23.10.2011

Sokratla Kritonun dialoqu

Картинка 37 из 121414Araz Gündüzün tərcümələri


Platon


S o k r a t. Niyə belə ertədən gəlmisən, Kriton? Yoxsa artıq gün qalxıb?
K r i t o n. Yox, mən çox ertə gəlmişəm.
S o k r a t. Günün hansı çağıdır?
K r i t o n. Yenicə işıqlanmağa başlayır.
S o k r a t. Anlamıram,  keşikçi səni necə buraxıb?
K r i t o n. O məni yaxşı tanıyır, Sokrat, mən axı sənin yanına çox gəlib-gedirəm, bir də aradabir ona görüm-baxım da eləyirəm.
S o k r a t. Sən indicə gəlmisən, yoxsa çoxdan buradasan?
K r i t o n. Sözün düzü, çoxdandır buradayam.
S o k r a t. Nədən məni gələn kimi oyatmamısan, dinməz-söyləməz oturub qalmısan?

K r i t o n. Zevs məni saxlasın, Sokrat! Düzü, səni dara düşdüyün belə bir günündə yuxusuz qoymağa ürəyim gəlmədi. Açığını deyim, sənin bu günündə belə dadlı-dadlı yatmağına quruyub qalmışam, özüm oyatmadım, yuxudasa bir az qayğılardan uzaq olasan deyə. Açığı,  səni tanıdığım gündən ərdəmliyində məni bəbək(məətəl) qoyan çox nəsnələr görmüşəm, ancaq indi bu ən ağır günlərini, beləcə oxsınmadan, toxdaqlıqla qarşılamağına baxıb, lap şaşıb qalmışam.
S o k r a t. Kriton, mənim yaşımda,- ölüm çağım gəldi deyə mırtıldanmaq çox böyük anlamazlıq olardı.
K r i t o n. Sokrat, başqaları da yaşlı çağlarında ölümlə üzləşirlər, ancaq, mən çox görmüşəm, onlar necə ara vermədən söyüb-söylənir, mırtıldanırlar.
S o k r a t. Bunu düz deyirsən. Yaxşı, di de görək, nədən belə ertə gəlmisən?
K r i t o n. Mən çox pis bir soraqla gəlmişəm, Sokrat, qüssəli, ağır bir soraqla,-düzü sənə baxıram, onun ağırlığını saya salana oxşamırsan,- ancaq mənim üçün, başqa arxadaşların üçün, bu elə bir qara qayğıdır, onu necə çəkəcəyimizi anışdıra da bilmirik.
S o k r a t. Nə baş verib? Yoxsa, məni öldürmək üçün Delosdan qayıtmağını gözlədikləri gəmi artıq gəlib çıxıb?
K r i t o n. İndilikdə gəlib çıxmayıb, ancaq onu Sunidə gördüklərini deyən adamların sözlərinə inansaq, gəmi bu gün gəlib çatasıdır. Onların deməsinə görə, bu gəlişlə gəmi ya bu gün, uzağı yarın(sabah) burada olacaq, Sokrat, bununla da sənin ömrün sona yetəcək.
S o k r a t. O günə də alqış, Kriton! Qoy tanrılar necə istəyirlərsə, elə də olsun. Ancaq mən belə bilirəm, gəmi bu gün gəlməyəcək.
K r i t o n. Nədən bilirsən?    
S o k r a t. İndi deyərəm. Axı məni gəmi gələndən bir gün sonra öldürəcəklər.
K r i t o n. Buyuruq yiyələrinin dediyindən belə çıxır.
S o k r a t. Belədirsə, onda məncə, gəmi bu gün yox, yarın gəlməlidir. Bunu bu gecə gördüyüm bir yuxuya görə deyirəm, yaxşı oldu məni oyatmadın, elə oyanmazdan azca qabaq yuxu görürdüm.
K r i t o n. Nə yuxu görmüsən?
S o k r a t. Yuxuda gördüm, çox gözəl, ucaboylu, başdan ayağa ağ geyinmiş bir qadın yaxınlaşdı, məni çağırıb dedi: “Sokrat, birisigün sən sözsüz, Fessalıiyanın dağlarına gedib çıxacaqsan”.
K r i t o n. Nə yaman anlaşılmaz bir yuxu görmüsən, Sokrat!
S o k r a t. Ancaq deyəsən bu yuxunun yozumu açıq-aydın bəllidir axı, Kriton.
K r i t o n. Mənə də elə gəlir. Ancaq istəkli arxadaşım Sokrat,  indi qulaq as, gör nə deyirəm: mən də, bütün arxadaşların da istəyirik, sözümüzü yerə salmayasan, səni bu dustaqlıqdan qurtarmağımıza qol qoyasan. Sənin ölümün mənim üçün ancaq bir arxadaş itirmək deyil: mənim bir də haçansa sənin təki arxadaş tapa bilməyəcəyim bir yana qalsın, sənin ölümündən sonra bizi yaxından tanıyanların qınağı da məni yandırıb yaxacaqdır, axı onlar düşünəcəklər, mən varlı olmağıma baxmayaraq, axçama qızırqanıb səni ölümdən qurtarmağa çalışmamışam. Axçasını arxadaşından üsütün tutan adam təki tanınmaqdan da artıq əskiklik olarmı? Bizim çalışıb-vuruşmağımıza baxmayaraq, sənin özünün buradan qurtulmaq istəmədiyinə, çoxları inanmayacaq.
S o k r a t. Axı biz nə üçün bu çoxlarının baxışlarından yana darıxmalıyıq, istəkli arxadaşım Kriton?  Başı işləyən adamlar onsuz da bunun necə baş verdiyini düzgün anlayacaqlar.
K r i t o n. Kim də olmasa, sən gərək anlayasan, Sokrat, yeri gələndə çoxluğun da baxışlarını saya salmaq gərəkir. Elə sənin bugünündən də açıq-aydın görünür, çoxluğun gözündən düşən kimsəyə, bu çoxluq kiçik yox, lap böyük yamanlıqlar eləyə bilir.
S o k r a t. Eh Kriton, sən bilmirsənmi yəni, çoxluğun əlindən böyük yaxşılıqlar eləmək gəlmədiyi kimi, böyük yamanlıqlar da gəlmir! Bunu bacarsaydılar, mən ancaq sevinərdim! O nə bunu, nə də onu bacarmır: çoxluq ona qatılanları öz içində itirib-batıra bilir, ancaq onları nə anlaqlı, nə də anlaqsız eləyə bilmir, bir sözlə çoxluğun özünün yetirdiyi nəsə olmur, o əlinə nə keçdisə, onu da süpürləyib aparır.
K r i t o n. Tutalım bu belədir, Sokrat, onda mənə bunu de görüm: yoxsa  qorxursan, birdən səni buradan qaçırsaq, çuğullar bunu yerinə çatdırıb bizə korluq verərlər, bizim axçamız, ev-eşiyimiz əlimizdən çıxar, kim bilir, başımıza başqa nələr gələr? Bundan çəkinirsənsə, burax başını, axı ən düzgün iş o olardı, biz səni qurtarmaq üçün bu qorxulasılardan çəkinməyək, bundan da ağır durumlara dözə bilək. Sən gəl, mənim sözümü yerə salma.
S o k r a t. Məni qorxudan tək bu olsaydı, nə vardı, Kriton, bundan başqaları da var.
K r i t o n. Sən gəl, boş yerə qorxub çəkinmə. Açığı, səni buradan qaçırmaq üçün elə çox axça da istəmirlər. Qaldı bu çuğullara, özün yaxşı bilirsən, onlar özlərini necə dəyər-dəyməzinə satırlar, onları da azca axça ilə susdurarıq, qutarıb gedər. Mənim nəyim varsa, özününkü bil, düşünürəm əlimdə olanlar bu işləri görməyə artıqlaması ilə çatar. Birdən mənim var-yoxumun əlimdən çıxacağını düşünüb, bu işə ürək eləmirsənsə, onda bunu da biləsən, sənin yadelli arxadaşların bu işə çatası axçanı ödəmək üçün ayaqdadırlar; Fivanlı Simmiy isə artıq bu işə yetəsi axçanı gətirib ortaya qoyubdur. Kebet də, elə bir çox başqaları da, gərəkən axçanı ödəməyi ürəkdən istəyirlər. Yenə də deyirəm, qorxub çəkinmə, səni qurtarmağımıza qarşı dirənməyi boşla getsin; məhkəmədəki sözündən,- buradan başqa yerə gedib dolana bilməyəcəyini deməyindən də sıxılıb eləmə: mən yaxşı bilirəm, sən hara getsən səni sevib, sayğı göstərəcəklər. Birdən sən Fessaliyaya getmək istəsən, ən yaxşısı elə bu olardı, orada mənim çox dəyərli arxadaşlarım var, onlar sənə gərəyincə sayqı göstərəcək, səni qoruyacaq, bir kimsənin səni incitməsinə yol verməyəcəklər. Bundan başqa, Sokrat, mənə elə gəlir, qurtulmağa yol olan yerdə yaxanı ələ verməklə, sən düz iş görmürsən. Bununla sən yağılarının dəyirmanına su tökürsən, onlar onsuz da sənə bacardıqları nə yamanlıq varsa eləyiblər, qalıb bircə səni öldürməkləri, yoxsa bunu istəyirsən? Bu azmış kimi, sən öz oğlanlarına qarşı da dönüklük eləyirsən, onların başına nələrin gələ biləcəyinə göz yumursan, buradan qurtulsan onları dolandıra, yaxşı insan olaraq böyüdə bilərsən, yoxsa onlar öksüzlüyün(yetimliyin) bütün ağrı-acılarını dadmalı olacaqlar. Doğrudan da, ya gərək bu uşaqları əkib tökməyəsən, ya da bunu eləmisənsə, onları dolandırmalı, boya başa çatdırmalı, düzgün böyütməlisən, sən isə onları bu sayaq atıb getməklə yolun ən yararsızını, ən yüngülünü seçirsən; sən bütün ömrünü yaxşılıq eləməyə çalışmaqda keçirdiyini deyirsənsə, onda bu işdə də ərdəmli, kişi adamların yolunu tutub, uşaqlarını özgə əllərdə qoymamalısan. Mənə gəlincə, sənə görə də, sənin arxadaşların olan bizlərə görə də, başıaşağı olacağımdan utanıram, səni ölümdən qurtarmasaq, hamı deyəcək, bu işlər bizim qorxaqlığımızdan olub: işinin məhkəməyə düşməyi də, gəlib-gəlməməyin özündən asılı olsa da məhkəməyə varmağın da, elə məhkəmənin gedişində baş verənlər də, bu sonuncu olaylar—səni qurtarmağa yol olsa da bunu etməməyimiz də(sənin bunu istəməməyinə baxmayaraq), bunların hamısını bizim qorxaqlığımıza, yaramazlığımıza yozacaqlar. İndi bax gör, Sokrat, bütün bunlar bizim işlərimizi korlamaqla qalmayacaq, bizim də, sənin də adımızı batıracaqdır. Bir özün də düşün-daşın; doğrusu, artıq düşünməkdən də keçib, sözdən işə keçmək çağı yetişib, ertəsi günün gecəsi bunu eləməsək, artıq iş-işdən keçəcək. Yalvarıram sənə, Sokrat, mənim sözümü yerə salma, bu yersiz tərsliyini burax getsin.
S o k r a t. Sevimli Kriton, sənin bu istəklərinin yönü düzgün olsaydı, nəyə desən dəyərdi, ancaq indi onlar mənim çiynimə ağır bir yük təki düşməkdədir. Ona görə də sənin dediklərinin eləyib-eləməyəsini araşdırmağa dəyər. Mən təkcə indi yox, bütün ömrüm boyu, gördüyüm işlərdə gəlişigözəl sözlərə yox, ürəkdən inandığım tutarqalara arxalanıb iş görmüşəm, bunu mən hamısından üstün saymışam. Bundan qabaq ürəkdən inanıb dediyim sözləri, indi mənim başıma bu uğursuzluq gəlib deyə, ancaq elə buna görə, dana bilmərəm; tərsinə, onlara mən qabaqlarda olduğu təki, yenə də ürəkdən inanmaqdayam, indi biz,- məni inandıra biləcək, onlardan yaxşı olanı tapa bilməsək, səninlə anlaşa bilməyəcəyimizdən arxayın ola bilərsən, qoy lap hamı bir yerə yığışıb, kiçik cocuqları qorxudan sayaq, bizi indikindən qat-qat artıq qorxutmağa çalışsınlar, qandallasınlar, öldürsünlər, var-yatırımızı tutub əlimizdən alsınlar. İndi bu sən dediklərini nə sayaq araşdırmağa başlayaq? Gəlsənə bir az geriyə qayıdıb, insanların baxışlarını araşdırdığımız yerdən başlayaq, biz onda düzgünmü deyirdik, birilərinin baxışlarına qulaq asmağa dəyər, o birilərinkinə yox?—yoxsa  bu dediyimiz onda, mən ölümlə üz-üzə dayanmayan çağlarda bizim işimizə yarayırdı, indi durum dəyişən təki biz gördük, sən demə bunları biz eləcə gəlişigözəllik üçün demişik, özlüyündə bu dediklərimiz boş-boş sözlər imiş? Mənə gəlincə, Kriton, mən çox istərdim səninlə birgə araşdırıb görəm, mən indiki uğursuzluğuma düşəndən sonra, bu sözlər mənə başqa sayaq görünür, yoxsa onlar dəyişməz qalıblar, qabaqlarda olduğu kimi görünürlər, biz indi onları danmaqmı, yoxsa öncələrdə olduğu təki, onlara inanmaqmı istəyirik?  Məncə, bildiklərini danışan kimsələrin dönə-dönə dediyi bu söz düzgün sayılmalıdır: adamların arasında yer alan baxışların birilərini tutmaq, o birilərini boşlamaq gərəkir. Tanrıların adı üçün, de görək Kriton, bu söz olduqca yerində deyilməyibmi? Axı səni yarın öldürməyəcəklər, nə də elə ağır durumda deyilsən, özünü itirəsən; insanların hamısının baxışlarına yox, yalnız ayrı-ayrı insanların baxışlarına sayğı göstərməyi deyənlər düz deyirlər, ya yox? Yoxsa onlar, yanılırlar bunu deyəndə?
K r i t o n. Məncə onlar düzünü deyirlər
S o k r a t. Deməli, düzgün baxışları saya saymalı, düzgün olmayanları saymamalıyıq, eləmi?
K r i t o n. Elədir.
S o k r a t. Düzgün baxışlar anlaqlı adamların, düzgün olmayanlar anlaqsızlarındır, deyilmi?
K r i t o n. Başqa sayaq ola da bilməz!
S o k r a t. Onda belə bir  konunu necə çözməli: gimnastika üzrə çalışan biirisi, onu öyən, ya danlayan kimsələrin hamısınınmı baxışlarını saya salıb, onlara qulaq asır, yoxsa ancaq həkimlə, gimnastika öyrətməninin?
K r i t o n. Ancaq bu sonuncu dediklərinə qulaq asır.
S o k r a t. Deməli, o ancaq bunların danlağından alınmalı, öyünclərindən sevinməlidir, hamının yox, deyilmi?
K r i t o n. Elədir.
S o k r a t. Deməli, o bədənini çalışdırmaqda da, öz yemək-içməyini gözləməkdə də, ancaq birinin dediklərini tutmalı, qalanlarını saya salmamalıdır.
K r i t o n. Düzü elədir.
S o k r a t. Yaxşı. Birdən o bu işin bilicilərinin baxışlarını saymayıb, başqalarının, yəni bu işlərdən başı çıxmayanların sözünü tutdu, onun bundan nəsə bir uğursuzluğu ola bilərmi?
K r i t o n. Sözsüz, olar.
S o k r a t. Necə bir uğursuzluq? Bu uğursuzluq nədə özünü göstərəcək?
K r i t o n. Bu ilk olaraq onun bədənində özünü göstərəcək, bu yanlış sözlərə uymaqla sağlamlığını itirəcək.
S o k r a t. Sən nə yaxşı danışırsan, Kriton. Gəlsənə, başqa konularda da baş verəsiləri belə ardıcıllıqla sadalamağı sınayasan. Bax indi, düzgünlüklə əyriliyə, suyumsuzluqla gözəlliyə, yaxşılıqla yamanlığa yanaşanda,- indi yanaşdığımız təki, biz çoxluğunmu baxışlarına uymalıyıq, yoxsa, birinin, sözsüz bu birisi işin kökünü bilirsə; biz çoxluqdanmı qorxmalı, çəkinməliyik, yoxsa bu birisindən? Biz axı bu birisinin dediyini tutmasaq, öncələr də dediyimiz kimi, düzgün olanların ölüm-itiminə yol açmış oluruq. Yoxsa, belə deyil?
K r i t o n. Sən dediyin kimidir, Sokrat.
S o k r a t. Biz hansısa anlamazların sözlərinə qulaq asanda, sağlamlıqla yaxşılaşanı, ağrınmaqla pisləşəni,—mən bədənimizi deyirəm—korlamış olmuruqmu, onu korlayandan sonra yaşamağın dəyəri qalırmı?
K r i t o n. Qalmır, məncə.
S o k r a t. Deməli, sağlamlığı büsbütün pozulmuş bədənlə yaşamağın dəyəri yoxdur, eləmi?
K r i t o n. Sözsüz, sağlamlığını itirib yaşamaqdan da pisi ola bilməz.
S o k r a t. Onda “nəyinsə” düzgünlükdən yarıdığını, əyrilikdən korlandığını bilə-bilə, “onu” əyriliyə uğratmağa dəyərmi?  Yoxsa düzgünlüyün qurduğu, əyriliyin uçurduğu nəsnələrin dəyəri, bədənimizdən azdır?
K r i t o n. Sözsüz, az deyil.
S o k r a t. Desən qat-qat da dəyərlidir, eləmi?
K r i t o n. Sözsüz.
S o k r a t. Ona görə də, istəkli arxadaşım, “görəsən çoxluq bizə nə deyər?” kimi düşüncələrə qapılıb sarsılmamalıyıq, çəkinəcəyimiz isə təkcə, düzlüklə əyriliyi dəyərləndirməyi bacaranların deyəcəklərindən olmalıdır,- doğru olan budur. Onda indicə dediyin: çoxluğun baxışlarına güvənib düzgünlüyü, gözəlliyi, yaxşılığı dəyərləndirmək olar—deməyin də, eləcə də bunların tərsi olan anlayışlarda  çoxluğun baxışlarına uymağın da, sənin birinci yanlışındır. “Axı bu çoxluq,- bunu deyə bilər,- bunu eləyə bilər,- bizi öldürə bilər”— kimi düşüncələrə qapılmaq isə küyə getməkdir.
K r i t o n. Bu sayaq deyənlər var, düz deyirsən, Sokrat.
S o k r a t. İstəkli arxadaşım, səni bilmirəm, ancaq bu sayaq sözlərə mən bu gün də elə dünən yanaşdığım təki yanaşmaqdayam. Gəlsənə bu konuları bir də gözdən keçirək: biz o çağlar dediyimizin üstündə durmuşuq, ya yox, yəni biz ömrü olduğu kimi, necə gəldi yox, ancaq insana yaraşan kimi yaşamağı, yenədəmi düzgün saymaqdayıq?
K r i t o n. Sözsüz,  biz bu yoldan çəkilməmişik.
S o k r a t. Elədirsə, onda dediyimiz kimi: yaxşılığın, gözəlliyin, düzgünlüyün, hamısının elə bir anlayış demək olduğuna inanmağımız da öz yerindədir, eləmi?
K r i t o n. Elədir.
S o k r a t. Onda gəl, bizim bu ortaq olan, öz aramızda anlaşdığımız anlayışlara arxalanıb, baxaq görək, afinalıların istəmini saya salmayıb, mənim bu dustaqlıqdan getməyim düzgünlükmü, əyrilikmidir, düzgünlüksə gəl bunu eləyək, əyrilikdirsə bundan yan keçək. Qaldı sənin, – mənim qurtuluşuma axça qoymaqdır, çoxluğun bu işə necə baxmağıdır, uşaqları başsız qoymağımdır,—bu sayaq sözlərinə, düzünü desəm, Kriton, sənin bu dediklərin bayaqdan danışdığımız o çoxluğun baxışlarından başqası deyil, öncə kimisə suçu olmadan öldürüb, sonradan başı ayılanda onu diriltmək də istəyən, nə elədiyini, nədən elədiyini ayırd etməyən çoxluq da belə düşünmürmü?  İndi biz səninlə gəlib ora çıxmışıq, gərək ancaq bunusa da ayırd eləyək: bizim kiməsə axça verməkləmi, ya öz gücümüzləmi buradan çıxıb getməyimiz, düzgünlükmü, əyrilikmi sayılmalıdır?—bu iş əyrilikdirsə, onda mənim oturub ölümü gözləməyimi söz eləyib başımızı ağrıtmayaq, axı düzgün olmayan yaşayaşı biz özümüzə sığışdırmırıq.
K r i t o n. Mənə elə gəlir, sən danışmağına çox da yaxşı danışırsan, ancaq aydınlaşdır görək, bizlər, sənin arxadaşların indi nə etməliyik?
S o k r a t. Gəl bunu birgə aydınlaşdıraq, istəkli arxadaşım, ancaq mənim dediklərimlə anlaşmasan, sözünü de, mən də sən deyən təki eləyim; yox deməyə sözün olmasa, onda bu sözü çox da uzatma, mənim qulağımı doldurmaqdan əl çək, mənim buradan qaçmağımın gərəkliyini dilinə alıb danışma, sözün düzü, sən mənim üçün yoldan ötən birisi yox, sevimli arxadaşım olduğundan, mən çox istəyirəm, bu konuda  səninlə anlaşa bilim,  ürəyini qırmayım. Görürəm, indiyəcən apardığımız araşdırmalarda mənimlə anlaşdığın sezilir, ancaq bundan belə də ürəyindən keçənləri gizlətmə, sözünü açıq de.
K r i t o n. Söz verirəm, belə də eləyəcəyəm.
S o k r a t. Könüllü olaraq düzgünlüyü pozmağı, biz yanlış sayırıqmı, yoxsa yerinə görə onu  pozmaq da,  pozmamaq da olar? Yoxsa biz artıq biryolluq bilirik, düzgünlüyü pozmaq, necə baş verirsə-versin, hamısında, yaxşılğa, qanacağa yaraşan iş deyil, unutmamısansa, biz keçmişlərdə bu konudakı danışıqlarımızın çoxunda səninlə anlaşardıq?  Yoxsa bizim keçmişdəki bütün anlaşmalarımız bu son günlərdə buxarlanıb göyə çəkilibmiş, sən demə Kriton, biz səninlə artıq yaşa dolmuş adamlar olsaq da, ancaq bizim anlağımız da, davranışımız da elə uşaqlığımızda olduğu dəymədüşərliyində qalıbmış? Yoxsa, biz indi də onda danışdıqlarımızın üstündə durmaqdayıq?—buna çoxluğun necə yanaşması da, bundan ağrı acılar çəkəcəyimiz də bizi qorxutmur, biz  düzgünlüyü pozmağı: utanmazlıq, yaramazlıq saymışıq, elə indi də saymaqdayıq; Biz belə düşünürük, ya yox?
K r i t o n. Belə düşünürük.
S o k r a t. Deməli, düzgünlüyü pozmağı doğruldan bir durum ola bilməz?
K r i t o n. Yox, ola bilməz.
S o k r a t. Deməli, çoxluğun baxışlarına uyub, əyriliyə qarşı əyrilik eləməyə yuvarlanmaq da olmaz, nə olur olsun, düzgünlükdən əl çəkmək də olmaz.
K r i t on. Mən də belə düşünürəm.
S o k r a t. Onda mənə bunu de görüm, Kriton: haçansa, necəsə, yamanlıq eləməyə gərək var, yoxsa yox?
K r i t o n. Məncə yamanlığı nə iləsə doğrultmaq olası deyil.
S o k r a t. Çoxlarının düşündüyünə uyğun olaraq, yamanlığa qarşı yamanlıq eləmək düzgündür, ya yox?
K r i t o n. Yox, nə olur olsun, yamanlıq düzgün sayıla bilməz.
S o k r a t. Ona görə də biz  adamlara yamanlıq eləməyi, düzgünlüyü pozmaqla bir tutmalıyıq.
K r i t o n. Düz deyirsən.
S o k r a t. Belə çıxır, əyriliyin qarşısına əyriliklə çıxmamalıyıq, adamlardan hansı yamanlığı görməyimizdən asılı olmayaraq, onlara yamanlıq etməməliyik. Ancaq, Kriton, bunu da  ununtma, sən bu deyilənlərlə anlaşanda çoxluğun baxışlarından ayrılan görüşlərə qatılmış olursan, kim də olmasa mən bilirəm, çox az adamlar bu indi dediyim baxışları bölüşür. Bu da var, biriləri bir, o biriləri başqa sayaq düşünəndə, ellikcə anlaşma baş tutmur, hamı biri-birinə başqa sayaq düşüncə yiyəsi olduğuna görə, yanakı baxmağa başlayır. Eləcə də sən, bu deyilənlərə dərindən yanaş, mənim dediklərimi bölüşürsənmi, mənim doğru saydıqlarım sənin üçün də doğrudurmu, yəni  bu gənəşiyimizi ondan başlaya bilərikmi,- düzgünlüyü pozmaq, əyriliyə qarşı əyrilik etmək, uğraşdığımız yamanlığın qarşısına yamanlıqla çıxmaq, hansı durumda baş verməsinə baxmayaraq, düz sayıla bilməz? Yoxsa sən geri çəkilib, bu ilkin anlaşmamazı pozursan? Mənə gəlincə, qabaqlarda bunu necə anlayırdımsa indi də eləcədir,  sənin baxışların ayrıdırsa, onda buyur: danış da, öyrət də. Yox anlaşmamızı pozmursansa, onda ardına qulaq as.
K r i t o n. Mən anlaşmamızın üstündə dururam, sən sözünü danış.
S o k r a t. Belədirsə, onda səndən soruşmaq istəyirəm:  düzgün saydığın nəsnəni, gecikdirmədən, sonraya saxlamadan, elə o andaca yerinə yetirməyi gərəkli sayırsanmı?  
K r i t o n. Sayıram.
S o k r a t. İndi mənə qulaq as: məni dustaqlıqdan qaçırmaqla, biz kiməsə yamanlıq eləyirikmi, eləyiriksə, onda bunu yamanlığı yaraşdırdığımız kimsəyə qarşımı eləyirik? Bir də mənim bu sayaq qurtuluşum düzgünlük sayılmalıdır, ya yox?
K r i t o n. Sənin bu sorğunun qabağında deyəsi sözüm yoxdur, Sokrat, mən bu dediklərini sonacan anlaya bilmirəm.
S o k r a t. Onda gəl belə bir durumu göz önünə gətirək: mən buradan qaçıb aradan çıxmaq istəyəndə,- ya da bilmirəm başqa sayaq bunu necə deyirlər,- birdən o anda Yasalarla, Dövlət bura gəlirlər, mənim yolumu kəsib soruşurlar: “Sokrat, bizə de görək, sən nə eləmək istəyirsən? Sən özündən asılı olduğu yerlərin hamısında, haracan bacarırsansa oracan, bizlərin,—Yasalar ilə Dövlətin başını batırmağamı çalışırsan? Yoxsa elə düşünürsən, bizlərin varlığını, bütünlüyünü korlamadan, məhkəmə buyuruqlarını saya salmamaq da olar, onları ayrı-ayrı adamlar öz istəmlərinə görə doğru saymaya, tapdayıb yerlə bir eləyə də bilərlər?” Bax bu sayaq sorğuların qabağında bizlər nə deməliyik, Kriton? Axı bizim pozmaq istədiyimiz bu yasaların qorunmasının yararlarından yanşaqlar(ritorlar) belə uzun-uzadı danışa bilərdilər, biz isə onu saymırıq, məhkəmə buyuruqlarını özbaşınalıqla yerinə yetirməkdən boyun qaçırırıq. Yoxsa biz onlara bunu deməliyik: bu şəhər bizimlə düzgün davranmır, məhkəmədə bizə kəsilən iş düz deyil? Bunumu deməliyik, səncə?
K r i t o n. Belə demək yerinə düşərdi.
S o k r a t. “Bu necə ola bilər,- Yasalar belə deyərlər,- Sokrat, bizim səninlə başqa bir anlaşmamız yoxdur, anlaşdığımız isə ancaq bu olmuşdu: şəhərin məhkəməsi nə buyuruq versə, ona sözsüz boyun əyməlisən!” Sözlərinin mənim üçün anlaşılmaz olduğunu  görüncə, onlar bunu da deyərdilər: ”Sözümüz sənə çöçün gəlməsin, Sokrat, dillən görək sözün nədir; axı bu elə sənin öyrəncəndir,- adamları sorğuya çəkib, sonra da onları dilindən tutmaq deyildimi, sənin işin-gücün? İndi də sən gəl bizim sorğumuzu yanıtla görək: hansı suçumuza görə, bizim də, şəhərin də başını batırmaq istəyirsən? Sən bizim törəməmiz deyilsənmi, bizim göstərdiyimiz yolu tutaraq, atan ananla evlənib, səni bu yer üzünə gətirməyibmi? Yoxsa bizim adamların evlənməsini düzənləyən yasamıza qarşı da çıxırsan ?”   “Yox, mən buna qarşı deyiləm”,- bunu mən onlara deyirəm. “Yoxsa sən doğulan uşaqların böyüdülməsini, oxudulmasını düzənləyən yasalara qarşısan?  Yoxsa bizim buyuruğumuza görə, atanın səni gimnastika öyrənməyə, başqa bütün yararlı bilikləri oxuyub bilməyə göndərməsini bəyənmədin?” “Yox, çox da bəyənirəm!”- mən deyərdim. “Belə. Bizim qoyduğumuz yasalara görə doğulmusansa, böyüdülmüsənsə, oxudulmusansa, onda necə deyə bilərsən, sən bizim törətdiyimiz deyilsən, qulumuz sayılmırsan, üstəlik sənin ata-babaların da? Bu belədirsə, onda sən nəyə arxalanıb öz girəvəni bizimlə bir tutursan? Bizim sənə qarşı eləmək istədiklərimizə, düzgünlüyü gözləməklə qarşı qoya biləcəyin  nəsə varmı?  Yoxsa  düşünürsən, səndən üstün girəvəsi olan atanınmı, ya ağanınmı, elədiklərinə dözməlisən, onların söyüşünə, söyüşlə, əl qaldırmasına, əl qaldırmaqla qarşı durmamalısan, bir sözlə, səninlə bu sayaq davranışlarına üzüyolalıqla tablaşmalısan, ancaq Yurduna, Yasalara qarşı tablaşmalı deyilsən, demək biz bunu düzgün sayaraq səni öldürmək istəyiriksə, sən də bacardığın kimi bizim başımızı batırmağa çalışacaqsan, sonra bu elədiklərinin düzgün olduğunu deyəcəksən, özünü də bundan sonra yaxşı adam sayacaqsan? Yoxsa sən bu boynuna götürdüyün bilgəliyinlə indiyəcən bunu da bilmirsən, Yurdunun dəyəri,- sənin ata-anandan da, bütün ulu babalarından da artıqdır, O, qutsaldır, toxunulmazdır, ona tanrılar da, anlaqlı insanlar da bu gözlə baxıb, böyük sayğılar göstərirlər, birdən Yurdun səndən inciyibsə, ondan atandan artıq qorxmalı,  çəkinməli, könlünü almalısan, ya onu dilə tutub yola gətirməli, ya da buyurduğu kimi eləməlisən, sənə necə ağır görünsə də onun buyuruqlarını dinməz-söyləməz yerinə yetirməlisən, sürgünəmi, dustaqlığamı, savaşamı, ölüm-itiməmi göndərir, bunların hamısını düzgün sanıb etməlisən, necə savaşda yağı qabağından qaçmağı, ya da ona tutuqlunmağı özünə sığışdırmırsan, eləcə də, onun məhkəməsi olsun, ya başqa buyuruqları,- Yurdun necə deyirsə, elə də eləməlisən, ya da buyuruqlarından düzgün saymadığını yerində deyib, onlarla gənəşməlisən, bir sözlə öz doğma ata-anana qarşı qolugüclülük göstərməyin alçaqlıq sayılırsa, Yurduna qarşı bu sayaq davranmağın bundan da qat-qat artıq alçaqlıq deyilmi?” Bu sözlərin qabağında nə deyək, Kriton? Yasaların bu dedikləri, düzgündür, ya yox?
K r i t o n. Mənə elə gəlir, bütünlüklə düzgündür.
S o k r a t. “İndi bax, Sokrat,- Ysalar ardınca deyəcəklər,- sənin bizimlə büsbütün yanlış davranmaq istədiyini biz düzgünmü deyirik?  Özlüyündə səni biz törətmişiksə, dolandırmışıqsa, böyütmüşüksə, başqa yurddaşların təki, sənə çatası bütün nəsnələri vermişiksə,- onda bunu da bilməmiş deyilsən, bizim bütün afinalılarla, onlar biz Yasalardan, dövlət işlərindən baş açmağa başlayan gündən, yurddaşlar sırasına(vətəndaşlıq siyahısına) yazılmazdan öncə, belə bir kəsmətimiz olur: birdən onlar gördükləri,- bizim qoyduğumuz bu düzənləri bəyənmirlərsə, öz var-yatırlarını da götürüb, hara istəslər gedə bilərlər, Yasalar bunu etmək istəyənlərin yolunu kəsmir, onları bundan çəkindirmir. Ancaq kim qalırsa, artıq bilir, biz adamlara necə məhkəmə qururuq, bütün başqa düzənlərimiz necədir, onu da bilir, qalırsa bunlara boyun əyməlidir; yox o qalırsa, bununla yanaşı bunlardan boyun da qaçırırsa, biz onun düzgünlüyü üçqat artıq pozduğunu sanırıq: birinci, o bizə,- özünü törədənə saymazlıq eləyir, ikinci, o bizım- öz ağsaqqalının, öyüdverəninin üzünə ağ olur, sonuncu, biz nəyisə düz eləməyəndə o bizimlə dil tapıb bundan çəkindirməyə çalışmır, axı biz onu güclə dediyimizi eləməyə sürükləmirik, onun qarşısında seçə biləcəyi iki yol olur: o, ya bizim buyuruqlarımızın yanlışını bizə anlatmaq üçün bizimlə dil tapmalı, ya da dediyimizi sözsüz yerinə yetirməlidir,- bu isə nə onu, nə də bunu eləmək istəmir.
Sən indi başında dolaşan  yanlış düşüncələrə qapılıb, bu görmək istədiyin işi tutsan, biz səni də bu sayaq suçlayacayıq, sənə qarşı başqa afinalılardan da artıq amansız olacağıq”. Mən soruşsam:”Niyə axı?”, onda onlar düzgün olaraq deyəcəklər, sən axı başqa afinalılardan qat-qat artıq bizimlə anlaşmısan. Ardınca isə bunu deyəcəklər: “Bizim əlimizdə danılmaz tutarqalar var Sokrat, sən bizləri də, bizim şəhəri də hamıdan, bütün afinalılardan qat-qat artıq sevirsən, bildiyin kimi, başqa bir afinalı tapılmaz da, sənin təki bu şəhərdən qırağa çıxmaq istəməsin; sən nə bayramlara baxmaq üçün, nə də ayrı bir iş üçün başqa şəhərlərə getmirsən, Afinnadan vur-tut bir yol, onda da Yurd uğrunda savaş üçün çıxıb, İstmə getmisən; sən başqa adamlar kimi uzaq ellərə getmək, yolçuluq eləmək istəməmisən, başqa şəhərlərin görkəminə, yasalarına gedib baxmağa önəm verməmisən, biz Yasalarla, bizim şəhərdə yaşamaq sənin ürəyincə olub,- bax sən buracan bizə sayğılı olmusan, bütünlüklə, bizim buyuruqlarımızla yaşamağa alışmısan; bu harasıdır, öz uşaqlarını burada əkib-tökməyin də, ancaq şəhərimizi ürəkdən sevməyinə görədir. Bundan başqa sən istəsəydin məhkəmədə, şəhərdən sürgün olunmağın üçün dirənə bilərdin, şəhərlə anlaşıb bu işi tutardın, onda indiki kimi özbaşınalıq eləmək də könlündən keçməzdi. Ancaq onda sən özünə ad-san qazanmaq üçün, özünü elə göstərdin, sanki ölüm kəsilməsi səni qorxutmur, qayıdıb bunu da demişdin, sürgün olunmaqdansa, ölümü üstün tutursan, indi bu sözlərindən utanmırsan, bizdən, Yasalardan da çəkinmirsən, bizim başımızı batırmaq istəyirsən, özün də ən yaramaz bir qul sayağı davranmaq istəyirsən, bizimlə olan bütün anlaşmalarını, eləyəsilərini pozub, bizim yönətimimizdə yaşayacağını boyun olduğunu danıb, qaçmaq istəyirsən. Öncə gəl bizim bu sorğumuzu yanıtla görək: biz sənin ancaq sözdə deyil, işdə də bizmlə anlaşdığını deyəndə düzmü danışırıq, yalanmı?”  Bu sözlərin qabağında biz nə deməliyik, istəkli Kriton? Deyilənlərlə anlaşmalıyıqmı?
K r i t o n. Bu deyilənləri danmaq olmaz.         
S o k r a t. “Belə olanda,-Yasalar deyə bilər,- sən boynuna götürdüyün eləyəsiləri də, bizimlə anlaşmalarını da pozmuş olmursanmı, axı sən bizə onları yerinə yetirəcəyinə söz verəndə, sənə güc işlədən olmayıb, aldadan olmayıb, nə də qısa bir sürədə səni qısnayıb onlara qol qoymağa da sürükləməyiblər, sənin düz yetmiş yaşınacan bunlardan boyun qaçırmağa girəvən olub, sən bu sürədə bizləri düzgün saymayırdınsa, çıxıb gedə bilərdin. Sən Yasalarını, Dövlət düzənini öyməkdən yorulmadığın Lakedemona, Kritə, ya da başqa bir ellin(yunan) şəhərinə çıxıb getmək istəmədin, bu şəhərdən axsaqların, korların, başqa salxaqların(şikəstlərin) gedə bildikləri yerlərəcən belə çıxıb uzaqlaşmadın,- deməli afinalılardan bizim şəhərimizi, biz Yasaları ən çox bəyənən elə sən özünsən. İndisə sən öz sözündən qaçmaq istəyirsən, Sokrat?! Bizim sözümüzə qulaq as Sokrat, şəhərdən çıxıb getməklə adamları özünə güldürmə!
Bir dərindən düşün: verdiyin sözü danmaqla, üstünə bu suçu götürməklə, sən özünə də, doğmalarına da yamanlıq eləmirsənmi? Axı bu elədiklərinə görə, sənin yaxınlarını şəhərdən sürgün eləyə bilərlər, onlar doğma yurdlarından qaçqın düşəcəklər, ən azından var-yatırları əllərindən çıxacaq. Özünə gəlincə, sən bura yaxın şəhərlərdən, tutalım, Fivayamı, ya Meqaramı qaçsan, Sokrat, bunu biləsən, onların ikisi də də çox yaxşı yasalarla yönətilir, sən oralara gedincə onların dövlət quruluşlarının yağısına çevriləcəksən, öz şəhərini sevənlərin hamısı sənə yanakı baxacaq,  səni Yasaları pozan birisi kimi barmaqla göstərəcəklər, buradakı hakimlərin sənə kəsdikləri ölümün də düzgün olduğunu düşünəcəklər, sənə qarşı sürülən suçları da doğru sanacaqlar, axı bunu hamı bilir, yasanı pozan birisi, gəncləri pis yola çəkə də bilər, desən başqa yamanlıqlar da törədə bilər. Yoxsa sən buradan, yaxşı yasaların işlədiyi, ufutlu adamların yaşadığı şəhərlərə qaçmaq istəmirsən? Belədirsə, sənin sonrakı ömrün nəyə gərəkdir? Yoxsa sən utanıb-qızarmadan bu ufutlu adamlarla doğmalaşıb, onları da öncələr olduğu kimi danışığa çəkməkmi istəyəcəksən? Onlarla nədən danışacaqsan, Sokrat? Yoxsa burada dediyin kimi, onlara da: insanlara ən gərəkli olan qorxmazlıqdır, düzgünlükdür deyəcəksən, onda özünün nədən belə ola bilmədiyini necə anladacaqsan, Sokrat? Tutalım, sən bir az da uzaqlara, Fessaliyaya, Kritonun arxadaşlarının yanına gedib çıxdın; bu düzənsiz, başlı başına buraxılmış ölkədə, səni qarşılayanlar ilk olaraq sənin dustaqdan qaçmaq üçün necə üz-gözünü, əyin-başıni dəyişdiyini, keçi dərisinə bürünüb necə aradan çıxdığını soruşub, sonra da danışdıqlarına qulaq asıb, uğunub gedəcəklər. Yoxsa elə düşünürsən, sənin təki, ömrünün çoxu gedib lap azı qalmış bir qocanın belə quşürəkli olduğunu sezməyəcəklər? Ola bilsin sezməsinlər də, ya da bilib üzünə vurmasınlar da, ancaq Sokrat, birini incitdinmi, sənə bütün  ömrün boyu eşitmədiyin utancverici sözlər deyəcəklər. Bax beləcə qulağı dinc yaşamaq istəsən, sən çoxlarına yarınıb, yaltaqlanmalı olacaqsan, sənə qalan təkcə yediyin yeməklərdən duyduğun dadlar olacaq, sən doğrudan da Fessaliyaya qarın otarmağa getmək istəyirsənsə, orada bunu tapa biləcəksən. Sənin düzgünlüklə, başqa ərdəmliklərlə bağlı danışıqların isə bir kimsəyə gərək olmayacaq. Ola bilsin, sən uşaqlarını dolandırmaq, böyütmək üçün yaşamaq istəyirsən? Ancaq bunu necə eləyəcəksən? Tutalım, onları Fessaliyaya aparıb, orada dolandıracaq, böyüdəcəksən, ancaq bununla yanaşı onları yadelli də eləyəcəksən!  Yoxsa belə eləmək istəmirsən, düşünürsən onlar sənin sağlığında, səndən uzaqlarda düzgün böyüyüb, boya-başa çata biləcəklər? Ya da elə düşünürsən, Fesalliyaya köçsən, sənin doğmaların onların qayğılarını çəkəcəklər, Aidə(o dünyaya) köçsən yox? Axı onlar bunu edəndirlərsə, sənin ölümündən sonra da edəcəklər.
Yox Sokrat, sən gəl bizləri, sənin öyrəncilərini eşit, düzgünlükdən üstün ola biləsi bir nəsnə axtarma,- nə uşaqlarını, nə yaşamağını, nə də başqa nələrisə düzgünlüyə tay tutma, yoxsa Aidə gedəndə oranın hakimlərinə, özünü doğrultmaq üçün deməyə sözün olmaz. Sən bu yaramaz düşüncələri başından çıxarmayıb, onların aşıladığı yolu tutsan, nə özün, nə də yaxınların üçün bu iş yaxşı bitməyəcək,- tutduğun iş də nə düzgün, nə də tanrıların istəminə uyğun olacaq, ölümdən sonra da səni yaxşı bir nəsə gözləməyəcək; ancaq indi sən düzgünlüyü tutub, ölümdən sonra getməli olduğun yerlərə köçsən, bunu biləsən, səni incidən biz Yasalar deyilik, yalnızca adamlardır bunu eləyən. İndi dustaqlıqdan qaçası olsan, onda utanmadan,- yamanlığa, əyriliyə qarşı savaşını,- bizimlə anlaşmalarını pozmaqda, boynuna düşən yurddaşlıq görəvlərini tapdamaqda görəcəksən, sənin ölümündə ən az suçu olanların: özünün, arxadaşlarının, Yurdunun, biz Yasaların işlərini korlayacaqsan, biz Yasalar sən sağ ikən səndən yanıqlı olacağıq, ölümündən sonra isə Bizim Aiddəki qardaşlarımız- oranın Yasaları,- əlinə girəvə düşən kimi Yasaların başını batırdığını bildiklərindən, sənin üzünə pis baxıb, soyuq qarşılayacaqlar.  Ancaq sözün düzü, Ktitona inanıb, bizlərə qarşı çıxacağına da inanmağımız gəlmir”.
İstəkli arxadaşım Kriton, mənə elə gəlir,  bayaqdan sənə bu dediklərimi bütün aydınlığı ilə eşitməkdəyəm, necə çılğınlaşıb bayılanların qulağına fleyta səsləri gəlir, bu danışıqlar da mənim qulağımda cingildəyib, bundan başqa bir səsi eşitməyə qoymur. Ona görə də dedim biləsən,- mən indi bunları düşünürəm,- sənin məni düşündüklərimdən daşındırmaq istəməyin özünü boş-boşuna yormaqdan başqa bir işə yaramayacaq. Mənim düşüncələrimi sarsıdacaq, məni bunlardan daşındıracaq, nəsə güclü bir sözün varsa, danış.
K r i t o n. Mənim artıq deməyə bir sözüm yoxdur, Sokrat.
S o k r a t. Kriton, gəl bunları bir qırağa qoyub, tanrının göstərdiyi yolu tutaq.  
           
Ruscadan çevirən: ARAZ GÜNDÜZ

Комментариев нет:

Отправить комментарий