09.11.2011

Mən Robinzon Kruzo deyiləm


Kənan Hacı

Uşaqlığımdan bəri xəritəyə baxanda gözüm ada axtarır. Şəhər, vilayət, qəsəbə adlarını oxuyanda sonra nəzərlərim yenə mavi sahillərə yönəlir. Əlbəttə, Rabinzon Kruzonu oxumuşam. Lakin xəritənin mavi rəngləri üstündə tənha bir ada görəndə xəyala dalmağım heç də bu kitabın təsirindən deyil. Adaları oxuduğum macəra romanlarının təsirilə sevdiyimi deyə bilmərəm. Amma tam təsirsiz ötüşdüyünü də demək olmaz. Xəritədə gözüm adaya ilişər-ilişməz qəlbimdə qəribə hisslər baş qaldırır. Həmin dəqiqə gözlərimin içinə baxan bir köpək, aşdanışan, təmkinli, çalışqan bir balıqçı, yan taxtaları qaralmış bir qayıq, qayığın dalınca uçan bir quş, pul-pul sədəflər, sahildə duran şən uşaqlar, balıqçı komaları, balıq şorbası,kərəviz ətri, buğlanan qara qazan, üfüqlərini duman sarmış bir dəniz canlanır nəzərlərimdə.

Çox zaman təbiət insana dost olur. Düşmən kimi görünən vaxtlarda belə o insan oğluna öz  qüdrət və qüvvətini sınaqdan keçirmək şansı verən ciddi bir ataya bənzəyir. Fırtınalar adamın qayığını batıranda ona üzməyi, küləklər daxmasının damını uçuranda dözümlü olmağı öyrədir, dənizin ortasında tufana düşəndə bir-birinə arxa olmalarını tövsiyə edir, günlərlə, həftələrlə qayalara çırpınan hirsli dalğalara ancaq təbiət qanunlarının müəyyən etdiyi şəkildə yanaşmağı öyrədir, şorbanın şorbasızlar arasında bölünəndə ətir iyi verdiyini öyrədir. Xəritədə böyük qitələrin kənarına düzülmüş adalara baxa-baxa yalnız bunları düşünürdüm.
Yataq otağımdan da bir xəritə asmışam. Gecə oxuduğum kitaba inanmayanda, yorulub gözümü kitabdan ayıranda həmin xəritəyə baxıram. Xəritəni görəndə adaları, fırtınaları, vahiməli uğultuları, köpəkbalıqlarını, bədənləri sanki tuncdan tökülmüş dəmir biləkli balıqçıları xatırlayıram.
Gecələrin birində motorlu qayıq qatranlı körpüyə yan alır. Xəritədə nöqtə şəklində gördüyüm adaya çıxıram. O saat orta yaşlı, üzü çoxdan qırxılmamış bir adam gülə-gülə mənə yaxınlaşır:
-Gəldin, qaqaş?
-Gəldim.
-Day getməyəcəksən ki?
-İstəmirəm gedim.
-Vallah, burdan yaxşı yer yoxdur.
-Hə…
-Atam ömrünü sizə bağışladı.
Gözlərimiz yaşardı. Taxta hasarlı həyətə girdik. Üzüm çardağının altından keçdik. Həyətin aşağısında bir çeşmə vardı. Suyu buz kimiydi. Çeşməyə tərəf getdim:
-Mən əl-üzümü yuyum,-dedim. Bütün bədənim əsirdi. Əl-üzümü yudum. İki-üç adam boynuma sarıldı. Qonşular gəldilər. Ürküdülmüş toyuqlar qaqqıldaşır, anam ağlayır, qardaşım çörək doğrayır, mən isə divardan asılmış balıqçı torlarına baxırdım, onlar mənə son dərəcə doğma görünürdü.
-Bu gün gilavar əsirdi?-deyə qardaşımdan soruşdum.
-Başlayanda gilavar başladı, axşamtərəfi qərbə döndərdi. İndi şimal-qərbdən əsir, amma dəyişəcək, xəzriyə fırladacaq.
-Xəzri də qar gətirər.
-Sən gəldiyin yerlərə qar gətirər, amma biz tərəflərə yağmaz. De görüm, sən necəsən? Maşallah, rəngin yaxşıdır!
-Hə, kənddə nə var, nə yox?
-Elə gördüyün kimidir hər şey. Uşaqlar karta qurşanıblar. Başqa psi iş görmürlər.
-Kartı pulla oynayırlar?
-Yox əşi, pulları hardan? Şey-meydən oynayırlar: balıqdan, qarmaqdan, iynəcikdən… Elə bir o qalmışdı pulla oynasınlar, atalarını yandıraram!
Mən ziyanın yarısından qayıtmış kimiyəm. Yatağımda uzanaraq bədxərclikdən, avaraçılıqdan, sərxoşluqdan ayrılıb düz yola düşdüyümü fikirləşirəm. İşığı söndürməyimlə yuxumun başlanğıcı arasına günəşli bir səhər, qayıqlar, kəndin sadə insanları dolur. Böyrünə çicək və balıq rəsmi çəkilmiş cütkürəkli qayıqlar bir an içində uzaqlaşırlar.
Bu gün dəniz mehriban bir ana kimidir. Məncə, dəniz bu qədər sakit, bu qədər nəvazişli, rezin çəkmə kimi parıltılı olmamalıdır. Bu günün sabahı da var. Dalğanın qırıq şüşə kimi kəskin və soyuq olduğu zamanlar da gələcək; o qorxulu su başımızdan girib ayağımızdan çıxacaq…
Uşaqlıq və gənclik xatirələrim məni həsrətini çəkdiyim adaya gətirib çıxartdı. Ömrün yarısı, bəlkə də yarısından çoxu keçəndən sonra əsl yuvama qayıtmışdım. O vaxt, on beş yaşında ikən motorlu gəmi məni götürüb böyük şəhərlərə aparmışdı. Orda yaxşıca kef çəkmişdim, cibim pul görmüşdü, qadın görmüşdüm, şəhvətin ləzzətini dadmışdım; qumar oynamışdım, fahişəxanalarda olmuş, lap belə nəşə də çəkmişdim. Elə vaxt olub ki, cibgirlərlə, narkomanlarla oturub-durmuşam. Bütün bunlar hamısı artıq geridə qalıb. Budur, hər şeyi itirib həmin getdiyim qayıqla yenə geri qayıtmışam.
Ömrümün sonununa qədər burda qalıb yaşamaq istəyirdim.
Payız uzun və gözəl keçdi…
Adamların arasına çıxmağı xoşlamırdım. Atamızdan qalan evi anam idarə edirdi. Mən isə bu evdə başını qara soxmuş qırqovul kimi idim. Balıq ovuan çıxmaq istəyirdim. Bilirdim ki, burda adamlar məni çox da sevməyəcəklər. Mənim vələdüznalıqdan əl çəkib adam kimi yaşayacağıma kimsə inanmaq istəmirdi. Mən onlar kimi deyildim. Balıqçılığa gedəsi olsam, onların nə deyəcəklərini də bilirdim. Deyəcəkdilər ki: “Əməlli-başlı ev-eşiyi ola-ola bunun balıqçılıqda nə azarı var? Dəli olub nədi? Ona heç pay da düşməz, fərsiz övladdır. Yaxşı ki, anası var, yoxsa ata malını satıb sovurar.”
Nə eybi var? Mən onları öz xəyalımdakı adanın sakinləri ilə müqayisə edəcək, onları sevməyə çalışacağam. Günümü bir siqaret, bir ada çayı, bir nərd oyunu ilə bitirəndən sonra həyata yenicə gəlmiş adam kimi yatağıma uzanıb şirin yuxuya gedəcəyəm. Səhər yenə yağış və küləklə oayanacaqdım. Günümü şüşələri tərli çayxanada keçirəcəkdim. Təcrübəli balıqçılar balığa gedəndə məni də özləriylə aparacaqdılar. Onları cəsur, zirək olduğuma inandırmışdım.
Bir səhər tezdən xülyalarımda gördüyüm kimi, qayıq ovdan qayıtmışdı. Yükü boşaldılmışdı. İndi torları yuyurdular.
Balıq bazarında pula getməyən on-on beş nərə balığı qayığın dibində qalmışdı. Onlar hələ ölməmişdilər; incə, zər qanadları tərpənirdi.
Bir azdan balıqçılar işlərini qurtaracaq və hərə bir balıq götürüb evinə gedəcəkdi.
Qayığı təmizləyənlər səkkiz nəfərdi. Yeddisi bizim adadan idi. Zəif, xəstə görkəmli səkkizincini tanımırdım. Çox ürəklə, səylə işləyirdi.
Balıq bol olanda adaya kənardan da adam gəlirdi. Kənardan gələnlərə pay düşmürdü. Balıqçıların rəisi onlara lazım bildiyi qədər balıq verib yola salırdı.
Nəhayət, iş başa çatdı. Rəis özüyçün iki balıq ayırdı. Balıqçılardan birinə:
-Bunu bizə apar, sonra o birilərini də paylaşdır,-dedi.
Kənardan gələn adam gözləyirdi ki, ona da pay verəcəklər. Üzündə xoş təbəssüm, xəfif bir qızartı vardı.Pay bölənin əlində axırıncı balıq qalana qədər bu qızartı həmin adamın yanağından çəkilmədi. Sonra birdən-birə rəngi avazıdı.Təbəssümü üzündə donub qaldı. Kiminsə ona baxdığını gördü və gözləri böyüdü. Qayıqdakı adam sonuncu balığı dənizin sahilinə tulladı. Kənardan gələn adamın üzü təzədən işıqlandı. İki addım irəli getdi, balığı götürmək üçün əyildi. Amma əlində nərə balığı olan balıqçılardan biri çəkməli iri ayağını yerdəki balığın belinə basdı.
-Neynirsən, əmioğlu? Hələ bir dayan görək. Bu, yersiz gəldi, yerli, qaç, oldu axı.
Yad adam əlini geri çəkdi. Bir söz demədi. Söz deyəcək halı yox idi. Sahildəki çayxanaya tərəf getdi. Bu hadisəni görən yerli adamlardan biri dedi:
-Əşi, qoyaydın, götürdün də. O kişi də işlədi, noolar, bir dənəsini də ona ver. Gör durub haralardan bura gəlib.
-Mənə nə? Gəlməsin. Bəlkə onunçün xəbər yollamışdım? O balığın filan qədər qiyməti var. Balıq olmayanda, toru təmizləməyə heç yaxın durmurlar. Elə şey yoxdu, verən deyiləm.
Qayıqdakıların heç biri dillənmədi. Bir-iki nəfərə ümidim gəlirdi. Fikirləşirdim ki, yəqin onlardan biri öz payına düşən balıqdan bir dənəsini, heç olmasa, ən kiçiyini gəlmə adama verəcək.
Rəis çayxanada oturub qarşısındakı çayı hortuldada-hortuldada qayıqçılara baxırdı.
-Ayıbdır, ayıb!-dedi.
Paylarına düşən balıqlardan ən balacasını gəlmə adama verəcəklərinə ümid bağladığım qayıqçılardan biri dilləndi:
-Sən bu işə qarışma, usta. Necə yəni ayıbdır? Ayıb yorğan altında olar!
-Bu dəniz sizin atanızındır bəyəm?
-Bəs onun atasınındır?
-Yox, amma bu adam gəlib bizim qayığımızda iş görüb.
-Onu kim çağırmışdı? Gəlməyəydi.
Yad adam kənardakı masalardan birinin arxasında əyləşmişdi. Çayçı da başının üstünü kəsdirib durmuşdu. O, çayçıya:
-Durub gedirəm, durub gedirəm,-dedi.
Ayağa qalxdı, əlini yüngülcə onun üstündə danlanmış adamın çiyninə vurdu:
-Zərər yoxdur əşi. Qoy verməsinlər. Nə olacaq ki?
Ağır addımlarla gəmiyə doğru getdi.
Özümə söz vermişdim ki, yazmayacağam. Burada, halal insanların arasında sakitcə yaşayıb öləcəyim günü gözləyəcəkdim. Cırtqozluq nəyimə lazım idi?
Amma özümü saxlaya bilmədim. Qaçıb karandaş, kağız aldım. Oturdum və adanın kimsəsiz yollarında gəzişərkən darıxmayım deyə çubuq yonmaq üçün cibimdə gəzdirdiyim bıçağımı çıxartdım. Karandaşı yondum. Və başladım.
Yazmasam, dəli olardım.

Комментариев нет:

Отправить комментарий