21.10.2011

Gərdək və təzə taksilər

Aqşin Yenisey

Memarlıqdan, həm də şəhər mədəniyyətindən başı çıxan bir dostum deyir ki, şəhərə gətirilən yeni taksilər Bakının arxitekturasına uyğun deyil, yəni bu taksiləri hansı binanın qənşərində saxlasan köhnə şalvara təzə yamaq kimi görsənəcək.

Memarlıqdan qanan kafam yoxdur, məni maraqlandıran alayı məsələdir; deyilənə görə, yeni taksilərdə sürücü ilə sərnişin arasında səskeçirməz pərdə var. Mətləbə keçməmişdən əvvəl bu “pərdə” məsələsinə bir aydınlıq gətirmək pis olmazdı. “Pərdə” söhbəti çox qədim söhbətdir, İki məfhum arasında pərdə çəkmək, demək olar ki, bizim xalqın bütün milli-mənəvi dəyərlərinin əcdadı, ulu babasıdır. İlk pərdələr Azərbaycanda feodalizm dövründə kəndli-rəncbər ailələrində ata ilə oğul arasında çəkilib.


Kasıblıq ucbatından cibinin imkanı və qolunun heyi birotaqlı daxma tikməyə çatan kəndli atalarımız ilk övladlarını evləndirərkən həmin otağı yeni qurulan ailə ilə yarı bölməli olurdular; kasıb adam tez və çox doğub törəyər, eynən heyvanat aləmində olduğu kimi – fil iyirmi iki aya bir bala doğur, amma fil doğur, siçan isə hər qırx gündən bir sürüynən siçan balalayır.

O vaxt toy günü arvadlar evin bir küncünü pərdə ilə ayırıb təzə bəy-gəlin üçün, bir növ, seksual sığınacaq düzəldirdilər. Pərdənin bir tərəfində atanın, o biri tərəfində isə oğulun külfəti yerləşirdi. Yeni ailə ta özünə daxma tikənə qədər bu pərdənin arxasında gecələyir, doğub-törəyirdi. İstifadə müddəti çoxdan çıxmış, Nikolaydanqalma əyalət qarıları danışırlar ki, o vaxtlar belə daxmalarda bəzən gəlinlə qayınananın doğuş sancısı birdən tuturdu və pərdənin bu üzündə qayınana, o biri üzündə isə gəlin doğurdu. Bəzən əmi ilə qardaşoğlu eyni gündə dünyaya gəlirdilər. Ata ilə oğul arasında pərdənin olması məsələsi sonralar, kəndlilər artıq ikiotaqlı, üçotaqlə evlər tikməyə, yəni ata ilə oğulu pərdələr deyil, divarlar ayırmağa başlayandan sonra mənəvi, əxlaqi keyfiyyət kəsb etməyə başladı və bu dəyər ailə, məişət darısqallığından çıxıb həyatın digər sferalarına da tətbiq olundu. Bu gün artıq nəinki ata-oğul arasında, qatillə qurban, polislə oğru, müğənniylə xalq, hakimiyyətlə müxalifət, ən nəhayət, sürücü ilə sərnişin arasında da pərdənin olmasına böyük ehtiyac yaranıb və bəlkə də, bu ehtiyac ən çox marşrut avtobuslarda, taksilərdə sürücülərlə sərnişinlər arasında gözə girir.

Paytaxt avtobuslarında bu gün belə bir pərdənin olmaması ucbatından sürücülər uca səslə qulaq asdıqları, zənən sərnişinlərə “gəl-gəl” deyən mahnılarla, yolda pəncərədən başlarını çıxarıb sürücü həmkarlarına söydükləri söyüşlərlə zavallı sərnişinlərin anasını ağladırlar.

Avtobuslarda bir vurçatlasın, çal-çağır olur ki, sanki, millət təkərli şadlıq saraylarında, banket zallarında ora-bura gedib-gəlir. Bir o qalır ki, pulyığan oğlan hər dayanacaqda qapının pilləkənindəcə elan eləsin: avtobusumuzda oxuyur filan müğənni, filan meyxanaçı, filan muğam ustası və nəhayət, qızıl şlyager Faiq Ağayev.

Yeni taksilərdə sürücü ilə sərnişin arasında pərdənin olması gələcəyə doğru atılmış iri addım olsa da, küçədə-bacada buna ağız büzənlər də var. Səbəb də budur ki, bizim xalq istiqanlı, ürəyiaçıq xalq olduğu üçün soyuqqanlı londonluların yol davranışlarını ona tətbiq etmək olmaz. Biz ki taksiyə minib sürücünün atabaatasını, yeddiarxadan dönənini öyrənmədiksə, Bayıldan “28 may”a çatanacan onunla qohum çıxmadıqsa, qız verib, qız almadıqsa, day bunu nəyi oldu yol yoldaşlığı? Yaxud sürücü öz sərnişininə əsgərliyindən tutmuş ta gecə arvadla yatarkən daha çox hansı pozaya üstünlük verdiklərinəcən danışmayacaqsa, belə taksidən bizim kəndçi Xanəhməd kişinin eşşək arabası mərifətlidir.

Allah taksini nə üçün yaradıb? Təkcə ayağını yerdən götürmək üçünmü? Taksiyə ki oturmamışdan qabaq yarım saat qiymət davası döymədin, yolda sürücüyə qahmar çıxıb o biri sürücüləri söymədin, yol boyu mütləq Könül Xasıyevadan yanıqlı bir zəngulə dinləmədin, sürücüylə sözü çəp gətirib dalaşaraq yarıyolda düşmədin – bunun harası oldu 50 milyonluq azərbaycan xalqı, otaylı-butaylı Araz, Babək, Koroğlu...

Ona görə bu taksilərə öyrəşənəcən sərnişinlərimiz bir müddət əzab çəkməli olacaqlar. Yollarda tez-tez belə mənzərələr görəcəyik: ağlaya-ağlaya yol gedən, sükan arxasında oturmuş sürücü və arxada oturmuş tənha sərnişin: ağlayırlar ki, bu nə müsibət idi başımıza gəldi? Az idimi bizi ayıran tikanlı məftillər, sərhədlər, taksilərimizə də şüşə hasarlar çəkdilər. Yaxud biri qabaq, digəri arxa pəncərədən başını çıxarıb yol boyu hal-əhval tutan, bir-birilərinin kimlərdən, hansı tayfadan olduğunu, əsgərliyini harda çəkdiyini soruşan sürücü və sərnişin.

Artıq paytaxtda gətirilən yeni taksiləri əldəqayırma yolla milliləşdirmək, onların müasirliyinə, avropalılığına qədim adət-ənənələrimizdən süzülüb gələn milli ornamentlər calamaq və bu yolla yollarımızda xalqın öz milli soy-kökündən uzaqlaşmasının qarşısını almaqdan ötrü sürücülər və sərnişinlər baş sındırmağa başlayıblar.

Necə edək ki, bu taksilərdən də milli faytonlarımıza xas olan qırmanc səsi, ayğır kişnərtisi eşidilsin, o üzlü - bu üzlü sürücü-sərnişin ayrılığına bəri başdan son qoyulsun? Necə edək ki, yolölçən cihaz gedilən yolun uzunluğunu və qiymətini özü ölçdüyü kimi deyil, sürücünü və sərnişini razı salacaq civarında yazsın? Necə edək ki, bu dördtəkərli müasirliyin içində özümüzün qədim dördayaqlı qədimliyimizi itirməyək?

Gəlin, birlikdə baş sındıraq.

Комментариев нет:

Отправить комментарий