26.10.2011

Tehran Əlişanoğlu. Sevən Qadını yazmaq


“Yaradıcılıqdan Ədəbiyyata gələnlər” sırasından I yazı
Bir zaman əvvəl Ədəbiyyat meydanına təzə söz, imza, ilk kitabları ilə gələnlər əsasən AYO-cular idi: Seymur Baycan, Nərmin Kamal, Aqşin Yenisey, Sevinc Pərvanə, Günel Mövlud, Qan Turalı… (bu sırada ən son söz, deyən: Mirmehdi Ağaoğludur) Daha sonra onları Kultaz-dan və Nəsimi-Debüt müsabiqəsində qalib olanlar əvəzlədi: Cavid Zeynallı, Natiq Məmmədli, Jalə İsmayıl, Sevinc Çılğın, Rəbiqə Nazimqızı, Cavidan… Hazırda ilk kitabları çıxanlara diqqət edirəm: Fərhad Mete, Əsəd Qaraqaplan, Qismət, Elnaz Eyvazlı, Zaur Qəriboğlu, Feyziyyə… – Əsədi çıxmaqla əsasən bu imzaları ədəbi dövriyyədə GƏM-dən olanlar kimi tanıyırlar…
Kimsə bu siyahılara düzəlişlər edə, Adları artırıb-əskildə, razılaşmayıb öz rakursunu təklif eləyə bilər; unutduğum, yerini qarışıq saldığım imzalar, dolaşdırdığım məsələlər də var yəqin. İsrar eləmirəm; məsələn, adlarını çəkdiyim son sıranı mən daha çox “Yaradıcılıq fakültəsindən olanlar” bilirəm, çün ilk olaraq BSU-nun Yaradıcılıq fakültəsindən tanımışam bu gənc yazarları; niyyətim də elə bu barədə danışmaqdır…
***
Etirafdan başlamaq istəyirəm; Elnaz Eyvazlının “Kişi etirafı”ndan (“Qanun”, 2011)…
Elnaz Yaradıcılığa hazır şair kimi gəlmişdi; bir şeirlər kitabı vardı: “Yaxşı ki, yaza bilirəm” (2007). Əgər bilmək istəyirsizsə, necə şeirlər idi, təzə kitabında məxsusi ayırıb: “heca şeirləri”.
Bilmirəm, nə qədərinə hövsələniz çatasıdır, hər halda təklif edirəm: Elnazın Kişi etirafını kitabın ikinci, məhz bu bölməsindən oxuya başlayın. Lirik qəhrəmanı – sevən gənc bir qız ola: “Sən əzabın yüngülünü çəkmisən,/ mən yazığa yükləmisən ağırın…”, “Bu sevginin ömrü boyu,/ həsrət çəkdim, qəm yaşadım…”, “Nə biləydim sevmək çətin,/ zülmü bolmuş məhəbbətin…” – qəm-kədər-dərd-ağrı motivasionu… Və sevgi oxu daşa dəyə: “Bəsdi hisslərimə əyildim qul tək,/ səni itirmişəm, sən özgəsisən…”, “Sevgini küsdürüb geri qaytardıq,/ bir daha dönməyə üzü qalmadı…”, “Tanrı məsləhət bilmədi,/ mənim olmadın, olmadın…”, “İçimə qısıb səsimi, inildəyən qırıq neyəm…” – təklik-nisgil-xatirə-iztirab… O halda “gənc qızcığaz”ın “kişi etirafları” necə olasıdır: “Əllərin dəyməz bu ələ,/ istəmirəm, sevmə məni…”, “Get, gözlərin yar-yar deyib kor olsun…”, “Yanarsan, dadına çatanın olmaz, / ölüncə qəlbinə yatanın olmaz…”, “Xoşbəxtlik dediyin mənəm,/ ötürdün, ay gedən, məni…”, “Boylanarsan yollarıma,/ boy verməz yollarım sənə…” – qarğışmı, şikayətmi?, ya bihudə qadın çırpınışları: “Sındırdığın şüşə deyil,/ Zalım, axı ürəyimdi…”, “Yüyürdüm, çata bilmədim,/ yüyürdüyümə ovundum…”, “Sənin seviləsi nəyin var imiş?!/ Dirilməz o sevgi, dirilməz daha…” Bu növ Etiraf notları vaxtilə gənc qızların gündəliklərini, şeir dəftərlərini bəzərdi, indi isə daha çox face.book səhifələrində görünür… Beytləri, misraları şeirin kontekstindən qopardığıma görə, elə bilirəm, oxucu məni qınamaz, indilikdə lirik qəhrəmanı qabartmaq-görükdürmək idi niyyətim…
Etiraf edim ki: Elnaz Eyvazlının birinci kitabını axıracan oxuya bilməmişdim; Elnaz xanım mühazirələrdən birindən sonra onu mənə bağışlarkən, hələ deyəsən, yazmaq-yazmamaq, heca-sərbəst tərəddüdləri barəsində də nəsə soruşmuş, güman ki, mən də Ədəbiyyatda məlum formullardan ümumi bir cavab söyləmişdim. Vaxtaşırı vaxt tapıb baxdığım şeirlərdə yalnız ayrı-ayrı misraların altını xətləməklə kifayətlənmişdim; yuxarıda hövsələ məsələsini yada saldım, hər bir gənc qələmə xas iki məqam Elnaz Eyvazlının şeirlərinin də oxusuna ağırlıq olurdu… Birisi mövzu monotonluğu: sevgi-sevgi-sevgi… Elnaz Eyvazlı da yalnız və yalnız sevgidən yazırdı, həm də necə sevgi – bir az metafizik, bir az melodramatik, bir az da utilitar gənclik havasında… İkincisi ahəng-qəlib monotonluğu: a-a-a-a-a… b-b-b-b-b…, c-c-c-c-c… – şeirlər bir qayda olaraq hecada idi: onbirlik, səkkizlik, yeddilik, qoşma və çarpaz qafiyələriylə…
Əslində, hər iki ağırlıq Ədəbiyyata təzə qədəm qoyan Şair üçün təbii-doğma, hətta deyərdim: şərt və vacibdir də; çün birisi yaşanmış həyatın , ikincisi milli Şeirin bioqrafisini daşıyır… Şair də, şeir də sevmək istedadından başlayır; hünər odur ki: çətinliklərdən keçib-keçirib də İstedadın(ın) həqiqətinə çıxa biləsən… Elnaz Eyvazlının sevgisi təkcə qəhrəmanının adi-yeknəsəq bioqrafisinə dolaşıb-qalmırdı ki (gəl-get-xatırla-unut…); eyni zamanda hecanın “dördkünc qəlibləri” içrə sıxılır-darılırdı… Bir rədifdən (“Sən ondan da acısın çəkəcəksən inşallah/ Göz yaşını su kimi içəcəksən inşallah/ Etibarlı körpüyəm, keçəcəksən inşallah…”; “Oduna yaxdın məni,/ içimdən yıxdın məni,/ Bağrına sıxdın məni…”, “Könlümü sıxana bax,/ evimi yıxana bax,/ Başımdan çıxana bax…”), qafiyələrdən (küsən oluram-süsən oluram-məndən çıxıb sən oluram; söz danışar-göz danışar-düz danışar; “Əlindən tutmadığım,/ gözünə baxmadığım,/ Dizində yatmadığım…”; “Yandırmısan közdən məni,/ sevmə, gülüm, üzdən məni,/ Eh, duymadın gözdən məni…”), söz oyunundan (“Əllərim qəlbin tək soyuq, ürəyim əlin tək isti./ Əllərin əlimə dəydi,/ ürəyimin ətin kəsdi”; “Öz dərdimi unutmuşam,/ öldürəcək dərdin məni…”; “Başına dərd qəhətdi/ dərdlə dolu dünyada?!”) asılı duyğular, şair nə qədər səy və çeviklik göstərsə də, sərbəst ifadəsini tapa bilmirdi…
Halbuki həssas olsaq, Şair sevgisinin subyektini – sonradan “Kişi etirafı” kitabından tanıyacağımız Sevən qadını, bir qədər dərində, gizli potensialda biz elə Elnaz Eyvazlının “heca şeirləri”ndə də sezə bilərik: sevən-ağrıyan-qarğış tökən-nisgil çəkən… və bununla belə mənəvi səbatını itirməyən, mətinləşən, əslində qadınlaşmaqda olan Qadın! Və eyni zamanda özünüifadə imkanlarını – obraz dinamizmini də lirik subyekt elə bu şeirlərdə qazanır, formalaşdırır. Yuxarıda mən hecanın içindən (artıq etiraf edim ki, heç təsadüf olmayaraq) xətlədiyim, çəkib-çıxardığım misralar vermişdim, lirik qəhrəmanın hərəkiliyini görükdürmək üçün. Misalları artırmaq da olar:“Eşitdim məni sevmisən,/ məni sevmisən eşitdim…”, “Yenə gəldik üz-üzə,/ qəlbimi qıran adam…”, “Sevgini bölməyə gəldik,/ al qoynuna bizi, dəniz…”, “Dönüb şirin xatirəyə,/ ürəyini üzəcəyəm…”, “Sualımdan qaçma o yan bu yana…”, “Əl elədim, dayanmadı/ səni aparan qatara…”, “Gözlərimi oxuyarmı hər naşı?..”, “Bir yalan de, inanmaram yüz düzə…” və s. Elnaz Eyvazlının Sevən qadını, əslində, hecanın daş-divarına dəyə-dəyə məhz bu dinamika üzərində gəlir-gəlişir. Misra-epitet-məcazlar bütöv bir şeirin yükünü çəkən qədərdir və bəzən elə bütöv şeirlərdir də:
“Bu yükü hardan götürdüm?!/ İndi daşıya bilmirəm./ Yorulmuşam, necə verim,/ hansı naşıya bilmirəm./
Qaldırım qoyum başıma,/ götürüb atım çiynimə./ Yükümü yüngül eyləyim,/ kürk kimi geyim əynimə./
Əlimdən alsalar əgər,/ o da dəyəcək şəstimə./ Arada yastıq yerinə,/ başımı qoyum üstünə./
Bu yükü kim verdi mənə?!/ Görsün, daşıya bilmirəm./ İçimdə bu boyda yüklə,/ vallah, yaşaya bilmirəm”.
***
Elnaz Eyvazlının Kişi etirafı “sərbəst şeirlər”dən başlayır; və kim ki oxuya bu şeirlərdən girişsə, məsləhətim budur: bir daha “heca şeirlər”inə heç qayıtmaya. Çün Kişi etirafında Elnaz yetkin bir Şair olaraq oxucusu ilə üz-üzədir; özgə bir hala nə hacət?! Doğrusu, Elnaz Eyvazlının sərbəst şeirləri ilə öncə internet səhifələrində tanış olmuş və heyrətlənmişəm, hətta: bu, həmən Elnazdırmı? – deyə bir an tərəddüd eləmişəm… Sonradan “Ədəbi həftə” qəzetinə ondan şeir istəyəndə və “Dörd divar” və daha bir neçə bu qəbil şeirini alıb-oxuyanda bu köklü dəyişməyə yalnız sevinməyim qalırdı…
Yaradıcılıqda mən Tənqid mühazirələri oxuyurdum, şair qisminə elə bir təsir imkanım yox idi; inanmıram, fakültə dekanı Rüstəm Kamalın uzun-uzadı filoloji mühazirələrindən də bu yerdə bir kar aşa… Amma bəlkə Salam Sarvanın apardığı Şeir kursunun burda bir rolu ola bilərdi; bəzən şairlərlə tənqidçiləri toqquşdurmaq üçün qrupları birləşdirərdik və mən orda diqqət eləmişdim Salamın şeir dərsi deməyinə… Şairləri ancaq və ancaq həyatı müşahidə eləməyə və ətrafda gördükləri-düşündüklərini ən qısa yolla (yəni Obrazlı) Sözə gətirməyə yönəldir, vadar edirdi… Bu, qəliblərlə yazan və oynayan Salam idi(mi?)!
Salamdan sonra Salam kimi yazmağa nə var ki; elə Elnazın “heca şeirləri”ndə də bəzən bu var: “Dərd var ki, quru yandırır,/ dərd də var yaşa sovrulur…”, “Ümidimi itirmişəm,/ aramızda bir oğru var…”, “Həsrət bir körpü saldı,/ dirəyi biz ikimiz…”, “Qədrimi bil, itirəndə,/ ağrıtmasın yerim səni…”, “Bu qədər aləm içində,/ tənhayam…”, “Yapışıb yaxamdan ac zəli kimi,/ qopara bilmirəm qəmi gələndə…”, “Gözüm yoxdu gecələri görməyə…” Amma məhz Salamın şeir dərslərində özgə cürə yazmağı öyrənməkliyə də mən inanıram; üstəlik, burdakı gənc istedadların hər biri də bir başqa cürə hünər göstərməyə çalışırdılarsa, bax, bunun təsir effektinə heç söz ola bilməz! Doğrudur, hecadan sərbəstə necə-nədən adlamasının hökmünü yalnız Elnaz Eyvazlı özü verə bilər, mən sadəcə düşündüklərimi bölüşürəm, əsas odur ki: əsl metamorfoz baş vermişdi…
“…Getməyin üstünə,/ baxmayın dediyinə,/ çəkməyin yanında nifrətin adın,/ sevmək üçün doğulub/ bu Qadın!” – bu, Elnaz Eyvazlının sitat kimi qabartdığı manifest-misralardır…
Əvvəl-əvvəl sorum: dinamikanı hiss elədinizmi! Zahirən sadə, məcazsız-epitetsiz beş atəş-misrada altı fel işlənir və hər birisi də özüylə birgə “bu Qadın”ın olduğu-oluşduğu bir lövhə-situasiyanı gətirir şeirə. Şeir sadə paralelizm və təzad poetikası üzərində qurulub… Ümumən, Elnaz Eyvazlının yaşamlamı-fəhmləmi, həqiqətinə aparan yolda heca zəncirlərini qıra-qıramı qurduğu Şeirdir bu: “Aç qollarını,/ yum gözlərini,/ Bas bağrına körpə kimi./ Çək ciyərlərinə qoxumu,/ at içindəki təlaşı, qorxunu…” (və sonda: “…birlikdə gedək cəhənnəmə!”), “Heç nə dəyişməyəcək, heç nə,/ yenə çıxdığı yerdən çıxacaq Günəş,/ səhər/ gecənin ikinci yarısından/ bir az sonra açılacaq./ Yenə günün düz ortasında,/ ağacların kölgəsi özü boyda olacaq…” (və sonda: “…bir gün mən olmayınca…”), “Harasa getmək,/ harasa…/ Heç kimi tanımadığım,/ heç kimin məni tanımadığı yerə./ Çətini gedincədir,/ qopub gedincə…” (və sonda: “…Qərib olacam vətənsiz!!!”) – hər cür paralelizmlərin (yaşam sıralarının) sonu təzad nöqtələrində bitir-qırılır…
Elnaz Eyvazlı bəzəksiz-düzəksiz, prozaik görünən “sərbəst”ində sanki hal-hərəkətin özünü tutmaq, poeziyaya çevirmək istəyir: jest-davranış-çalar-düşüncə-münasibət-akt-fakt-yaşayış-ömür-həyat… – məgər cəmisi özlüyündə Şeir deyilmi: “Verdiyin acıdan aldığım ləzzət:/ bir az dəliyə dönmək,/ otaq boyu gərdiş eləmək;/ nəsə itirmiş kimi,/ nəsə itirmiş kimi…”, “Gözlərimə ehmalca toxun,/açıla bilər./ Dodaqlarımdan vaz keç,/ sənlik deyil./ Saçlarım tumarı sevər…” , “Onu düşünmək…/ Gözlərin yuxuya gedincə,/ səhər yuxudan durunca,/ hər səhər səni salamlayan/ bir fincan qəhvəni başına çəkincə/ sürüyər səni…”
Elnaz hardasa yazmışdı ki: “Kişi etirafı” oxucuları tərəfindən yaxşı qarşılanmış, hər kəs ən azı şeirlərin özünəməxsusluğunu qeyd eləmişdir. Mən də o fikirdəyəm ki: Elnaz Eyvazlı bizdə son illərdə öz Şeirini tapmış azlardan birisidir; amma inanmıram kimsə həmincə Şeirin bu tərəfinə (poetikasına) çox da müdaxilə etmiş ola, keyfiyyətli nəticə Oxucuya kifayət edir… Əşya-predmet-əlamət-sifətdən tıncıxan Şeirimizə nə xoş, təsadüfmü-zərurətmi, bu qədər arı-duru fellər yerimiş: “Sən gəldin,/ qaldırdım başımı,/ baxdım göylərə./ Asiman nə gözəlmiş…”, “Gözlərimə yuxu getmir,/ işə düşmüşəm./ bir az qorxuram,/ bir az təşvişə düşmüşəm…”, “Bəlkə… belə daha yaxşıdı?!/ Necə yaşadığımı, necə öldüyümü bilmədən,/ heç ölməyəcəyimi düşünə-düşünə sevmək…/ Səni qısqanmadan, incitmədən…”, “Bizim kənddə daxmalar/ çiyin-çiyinə./ Bir-birinə söykənib/ biri o birinin istisinə qızınar./ Yay olanda istilənib/ bir-birindən buz umar…”
Elnazın Şeir yazmaq əzabı-sevinci haqda bir şeiri var, hətta onu da statik düşüncələrdən deyil, hərəkət və fellərin yaratdığı dinamika üzərində qurur. Həmin şeiri bütövlükdə verirəm:
“Hər gecə şeir yazmaq,/ ağaca, quşa, dənizə… ”; burdaca diqqət edin ki, predmetlər sırasında belə felsiz ötüşmək istəmir: “…ölənə, gedənə, bizə./ Boğula-boğula düşünmək./ Sözün başına dolanmaq,/ yalvarmaq, ağlamaq./ Gecə yarıya qədər beləcə yaşamaq./ Divarın o üzündən çağırarlar/ “dur gəl, gecdir,” – deyə./ Söz də salıb tərsliyə/ buraxmaz səni./ Kimsə açar qapını./ Gizləyib qələmi: “gəlirəm”, – deyərsən,/ bitirərsən oyunu./ Və birdən: “Niyə ağlayırsan?” – soruşar o kimsə./ Əllərin əsə-əsə/ apararsan gözlərinə./ Görərsən ki,/ əllərini nəsə yandırıb-yaxır./ İlahi!/ Gözündən yaş yerinə/ kəlmə-kəlmə söz axır!”
Mən son zamanlarda bir “Aç mənəm” hekayətlərində Nərmin Kamalın Azərbaycan felinə gen-bol marağından belə heyrətlənmişəm. Tələbə vaxtı dil dərslərindən birində mənə feli bağlamanın növlərindən kurs işi və misalları tapmaq üçün konkret əsər tapşırılmışdı; hələ bu, nəsr əsəri idi, nə qədər axtardımsa, növlərdən biri tapılmadı ki, tapılmadı… O hesabla xoş bugünkü tələbənin halına, bayaqdan bəri gətirdiyim misallara baxın: burda və Elnazın digər şeirlərində təsriflənən və təsriflənməyən fellərin bütün formaları-şəkilləri-növləri- hətta zamanlarınacan (əmr, xəbər, şərt, arzu, vacib, lazım, feli sifət, feli bağlama, məsdər…) hissin-ruhun-halın ifadəsi funksiyasında durur. Diqqət etsəz, Elnaz Eyvazlının felsiz misraları az qala yox kimidir.
Xüsusən də hərəkəti içinə yığmış Məsdər Elnaz Eyvazlı şeirində ən kəsərli Sözə çevrilir: “Hərdən, qaçmaq lazımdır hamıdan./ Hamıdan!/ Susmaq, düşünmək./ Qapını, pəncərəni bağlamaq,/ sən, bir də sən./ …Gücün çatan qədər,/ gücün çatan qədər ağlamaq./ Yuyunmaq, təmizlənmək göz yaşında./ Ruhun durulandı, bəlkə…” Göz yaşı və ağlamaq! Elnaz şeirlərində bu məqama hələ çox qayıdası olur: “Yoxluğunu/ birnəfəsə başa çəkmək,/ üstündən/ bir qurtum duzlu göz yaşı içmək./ Və… hıçqırmaq./ Hıçqıra-hıçqıra ağlamaq…”
Əlbəttə, fəhmləmi, ya bədii-estetik əzab hesabına, Şeirin poetikası nəyə gərəkdir ki: Şairin ruhunu vermək-təcəssümləndirmək-ötürmək üçün. Azərbaycan qadınının sözə-məcaza sığmayan, daim hərəki, dəyişmədə olan məzacını sadə fellərdən gözəl nə verə bilərmiş… 2004-də “2000-cilər və feminizm” adlı yazımda (Tənqid.net, 1, 2006) Şeirə gələn qadın yazarların missiyasını qabartmağa, bizdə gəlişən “qadın şeiri”nin anatomiyasını açmağa çalışmışdım: Nərmin Kamal, Sevinc Pərvanə, Günel Mövlud… Bu yazarlar bir onu edə bildilər ki: poeziyada Kişi dünyasını laxlatdılar, Kişi hökmranlığına son qoydular və özlərindən sonra nə qədər yeni imzalara yol açıb, eləcə bihudə-peşiman, Qadın məyusluğu-kədəri-Sözündə qaldılar… Elnaz Eyvazlı Sevən qadını yazır: epatajsız-həmləsiz-aqressiyasız, dilimizdəki sadə fellərlə…
Axı Sevən qadının vur-tut bir məzacı-məcazı var: Kişi etirafı… Elə Elnaz Eyvazlının şeirlərində də Kişi etirafı həm məcazdır: yəni omonimikdir – “Kişi kimi etiraf” və “Kişisizliyin etirafı” anlamlarını birləşdirir; həm də elə həmin məzacın ifadəsi-məzmunu-mündəricəsi: Kişisizliyin, Kişiyə bağlılığın, Kişi sevgisi-istəyi-xoşbəxtliyinin adı və Kişi tək etirafı! Hər növ: ictimai-psixoloji-mədəni-mənəvi-əxlaqi və gündəm basqıları altında Sevən Qadının “kişi dünyası” (!) necə olur – bunu yazmağa, Şeirə gətirməyə səy edir Elnaz Eyvazlı… Burda dramatizm, fəcilik olmadan ötüşmək olmaz və məhz bu zaman sadə paralelizm və təzadlar üzərində cilaladığı Şeir poetikası Elnazın çox köməyinə gəlir.
“Səhər gözlərini açan kimi,/ barmaqlarının ucunda/ tərk edər yataq otağını./ Evdən işə qaçar/ ilandan qaçan kimi…” Şeir sevgisiz ailə həyatı yaşayan Kişinin gününü cızır. “Ancaq:/ onu hər gəlişdə həyəcanla gözləməyən,/ dolanbac qolların,/ odlu dodaqların həsrətini yaşadan,/ qoynunda olanda kişi kimi,/ uzaqda olanda/ övladı kimi sevməyən qadının yanına dönməyə məcbur…”
Şeirlərdən birində: “Sən məni satdın,/ nəyə, bilmirəm./ Dünyanın varınamı,/ bir qeyrətli oğlanın yarınamı…” – deyə “nanəcib taleyi”nə müraciətlə xoşbəxt olmağın nisgili və talesizliyin sadə səbəbləri dilə gəlirsə, digər bir şeirdə amma: “Gözlərin gülür,/ dodaqların səyriyir./ Baxışların divarın/ o biri üzünü görməy”ə qadirdir!, səbəb: “səni sevən kişinin/ baxışlarını hiss edirsən./ Sən onu sevməsən belə…”
“Ölümdən betərdir” şeirində “sürünə-sürünə yaşamaq,/ özündən böyük yükü…/ çəkə-çəkə daşımağ”ın acıları, “bir dəfə gəldiyin həyatda/ yazıq olub yaşamağ”ın fəlsəfəsindən danışılır; axı necə də “Ölümdən betərdir–/ bir damın altında,/ bir döşəmənin üstündə ayrı-ayrı yaşamaq…” Və indi də bu dəhşətin obrazına baxın: “Ölümdən betərdir– / səhər,/ əllərində barmaq,/ saçlarında əl izləri,/ yanaqlarında nəfəs aramaq./ Və anlamaq ki,/ axtardıqlarını yuxuda görmüsən./ O barmaqlar da,/ nəfəs də/ sənə doğma olduğu qədər,/ səndən uzaqdır./ Sən də yazıqsan,/ o da yazıqdır…”
Bəs tənhalıq necə? “Dörd divar” şeirində üstünə-üstünə gələn divarların gülüşü hətta qonşuları belə diksindirir; bu hələ Sevən tənha qadının psixoloji halını verən şeirdir… “Kişi etirafı” şeirində mənzərə daha amansızdır:“Səndən ötrü darıxmaq deyil bu,/ Daha üzücü və dəhşətlidir…”; Köpəyə dönmüş qadın metaforasında sosial qatqılar insan ağrısını dözülməz edir: “Həsrətindən köpək olduğumu/ biləcəklərindən qorxmuram./ Bu, gec-tez hamıya çatacaq./ Sahibsiz olduğumu bilsələr,/ hərə bir daş atacaq”…
Burda artıq darıxmağa-darılmağa-təntiməyə bir fürsət yox; hətta poetik yükü gərəyincə olmayan şeirlərində belə Elnaz Eyvazlı Oxucunun qəlbinə yaxın yerdə durmağa, ona təəccüblü nəsə söyləməyə cəhdlər edir: saat əqrəblərinin doğradığı ömür qırıntıları arasından sənə baxan bir cüt gileyli göz kimi; un kimi ələnən, sillə kimi çırpılan günahlar kimi; bulud yerinə yağan sevgili kimi; yuxuda qarmaq tək saçlara keçib sevdiyini səhərə çəkə-çəkə gətirən barmaqlar kimi; fal-fal kəsilən xatirələr kimi; sevə-sevə özünə vurulan insan kimi və s.
Doğrudur, Kişi etirafında Elnazın şeirləri mövzuca da artmış: süpürgəçi qadına, bomja, köpəyə, yazı masasına, anaya, payıza, buluda ünvanlanmış şeirləri də var; təbii, bütün bunlar vaxtilə bir qızcığazın gündəliklərinə düşəsi mövzular deyildi, amma bugün bir Sevən qadının həyat və ölüm barəsində düşüncələrinə tam rəvac verir. Elnaz Eyvazlı Neft Akademiyasındakı qanlı hadisənin qurbanlarına da şeir yazıb; amma aktual pafosdan uzaq, amansızcasına soyuq düşüncəylə: “Həyatdır bu, dostum, çox incə/ və qaba mətləblərlə dolu həyat./ Sən də köhnələcəksən,/ gərək ölməyəydin,/ amma keçdi./ Heçdi, heçdi/ qoyub getdiyin həyat…”; və ağrılı mövzunun orijinal təfsirini verə bilib: “Sən/ öz ölüm payını almaq qorxusundan azadsan,/ biz,/ bu qorxu ilə yaşamağa məhkum”.
Yaxud Yaradıcılıqdan olan bütün uşaqların ağrı-nisgil-vəcdlə üz tutduqları bir mövzu var: Fərhad Meteyə; “Son mənzilə ilk məktub”unda Elnaz da Fərhadın canlı xatirələri, “Sadəcə gedişin deyil yoxluğun…” deyən şairin ölüm-həyat sərhədində oynayan kölgəsi üzərinə gəzişərək, şeiri mənalı bir sonluqla bitirir: “Həyat dəyişdi yerini,/ hər şeydən ölüm qoxusu gəlir…/ Sən, dönən deyilsən bizə,/ biz sənə doğru gəlirik./ Demirəm haçan,/ geci-tezi var bir az,/ görüşənədək./ İmza: Elnaz”.
Lirika dərin subyekt istəyir; Elnaz Eyvazlının Sevən qadını daha nə qədər bu yükü çəkməyə qadirdir… – demək çətindir. Çox liriklər olur ki, həyatın həmlələrinə dözməyib, bu keyfiyyəti itirir, prozaya və Ədəbiyyatın başqa janrlarına keçirlər. Elnazın təsirli, emosional publisistikası da var; mənim də münsifi olduğum Nəsimi-Debüt müsabiqəsində hekayəsi qalib də olmuş. Yaradıcılıq artdıqca subyekti də artır, böyüyür, dəyişir; bütövlükdə hərəki keyfiyyətlərə malik Elnaz Eyvazlı imzası daha hansı istiqamətdə bizi sevindirəcəkdir… – bilə bilməsəm də, Ədəbiyyata gəldiyi və necə irəlilədiyi artıq bəs-bəlli görünür. Vəd verdiyim kimi, niyyətim də elə bu barədə danışmaq idi…
***
Sonda bir qeydimi də deyim; bəlkə redaktorun səhvidir, ya müəllif istəyindən gəlir: mənimcə, yetkin qələmin bəhrəsi olan “Kişi etirafı”na “heca şeirləri”nin də qatılması bir yanlışlıq olmuş; bu şeirlərin yeri dünəndə qalmaqla oxucuda da Şair haqqında əbəs çaşqınlıq, laübalıq yaradır. Bu ki, düşünürəm: bir qədər uzanmış bu yazıda mən axı bir deyil, iki şeirlər toplusu barədə yazası oldum: Şeirə yol gələn və Şeirə gəlmiş Sevən qadın barəsində…
İkinci kitabından tanıdığımız (1987) Ramiz Rövşən vaxtilə az qala imtina etdiyi ilk kitabındakı (1970) şeirlərə bir də “Kitablar kitabı”nda (2006), yəni əsərlərinin külliyyatında yer verdi. İmtina bacarığı da boyartımının faktıdır; bunu məxsusən Yaradıcılıqdan Ədəbiyyata gələnlərə mesaj olaraq xatırlatdım.

ANN.Az

Комментариев нет:

Отправить комментарий