11.11.2011

Ölüb dirilənlər


                                                Seyid Ramin
İstərəm ölməyi mən, leyk qaçır məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm.
(M. Ə. Sabir)
Evin bir küncündəki köhnəlmiş kitab rəfinə baxıram. Ona yaxın gəlib zəmanəsinin böyük kişilərinin – Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin, Nəbatinin, Seyid Əzimin, Sabirin, Vahidin, Şəhriyarın toz basmış kitablarına əlimi sürtürəm. Elə bil hər kitabın özünə məxsusluğunu hiss edirəm. Bu hissiyyat məni başqa aləmlərə aparır…
Hər kitabın bir cür ətri, abu havası və özünə məxsusluğu var. Hər kitab sanki bir əsrdən, bir əsərdən, bir sənətkardan açıq bir xəzinədir. Bu kitablara baxanda məni düşündürən məhz ilk şey bu olur ki, hələ qələmin, kağızın, işıqın, kitabxananın kasad vaxtında, texnikanın at oynatmağa meydan tapmadığı bir dövrdə, bu sənətkarlar bütün əzab-əziyyətə qatlaşıb, özlərində həvəs tapıb bu əsərləri necə yazıblar? Bu işdə onlara hansı fövqəladə bir qüvvə kömək edib.

Bəziləri isə bu misilsiz sənət əsərlərini yazıb qurtarandan sonra sağlıqlarında bunları heç kitab kimi görmək onlara nəsib də olmayıb. Bu haqda bir hadisəni xatırlayıb sizə nəql etməmək yəqin ki, mənim üçün böyük qəbahət ola bilər.  Özü də mənim kimilərin ən çox sevdiyi bir fəsildə…
İndi sizə elə də çox uzaq olmayan bir keçmişdən danışıram. Bu həmən keçmişdir ki, şair Mirzə Ələkbər Sabir ciyərindən çox şikayətlənir. Hətta Bakıdakı maarifçilik həyatına son qoyub, müalicə üçün Mirzə Cəlilin yardımı ilə Tiflisə gedir. Ümid isə yalnız Allaha olan bir vaxtda Sabir son şeilərindən birini yazır:

Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edərdim edəcəkdir ona çarə ciyərim.
Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən,
Başladı şişməyə indi üzüqarə ciyərim.

Orada həkimlər Sabirin artıq hər şeyin gec olduğunu deməsələr də, bunu Sabir heç gözlük taxmadan da həkimlərin üzündən oxuya bilir və heç kimə də əziyyət vermədən özünə əziyyət verib qayıdıb gəlir doğulduğu Şamaxıya, ölmək üçün. Amma biz deyəsən çox qabağa getdik…
Sabir hələ Bakıdadır. Seyid Əzimin tələbəsi olandan, “Molla Nəsrəddin” jurnalında şeir yazandan ta indiyə kimi yazdığı bütün şeirlərin hamısını toplayıb qoyur yaşıl bir qovluğun içinə. Çox istəyir ki, ömrünün sonuna bir-iki tin qalmış yazdıqlarını açıb bir kitab bağlaya. Bir gün oturub çap işindən başı çıxan “Molla Nəsrəddin”çi şair dostalırının birindən kitabını çap etdirmək üçün məsləhət alır. Dostunun bütün çap xərclərini hesablayıb ortaya çıxardığı qiymət isə Sabir üçün çox baha olur. Yalandan Sabirə bu qiymətdən bir xeyli aşağı bir qiymət deyir. Amma Sabirin buna da gücü çatmır. Gücü çatdığı isə ustadı ilə bağlı yadında qalan bir hadisəni bu məqamda nəql eləmək olur. Elə indi mənim kimi.
“Ömrünün sonlarına yaxın bir gün gəlib gördüm Ağanın (Seyid Əzim Şirvaniyə şamaxılıların müraciəti – S.R.) ovqatı təlxdi. Özü oturub otağında, qabağına da töküb ömür boyu yazdığı bütün əsərlərinin əlyazmalarını. Bikef halda bir əlyazmalarına baxır, bir mənə baxır. Sonra da qayıdıb mənə belə deyir ki: “Mən ki, bu qədər xəlq üçün zəhmət çəkib, gecəmi gündüzümə qatıb, maarifçilik edərək bu əsərləri yazıb ortaya qoymuşam, qorxuram ki, mən ölüb gedəndən sonra bu əsərlərim də it-bata düşüb elə məndən sonra ölüb getsin. Deyəsən mənim qismətimdə əlyazmalarımı kitab kimi çap etdirmək yox imiş.”
Bu hadisədən illər keçib. Ağa da çoxdan Allah-təalanın rəhmətinə qovuşub. Öz ustadımın təlaşını indi özüm də təəssüflə hiss edirəm…”
Onu da qeyd edim ki, oxuculara rəvayət etdiyim bu hadisələr ətraflı şəkildə Sovet dövründə çap edilmiş “Sabir xatirələrdə” kitabındakı məqalədə (əgər səhv etmirəmsə) yazıçı Seyid Hüseynin ““Hop-Hop Namə”nin nəşri” başlığı ilə qələmə alınıb.
Bir müddət sonra Sabir kor-peşman öz şeirləri ilə dolu yaşıl qovluğunu qoltuğuna vurub küləklər şəhəri ilə vidalaşıb çıxıb birdəfəlik gedir doğulduğu Şamaxıya, ölmək üçün…
Nə qədər qəribə olsa da nə Seyid Əzim, nə də Sabir kimi dahi Azərbaycan şairləri sağlığlarında öz kitablarını görmək şərəfinə nail ola bilmirlər. Necə deyərlər, kitabları onlar öləndən sonra doğulur.
Axı hər ölüm bir olumdur…

P. S. Mənim ölümüm də bir doğuluşdur,
Mənim ölüm günüm də bir təvəllüd.

Комментариев нет:

Отправить комментарий