Комментариев нет:
Отправить комментарий