14.10.2011

Media kimə lazımdır?

İlkin Əkbərli

Dostlarımızdan biri tez-tez deyir ki, zamanı qabaqlamaq olmaz. Bizimkilərin “mədə”si çox balacadır, sizin təqdim etdiyiniz “böyük tikə”ləri həzm etmək gücündə deyil. Başqa birisi deyir ki, hələ XV əsrdə dünyanın bəzi ölkələri qəzet buraxanda, bizdə qəzet yox idi, dünya dağılmırdı ki? Başqa birisi Mirzə Cəlildən, Üzeyir bəydən misal çəkir ki, bu kişilər deyib, başqa ölkələrdə qəzetlər bağlansa, tufan qopar, aləm bir-birinə dəyər, amma bizdə belə hal baş versə, heç kimin tükü də tərpənməz. 15 minlik oxucu ordusu toplamış “Sənət qəzeti” 100 minlik oxucusu ilə mətbuat tarixində isilinməz uz qoymuş “Gündəlik Azərbaycan”, “Realnıy Azərbaycan” və sair qəzetlər susdu, yaxud susduruldu, kim cınqırını çıxartdı ki?
Qısası, bizi başa salmaq istəyirlər ki, qəzet boş şeydir. Düzü, əvvəllər bizə “qəzet boş şeydir” deyənlərin öz fikirlərini “boş şey” sayırdıq, indi isə özümüz də bu barədə balaca fikirləşməyə başlamışıq. Qəzet ictimai rəyə təsir etmək üçündür. İndi bu ölkədə əhalinin ən azı 98 faizi qəzet oxumursa, elə kəndlər var ki, ora illərlə qəzet-jurnal gedib çıxmırsa, bu mətbuat ictimai fikrə necə təsir edəcək? Yaxud, qəzet oxuyan kiçik bir qisim, oxuduqlarından ibrət götürmürsə, gözünü, qulağını deşən haqsızlıqlara biganə qalırsa, daha qəzetlər nə üçündür? Hamı taleyi ilə barışıbsa, onu əzənin, haqqını yeyənin qarşısında ikiqat olub sınırsa, amma onun haqqı üçün çarpışanlara dirsək göstərirsə, daha qəzetçilər özlərini niyə şəhid edirlər?
“Media” o deməkdir ki, yuxarıların sözünü aşağıya, aşağıların sözünü yuxarıya çatdırırsan. Yəni, yuxarılara qəzet vasitəsi ilə deyirsən ki, ay məmur qardaş, bəlkə sən bilmirsən, aşağılarda filankəs, bəhmənkəs belə bəd əməllər törədir. Sonra sənə məlum olanda ki, bu balaca məmur elə o böyük məmura verdiyini çıxartmaq üçün özünü şəhid edir, qısası, onun sifarişi ilə xalqı talayır, onda həmin sözləri yuxarı ötürməyin nə mənası?
Qəzet xalqdan impuls almalıdır. Amma xalqın öndə gedənlərinin bir çoxunun normal yazmaq qabiliyyəti yoxdursa, yaza bilənlər cəsarətsizlikdən adını, ünvanını gizlədirsə və bütün savadını öz acizliyinə bəraət qazandırmaq üçün sərf edirsə, biz həmin “impulsu” kimdən almalıyıq?
Müəllimləri, həkimləri zorla xoşlamadıqları, aylarla, illərlə ala bilmədikləri qəzetlərə 25-30 manatlıq abunə yazdırırlar, cınqırları çıxmır. İndi desən ki, həmin pulu səndən tutmuruq, amma get, könüllü 10 manatlıq istədiyin qəzetə abunə yazıl, ömründə yazılmaz.
Nə istədiyini bilməyən insanlar içində yaşamaq dəhşətdir.

Комментариев нет:

Отправить комментарий