14.11.2011

Sərnişinlər

Böyükxan Bağırlı. Hekayə

Bazar günü olduğundan “Avtovağzal”da yenə tünlükdü. Hay-küy, basırıq, ağız deyəni qulaq eşitmirdi...
Avtobuslar bir-birinin dalınca ayrı-ayrı marşurutlar üzrə hərəkət edirdi. Yubanmaq söhbəti yoxuydu. Sərnişin çoxdu. Amma di gəl ki, Cənub bölgəsi  marşurutu üzrə hərəkət edəcək balaca  minobus  bəyaqdan vağzalda ilişib qalmışdı. Səbəb? Arxa oturacaqlarda üç yer boşdu. Bu da hər biri dörd manatdan eləyir on iki manat. Damağı islanmayan arağaz sürücü  aşağıda “kliyent” ovuna  çıxdığına görə minobusun  balaca salonunda  qim-qədim olmuş  sərnişinlərin mırt vurması  üçün əlverişli şərait yarnmışdı. Orta sırada əyləşmiş  filiosf-alim problemlər burulğanında  boğulurdu. Rəngi-ruhu  qaçmışdı. Qabaqda əyləşmiş sabiq polis rəisi isə  buxağının tərini silə-silə böyründəki eynəyli kişiyə mlli xörəklərimizi tərifləyib deyirdi ki, Azərbaycan mətbəxinin tayı-bərabəri yoxdur.

-Bizim yarpaq dolmamız, a kişi, dünyaya səs salıb ey. Götürək ləvəngini, ondan harda var?!
-Heç harad- eynəkli kişi təsdiq elədi.
-Xörəklərimizdəki bu ləzzət haradaddı?Bu suala vaxtı ilə mal-qara oğrularının təşkilatçısı kimi tanınan polis rəisi özü cavab verdi:- Xalqımızın ürəyinin böyüklüyündən!
-Elədir, elə, -“çeşməkli” təstiqlədi.
-Ləziz yeməklər bizdə, səxavət, insanlıq, qabilyyət, qanacaq bizim millətdə,- deyə bir vaxtalr bizim cənub meşələrini qırıb-talayan, endümik ağacların axırına çıxan polis rəisi döşünü arıtladı.
-Elədi, elə...
-Erməninin nəyi var, ə- “rəis” coşmuşdu...
 ikinci sırada iki qadın əyləşmişdi. Dubaydan gəlirdilər. Hər ikisi ovuqanlıydı. Sağdaki əndamlı, soldakı difdiringi- yerində qaynaşan kirpibaşı  almışdı çənəsinin altına, üyüdüb tökürdü:
-Qıza, bizimkilərin qızılı farşivadı, üstündəki proba-zada inanma. Cuvallaqlar qızılın başına bir oyun gətirillər ki. Dədə goru, qatıb- qatışdırırlar. Hayıf deyil dubay qızılı.- “əndamlı” şişman biləyindəki qızıl qolbağını göstərdi,- ehmalca yanını qaşıdı. Bu qaşınma şoğərib də ona dubayda ilişmişdi. Bir sırtıq Ərəbdən keçmişdi.
-Ay qardaş, gəl çıx da, day axşam oldu.-Çatmaqaş filoloq- alim pəncərədən başını çıxarıb sürücünü səslədi.
“Alim” bir ay bundan qabağ aşxanada tanış olduğu dəllək Gülabbasın bu yaxınlarda çap olunmuş “Pərişan ürək” şerlər kitabının təqdimat mərasiminə tələsirdi. Mərasimdə geniş  məruzə ilə çıxış edəcəkdi. Sonra da  müzkirənin yekunu barədə qəzetlərin birinə  kök bir məqalə  yazacaqdı. Bununlada filoloq-alim –özü demişkən, itdən də bir qurd borclu olan  bu qələm sahibini qəflətən boğazlayan problemlərdən biri allhaın köməkliyi ilə (həmdə dəllək Gülabbasın) həll olunacaqdı. Alim ürəyində belə hesablaşmışdı: On beş şirvan- məruzə üçün, beş şirvan da məqaləyə görə. Əlavə də üç şirvan tələb olunurdu- yol xərcliyi. Bəs onu  hardan çıxarsın? Bax, elə məsələ bundaydı. Bu yandan da minobus gecikirdi.Birdən, Allah eləməmiş, mərasimə çatmadı, bəs  onda necə olsun? Alimi soyuq tər basdı, rəngi-ruhu ağardı... Yadına düşdü ki, ayrı bir problemlə üzləşə bilər. Keçən axşam dəllək, həm də şair Gülabbas ona zəng çalanda sözarası qandırmışdı ki, kitaba, yəni “ pərişan ürək” kitabına yazacaqı ön sözün  axırında bütün titullarını, “zvaniya”sını göstərsin. İmza yalxı olmasın, dost var, düşmən var (Düşmən elə Gülabbasın böyrndəki  stolda işləyən cavan dəllək Dəmirəliydi). Bu məsələ isə filosof-alimin ürəyincə deyildi. əgər “zvaniya”sı göstərilməklə ön söz çap olnsa, tanınmış alim yoldaşları ona nə deyərlər?! Oboyda  doktor-nauk gör kimi tərifləyir- Adi it dəftərində  adı olmayan kənd dəlləyini və onun qotur kitabçasını. Hansı bədxahınsa əli dinc durmaz, götürüb bir “ obroz” yazar. Məgər işlədiyi institutda azmıdır belələri... Ən dəhşətlisi isə ayrı bir məsələdir. Deyəsən dünən axşam dəllək Gülabbas  sözarası ayrı bir məsələyə də eyham vurmuşdu. Deyəsən demişdi ki, kitabın təqdimat mərasiminin xərci üçün bağladığı cöngəni hələ sata bilməyib .Bax, Kərəmi burda ağlamaq tutur...
Arxa oturacaqda
qərar tutmuş dombagöz cavan sərnişin bəyaqdan  onu dilə tutan  yaşlı kişinin  əlindən  sıpçınıb dövrükdü, heç kmidən pəsinmədən qışqırdı:
-Qarabağ bizimdir!qarabağ bizimdir!
-Əlbətdə ki, bizimdir.- yaşlı kişi ehtiyatla onun qolundan yapışdı.- Sakit ol dədə, toxda. Qurban olum, vallah, Mirələmin cəddi haqqı, Qarabağ bizimdi.
Yaşlı kişi onu dilə tutub  bir təhər yerində əyləşdirə bildi. Sonra narazı baxışlarla bu həngaməni seyr edən minobus əhlinə izahat verib dedi:
Siz allah, bağışlayın, bu uşaq cəbhəçidir... İzahat o qədər aydın deyildi. Odu ki,  qadınlardeyindilər. “əndamlı” yerindən çımxırdı:
-Elə dünyanı xarabalaşdıran bu cəbhəçilərdi də. Camaatı qırğına verdilər, özləri isə qaçıb gizləndi.
Yaşlı kişi əlavə izahat verdi:
-Yox ay bacı, Mirələmin cəddi haqqı, bu o cəbhəçilərdən döyü, həqiqi cəbhəçidir. Murovda yaralanıb,kantuziya alıb. Maştağadakı psixiatıriyada müalicə olunurdu. İndi evə aparırıq. iynəsinin vaxtıdı.
“day denen ki, dəlidir də”-“Rəis” narazı halda başını bullayıb “eynəkliyə” baxdı, millətimizin ürəyinin böyüklüyü  barədə yarımçıq qalmış söhbətini davam elətdirdi. “Alim” isə bərk əsnəyirdi. Bu ara üç nəfər gəlib boş qalmış  həmin  yerləri tutdu. “Alim”in üzü canlandı. minobusun tərpənməyi reallaşmışdı.Təzə gələnlərdən biri gəlindi. Çinindəki kisəni danqıldada-danqıldada keçib arxada əyləşdi. Tutaş kiprikləri nəçimişdi. Gəlin bərk həyacanlıydı. Biraz bundan qabaq ərinin  keçmiş  cəbhə yoldaşıyla rastlaşmışdı. O, on il bundan qabaq ölüm ayağında ərinin əyri-üyrü xətlə blindajda yazdığı məktubu gəlinə verib demişdi ki, kantuziya aldığına görə məktub itibmiş. Bu yaxınlarda köhnə kağız-kuğuzun içindən tapıb. Bu keçmiş məktub  gəlinin qaysaqlamış  yarasını təzələdi, tütünün təpəsindən çıxardı. əyri-üyri sətirlərin arasında ərinin iri ala gözləri zillənmişdi ona...”salam,Zəri, halım xarabdı, ölürəm, uşaqlardan muğayat ol. Sadıqla Hüsniyyə Allah amanatı. Zəri, biz qalib gələcəyik. Burda şi kimi oğlanlar var. Onlar Qarabağın bi qarışını belə verməyəvəklər. İşin dalı var. Erməninin tülkü kimi qaçacağı gün uzaqda deyil. Bu şeri də uşaqlarım üçün yazmışam. Hesab elə ki, bayram sovqatımdı.

                   Balalarım, başınızı dik tutun
                   Şəhid oldum-qoy üzünüz ağ olsun!
                   Bir can nədi,min candan da keçrik.
                   Təki Vətən, Azərbaycan sağ olsun!
                   Zəri, sağ ol, Əlvida, ta ölürəm...”

Məkyubun tarixini yazmağa, imza atmağa macalı  olmamışdı...
Pullarınızı verin, tez eləyin.- bu, bayaqdan aşağıda klyent ovuna çıxmış  çopur sürücünün səsi idi.Filisof=alim özünə gəldi. Amma indi də yol xərci məsələsi vardı axı. Və nəhayət sürücünün  acıqlı baxışları arxada əyləşmiş gəlinin üzünə ilişib qaldı:
-Ay qız, sən də pulunu ver. Gəlin başını aşağı dikib hıçqırdı. Sürücü bozardı:-Camaatı yubatma, te elə. gəlin çiyinlərini çəkə-çəkə dilləndi:-Yoxumdu,şəhid ailəsiyəm.
-İki gözüm aydın. Bəs o  kisənin içindəkilər nədir?-Çopur sürücünün sifəti əyildi.
-Aliminumdur, satmağa gətirmişdim, alan olmadı. “Əndamlı” narazı halda pıçıldadı. Millətçi “rəis” başını bulladı. Filiosov-alimin fikri öz probleminin yanında idi...orta sıradan yaraşıqlı oğlan sürücünün üstünə xoruzlandı:- Görmürsən, şəhid ailəsidir də.-Ürəyin yanır, çıxart pulunu ver.- Sürücü bozardı.
Yaraşıqlı oğlan cibini  qurdaladı,əli yubandı. Çopur sürücü rişxəndlə onu süzüb:- nooldu?-dedi.- deyəsən şalvara verdin.- Sonra irəli yeriyib gəlinin üstünə çımxırdı:- Ay qız, şələ-şüləni götür, düş aşağı. Sənin ərin ölüb, canın qurtarıb, bizim isə pis sifətimizdən  ölüm də qaçır. Bir tikə çörəy qazanmağ cəhənnəm əzabıdır. Gəlin özünü eşitməməzdiyə vurdu, ayağını sürütdədi. Çopur sürücü alıcı quş kimi  onun üstünə şığıdı, qolundan tutub bayıra atdı. Gəlin kisənin üstünə oturub hönkürdü. Minobus yerindən tərpənən kimi sabiq polis rəisi yanındakı “çeşməkli”ni dümsüklədi:- Hə, onu deyirdim axı bizim millət...

Комментариев нет:

Отправить комментарий