29.10.2011

Birlə sıfrın sevişməsi


Sayman Aruz

Birlə sıfrın sevişməsində, gülüm
Yenə də sənlə mən on olduq, ah
Sən olan yerdə mən onam, rəqəməm
Sən gedəndən sonra sıfırlı günah.

Sən o birsən ki durmusan ayağa
Mən o sıfram ki dizlərim bükülür
Tənhalıqlar sıfırladıb içimi
On olaq gəl, sevişməyim tökülür

On olaq gəl hesablanaq bu gecə
Biz də gəl bu hesabata dolalım
Sənə qarşı olammıram 33
Nə olar gəl 69 olalım.


Birlə sıfr üstəgəl olur yenə bir
Birlə sıfrın vuruşması da sıfır
Bizi yalnız sevişməmiz böyüdür
Riyaziyyat bizi həmişə sıxır

Riyaziyyat bizə ölüm kimidir
Ədəbiyyat bizə sehirli ocaq.
Sevgi bilməz hesab-kitab oyunun
Sevişək gəl hesab-kitabdan uzaq.

Beş dənə bir vurulsalar ikiyə
Yenə də on olub oyun quracaq.
Bir sıfır milyon ildə tək başına
On olub ortalıqda durmayacaq.

Tüm rəqəmlər çoxalsalar da yenə
Sıfır yalnız dığırlanıb duracaq
Sonra da gözlərini yumub özünə
“Mən yoxam”, “mən heçəm” möhür vuracaq.

Mən o sıfrəm ki səndən ayrı heçəm
O onam ki birindən ayrı qalıb.
Üstəgəl, çıx, ya vur məni, ya da böl,
Varlığım varlığından asılı qalıb.

Комментариев нет:

Отправить комментарий