07.11.2011

Cənub şeirləri


Arif Səfa (Arif Qulu oğlu) 1929-cu ildə Aşqabadda anadan olub. Seyid Əzim Şirvaninin ana tərəfdən nəticəsidir. 1938-ci ildə əslən Cənubi Azərbaycandan olduqlarına görə doqquz yaşında valideynləri ilə birgə İrana sürgün edilib. S.C.Pişəvərinin rəhbərliyi ilə qələbə çalan “21 Azər” inqilabının şahidi olub. Gənclər təşkilatının fəaliyyətində iştirak edib. 1949-cu ildə ailəsi təqiblərə məruz qalmamaq üçün yenidən Aşqabada qayıdıb. Bu barədə onun “Seyid Əzim Şirvanin nəvəsi Səadət xanımın ağlı-qaralı günləri” xatirələr kitabında ətraflı söhbət açılıb.  Arif Səfa Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsinin məzunudur. Bakıda uzun illər S.C.Pişəvərinin adını daşıyan məktəbdə həmin dili tədris edib. Şeirləri ölkə mətbuatında dərc olunur. “Səhv edirəm bəlkə də” və “Qəzəllər və gözəllər” kitablarının da müəllifidir. Aşağıda onun “Cənub şeirləri” silsiləsindən qələmə aldığı üç nümunəni oxuculara təqdim edirik.

 Azadlıq

Bu azadlıq nədir ki
Ona bağlanmışıq biz?
Ona qovuşmaq üçün
yanıb, dağlanmışıq biz.
Bu yolda gəncliyimiz
Yaşa doldu, qocaldı,
Yenə azadlıq eşqi
Könlümüzdə ucaldı.
Bu azadlıq nədir ki
İnsan onun yolunda
Zindanlara atılır,
Əsir tək sürgün olub.
Zülmətlərə qatılır?
Bu azadlıq nədir ki
Sinəmizə həkk olub
Köksümüzdə çırpınan
İkinci ürək olub?
Bu eşqi, bu sevgini
hansı meyarla ölçək?
Bu sevdadan biz necə
üz çevirək, əl çəkək?
Bu azadlıq nədir ki
O bizi gecə-gündüz
Üsyanlara səsləyir?
Dönüb çoşqun dənizə
Bu azadlıq nədir ki
Onun parlaq üzünə
heç kəs ləkə vurammaz.
Onun açıq alnına
Qara kölgə salanmaz
Bu azadlıq nədir ki
Onu dərk edənlərin
gücü, qüdrəti artır,
Ömrü, izzəti artır?
Bu azadlıq nədir ki
Onun hər gülüşündən
Qoşalaşır nəğmələr,
Çoşub, daşır nəğmələr?
Bu azadlıq nədir ki
Onun hər gəlişindən
uçub, gedir dumanlar,
batıb yerin dibinə
qaranlıqlar, yalanlar.
Bu azadlıq nədir ki
Onun sevməyənlərin
gözündə həyat sönür,
Ürəyi daşa dönür?
Mənim azadlığımı
Sürgünə göndəriblər
Neçə-neçə ölkəyə
başıma döyə-döyə,
üzümə söyə-söyə.
Bu azadlıq nədir ki
Onun təkrar deməkdən
yorulmayır dilimiz?
Onun zirvələrinə
bu gün çatmır əlimiz,
Nədən çatmır əlimiz?

Məhkəmə

Məni məhkəməyə aparın, dostlar,
Orda söyləməyə sözüm var mənim.
Elə zənn etməyin zəifləmişəm,
Hələ ürəyimdə dözüm var mənim

Məni məhkəməyə aparın, görüm,
Azadlıq uğrunda döyüşənləri
Yalançı hakimə, saxta şahidə
Baxıb, acı-acı gülüşənləri.

Məni məhkəməyə aparın, dostlar,
Tüpürüm üzünə haqsızlığın mən.
Elə hayqırım ki, yer, göy titrəsin
Dağlar dilə gəlsin dərdi-sərimdən.

Məni məhkəməyə aparın, dostlar,
İgid oğullara qatsınlar məni.
Ya məni orada güllələsinlər,
Ya da boğazımdan assınlar məni.

Azərbaycanım!

Təbriz bir igiddir əli yarağlı,
Bakı bir gəlindir üzü duvaqlı,
Azadlıq həsrətli, birlik soraqlı
Mənim doğma yurdum, Azərbaycanım!

Təbriz bir gözümdür, Bakı bir gözüm,
Onların hər biri ən şirin sözüm,
Bəs bu ayrılığa nə qədər dözüm?
Mənim doğma yurdum, Azərbaycanım!

Bu təzə bir nisgil, təzə söz deyil,
Sinəmdə alışan təzə köz deyil,
Arif neyləsin ki ürək yaz deyir
Mənim doğma yurdum, Azərbaycanım!

Комментариев нет:

Отправить комментарий