29.10.2011

İsrail dəyişə bilərmi?

Mayis Güləliyev

“Biz Ərəbləri qovmalı, onların torpaqlarını ələ keçirməliyik”


“Fələstinlilər iki ayaqlı heyvandırlar”

1948-ci ilin dekabrında bir qrup görkəmli Amerika yəhudisi, o cümlədən dahi fizik Albert Eynşteyn tərəfindən Nyu-York Times qəzetinin baş redaktoruna maraqlı məktub ünvanlanıb. Məktubda İsrail “Azadlıq” Partiyasının lideri Menachem Beginin ABŞ-a səfərindən və onun ABŞ tərəfindən dəstəklənə biləcəyindən narahatlıq ifadə edilir. Məktubun maraqlı tərəfi ondan ibarətdir ki, dünya şöhrətli alimlər İsrail siyasi təşkilatlarının faşist xarakterli olduğuna və İsraildə fələstinlilərə qarşı qeyri-humanist münasibətə açıq etiraz bildirirlər. Məktubda dinc yerli əhalinin İsrail silahlıları tərəfindən qətlə yetirilməsinə etiraz edən elm xadimləri Fələstin ərazisində baş verən irqçi siyasətintəəssüf ki, heç də təkcə Azadlıq Partiyası ilə məhdudlaşmadığı qənaətində deyildirlər. Onlar regionda baş verən qeyri-humanist hadisələrin, fələstinlilərə qarşı törədilən faciələrin, təəssüf ki, heç də hər hansı bir irqçi partiyanın siyasəti ilə bağlı olmadığını və İsrail dövlətinin mahiyyətindən, ona dəstək verən ABŞ-ın Yaxın Şərq siyasətindən irəli gəldiyini açıq bildirmirlər. Lakin məktubun mahiyyətindən asan başa düşmək olur ki, bu insanlar Amerika Sionist təşkilatları tərəfindən Beginin və onun faşist xarakterli partiyasının dəstəklənməsinə faciə kimi yanaşırlar. Onlar yanılmamışdılar.


Son 60 ildə İsrailin bu və ya digər sahədə konkret siyasəti və ya regionda fasiləsiz hərbi qarşıdurmalar yaratması Avropada, Asiya ölkələrində, hətta ABŞ-da müxtəlif təşkilatları, elm adamlarını və ya siyasi qurumları getdikcə narahat etməkdədir. Xüsusilə, son dövrdə İsrailin Qəzza bölgəsində törətdiyi soyqırımı elə bil tərəqqipərvər bəşəriyyəti bir anlıq “oyatdı”. İsrail siyasətini tənqid etməyə və Sionizmin mahiyyətinə şübhə ilə yanaşmağa cəsarət etməyən milyonlarla insanlar nəhayət İsrailin nə qədər özbaşına və qeyri-insani siyasətinin şahidi oldular. Alman faşizminin yəhudilərə qarşı törətdiyi vəhşiliklərə görə dünyanı son 60 ildə “günahkar” vəziyyətdə saxlayan Sionist təbliğat maşını Qəzza hadisələri ilə beynəlxalq qanunları vecinə almadığını sübut etməyə
çalışdı. Yenə də minlərlə insan İsrail özbaşınalığının qurbanı oldu. Regionda törədilmiş qanlı hadisələrdən sonra beynəlxalq təşkilatlar bir daha “sülh danışıqları” adı ilə İsrailin mahiyyətini gizlətməyə və onun dəyişə biləcəyinə inamı formalaşdırmağa cəhd göstərirlər.
Lakin son 60 ildə bir sual cavabsız olaraq qalır: İsrail başqa cür dövlət ola bilərmi? Mahiyyəti işğalçı və irqçi olan İsrail tolerant və sülhpərvər ola bilərmi?
Yaxın Şərqdə baş verən hadisələr qlobal dünyada, o cümlədən Cənubi Qafqazda baş verən hadisələrlə ciddi bağlıdır. Nəzərə almaq lazımdır ki, bu kiçik region dünya adlı böyük orqanizmi neft adlı “qanla” təmin edən dinamik ürək kimidir. Başqa sözlə desək, son 60 ildə Yaxın Şərqdə baş verən hadisələri Avropadan və digər regionlardan “sıxışdırılan” yəhudilərin fələstin torpaqlarına qeyriqanuni yerləşdirilməsi və bununla razılaşmayan fələstinlilərlə qanlı qarşıdurmaların baş verməsi kimi şərh etmək sadəlövhlükdür. Yaxın Şərqdə baş verən fəlakətlər ABŞ adlı imperiyanın regionu tam nəzarətdə saxlaması və onun sərvətlərinə sahib olması üçün düşünülmüş fəlakətlərin zahiri tərəfidir.
İsrail-Fələstin qarşıdurmaları uzun müddət üçün planlaşdırılaraq regionda “söz sahiblərinin” bir-bir aradan götürülməsinə və ABŞ-ın müstəmləkəsinə çevrilməsinə xidmət edir.
Son dövrlərdə aparılan tədqiqatlar bir daha sübut edir ki, ABŞ-ın yerli neft ehtiyatları onun istehlakının təqribən yarısını təşkil edir. Qalan yarısı isə digər ölkələrdən, o cümlədən Kanadadan, Venesueladan, Meksikadan və digər regionlardan təmin edilir. Baxmayaraq ki, ABŞ-ın idxal etdiyi neftin təqribən 20% Yaxın Şərqin payına düşür, regionda neft ehtiyatlarının hələ bol olması regionu ABŞ üçün strateji əhəmiyyətli etmişdir. Odur ki, ABŞ-ın Yaxın Şərq siyasətinin mahiyyətində onun enerji maraqlarının qorunması və regionda nüfuzunun genişlənməsi durur.
Artıq həm Şimal dənizində, həm də Alyaskada olan neft ehtiyatları tükənmək üzrədir. Avropada və Şərqi Asiya ölkələrinin də geniş neft yataqları yoxdur və ya kəşf edilməyib. Həm ABŞın, həm də Avropa ölkələrinin neft ehtiyacları isə durmadan artır. Asiya ölkələrinin də iqtisadiyyatı yüksəldikcə neftə olan tələbat artmaqda davam edir. Dünya iqtisadiyyatında neftə olan tələbatın artması neftlə zəngin olan Yaxın Şərqin dünya enerji sistemində rolunun artmasına və bu regionda maraqların getdikcə toqquşmasına səbəb olur. Yaxın Şərq regionunda Avropanın və Asiya ölkələrinin marağı ABŞ-ın marağı ilə toqquşur. Avropanın enerji balansında 30%, Yaponiyanın enerji balansında isə 80% neft Yaxın Şərqin payına düşür. Odur ki, Yaxın Şərq neftinə nəzarəti ələ almaqla ABŞ eyni zamanda Yaxın Şərq neftindən asılı olan ölkələrə təsir imkanını ələ almış olur. Nəzərə alsaq ki, Yaxın Şərq ölkələri dünya neft ehtiyatının təqribən üçdə birinə malikdirlər, onda neft ehtiyatlarının getdikcə azalması fonunda bu ehtiyatlar üzərində nəzarətin nə dərəcədə mühüm əhəmiyyət kəsb etməsi aydın olar. Təkcə Səudiyyə Ərəbistanı dünya neftinin 21% ehtiyatına malikdir. “Terrora qarşı” müharibə bəhanəsi ilə İraq neftinin də nəzarətinə alınması ABŞ-ın regionda təsir imkanlarını xeyli genişləndirdi.
Regionda neft ehtiyatları və onun nəqli üzərində nəzarəti ələ keçirmək azmış kimi, ABŞ neft hasil edən ölkələrə neft gəlirləri müqabilində silah satmaqda davam edir. Neft pulları əvəzində regiona silah daşınması həm neft pullarının ABŞ-a geri qaytarılmasına, həm də region ölkələrini hərbi təzyiq altında saxlamasına səbəb olur. Məsələn, Səudiyyə Ərəbistanının büdcəsinin 35-45% hərbi xərclərə gedir. Ölkənin neft ehtiyatlarını nəzarətdə saxlamaq məqsədilə ABŞ bu ölkədə baş verən qeyridemokratik hadisələrə, insan hüquqlarının pozulmasına göz yumaraq, onun sürətli silahlanmasını təmin edir.
ABŞ-ın Fars Körfəzi ölkələrində geniş hərbi qüvvələri mövcuddur. Regionda öz marağını qorumaq üçün ABŞ istənilən vaxt beynəlxalq hüquq normalarına etinasız yanaşa və hərbi zordan istifadə edə bilər. ABŞ-ın Yaxın Şərqdə belə “müstəsna hüquq” əldə etməsi Yaxın Şərqə, həmçinin dünyaya ciddi təhlükələr vəd edir. Həm ABŞ-ın , həm də onun müttəfiqi olan İsrailin böyük həcmdə silahlanması və ondan asılı olan region ölkələrini silahlandırması regionda sülhə ciddi təhlükə yaratmaqla yanaşı, həm də region ölkələrini sürətli silahlanmaya təhrik edir. ABŞ-ın region ölkələrinin iqtisadiyyatına belə təsiri milyonlarla insanın yoxsullaşmasına və səfalətdə yaşamasına səbəb olur.
Hələ XX əsrin əvvəllərindən, yəni dünya iqtisadiyyatı getdikcə neftdən asılı texnologiyaya əsaslanmağa başladığı vaxtdan neftin iqtisadiyyat üçün vacibliyi Yaxın Şərqin də dünya siyasətində mərkəzi rolunu müəyyən etdi. Belə ki, Yaxın Şərqdə Səudiyyə Ərəbistanı, İraq, Fars körfəsi ölkələri geniş və ucuz başa gələn neft ehtiyatlarına malikdir. Son 100 ildə dünyada baş verən hadisələrin, xüsusilə birinci və ikinci dünya müharibəsinin baş verməsində neftin necə rol oynadığını sübut etməyə ehtiyac yoxdur. İİ Dünya müharibəsindən sonra ABŞ-ın digər ölkələrlə müqayisədə daha çox enerji istehlak etməsi və bu həcmin durmadan artması dünya siyasətində öz təsirini göstərmişdir. İkinci Dünya müharibəsində və sonrakı dövrlərdə beynəlxalq münasibətlərin də əsasında enerjiyə olan ehtiyac mühüm əhəmiyyət daşıyırdı. ABŞ Dövlət Departamenti İİ Dünya müharibəsi dövründə Yaxın Şərq regionunda olan neft ehtiyatlarına xüsusi önəm verərək onu “dünya siyasətində böyük maddi qənimət və strateji gücün mühüm mənbəyi” hesab edirdi. Son 60 ildə neft hasil edən ölkələrin müxtəlif bəhanələrlə, o cümlədən “rəngli” və ya “qanlı” inqilablarla nəzarətə alınması, regional və etnik konfliktlərin qızışdırılması, “parçala və hökm sür” siyasəti ilə ölkələrin qarşı-qarşıya qoyulması milyonlarla insanın iztirablarına səbəb olmuşdur. Dünyada neft istehlakının getdikcə artması ətraf mühitə də mənfi təsir göstərməkdədir.
Hələ keçən əsrin 70-ci illərində ABŞ öz neft ehtiyatlarının yarısını istifadə etmişdir. Nəzəri cəhətdən mümkün olan neft ehtiyatlarının demək olar ki, yarısı son yüz ildə artıq istifadə edilmişdir.
Bu elə yüzillikdir ki, həm əhalinin sayı, həm də orta istehlak səviyyəsi indiki səviyyədən xeyli aşağı idi. Başqa sözlə desək, neft ehtiyatlarının istifadə edilməyən qalan yarısı indiki həcmdə istifadə edilərsə, növbəti yüz ilə yox, daha az müddətə kifayət edə bilər. Hesablamalar göstərir ki, bu müddət 30-50 il ola bilər. 1960-cı illərdən başlayaraq yeni neft yataqlarının kəşf edilməsinin çətinləşməsi, neft hasilatının maya dəyərinin getdikcə yüksəlməsi və neft istehlakının artmaqda davam etməsi Yaxın Şərq regionu ətrafında siyasi mübarizənin genişlənməsinə səbəb olub. Son 50-60 il ərzində regionda,
həmçinin regiona yaxın ölkələrdə baş verən mühüm siyasi hadisələr neft ehtiyatları ilə birbaşa bağlıdır.
Yaxın Şərq tarixindən bəllidir ki, İkinci Dünya müharibəsindən sonra dünyanın əksər regionlarında ABŞ-ın nüfuzu digər ölkələrlə, xüsusilə Böyük Britaniya ilə müqayisədə xeyli gücləndi.
Birinci Dünya müharibəsindən sonra Osmanlı İmperiyası, ikinci dünya müharibəsindən sonra isə Böyük Britaniya və Fransa Yaxın Şərqdə öz hegemonluğunu itirdi. Elə bu dövrdən başlayaraq ABŞ “yeni müstəmləkəçilik” siyasətindən istifadə edərək Yaxın Şərqdə əsas söz sahibinə çevrildi. Belə siyasət klassik müstəmləkəçilik metodlarından fərqli olaraq daha “demokratik” idi. Regionda mahiyyətcə ABŞ-dan tam asılı olan, zahirən isə “milli” və “müstəqil” görsənən dövlətlərin yaradılması ABŞ-ın daxili resurslarının qorunmasına da kömək edirdi. Belə ki, kənardan baxanda bu ölkənin milli olduğu və öz vətəndaşları tərəfindən idarə edildiyi görsənsə də, əslində ABŞ-dan gizli və tam asılılıq saxlanılırdı. Belə ölkələrin uydurma konstitusiyası olur və “müstəqil” dövlət idarəçiliyi müəyyənləşdirilir. Lakin həqiqətdə dövlət idarəçiliyinə nəzarət kənardan-ABŞ tərəfindən həyata keçirilir.
Belə uydurma dövlətlərdə ABŞ-dan asılılığı asanlıqla təmin edilməsi üçün “milli idarəetmə” həmişə zəif vəziyyətdə saxlanılır. Lakin zəiflik səviyyəsi o dərəcəyə qədər endirilir ki, dövlət öz əhalisi üzərində nəzarəti həyata keçirməyə bilsin. Bu halda ABŞ əhalinin nəzarətdə saxlanmasına, daxili stabilliyin qorunmasına əlavə xərclər ödəmir. Bu xərcləri “milli” dövlət öz üzərinə götürməli olur. Ölkənin zəifliyi kontekstində daxili stabilliyin və ABŞ maraqlarının qorunması belə ölkələrin əhalisinin ictimai şüurunun, xüsusilə təhsilinin inkişafına mane olmaqla və ya onun tarixinin və mədəniyyətinin idarə edilməsi ilə həyata keçirilir. Əhalinin təhsilinin və mədəni inkişafının qarşısını almaq üçün xüsusi proqramlar hazırlanır. Belə ölkələrdə “radikal millətçilik” meylləri xüsusilə gücləndirilir və onun tarixi saxtalaşdırılır. Çünki belə ölkələrin əhalisi və ictimai şüuru inkişaf edərsə ölkə əhalisi öz resursları üzərində nəzarət hüququnu tələb edə bilər.
Nəzarətə alınan ölkələrin ictimai şüuruna təsir göstərmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Kütləvi İnformasiya vasitələrindən , yerli qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və sair istifadə etməklə elə ictimai-siyasi şəraitin yaradılmağına müvəffəq olunur ki, ictimai şüurda ölkə resurslarının ABŞ investorları tərəfindən istismar edilməsinə normal yanaşılsın. Əgər hər hansı ictimai qrup və ya siyasi partiya ABŞ-ın belə yeni müstəmləkəçilik siyasətini qəbul etmək istəmirsə və ya hər hansı formada ona müqavimət göstərməyə cürət edirsə, onlar müxtəlif formada cəmiyyətdən təcrid edilir. Başqa sözlə desək, “reallığı qəbul etməyənlər və ya onu anlamayanlar” ən azı “qeyrisivil”, “qeyri-tolerant” adlandırılaraq, hər vəcdlə ictimai-siyasi mühitdən təcrid edilirlər. Beləliklə, zahirən “milli” olan, əslində isə ABŞ müstəmləkəsi olan neftlə zəngin dövlət ABŞ-ın açıq və ya gizli dəstəyi ilə öz varlığını təmin edir. Latın Amerikasından tutmuş Şərqi Asya ölkələrinə qədər, Yaxın Şərqdən tutmuş keçmiş Sovet respublikalarına qədər kiçik, lakin “milli” dövlətlərin mahiyyətinə diqqət yetirsək belə “yalançı müstəqil” və “lovğa” dövlətlərə rast gələrik.
ABŞ Yaxın Şərqdə “yeni müstəmləkəçilik” siyasətini həyata keçirmək və daha az maddi itkilər vermək üçün etibarlı müttəfiqə ehtiyac duymuşdur. Bu elə dövlət olmalı idi ki, hər şeydən əvvəl regionda ABŞ-ın hərbi rolunu öz üzərinə götürə bilsin. Başqa sözlə desək, ABŞ-ın canlı kontingenti olmadan hərbi bazası kimi fəaliyyət göstərə bilsin. Bu halda ABŞ öz canlı qüvvəsini qorumuş olur.
İkincisi, bu dövlət ABŞ qoşunlarının ciddi zərurət olmadığı halda regionda yerləşdirilməsinə ehtiyac yaratmamalı idi. Bu ölkə, faktiki olaraq, ABŞ-ın regionda daimi hərbi varlığını təmin etməklə zəruri nəzarəti həyata keçirmiş olur. Üçüncüsü, bu dövlət elə olmalı idi ki, regionda gərginliyi saxlayaraq ABŞ-ın regiona istənilən vaxt daxil olmasına bəhanə yaratsın. Dördüncü, bu dövlət regionda jandarm fəaliyyətini həyata keçirərək güclənməkdə olan və ABŞ-ın maraqlarına təhlükə ola bilən hər hansı ölkənin vaxtaşırı zəiflədilməsini təmin etməli, “hərbi profilaktik” əməliyyat həyata keçirməlidir.
Beşinci, region ölkələrinin mümkün alyansına mane olmaq üçün onlar arasında etnik və dini konfliktlərin yaradılmasına və saxlanmasına nail olunmalıdır. Bu fəaliyyət üçün yerli ictimai təşkilatlardan, dini cərəyanlardan istifadə edilməlidir. Konfliktə olan tərəflərin hər birini nəzarətdə saxlamaq üçün yollar aramaq. Altıncı, region ölkələrinin özünəməxsusluğunu addımbaaddım dəyişdirmək, islam mədəniyyətinin və islam dəyərlərinin aradan götürülməsi üçün uydurma tarixdən və mədəni əlaqələrdən istifadə etmək. Yeddinci, lazım olan hallarda geniş terrordan istifadə etməyə meylli olsun. Nəhayət, Yaxın Şərqdə jandarm rolunu elə ölkə oynamalı idi ki, ondan ərəblərə və ya ərəb olmayan müsəlmanlara qarşı istifadə etmək mümkün olsun.
Keçən əsrin əvvəllərində Yaxın Şərqə meylli olan ABŞ-ın regionda belə “jandarm-müttəfiq” tapması heç də çətin olmadı. Belə rolu qeyri-ərəb ölkəsi kimi formalaşa bilən və müsəlmanlarla münaqişəsi daha asan təşkil edilə bilən İsrail oynaya bilərdi. Belə dövlətin yaradılması üçün zəmin isə Böyük Britaniya tərəfindən artıq hazırlanmışdır.
İsrail üzərinə ABŞ tərəfindən və ABŞ-ın xarici siyasətinə təsir imkanları geniş olan Sionist lobbisi tərəfindən qoyulan missiya bu dövlətin sülhpərvər və tolerant olmasına zəmin yaratmır. Son 60 ildə İsrailin Yaxın Şərqdə törətdiyi faciələr bir daha sübut edir ki, bu ölkənin müəyyən edilmiş missiyası heç də sivil “yəhudi dövlətinin” yaradılması yox, region ölkələrinin nəzarətdə saxlanmasından və ABŞ-ın maraqlarının qorunmasından ibarətdir. Yaxın Şərqdə mahiyyəti irqçi olan İsrail ABŞ-a bu gün lazımdır. Lakin regionda “irqçi jandarma” ehtiyac hansı müddətə qədər davam edə bilər?
İsrailin irqçi siyasəti və mono-etnik dövlət modeli bu dövlətin sərhədləri daxilində digər millətlərin, o cümlədən fələstinlilərin yaşamasını qeyri-mümkün edir. İsrailin keçmiş baş naziri David Ben Gurionun “Biz Ərəbləri qovmalı, onların torpaqlarını ələ keçirməliyik” ifadəsinin mahiyyəti İsrail cəmiyyətində çoxmu dəyişib? “Fələstinlilər iki ayaqlı heyvandırlar” deyən İsrailin keçmiş baş naziri Menachem Begin bu ölkədə ərəblərin və yəhudilərin birgə yaşayışını təsəvvür edirdimi? İsrailin ən yüksək rütbəli şəxslərinin fələstinlilərə qarşı belə ayrı-seçkiliyi və irqi münasibəti bu ölkənin humanist ölkə ola bilməyəcəyindən xəbər verir. Belə siyasət isə regionda sabitliyə və birgəyaşayışa ciddi təhlükədir.
Сионизм невидимый: его методы и жертвы

Комментариев нет:

Отправить комментарий