16.10.2011

Köləlikdən qalan riyakarlığa son qoymalıyıq


Rövşən Yerfi                                        

 Bu günlərdə internetdə Rusiyaya məxsus şəbəkələrin birində bizim cavanlarla ermənilərin həmişə baş verən bir mübahisəsinə rast gəldim. Təbii ki, ehtiraslar coşur, mübahisə bəzən təhqirə də keçirdi. Buna artıq öyrəşmişik. Mənim xoşlanmadığım cəhət isə rus familyalı şəxslərin söhbətə qarışıb  bizləri qınamaları idi: qonşu ola-ola bir-birini qırırsınız, məğlubiyyətinizin yanğısından nə etdiyinizi bilmirsiniz, və sair...

Bəlkə  o rus familyaları altında gizlənənlər də ermənilər idi, bu başqa söhbətin mövzusudur. Gəl ki, 1813-cü il Türkmənçay müqaviləsindən sonra  erməniləri bizim qanımıza susadan, onların bütün qələbələrini təmin edən, forpost dövlət yaradan siz ruslar, Rusiya dövləti deyilmi? Bax bunu kimsə xatırlatmadı. İki tərəf söyüşdü, onlar isə əlaltılarının tərəfini atmayaraq bizə ağıl verdilər. 1988-ci ildən hal-hazıradək Mockvanın yürütdüyü siyasətin kiçik forması özlərinin sosial şəbəkəsində bir daha təkrarlandı.
 Acınacaqlısı odur ki, biz təkcə virtual aləmdə yox, real həyatda da beləyik. Doğrunu deməyə tərəddüd edirik. Xalq məsəlində deyilən sayaq, eşşəyə gücümüzün çatmadığını görüb elə, hey palanı döyəcləyirik. Sovet dövründə imperiya sahibləri bizi yetmiş il riyakarlığa alışdırdılar. Böyük qardaş oldular, işğal olunmağımızı bayram etdirdilər. Daş atıb başımızı tutduq ki, xoşbəxliyimiz Rusiya ilə əbədi birlikdədir. O birlik ki, çıxarılan neftin doxsan üç faizi əlimizdən alınırdı. Həqiqətə göz yumub susurduq. Qorxumuzdan. Həmin qorxu bu gün də qanımızdadır, çıxarda bilmirik. Bilə-bilə başımıza gələn faciələrin, məğlubiyyətlərin  ssenarisini yazan kimlərdir, yenə riyakarlıq edirik. Tarix boyu erməni tək gücünə nə vaxt bizə qalib gəlib, ya üstün olub? Yalnız ruslar Qafqazı işğal edəndən sonra. Erməninin ağıllanmasını gözləmək xülyadır. Axı, ona imkan verən olsun ki, o da özbaşı ilə düşünsün. Bizə Rusiyanın ağıllanmasını gözləmək qalır. Onda belə çıxır ki, riyakarlığımızı – həqiqətə göz yummağımızı hələ uzun illər davam etdirməliyik.
 Daha bəsdi, hər şeyin öz adı ilə çağırmağın vaxtı çoxdan yetişib. Dövlətimizin siyasətdə yüz ölçüb bir biçdiyini başa düşdük. Bəs sadə xalq, onun ziyalıları? Mətbuatda sozünün dəyəri olan, xalqın ictimai şüuruna təsir edə bilən, adlarını ziyalı qoyanlarımız  adətləri üzrə yuxarıdan göstəriş gəlməsinimi gözləyirlər? Vicdan, əqidə də fərmanlamı idarə olunur?
 Müxalifətdə olan və ya hökumət işindən  təqaüdə çıxan barmaqla sayılacaq  tanınmışlardan başqa çoxluq Qaraabağ barədə danışanda özünü sadəlövh kimi göstərməkdən əl çəkmir, erməninin ipə-sapa yatmamasının günahını gah ingilisdə, gah da fransızda axtarır. Böyük qazax yazışısı Oljas Süleymenovun “Qarabağı Rusiya işğal edib” deməsi də bizi cəsarətləndirmədi...
 Yetər...Torpağımızı geri qaytara bilmirik, heç olmasa gələcəkdə dönüb geriyə baxanda qorxaqlığımız, riyakarlığımız üçün də xəcalət çəkməyək...

Комментариев нет:

Отправить комментарий