21.10.2011

Pərvin adında bir gənc yazıçı


Məryəm Savaş

Sizə səslənirəm, ey əhli – qələm, siz Pərvin adında bir gənc yazıçı eşitmisinizmi? Nə gözlərinizi döyürsünüz? Yox?! Deyəsən, bir az sərt dedim, hə?! Məcburam, çünki burda qoyun kimi gözlərinizi döydükcə, sizin haqqınız əlinizdən alınacaq. Əlinizi yelləyb keçməyin, çünki bu məsələ çox ciddidir, hətta sizin sandığınızdan da ciddidir. Bəlkə, siz geridə qalmısınız, bəlkə siz son dövrlər ortalığa çıxan imzaları tanımırsınız, ola bilməz? Ola bilməz? Siz elə hesab eləyin! Indi imzalar yetişir taza – növrəstə imzalar ki, bu imzalar hətta üç cümlə yazıb gəncləri hardasa təmsil edirlər. TÜRKSOY – un ədəbiyyatla, konkret olaraq poeziya ilə bağlı olan tədbirlərinə göndərdikləri kimlər idisə, burdada mı eyni hal özünü göstərəcək?
Sizə səslənirəm, ey əhli – qələm, siz Pərvin adında bir gənc yazıçı eşitmisinizmi? Fikir verin,  “Sizə səslənirəm, ey əhli – qələm, siz Pərvin adında bir gənc yazıçı tanıyırsınızmı”? – deyə sual ünvanlamadım və bu iddiadan da uzağam, çünki o, mənim həddim deyil. Bu ölkədə AYB adlanan bir qurum var və o qurumun başında da gənclərin sevimli dostu əyləşib. Mən bunu mübaliğə və.s xətrinə demirəm, mən onun çox ciddi, reytinqli yazıçı hesab etdiyimdəndir ki, bilirəm div qardaş özü bilər kimi hara göndərər? Pərvin xanım bəlkə də yaxşı yazardır, bəlkə də onu biz tanımırıq və ona haqsızlıq edirik. Amma ən azından nasir kimi olmasa da, gənc nasir kimi tanınmalısan ki, səni harasa göndərəndə özündə vicdani bir rahatlıq hiss edəsən ən azından. Vallah, yoxsa, el arasında bir misal var, deyir: utanmasan, oynamağa nə var ki?
Mətn deyilən qavram elə bir şeydir ki, ona nə deyirsənsə de, xeyri yoxdur, o, qaldığı yerdə qalacaq. Çünki, yüz ildən sonra gələcək nəsil bu dövrə baxanda deməyəcək ki, fikir verirsən, Azərbaycanı o vaxt kim təmsil edib xaricdə? Yox, deməyəcəklər! Onlar üçün mətn olacaq. Ortalıqda mətn varsa, vəssalam, həmin mətnə baxıb həmin yazarın dəyərini verəcəklər.
Düzü, mənə çox maraqlı gəldi, dünən sosial şəbəkələrin birində oxuyanda ki, Azərbaycanı hansısa beynəlxalq tədbirdə gənc nasirlər Qismət(onun nəsr əsərini oxuyan varsa buyursun!) və Pərvin təmsil ediblər! Nə deyək? Nə deyək – deyəndə ki, məni maraq üstələdi və bir sağıma, bir soluma baxdım ki, kimlərsə kimin haqqını yeyir, məndə kənarda dayanmışam baxıram. Əşşi, nəyimə lazımdır? – deməkdən asan nə var bu yer üzündə? Üzümü tutdum qələm adamlarına ki, görəsən onlar belə bir imza tanıyırlarmı?
Redaksiyada hamı maşaallah əli qələm tutandı, az – çox bu məsələləri dişlərinə vurublar. Birinci Zaur Qəriboğludan soruşdum ki, görəsən o, Pərvin adında bir gənc yazıçı tanıyırmı? Zaur Qəriboğlunun gözlüyünün altından qaşları çatıldı və dedi ki, imkandısa bunu Oktay Hacımusalıdan soruşum. Oktay Hacımusalı isə Pərvin imzasını sadəcə bir jurnalist kimi tanıdığını, arada – bir “525 – ci qəzet”in səhifələri boş qalanda “hekayə”lərindən boş səhifələri doldurmaq üçün istifadə olunduğunu bildiyini dedi. Amma bir şeyi qeyd eləməyi unutmadı ki, onu tanısa – tanısa ədəbiyyatşünas – tənqidçi, həmin qəzetin əməkdaşı olmuş Bəsti Əlibəyli bilər. Bəsti xanıma zəng vurduq və gözlədik. Salamlaşmadan və təqdimatdan soruşduq ki, bəs Bəsti xanım, siz Allah haqqə üçün, uzun illərin tənqidçisisiniz, Pərvin adlə gənc nasir tanıyırsınızmı? Bəsti xanım bizə heç cür boyun olmadı ki, Pərvin xanımı tanıyır. Ola bilməz ki, son illərin ən məhsuldar tənqidçisi, AYB – nin tənqid seksiyasının üzvü son illərin ən məhsuldar gənc nasirini tanımasın? Yenə görürəm, qaşlarınız çatıldı, ağzınız əyildi ki, nə olsun ki, tanımır? Yox, tanımamaqla qalmış olsaydı nə isə, Bəsti xanım bunu da əlavə etməyi unutmadı ki, Pərvin xanımın adına statistikada rast gəlib. Belə rast gəlib ki, statistikada göstərilirmiş ki, Pərvin xanım da yazar imiş vəssalam. Nə qüdrət, nə hikmət! Eşq olsun, bu ölkənin ən böyük nasirinə və bu ölkənin ən görkəmli tənqidçisinə! El arasında bir misal da var: deyir “elçi gülüm olanın başına da külüm olar”!
Hansı statistik göstərici imiş o və o statistik göstəricini kim tərtib edirmiş, onu dəqiq bilmirəm, amma bircə onu bilirəm ki, gör bizim gənc yazarlarımız, ələxsus da gənc nasirlərimiz – elə Gənc Ədiblərin şinelindən çıxan Zərdüşt Şəfizadələr, başqa vaxt iddiası yeri göyü dağıdan, Rəşad Məcidin özünü söydürüb yalançı qəhrəman düzəltdiyi Kəramət Böyükçöllər, Ziyad Quluzadələr çox zavallıdırlar. Haqqlarını tələb edib deyə bilmirlər ki, axı, niyə, hansı səbəbdən Azərbaycanı hansısa beynəlxalq tədbirdə ortalıqda bircə dənə də olsun nəsr nümunəsi olmayan “nasir”lər təmsil etməlidir? Niyə etiraz etmirlər? Etiraz edə bilməzlər. Əllərində o boyda “verilir filankəsov filankəsə ki, o, həqiqətən də yazıçıdır” – yazılmış diplomları, ciblərində AYB – nin vəsiqəsi və prezident təqaüdünün kartları… Niyə etiraz etsinlər, niyə? Tavan onlar üçün oraya kimidir, axı! Haqqları tapdalandı ya da tapdalanmadı, nə fərqi var? Onsuz da onlar hər zaman haqqlıdırlar öz aləmlərində. Başqa vaxt hər tədbirdə oğlunun fəxrlə roman yazdığını gözümüzə soxan şair Qəşəm Nəcəfzadə niyə dinmir? Yoxsa, o, Kəramət Böyükçölün xaricə gedib Azərbaycanı təmsil etməsini istəmir? Axı, Qəşəm Nəcəfzadə ən azından bilməlidir ki, onun oğlunun buna daha çox haqqı çatır. Hərçənd ki, iman əziz, bu roman haqqında da çox dedi – qodular gəzir ədəbi arenada.
Pərvin xanımın kefinə soğan doğramışamsa, üzrlü bilsin! Amma o da gərək özü öz yerini tanısın. Tanısın ki, ona bəzi başqa mətləbləri qandırmağa hacət qalmasın!
Nəysə, növbəti imzaların təqdimatında görüşərik!

Комментариев нет:

Отправить комментарий