Səhnə alatorandır. Uzaqdan musiqi səsi gəlir və həmin səs tədricən güclənir. Bu minvalla səhnə də işıqlanır və biz səhnədə bütün lazımi ləvazimatlarıyla birgə otaq görürük. Bir tərəfdə böyük kitab rəfi, bir tərəfdə stol, stullar, televizor, üstündə telefon olan dolab, divan, kreslo və s. Kresloların birində qəhrəmanımız – Balacaboy insan əlində kitab oturub. Daha doğrusu yuxulayıb. Qısa bir surə beləcə davam edir. Qəfildən, gözləmədiyimiz bir halda musiqi kəsilir. Eyni anda qəhrəmanımız da səksənərək yuxudan oyanır. Böyük bir təşviş içərisində ora-bura boylanır.
BALACABOY İNSAN (həyəcanlıdır): Həə?.. Hanı?.. (Kitabı şappıltıyla örtür) Axı hanı?.. Hə?.. Necə oldu, axı?.. (Hirs içində ağlamsınır) Axı… necə oldu axııı… Bəs, aaxıı… (Zarıyaraq) Ay anaa… (Hüzn içində) Bu necə yuxudu, axı?.. Bəlkə heç yuxu deyil? Bəlkə məni qara basır? Axı, anam idi. Bu kor olmuş gözlərimlə gördüm ki, anamdı. Hətta mənə yaxınlaşdı, o ipək əlləriylə saçlarımı da oxşadı. Yox! Belə yuxu ola bilməz! Heç belə qarabasma da ola bilməz. Axı, mən bütün ruhumla saçlarımda gəzən o əziz, ipək əllərin istisini canımda-qanımda hiss etdim. Bədənim gizildədi… İlahi, rəhmin gəlsin mənə! Özün mənə rəhm elə, ilahi!.. (Ayağa qalxaraq kitab şkafına yaxınlaşır, kitabları səhifələyir, nə isə axtarır. Sonra eyni şəkildə dolabın gözlərini eşələyir) Hanı? Görəsən harda qoymuşam? Lənətə gəlmiş yaddaşım son vaxtlar tamam-kamal sıradan çıxmağa başlayıb. Huş qalmayıb məndə daha. Bir də görürsən, beş dəqiqə qabaq nəyisə götürüb lap gözümün qabağında qoyuram, sonra nə qədər axtarıram, tapa bilmirəm ki, tapa bilmirəm. Necə deyərlər, əlimlə qoyuram, ayağımla axtarıram. Nə xeyri!.. Elə bil, heç belə bir şey yerli-dibli olmayıb. Yoxdu e, huş yoxdu məndə! Bax, hanı, bir sahatdı gəzirəm, tapa bilmirəm. Ancaq yüz faiz əminəm ki, öz əllərimləcə bax, buralarda harasa qoymuşdum! Bəs hanı?.. Hanı, yoxdu… (Dolabın gözündən çıxardığı xırda əl güzgüsünü onun üstünə qoyur) Bu nədi, bu güzgü burda neynir? Necə gəlib düşüb, axı, bu bura? Mən, axı, bunu bayaq stolun üstünə qoymuşdum. Lənətə gəlmiş… (Eşələnməkdə davam edir) Aha, budu, deyəsən, tapmışam. (Əlindəki şəkil albomuna diqqətlə baxır) Hə, hə, özüdür ki, var, budu. (Gedib kresloda oturur. Albomdakı şəkillərə baxmağa başlayır. Baxdığı və haqqında danışmağa başladığı şəkillər səhnənin arxa divarındakı iri monitorda və yaxud otaqdakı televizorda göstərilə bilər. O da ola bilər ki, həmin şəkillər xüsusi işıq effektiylə səhnənin arxa divarında nümayiş olunsun. Və yaxud şəkillərdəki şəxslərin siluetləri ön səhnədən keçib gedə bilərlər. Bütün hallarda bu versiyalardan hər hansının gerçəkləşdirilməsi mizançının seçimindən asılıdır) Bu, anamdır… İçini yeyə-yeyə yaşayan və içindəki dərdi-azarı heç vədə kimsəylə bölüşməyən, xiffət içində dünyasını dəyişən anam. Mənim gözəl anam, əlacsız anam… Elə təkcə kədəri heç vaxt əskik olmayan gözlərinə baxmaq kifayət idi ki, onun necə çarəsiz bir dərdə mübtəla olduğunu biləsən. (Əlini yelləyir) Eehhh… Bax, bu şəkildə üçümüzük, ailəvi: atam, anam… və birdə mən. 3-mü, 4-mü, ya bilmirəm, 5-mi yaşım var burda. Hamımız gülümsəyirik. Elə xoşbəxttik ki… Qayğısız və bəxtiyar. Gülürük! Əh!.. (Yenə də əlini yelləyir) Hələ heç nədən xəbərimiz yoxdur. (Bir qədər düşünür)Yəqin ki… (Gözləri yol çəkir) Ata-anamı deyə bilmərəm, mənim yüz faiz heç nədən xəbərim yoxdur. Sonra, bir neçə il sonra hər şey bütün dəhşətiylə bəlli olacaq. Biləcəyəm ki, mənim boy artımımda problem var. Biləcəyəm və inanmayacağam (Ayağa durub gəzişir) Daha doğrusu inanmaq istəməyəcəyəm! Yox, inanmaq istəməyəcəyəm! İnanmayacağam!Qısa pauza
Amma nə faydası…
Qısa pauza
Bax, o əbədi kədər də, o əbədi xiffət də elə o zamanlar anamın gözlərinə hopdu… Yazıq anam… Baxma, atam kişidi, kişilər bir az möhkəm olur. Ona görə də atam nə cürsə dərdini-sərini gizlətməyi bacarırdı. Anamsa… yox.. Anamın dili gözləriydi… Kədərli, qəmli gözləri… Xiffət çəkən, utanan gözləri… Və mən günlərin birində o gözlərdəki əbədi dərdi, xiffəti görəndən sonra heç vəchlə qəbul etmək istəmədiyim həqiqətlə barışmalı oldum. Qəti surətdə əmin oldum ki, boyum heç zaman artmayacaq. (Var-gəl edir, əllərini yumruqlayır, yumruğuyla divara vurur)
Pauza
Bu həqiqət, dünyanın ən böyük kəşflərindən olan bu acı həqiqət əsl dəhşət idi. Bu acı həqiqətlə, fövqaladə kəşflə, dəhşətlə barışmaq istəməsəm də, qəbul etməyə məhkum idim. Çünki anamın gözləri heç vədə məni aldada bilməzdi!.. (Böyük bir təəssüflə gözlərini naməlum bir nöqtəyə zilləyir) İndi gəl yaşa… Bütöv bir ömrü, həyatı, sonu görünməyən bir məşəqqəti istəsən də, istəməsən də, indi gəl yaşa görüm, necə yaşayırsan. (Bir qədər susur) Həəə, bax beləəə…
Qısa pauza
Cəmiyyət… lənətə gəlmiş cəmiyyət… (Sanki deməyə söz tapa bilmir. Dodaqlarını tərpədir, sifətinin cizgiləriylə, əllərinin anlaşılmaz hərəkətləriylə nəsə deməyə, ifadə etməyə çalışır) Mən bütün zərbələri, ürəyimdə qövr edən əbədi, sağalmaz yaraları cəmiyyətdən, əhatəmdəki tanıdığım-tanımadığım insanlardan almışam. Cəmiyyət faciə mənbəyidir… Evinin qapısının kandarından ayağını küçəyə atan kimi cəmiyyət başlanır. Əslində, cəmiyyət küçə deməkdir, əslində, cəmiyyət elə küçədən ibarətdir. Heç bilmirəm necə izah eləyim… Hamı evində, mənzilində sadəcə fərddir. Və bu fərdlər qapılarının kandarından küçəyə addım atan kimi cəmiyyət deyilən o andırı formalaşdırmağa başlayırlar. Həə, indi oğul o adama deyərəm ki, büdrəmədən, yolunu azmadan bu küçə boyu addımlasın, irəli getsin… Addımbaşı bu insancığazların sifətlərindəki ironiyayla, gözlərindəki kinayəli baxışlarla, yersiz, öldürücü gülüşlə üz-üzə qalırsan. Anlayan, başa düşən adama gülüş hədəfinə çevrilməyin necə bir dəhşət olduğunu izah etməyə ehtiyac yoxdur. Xüsusilə də uşaqlar… Əlləriylə, barmaqlarıyla səni göstərirlər: “Ay ana, ay ata, ay dayı, ay bibi, ora bax, ora bax, balaca adam! Bax da, görmürsən, oduye, liliput!”. Eşşək xislətli böyüklər isə bu, dünyadan xəbərsiz cocuqları ədəb-ərkana, susmağa dəvət etməkdənsə, özləri onlardan da beşbətər hırıldamağa başlayırlar. Hətta bəziləri elə şaqqanaq çəkir ki, sanki şəhərin göbəyində, küçənin ortasında eşşək anqırır. Görəsən, məni başa düşən varmı, bu cür sözün pis mənasında diqqət mərkəzində olub yaşamaq, addımlamaq necə böyük bir məşəqqət, dəhşət deməkdir?.. (Yenə anlaşılmaz əl-qol hərəkətləri edir, sanki deməyə söz tapa bilmir) Həyat isə önündəki ucu-bucağı görünməyən küçə kimi, yol kimi irəli gedir, davam edir. Səninsə irəliyə doğru atdığın hər addım yenidən, təkrar-təkrar gülüş hədəfinə çevrilməkdən başqa bir şey deyil. Yalnız bir çarə qalır: geriyə dönmək, öz evinə, odana sığınmaq. (Bir anlıq susur) Mən bu cür çox etmişəm. Axı, mənim də dünyada hər şeydən qiymətli olan ləyaqətim, qürurum var. Şekspir özüyçün deyib, həyat səhnə deyil, heç mən özüm də aktyor-filan deyiləm. Axı, dedim axı, həyat da, cəmiyyət də küçədi, yoldu. Sonu bəlli olmayan küçə, yol… Get ki, gedəsən: haracan gücün çatır, nə qədər bacarırsan. Mən isə tez-tez cəmiyyətin mənə qarşı olan anlaşılmaz, iyrənc münasibətindən bezdiyim üçün o yoldan, o küçədən geri dönərək evimə, özümə qapılmışam. Bax elə məhz buna görə ömrüm boyu həmişə, hər zaman həyatdan geridə qalmışam. (Çarəsiz bir ifadəylə) Həyatsa nə baxır e, o küçə, o yol nizamını pozub-eləmədən, addım-addım, arxayınlıqla davam edir… irəli gedir… Gedir… Gedir…
Musiqi
Onu da deyim ki, bütün kompleksləri cəmiyyət yaradır. Hər bir fərdin həyatı, xoşbəxtliyi, faciəsi ətrafındakı insanlardan asılıdır: onların rəftarından, münasibətindən. Bunu birdəfəlik anlamaq lazımdır ki, kiçicik bir eyham, bir qıyqacı baxış insan həyatını tamamilə alt-üst edə bilər. Bəs, niyə çox zaman adamlar bunun fərqində olmurlar? Bu biganəlik, bu laqeydlik, özünəvurğunluq, özünü, yalnız və yalnız özünü düşünmək axı, hardandı bizdə? (Bir qədər ara verir) Deyəsən, axı, bir az qəliz qırıldadıram, kitab dilində danışıram. Görünür, çox oxumağımdandır. Neyniyim axı, bu işgəncə dolu həyatda kitablardan, bir də özümdən başqa yaxın dostum, sirdaşım olmayıb. Axı, insan nə qədər özünə qapılar, ətrafındakıları unutmaqdan və eyni zamanda başa düşməkdən ötrü kitab oxuyar? Amma öz aramızda qalsın, deyim ki, həyat heç vaxt kitablarda yazılanlar kimi olmur. Kim nə deyir desin, kitab elə kitabdı: quru, cansız, amma bir qədər əyləncəli. (Ciddi və ucadan) Həyatsa tamam başqa şeydi. Onu anbaan, dəqiqəbədəqiqə yaşamasan, şirəsini sovurub çıxarmasan nə olduğunu, nədən ibarət olduğunu heç cür izah eləyə bilməzsən. Əslində, bütün ziddiyyətləriylə, işgəncələriylə həyat elə budu, necə ki, mən yaşayıram: gün uzunu öz-özümlə danışıram, danışıram, nə sözüm qurtarır, nə də ürəyim boşalır. Dedim axı, özümdən başqa nə bir dostum var, nə də bir sirdaşım var. Vallah, bunun özü də bir cür məşəqqətdi. Lakin bu işin bir yaxşı cəhəti var ki, dost olaraq heç vaxt özümə xəyanət etmək şansım yoxdu. Çünki özüm-özümə xəyanət edəndən sonra, yeganə sirdaşım olan o özümü də itirəndən sonra bu ayağı-başı bilinməyən dünyada tamamilə tək qala bilərəm. Tənhalığın, təkliyin nə cür müsibət olduğunu isə tək qalanlar yaxşı bilir.
Pauza
Həyatımın ən çətin, məşəqqətli dövrləri orta məktəbdə oxuduğum illərlə bağlıdı. Xüsusilə yuxarı siniflərdə oxuduğum vaxtlar ən dözülməz, dəhşətli dövrlər idi. Dərsə gedərkən küçədə, dayanacaqda, avtobusda, məktəbin pilləkanlarında, foyedə, bufetdə üzümə, kürəyimə zillənən, dikilən əcayib baxışların altında nə cür əzab çəkdiyimə bir Allah şahiddir. Xüsusilə də, sinif otağında. Etiraf edirəm ki, ürəyimə vurulan ən sarsıdıcı zərbələrdən, ən sağalmaz yaralardan birini də sinif yoldaşlarımdan almışam. Sinif otağının kandarından ayağımı içəri basan kimi qızlı-oğlanlı hamı məni partama keçib oturana qədər istehzalı, məsxərə dolu, həm də çox lovğa nəzərləriylə müşaiyət edirdilər. Ən dəhşətlisi isə müəllim məni yazı taxtasının önünə dərs danışmağa çağıranda baş verirdi. Yerimdən qalxıb yazı lövhəsinin qarşısına gedənə qədər sinif yoldaşlarımın istehzayla dodaqaltı necə güldüklərini, bəzilərinin hətta açıq-aşkar hırıldadıqlarını hiss edib eşitmək ölümə bərabər idi. Bəzi müəllimlər bu yersiz, güllə kimi dəlib keçən pıqqıltılara: “Nə olub, niyə hırıldaşırsınız, burda meymun-zad oynadırlar bəyəm?” deyə çox kəskin reaksiya verirdilər. Əlbəttə, bu meymun-zad söhbəti o pıqqıltılardan da betər işgəncə idi. Fəqət elə müəllim də var idi ki, uşaqlara qoşularaq bığaltı qımışmağının yanında bu, min qat şükürlüydü. Mən heç kimə, heç nəyə baxmadan gözlərimi inadla yalnız yazı taxtasına dikərək qan-tər içində irəliləsəm də, hər şeyi üçüncü gözümlə görürdüm. Hə, hə, kim istəyir inansın, kim istəyir inanmasın, mənim üçüncü gözüm də var. O üçüncü gözüm ki, bütün ətrafımda baş verənləri onunla görürəm. Heç kimə, heç nəyə baxmıram, ancaq eyni zamanda hər şeyi görürəm. Və gördüklərim məndən ötrü elə bir işgəncəyə çevrilir, məni elə sıxıb-sıxmacalayır ki, deməklə qurtarmaz. Həmişə belə olub! Onda da belə idi, indi də belədir. O vaxtlar – məktəb illərində istər dayanacaqda, avtobusda, istərsə də məktəbdə xeyli uzun boylu adamlar, uşaqlar var idi. Məntiqlə diqqəti daha çox onlar cəlb etməliydi. Ama mənim lənətə gəlmiş taleyim məntiq-zadmı tanıyır? Nə qədər bu uzun boylu adamların arasında, arxasında gizlənməyə çalışsam da, heç bir şey alınmırdı, yenə də sözün pis mənasında hamının diqqət mərkəzinə düşürdüm. Və elə hey sarsılır, sıxılır, əzab çəkirdim… Bax, belə-belə məndə min cür kompleks yarandı. Bəzən günlərlə dərsə getməkdən boyun qaçırırdım. Hamıdan, hər şeydən elə küsmüşdüm ki, ayağımı evdən bayıra qoymaq istəmirdim. Belə günlərin birində qonşu otaqda danışan valideynlərimin söhbətini eşitdim. Anam deyirdi: “Bu yazıq uşağın xəcalətdən, fikirdən ürəyi partlamasa yaxşıdı. Elə bir dərdə mübtəla olub ki, nə çarəsi var, nə dərmanı. Neyləyim, haranın külünü töküm başıma? Baxıram balamın halına, içimdə kəsilə-kəsilə qalıram…” Atam çox əsəbi şəkildə, nə qədər onu çox istəsəm də, heç vaxt bağışlaya bilməyəcəyim o sözləri də o zaman dedi: “Moizə oxuma mənim üçün! Guya mən camaatın içində fəxr eləyirəm onunla. Onu doğduğun yerdə bir qara daş doğsaydın min pay yaxşı idi.” Atamın bu sözlərindən sonra dəhşətlə, sinirə bilmədiyim xəcalətlə, hirslə, qəzəblə üzümü yastığımda gizlədib (ağlayır) bax beləcə, içimdə nərə çəkib hönkürə-hönkürə səssiz-səmirsiz ağlamağa başladım. Sonra anam üzümə heç nə vurmasa da, qızarmış gözlərimə baxan kimi hər şeyi anladı. Doluxsunmuş gözlərini məndən gizlədərək qəhər içində mətbəxə keçdi.
Qısa pauza
Yazıq anam, gözəl anam… (Bir daha götürüb anasının şəklinə baxır) Biçarə anam… Elə bu xiffətlə, dərdlə, içini yeyə-yeyə ölən anam… Yox, mənim anam ölmədi… yox… Çərlədi mənim anam…
Qısa pauza
Sonra… sonra dünyalar qədər sevməyimə rəğmən, o güllə kimi dəlib keçən sözlərinə görə heç vaxt bağışlaya bilmədiyim atam da dünyasını dəyişdi. Yüz faiz əminəm ki, onun da axırına içindəki xiffət çıxdı. İnsanların mənə olan münasibəti qayçıladı onun da həyatını…
Qısa pauza
Kişi kimi boynuma alıram ki, atamın o sözlərindən sonra mənə elə gəldi ki, hər vəhclə qaçmağa, gizlənməyə çalışdığım cəmiyyət atamın timsalında evimizə ayaq açıb… Sanki bizim evimiz küçənin, yolun, dalanın kor gözüydü. (Başını əlləri arasına alır) Bunun necə bir dəhşətli hadisə, məşəqqət, iztirab olduğunu izah etməyə ehtiyac varmı?..
Musiqi
Bir sirr açım, aramızda qalsın. Hm, mən də sevmişəm axı, mənim də ilk məhəbbətim olub. İlk və sonuncu məhəbbətim. Etiraf edim ki, uzun boylu qadınları xoşlayıram. Nə qədər qəribə olsa da, həmişə arzulayırdım ki, sevdiyim qadınların incə beli, uzun boyu, uzun-uzun ayaqları, qara, uzun, şəlalə kimi saçları olsun. 10-cu sinifdə oxuyurdum, o qızı da o zaman lap qəfildən məktəbin ikinci mərtəbəsinin foyesində gördüm. Bizimlə paralel oxuyurdu. Ən maraqlısı odur ki, necə olmuşdusa, o vaxta qədər mən onu görməmişdim. Axı, necə olmuşdu bu, indinin özündə də başa düşə bilmirəm. “Bir gördüm, aşiq oldum” buna deyərlər. Gecəm-gündüzüm yox idi. Taleyimə, boyuma nifrət yağdıra-yağdıra nə oyunlardan, nə həngamələrdən çıxmırdım daha. İnsan nə qədər idman eliyər? And içə bilərəm ki, dünyanın ən adlı-sanlı idmançıları, dünya çempionları bütün karyeraları boyu mənim o qısa surədə etdiyim qədər idman etməyiblər. Ama nə faydası, boyum çıxmırdı ki, çıxmırdı. Eeh, hər şey boşuna imiş, nə mənim inadkarlığımın, nə də sevgimin bir bəhrəsi, bir sonu oldu. Bu boy-buxunla isə o qıza nəinki eşq elan etmək, ümumiyyətlə yaxınlaşmaq, salamlaşmaq belə dünyanın ən alçaldıcı, ən gülünc işi idi. Ən azından o uzun boylun qızın uzun-uzun saçlarını, tellərini oxşamaq üçün adama normal boy lazımdı. Mənim kimi taleyi, boyu kəsiklər isə o qızla yanaşı dayanıb saçlarını oxşamaq üçün ayaqlarının altına kətil qoymalıdılar. Bax belə… (Stulun üzərinə çıxır, sanki kiminsə saçlarını tumarlayır) Hə, bax belə… Bu səhnə kiməsə gülməli görünə bilər. Fəqət heç kim unutmasın ki, burda söhbət bir insan taleyindən, daha doğrusu talesizliyindən, həyat eşqilə çırpınan, döyünən, sevən, sevilmək istəyən bir insan ürəyindən gedir… (Stulun üstündən pərt bir şəkildə enərək əlacsız halda var-gəl edir) Eeeh, mən artıq belə şeylərə öyrəşmişəm… O qızla yanaşı dayanmaq üçün ayağım altına qoymaq gərəkən o stul mənim həyatdan nə qədər geridə qaldığımın ölçüsüdür…
Pauza
Sonra ali məktəbə daxil oldum. Sıxıla-sıxıla, hamıdan gizlənə-gizlənə qırmızı diplomla oranı da bitirdim. Bundan sonra həyat məni daha bir amansız sınaq qarşısında qoydu. Hara getdimsə iş tapa bilmədim. Hansı qapını açdımsa, istehzayla, kinayəylə qarşılandım. Yəni ki, bunun boyuna bax, istəyinə, iddiasına bax! Sanki mənim işləyəcəyim sahədə biliyim, bacarığım yox, boyum mühüm rol oynayacaqmış. Əlim hər yerdən üzüləndən sonra elmlə məşğul olmaq qərarına gəldim. Yenə də bütün qapılar üzümə bağlı qaldı. Yenə də ironiyalı, kinayəli baxışlarla rastlaşdım. Əzab, iztirab çəkdiyim gecələrin birində qəfildən mənə məlum oldu ki, bu alimlik sevdası da qəti surətdə baş tutan iş deyil. Yəqin çoxu alimlər haqqında kitablarda yazılanları oxuyub. Adətən onlar haqqında məlumat belə başlayır: “Filankəsov Filankəs çox görkəmli alimlərdən biridir!” Bəs, mənim haqqımda yazanda necə yazaçaqdılar? Axı, mən görkəmli deyiləm, liliputam. (Kinayəylə) Axı, alim olan şəxs mütləq boylu-buxunlu, yekəqarın, pəzəvəng, görkəmli-zadlı olmalıdır. Bu mənasız, idbar adamcığazların, alimciyəzlərin, mənsəb sahiblərinin məntiqinə görə hətta mən xərçəng xəstəliyinin əlacını kəşf etsəydim belə, görkəmli olmadığıma görə alimlik, elm mənə bab iş deyildi.
Pauza
Cəmiyyətdən aldığım ən sağalmaz yaralardan biri müharibə başlayarkən oldu. Mən də vətənimə xidmət etmək istədim. İstədim ki, döyüşlərə gedəm. Torpaqlarımızı zəbt etməkdə davam edən yağılarla vuruşam, bir işə yarayam. Axır ki, lazımlı bir insan olduğumu cəmiyyətə sübut edəm. Elə bu niyyətlə də hərbi komissarlığa getdim. “Nə istəyirsən?” soruşdular. “Cəbhə bölgəsinə getmək, vuruşmaq istəyirəm!” dedim. Komissar qəfildən elə bir şaqqanaq çəkdi ki, ruhum yerindən oynadı. “Camaat min bir bəhanəylə çağırışdan yayınır, bu liliput da gəlib bizi ələ salmağa. Çıx get, sənin kimilərini müharibəyə aparmaq olmaz” dedi. “Necə yəni mənim kimilərini müharibəyə aparmaq olmaz, axı, düşmən torpaqlarımızı zəbt edir, günü-gündən azğınlaşır. Mən də döyüşmək, vətən qarşısındakı borcumu ödəmək istəyirəm” bəlkə ona təsir edəcək deyə kitab cümlələriylə etiraz etdim. Bu dəfə komissar qəti, kəskin şəkildə bəyan etdi: “Sən yayarsızsan! Səni döyüşə yollamaq olmaz! Çıx get, nahaq yerə vaxtımızı alma!..”
Qısa pauza
Həə, belə-belə işlər… Deməli, mənim kimilər, komissar demişkən, yararsızdır, heç vətənə də lazım deyil. Bax belə… Beləəə… (Ora-bura vurnuxur, var-gəl edir. Uzun müddət sakitləşə bilmir) Amma heç kim ağlının ucundan belə keçirməsin ki, guya mən gərəksizəm, lazımsızam. Yox! (Ucadan) Yoox!!! (Başını əlləri arasına alır. Sonra uzun müddət saçlarını qarışdırır, alnını ovuşdurur. Çiyinlərinin silkələnməsindən sakitcə ağladığını hiss edirik. Bir müddət də beləcə keçir. Sonda qəhər içində boğula-boğula) Mən bu biganə, laqeyd insanlara, o küçəyə, o yola, bu cəmiyyətə protest etməyin yolunu yaxşı bilirəm. (Asta-asta kitab şkafına yaxınlaşır, rəflərin birindən kitab götürür. Sonra kitabı açarkən görürük ki, əslində, onun əlindəki kitab yox, kəndirdir. Kəndirin bir ucunu tavandan asır və uzun müddət gözlərini naməlum bir nöqtəyə zilləyir) Hayıf, bir şeyi dəqiq bilməyəcəyəm… Görəsən, mənim qəbrimi nə boyda qazacaqlar?..
İlgəyi boğazına keçirərək ayağının altındakı stulu yana itələyir.
Musiqi
Pərdə
Son
08-09. 09. 2011
QEYD: Əsərin motivləri əsasında bədii film çəkilməsi nəzərdə tutulur.
Комментариев нет:
Отправить комментарий