02.11.2011

Fikrət Qoca: “Adam kimi şeir yaz ki, sənin yazdığını vərəqləyib oxuya bilsinlər”


Oxucuların azlığından tez-tez söhbət açılır, haqlı olaraq televiziyalarda baş alıb gedən serialların və “ucuz ətin şorbası” kimi iştah küsdürən şou-proqramların bolluğu da buna səbəb kimi göstərilir. Bu doğrudanda belədir. Lakin yazarlarımızın ortaya qoyduqları əsərlərin keyfiyyətinə də fikir verməyin vaxtı çatıb. Oxucu qıtlığından bəhs edənlər isə, əsasən nəşr etdirdikləri 200-300 tirajlı kitablarını qoltuq ciblərində, çantalarında gəzdirənlərdi ki, onları oxucu adına qohuma-tanışa bağışlayır, yaxud idarə-müəssisələrdə rəhbər işçilərə “hədiyyə etməklə” məşğuldurlar. Oxucunun əlinə düşməyən kitabı necə oxumaq olar? Bu da düzdü ki, sovetlər dönəmində oxucuların sayı, iyirmi illik müstəqilliyimiz dövrünün oxucusunun sayından dəfələrlə çox olub. Yaşımdan qabağa danışmağıma səbəb o dövr dərc olunan kitablarla indiki dövrün kitab istehsalı arasındakı fantastik say fərqidir.  Elə müəlliflərin də say artımının, boy artımından çox olması bir çox oxucunun, yazıçıya çevrilməsi səbəbindəndir.

Yaxşı əsərlər yazılır, var və olacaq. Elə oxucular da tükənməyib və olacaq. Yetər ki əsərlərimiz yazılsın.
Son vaxtlar isə şeirdə özlərini təsdiq edə bilməyənlər, şair olmaq arzusuyla “qollarını çırmalayıb” ədəbi meydana girənlər, lakin qələmlərinin və ilhamlarının gücsüzlüyündən “əziyyət çəkərək” nəsrə transfer olunurlar. “Şeir dünyada ölüb” deyən qələm adamları, yazdıqları süst və ikrahedici əsərləri ilə nəsrimizi öldürməkdədirlər. Doğrudanmı şeirin zamanı bitib? Doğrudanmı insanlar bir daha şeir oxumayacaq, yaxud şairlər doğulmayacaq? Yoxsa şeirləri ilə sevilə bilməyənlər, lakin bu sevgini dadmaq istəyənlər və tamarzı qalanlar bu “ölüm xəbərini” yayır.
Elə bu suallarda sorğu keçirmək istədik, ilkin olaraq, xalq şairi, AYB-nin sədr müavini Fikrət Qocanın “qapısını döydük”.

Fikrət Qoca:- “Şairlər şeirləri yazarkən içdən yazırlar ki, oxucuların ürəyinə yol tapsın. Gəlin adi bir şey deyim, gənclər severkən bir-birinə məktub yazanda, məktubun sonluğunu  sevgi şeirləri ilə bitirirdilər. Şeir hər zaman yaşayacaq. İndi bəzi dırnaq arası şairlər şeirləri ilə oxucuların ürəyinə yol tapa bilmədiyindən, nəsrə üz tutublar. Adın da qoyublar şeiri oxuyan yoxdu, sən adam kimi şeir yaz ki, sənin yazdığını vərəqləyib oxuya bilsinlər”.
Elə xalq şairi Söhrab Tahir də qələm dostunun fikirləri ilə üst-üstə düşən münasibət bildirdi: “Daha doğrusu budur ki, “şeir öldü” deyən şairlər anlamalıdır ki, şeir heç zaman ölmədi, yaşayır və yaşayacaq. Onlara üz tutub deyirəm :-Sizlər artıq tükənmisiniz. Şeirlərinizlə oxuculara təsir edə bilmirsiniz və məcbur olmusunuz hekayə yazasınız. Şeirlər var ki, səngər də duran əsgərlərimizdə ruh yüksəkliyi yaradır. Onları daha mətin, qorxmaz olmağa çağırır. Sənin dünya ilə nə işin var, şeirini yaz da, yaza bilirsənsə…”
Tanınmış yazar Əyyub Qiyas isə məsələdə roman yazarları suçladı: “Şeir ölüb demək qətiyyən düz fikir deyil. Bu gün sovetlərdən qalan ədəbi bölgülər dağılır və şair, yazıçı, dramaturq  bölgüsünü sədəcə yazar anlayışı əvəz edir. Hər dövrün öz ədəbi tələbatı var. Bu gün yazar  romanın dəbdə olduğunu hiss edib roman yazır. Bu fakt o demək deyil ki, bir roman yazmaqla, beş roman yazmaqla hər kəs romançı olur. Əsla… Romançılıq yazardan müstəsna bacarıqlar tələb edən bir janrdır. Yazılan onlarla nəsr nümunəsinə roman adı qoyub oxucuya sırımaq ədəbi naşılıqdan və oxucuya hörmətsizlikdən  irəli gəlir. Adını  NEO-ROMAN  qoyub boş-boş şeylər yazanlar da var, bu məsələyə ciddi yanaşanlar da. Sadəcə peşəkarlığı çatmayan əsərlər də var. Peşəkarlıq zaman-zaman düzələcək, buna inanıram. Amma nə qədər reklam olunsa belə boş-boş yazılar ədəbiyyat tarixində qalmayacaq. Çünki o yazıların içində yalnız bir anın duyğuları yatır, yalnız bu dövr üçün yazılır və yalnız yaxın ətrafın hay-küyü üçün hesablanır.  Əsl ədəbiyyat azından 100-200 il üçün (daha da çox ola bilər) hesablanır və dünyanın istənilən nöqtəsində olan oxucu üçün yazılır. İndi yazılan romanların əksəriyyəti Biləcəridən o yana gedib çıxa bilmir və çıxa bilməyəcək də. Şeir isə illərin sınağından keçən bir janrdır. Şeirin ovqatı, ruhu dəyişsə belə, mövzu fərqli olsa belə şeir həmişə yaşayacaq. Bəzən bir romanın 500 səhifəyə paylaşdığı fikri 3-4 bəndlik şeir ifadə edə bilir…”
Tanınmış şair Oktay Rzanın da bu deyimlə bağlı fikirləri fərqli olmadı: “Mən bu fikirlə razı deyiləm, necə yəni şeir ölüb? Şairlərin yazdığı şeirlər insana mənəvi ruh verir. Bəzən insanlar yorğun olanda əsas şeir kitablarına üstünlük verirlər”.
Yazıçı və ədəbi tədqiqatçı Hafiz Mirzənin də “Şeirin ölüm xəbəri” haqda münasibəti öz orijinallığı ilə seçildi: “Düşünmürəm ki, dünyada şeir ölüb. Şeir ölübsə deməli, həyatın poetik duyumları da ölüb. Amma mən deyərdim ki, həyat bir qədər kobudlaşıb, öz dəyərlərini itirib, poetik duyum korşalaşıb və sair. Əgər bizdə ədəbiyyata diqqət və qayğı zəifdirsə, bu o demək deyil ki, o bütün dünyada da belədir. Hərçənd ki, bizdə də son illər ədəbiyyata gəlmiş gənclər arasında yaxşı şairlər yox deyil. Sadəcə, ağ şeirlərin geniş dəb düşməsi poeziyanın sevilməsinə ciddi xələl gətirib. Ağ şeir poeziya ilə prozanın sərhədlərini pozduğundan sadə oxucular poeziyanın dəbdən düşdüyünü düşünə bilər. Kiminsə ağ şeirini əzbər deyə bilən bircə nəfər tapmaq çətin olar. Məncə ona ağ şeirdən daha çox yazı şeiri demək olar. Çünki onu yazılı formada oxumaq yaxşı olur. Ucadan söyləmək və ya əzbərləmək o effekti vermir. Ağ şeirə aludə olan şairlər bu xətlə prozaya keçid alırlar.  Məncə əsil yazar şeir də yazmağı bacarmalıdır, nəsr də. Şeirin tamam öləcəyi gün dünyada humanizm böhranı başlayacaq, bu isə çox ciddi fəsadlar törədəcək!”
Gənc şair Jalə İsmayılla da söhbətimiz şeirin və sözün heç vaxt ölməyəcəyi qənaətindən xəbər verir: “Şeir də, yaxşı  söz də, heç vaxt ölə bilməz. Şeirin təsiredici gücünün zəifləməsi müzakirə mövzusu ola bilər. Bütün dünyanın yaşamaq uğrunda apardığı mübarizədə şeirin yeri çox sürüşkəndir və çox fərdiləşib. İndi biz şeiri-sözü daha çox mahnılarda sevirik. Kövrək səsli bir müğənni “Sənə görə” deyən kimi mahnı yüz minlərlə yüklənir netdən. Amma onu şeir kimi heç 10 adam oxumur. Və o mahnı o sözə görə dəyərlidir, heç olmasa bir müddətlik. Amma mən o mahnını heç sevə bilmədim”.
Gənc şair Zaur Qəriboğlunun münasibəti isə  qısa və konkret oldu: “Şeir də, söz də, bəşərlə yaranıb, bəşərlə də ölə­cək­”
Bəs görəsən o yazarlar var ki, özləri öz oxucularıdı, şeirləri ürəklərə yol tapa bilmir, yaddaşda, mahnı mətnin də yaşaya bilmir, niyə bu fikirdədirlər. cavab artıq aydındır; ilham atları büdrəyənlər, ilham pərilərinin qanadları yolunanlar əllərində qələm çabalamalarını şeirin dünyada ölümü ilə bağlayırlar, guya ki, bunlar şeirin hüzürünə yığışıblar. Yaxşı şeir ölmür, əksinə yaşayır və yaşadır.

Tural Türk                    merkez.az

Комментариев нет:

Отправить комментарий