15.10.2011

Neft səltənətində payız qıtlığı


Nəzirməmməd Quliyev

Zamanında kənd əhalisinin Bakıya kütləvi köçünün hansı nəticələrə gətirib çıxaracağını yazmışdım

Aqrar sahəni – kənd təsərrüfatını unudub neft bumunun eyforiyasında yaşamaq öz təsirini göstərməyə başlayır. Hələlik “Holland sindromu”nu yaşamasaq da, ölkəni hazırda başdan-başa bir kabus kimi ağuşuna alan, əti 10 manata, yağı 7-8 manata, meyvə-tərəvəzi ağlasığmaz qiymətlərə qaldıran “payız qıtlığı”nın fundamental köklərini axtarmağa məcburuq. 

Təəssüf ki, bu qıtlığın analizinə nə rəsmi məlumatlarda, nə də mediada rast gəlmək olmur. Olsa-olsa hansısa qurumun, hansısa oliqarxın inhisarçılığı səbəb göstərilir. Vəssalam. Bu da prosesin vintciklərindən ola bilər. Ancaq vintciklərindən...
Zamanında kənd əhalisinin Bakıya kütləvi köçünün hansı nəticələrə gətirib çıxaracağını, ərzaq qıtlığı yaradacağını, bu gedişlə yeni iş yeri kimi göstərilən yeni körpülərin hətta tıxac problemini belə həll edə bilməyəcəyini yazanda bəzi həmkarlarım mənə “neft pulları çoxdur, narahatçılığa əsas yoxdur” deyirdilər.  Ancaq deyəsən xoruzun quyruğu görünməyə başlayır. Belə demək mümkünsə, haqqında əfsanələr yaradılan qüdrətli neft pulları qıtlığın qarşısını almaqda aciz görünür. Əslində elə belə də olmalı idi. Çünki heç kimin sonadək hesablaya, tamamilə dərk edə bilmədiyi, reallıqdan çox-çox uzaq statistik rəqəmlərdə dəqiq göstərilməsi mümkün olmayan (haramçılığı bir o qədər yaxın buraxmayan da yazmaq olardı – N.Q) aqrar sahə qoruyurdu vətəndaşların həyatını. Qeyri-istehsal sahələrinin - körpülərin, yolların tikinti və təmirinin fonunda unudulmuş, arxa planda qalmış kənd təsərrüfatı. Əksər dəyərlərimizin yöndəmsiz şou proqramlara və qarına qurban getdiyi bir zamanda heç olmasa qida qıtlığı ilə üzləşməyimizin qarşısı alınmalı idi. Təbii ki, aqrar sahəni qorumaq, dirçəltmək bu istəyimizi reallaşdıra bilərdi.
Kənd təsərrüfatı mütəxəssislərinin, iqtisadçıların ətin, digər heyvandarlıq məhsullarının qiymətləri “ceyran belinə qalxandan” sonra bu proseslərə reaksiya verməsi yalnız acı təəssüf hissi doğurur. Onda məlum olur ki, ölkə əhalisinin əsas hissəsinin, böyük əksəriyyətinin dolanışığı ölkənin baş bəlasına çevrilən, beynəlxalq güclərin mübahisə meydanına səbəb olan neftdən daha çox Allahın bəxş etdiyi digər nemətlərdən asılı imiş. Ancaq ondan düzgün istifadə edəndə... İqtisadçıların arabir yadlarına düşdüyü kimi: “iqtisadi gəlirlərin xərclərini düzgün istiqamətə yönəldəndə...”
Kənd həyatını yaşamış insanlar dəqiq bilirlər ki, payız qıtlığını yaradan səbəblərdən biri bu fəsildə ət və süd məhsullarının istehsalının kəskin şəkildə azalması prosesidir. Bu azalmanın yaratdığı fəsadların qarşısını almağasa yuxarıda da qeyd etdiyimiz kimi, heç bir neft gəlirləri – filan qadir deyil. Çünki yoxsulluq həddinin bütün sədlərini aşa bilməyən kənd əhalisi taleyin ümidinə buraxılaraq öz başını özü saxlamaqla məşğuldur. Gözlərini təsərrüfatlarındakı mal-qaraya və torpaq paylarına diksələr də, illik gəlirləri az olduğundan əllərindəki südlük və damazlıq mallarını da bazara çıxarıb satmağa məcbur olurlar. Beləliklə müəyyən dövr üçün maddi tələbatını qismən də olsa ödəyə bilirlər. Ancaq nəticə heç onların özü üçün də ürəkaçan deyil. Bu acınacaqlı mənzərə bir qədər fərqli və bəlkə də daha amansız şəkildə tərəvəz, bostan əkən, meyvə yetişdirən kiçik fermer təsərrüfatlarının da başına gəlir. Bəs onlar öz təsərrüfatlarını necə qorusunlar və genişləndirsinlər? İndi bu suala canıyananlıqla, kommersiya niyyətsiz cavab axtaran kimsə varmı? İstəyərdik ki, cavab versinlər. Söhbət ümumi şəkildə veriləcək cavablardan getmir: Filan qədər kredit vermişik, aqrolizinq belə getdi, aqroservis elə getdi və s. Bunlar nə şəkildə verilir, necə istifadə olunur, artıq cəmiyyət bu sözlərin həqiqətdən çox uzaq olduğunu anlayır və elə ilk məqamdaca həmin məlumatları allergiya ilə qarşılayır. Real gördükləri ilə eşitdikləri arasındakı ciddi fərq onları buna vadar edir.
Götürək elə kreditləri. Kreditlər 1.000 – 2.000 – 5.000 manat dəyərində verilir. Bir il müddətinə. İmkansız ailələr bu pulu götürüb ancaq müəyyən qayğılarının həllinə yönəldə bilirlər. Bununla da olurlar müvəkkil banklardan borclu. Bir il müddətində o krediti qaytarmaq üçün nələrə düçar olmurlar? Nəinki mal-qara alıb artıra bilmirlər, üstəlik öz təsərrüfatlarında olanları satıb pulu və faizləri zorla bağlayırlar. Vətəndaşları infarkt həddinə çatdıran bir illik kreditlərdən necə yararlanmaq olar? Bu sualın üstündə baş sındıranların heç birinin konkret qərara gələ bildiyini görmədim. Əslində konkret nəticələr əldə etməyin mümkünsüzlüyü də göz qabağındadır. Konkret nəticələri ancaq uzunmüddətli kreditlərin verildiyi təqdirdə hesablamaq və əldə etmək mümkündür. Ona görə də kredit ayıran müvəkkil bank və bunu tənzimləyən müvafiq normativ akt - qanun mal-qaranın artım sürətinə uyğun stimullaşdırılmalıdır. Yalnız neft eyforiyası davam edəcəksə, aqrar sahəyə uzunmüddətli kreditlər ayrılmayacaqsa, ölkəni qarşıda təkcə payız qıtlığı yox, qış, yay, hətta yaz qıtlığı da gözləyə bilər. Fikirləşməyə dəyərmi?

Комментариев нет:

Отправить комментарий